“Sizin kimi liderimiz
olduğu üçün
özümüzü xoşbəxt vətəndaşlar
hesab edirik”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.
Füzuli rayonunun 4-cü Zobucuq qəsəbəsinin sakini, şəhid ailəsinin üzvü Səadət Hüseynova yazır: “Möhtərəm cənab Prezident, koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə dövlətimizin həyata keçirdiyi mübarizə tədbirləri Azərbaycan vətəndaşı, eyni zamanda, bir mədəniyyət işçisi olaraq məni ürəkdən sevindirir. Sizi daim xalqın yanında görmək bizi fərəhləndirir. Bu təhlükəli virusun respublikamızda yayılmaması üçün gördüyünüz işlər olduqca təqdirəlayiqdir. Siz karantin rejimi dövründə mədəniyyət işçilərinə diqqət və qayğınızı əsirgəmədiniz. Karantin müddətində əməkhaqlarımız saxlanılmaqla növbədənkənar məzuniyyətə buraxılmağımız buna ən gözəl nümunədir. Füzuli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi bütün sahələrdə olduğu kimi, pandemiyanın qarşısının alınması üçün verdiyiniz qərar və göstərişləri də dəstəkləyir, bu mübarizədə daim Sizin yanınızdadır.
Möhtərəm cənab Prezident, şəhid ailəsinin üzvü olaraq bu çətin günlərdə xalqımıza, o cümlədən biz mədəniyyət işçilərinə göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm”.
Ağsu rayonunun Bənəcik kəndindən tələbə Qurban Babazadə: “Möhtərəm cənab Prezident, Planetimizi cənginə alan koronavirus pandemiyası nəticəsində bu gün dünya iqtisadiyyatı dərin böhran və çətinliklə üzləşib. Lakin Sizin verdiyiniz göstərişlər nəticəsində ölkəmizdə pandemiyanın geniş yayılmasının qarşısını almaq mümkün oldu.
Cənab Prezident, Sizin uğurlu siyasətinizin bariz nümunəsidir ki, Azərbaycanda sabitlik hökm sürür, yoluxma halları getdikcə azalır. Bu günlərdə Sizin və Mehriban xanımın xalqımıza böyük qayğınızın və dəstəyinizin şahidi olduq. Allah Sizi qorusun! Ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzu edirik”.
Bakı şəhərinin Xətai rayonunda yaşayan şagird Murad İbadovun məktubunda deyilir: “Hörmətli cənab Prezident, mən 6-cı sinifdə oxuyuram. Hər gün onlayn şəkildə dərslərimə davam edirəm.
Cənab Prezident, bütün dünyada tüğyan edən pandemiyaya baxmayaraq, Sizin uzaqgörən siyasətiniz, verdiyiniz qərarlar sayəsində ölkəmizdə bu xəstəlik geniş yayılmadı. Sizin sayənizdə ölkəmiz normal həyata qayıdır.
Cənab Prezident, gördüyünüz işlər biz məktəblilərə çox böyük köməkdir və daha işıqlı gələcəyə ümid verir. Buna görə Sizə təşəkkürümü bildirirəm”.
Qubadlı rayonundan məcburi köçkünlər Dilarə Aydınova və Cavid Almuradov: “Möhtərəm cənab Prezident, məcburi köçkünlər Sizə duaçıdırlar. Həm sosial problemlərimizin həllinə, həm də pandemiya dövründə az itki verdiyimizə görə Sizə təşəkkür edirik.
Biz, Qubadlıdan olan məcburi köçkünlər Sizi və ailə üzvlərinizi özümüzə ən yaxın insanlar bilib həmişə dəstəkləmişik. Sizin yolunuzla ona görə gedirik ki, bu yolda inkişaf, tərəqqi var.
Sizin pandemiya ilə əlaqədar xalqa müraciətləriniz bizim üçün müstəsna rol oynadı. Dəyərli tövsiyələr, həmrəyliyə çağırış bizim bu xəstəliklə layiqli mübarizə aparmağımıza zəmin yaratdı. Sizə bir daha təşəkkür edirik, cənab Prezident”.
