AÇG və “Şahdəniz”in
Azərbaycan iqtisadiyyatına töhfəsi böyükdür
Bu dəniz
yataqlarının karbohidrogenləri gəlir gətirməkdə
davam edir
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) "Azəri-Çıraq-Günəşli” (AÇG) və "Şahdəniz” yataqlarından gəlirləri açıqlayıb. Belə ki, bu il yanvarın 1-dən mayın 1-nədək AÇG-dən 1 983 milyon ABŞ dolları həcmində gəlir əldə olunub. O cümlədən, həmin dövrdə "Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 112 milyon dollar təşkil edib. ARDNF-nin məlumatında, həmçinin bildirilir ki, bu ilin dörd ayı ərzində "Şahdəniz” yatağı üzrə qazın satışından 59 milyon dollar gəlir əldə olunub.
Xəzərin Azərbaycan sektorundakı AÇG və "Şahdəniz” yataqları hazırda dünyada istismar olunan ən böyük və zəngin karbohidrogen yataqlarıdır. AÇG 26 ilə yaxındır etibarlı tərəfdaşlıq, ekoloji baxımdan zərərsiz əməliyyatlar sayəsində təhlükəsiz işlənir, ahəngdar şəkildə neft və qaz verir.
AÇG-dən indiyədək əldə olunan hasilatın həcmi bu ilin yanvar ayında 500 milyon tona çatıb. AÇG, həmçinin Azərbaycana ümumilikdə 45 milyard kubmetrdən artıq səmt qazının təmənnasız təhvil verilməsini təmin edib.
1994-cü ilin sentyabr ayında AÇG üzrə müqavilə imzalanarkən tərəfdaşlar bu yataqların təxmini ehtiyatlarının 511 milyon ton olduğunu müəyyən etmişdilər. Lakin zaman bu yataqlar blokunun sərvətinin daha çox olduğunu göstərdi. Hazırda AÇG-nin ehtiyatlarının ən azı 1 milyard ton olduğu bildirilir. Gələcək illərdə, yəni daha yeni texnologiyalar tətbiq edildikcə, bəlkə həmin yataqlar blokundan bundan da çox karbohidrogen hasil etmək mümkün oldu.
2017-ci ilin sentyabr ayında AÇG-nin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişin imzalanması da bu amilə əsaslanır. Yeni müqavilə 2049-cu ilin sonunadək davam edəcək və növbəti illər ərzində AÇG-nin ölkəmizə gətirdiyi iqtisadi mənfəətləri maksimuma çatdıracaq.
"Yeni əsrin müqaviləsi” çərçivəsində yeni bir layihənin həyata keçirilməsi nəzərdə tutulur. Bu, AÇG müqavilə sahəsində daha bir platformanın tikintisindən ibarətdir. Beləliklə, keçən ilin aprel ayında AÇG-nin işlənməsinin növbəti mərhələsi olan "Azəri Mərkəzi Şərqi” layihəsinə sanksiya verilib. Bununla da 6 milyard dollar dəyərində olan işlənmə layihəsinin həyata keçirilməsinə başlanıb.
"Azəri Mərkəzi Şərqi” platforması gündəlik 100 min barelədək neft hasil etmək gücündə layihələndirilib. İstismar müddəti ərzində qurğunun 300 milyon barelə qədər əlavə neft hasil edəcəyi gözlənilir. Layihə çərçivəsində ilk hasilatın 2023-cü ildə alınacağı nəzərdə tutulur.
Xatırladaq ki, "Azəri Mərkəzi Şərqi” AÇG-nin 9-cu platforması olacaq. Hazırda yataqda 8 platforma fəaliyyət göstərir. Bunlardan 6-sı hasilat, 2-si isə emal, qazın kompressiyası, suvurma və texnoloji təchizat qurğusudur.
"Şahdəniz” in işlənməsinin birinci mərhələsi çərçivəsində 14, ikinci mərhələsi çərçivəsində isə 2 ildir qaz və kondensat hasil edilir. "Şahdəniz” Azərbaycanı dünyaya həm də qaz ixrac edən ölkə kimi tanıdıb.
Hazırda "Şahdəniz-2” qazı genişləndirilmiş CQBK (Cənubi Qafqaz Boru Kəməri) vasitəsilə TANAP-a (Trans-Anadolu Qaz Boru Kəməri) ötürülur . Qazı Türkiyədə 1900 kilometrə yaxın ərazi boyu daşıyan TANAP artıq TAP-la (Trans-Adriatik Qaz Boru Kəməri) birləşib. Bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulan TAP Azərbaycan qazını Avropaya çatdıracaq.
Xatırladaq ki, AÇG-dən və "Şahdəniz”dən hasil edilən karbohidrogenlər platformalardan sualtı xətlər vasitəsilə dünyanın ən böyük neft-qaz terminallarından olan Səngəçal terminalına ötürülür. Buradan isə neft və qaz ixrac marşrutları ilə dünya bazarlarına yola salınır.
Flora SADIQLI
Azərbaycan.-2020.- 19 may.- S.1;3.