Cəbrayıl rayonundan şagird Ləman Həşimli dövlətimizin başçısına minnətdarlığını aşağıdakı sözlərlə ifadə edir: “Əziz və möhtərəm Prezident, mən orta məktəb şagirdiyəm. Gördüyünüz işləri sözlə ifadə etməkdə çətinlik çəksəm də, yenə də öz səmimi sözlərimi Sizə yazmaq qərarına gəldim. Hazırda bütün dünya koronavirusla mübarizə aparır. Hətta ən böyük dövlətlər belə bu pandemiyaya qalib gələ bilmir. Azərbaycan da koronavirusa hələ ki, tam qalib gəlməsə belə, itkilərimizin az olması, xəstəliklə səmərəli mübarizə aparmağımız şəxsən məni sevindirir. Sizə sonsuz minnətdarlığımı bildirirəm, əziz Prezidentim!”.
Bakı şəhərinin sakini Pərvanə Muradova: “Möhtərəm cənab Prezident, mən evdar xanımam. İki övladım var. Özümə borc bildim ki, Sizə təşəkkür edim. Siz bizim ölkəmizi həmişə qorumusunuz, bu gün də qoruyursunuz. Yaxşı ki, bizim Prezidentimiz Sizsiniz. Yaxşı ki, biz Sizi seçmişik. Mən bu gün də evimdə çox rahat yaşayıram. Ən əsası, ölkəmizdə əmin-amanlığı qoruyursunuz. Bizi COVID-19 bəlasından qoruyursunuz. Bütün ölkələrdə hər gün minlərlə insan bu xəstəliyə düçar olur. Amma biz Sizin səyiniz nəticəsində bu xəstəliyə demək olar ki, qalib gəlmişik. Biz bu gün də evdə qalırıq, çünki bu bizim xeyirimizədir. Çox sağ olun, əziz Prezidentimiz. Sizi çox sevirik. Allah Sizi həmişə var etsin!. Həmişə bizim arxamızda dağ kimi dayanasınız. Allah Sizi pənahında saxlasın!”.
Gədəbəy rayonundan İsmayıl Yuniszadə və Nofəl Qasımov yazırlar: “Hörmətli cənab Prezident, koronavirus pandemiyasının dünyanı cənginə aldığı bir zamanda ölkəmizin hər bir vətəndaşına göstərdiyiniz diqqət və qayğıya görə bütün gədəbəylilər adından Sizə təşəkkürümüzü bildiririk. Uca Allah Sizi və ailənizi qorusun! Siz bir daha sübut etdiniz ki, hər bir vətəndaşın xidmətindəsiniz, dar gündə xalqımızın yanındasınız. Biz Sizinlə fəxr edirik”.
Qaradağ rayonunun Qobustan qəsəbəsindən Nəzakət Rəhimova: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, mən bir Azərbaycan vətəndaşı olaraq Sizinlə qürur duyuram. Mənim iki nəvəm var, onlar da Sizinlə fəxr edirlər. Siz ölkəmizi koronavirus pandemiyasından qorumaq üçün əlinizdən gələni əsirgəmirsiniz. Koronavirusla əlaqədar atdığınız qabaqlayıcı addımların nəticəsidir ki, hazırda ölkəmizdə insan itkisi çox azdır. Bu, Sizin sayənizdəndir. Sizə dərin təşəkkürümü bildirirəm. Mən hər gün Sizə və ailənizə dualar edirəm. Allah Sizi qorusun! Nə yaxşı ki, varsınız. İnşallah, bu bəla tezliklə bütün yer üzündən yox olar. Allah Sizi və ailənizi qorusun!”.
Masallı rayonunun sakinləri Bəhram Yaqubov, Simran Əliyev, Aydın Nuralıyev, Ülfət Məmmədov, Kinəxanım Əliyeva, İlkin Ağayev və Raci Məmmədov yazırlar: “Hörmətli cənab Prezident, Sizin uzaqgörən siyasətiniz, vaxtında verdiyiniz qərarlar nəticəsində Azərbaycan bu gün pandemiyadan ən az zərər çəkən ölkələrdən biridir. Çünki Sizin müdrik idarəçiliyiniz sayəsində ölkəmizdə bu bəlaya qarşı vaxtında səmərəli tədbirlər görüldü. Sizin və Mehriban xanımın xalqa müraciətləriniz hamını səfərbər etdi. Xüsusi karantin rejiminin tətbiqi, bu müddətdə evdə qalan şəxslərin maaşlarının verilməsi, bu mübarizədə zəhməti olan hər kəsin əməyinin qiymətləndirilməsi Sizin humanistliyinizdən irəli gəlir.
Cənab Prezident, Azərbaycan xalqı yaranan çətinliklərin öhdəsindən həmişə gəlib. Ölkəmizdə böyük uğurların əsas səbəbi liderlə xalqın birliyidir. Ən çətin vaxtlarda lider öz xalqının, vətəndaş isə öz liderinin yanındadır. İnanırıq ki, tezliklə bu narahat günlərimiz arxada qalacaq, rəhbərliyinizlə bu bəladan xilas olacağıq və ölkəmizdə həyat yenidən əvvəlki axarına düşəcək. Bu günlərdə vətəndaşlara göstərilən qayğı Sizin nə qədər güclü lider olduğunuzu nümayiş etdirir. Sizə məsuliyyətli və şərəfli işinizdə uğurlar arzulayırıq”.
Bakı şəhərinin sakini Nailə Qarayeva: “Hörmətli cənab Prezident, Siz hər bir azərbaycanlının Prezidentisiniz. Bunu belə ağır günlərdə xalqımızın yanında olmaqla bir daha sübut etdiniz. Çox təəssüflər olsun ki, bütün dünyanın bəlasına çevrilmiş COVID-19 Azərbaycanımızdan da yan keçmədi. Lakin Siz öz köməyinizi, qayğınızı bizlərdən, xalqımızdan əsirgəmədiniz. Ümummilli lider Heydər Əliyev xalqını böyük bəlalardan necə qorumuşdusa, Siz də bizi elə qoruyursunuz. Çünki Siz Ulu Öndərin layiqli davamçısısınız. Biz əminik ki, müdrik qərarlarınız sayəsində ölkəmiz koronavirus pandemiyası ilə mübarizdən üzüağ çıxacaq və biz firavan həyatımıza davam edəcəyik. Əziz Prezidentim, biz Sizinlə fəxr edirik. Tanrı Sizi və ailənizi qorusun!”.
Göygöl rayonunun sakinləri Fəridə Rəhimova, Cəmilə Zeynalova, Qədir İmanov, Zəri İbrahimova, Cəmilə İmanova, Hüseyn İbrahimov, Barat Paşayev və Şamil Həsənov yazırlar: “Hörmətli cənab Prezident.
Son zamanlar bütün dünyanı bürümüş koronavirus pandemiyası dövlətimizi də qayğılandırdı. Lakin Sizin qətiyyətiniz ölkəmizi böyük ziyanlardan qorudu. Əminik ki, Sizin rəhbərliyinizlə bu vəziyyətdən şərəflə və üzüağ çıxacağıq. Siz dövlətimizin bütün maddi imkanlarını məhz bu epidemiyanın aradan qaldırılmasına yönəltdiniz. Epidemiyaya qalib gəlmək üçün genişmiqyaslı və davamlı tədbirlər həyata keçirilir.
Hörmətli cənab Prezident, koronavirusla əlaqədar xalqımızın sağlamlığını qorumaq üçün verdiyiniz uzaqgörən qərarlarınız sayəsində dövlətimiz bu bəladan minimum itki ilə qurtulmaqdadır. Verdiyiniz tapşırıqların və qərarların nəticəsi olaraq virusun ölkəmizdə yayılmasının qarşısı alındı.
Cənab Prezident, bizlərin sağlamlığına göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq. Tanrı Sizi qorusun!”.
Gəncə şəhərindən müəllim Günay Abbasova: “Hörmətli cənab Prezident, Sizi Gəncə şəhər 1 saylı orta məktəbin ingilis dili müəllimi olaraq salamlayır və Sizə minnətdarlığımı bildirmək istəyirəm.
Hazırda tətbiq edilən xüsusi karantin rejimi müddətində Sizin tövsiyələrinizə uyğun olaraq evdə qalmağa davam edirik. Koronavirusla əlaqədar məktəblərimiz müvəqqəti bağlandığı üçün dərsləri də onlayn formatda keçirik. Məqsədimiz isə şagirdlərimizin evdə qaldıqları müddətdə dərslərindən geri qalmamalarıdır.
Möhtərəm cənab Prezident, COVID-19 pandemiyasının dünyanın bir sıra ölkələrində bəşəriyyət üçün necə fəlakətli nəticələr törətdiyinin şahidiyik. Buna rəğmən, Sizin uzaqgörən qərarlarınızla vaxtında görülən qabaqlayıcı tədbirlər nəticəsində koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısı alınmaqdadır. Siz bu çətin günlərdə xalqımızın sağlamlığını qorumaqla bərabər, virusa yoluxmuş vətəndaşlarımızın müalicəsi və tez bir zamanda sağalması istiqamətində də çox böyük işlər görürsünüz. Gördüyünüz bu misilsiz işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Pandemiya dövründə yorulmaz fəaliyyətinizlə xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Biz Azərbaycan kimi gözəl bir ölkədə yaşamağımızla fəxr edir və Sizin kimi liderimiz olduğu üçün özümüzü xoşbəxt vətəndaşlar hesab edirik. Bəşəriyyət üçün çətin bir dövrdə bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdaram”.
Quba rayonunun sakinləri Xəzər Lalayev, Hacı Şabanov, Tərlan Abdürrəhmanov və Qəmbər Vəliyev yazırlar: “Hörmətli cənab Prezident, koronavirusla mübarizədə ölkəmiz üçün en doğru qərarları verdiniz. Sizin vaxtında və doğru qərarlarınız xalqımızı ağır itkilərdən qorudu. Uca Rəbbimizin köməyi, Sizin müdrik qərarlarınız, həkimlərimizin fədakarlığı sayəsində koronavirus təhlükəsi ölkəmizdən geri çəkilir. Biz hər zaman Sizin yanınızdayıq, necə ki, Siz hər zaman Azərbaycan xalqının yanındasınız. Əminik ki, bundan sonrakı fəaliyyətiniz, gələcək addımlarınız da xalqımızın rifahını yüksəltməyə xidmət edəcək. Biz Sizinlə fəxr edirik, cənab Prezident”.
Qazax rayonunun sakinləri Əskinaz Namazova və İlhamiyyə Əsədova yazırlar: “Hörmətli cənab Prezident, Siz bizim dəyərli, sevimli liderimizsiniz. Xalqımızı koronavirus bəlasından qoruduğunuza görə Sizi dünyalar qədər sevən analar adından minnətdarlığımızı bildiririk.
Siz bizim sağlamlığımız naminə böyük işlər görürsünüz. İşsizlərə, tənha qalanlara edilən yardımlar həm maddi, həm mənəvi kömək oldu. Siz xalqımızın xilaskarı, bütün anaların fəxrisiniz. Uca Allah Sizi və ölkəmizi bəd nəzərdən qorusun, Sizin kölgənizi xalqımızın başının üzərindən əskik etməsin!”.
Xırdalan şəhərinin sakini Rauf Rəhimovun məktubunda deyilir: “Hörmətli cənab Prezident, bəşəriyyəti cənginə almış koronavirusla mübarizədə dünyanın aparıcı dövlətləri belə çətinliklərlə üzləşiblər. Sizin iqtisadi və siyasi sahələrdə yürütdüyünüz düzgün və məqsədyönlü siyasət, həyata keçirilən qətiyyətli və qabaqlayıcı tədbirlər xalqımızın bu bəladan az itkilərlə çıxmasına zəmin yaratdı. Əminik ki, dünyanı cənginə alan xəstəlikdən tezliklə qurtulacağıq. Ölkə əhalisinə göstərdiyiniz maddi və mənəvi dəstəyə görə Sizə təşəkkür edirik. Allah xalqımızı bəlalardan qorusun! Sizə uzun ömür, cansağlığı arzu edirik”.
Ağdam rayonundan Eldəniz Mustafayev, Sadiq Süleymanov, İlqar Cəfərov və Rəyis Həsənov yazırlar: “Hörmətli cənab Prezident, dünyanın koronavirus qarşısında aciz qaldığı bir dövrdə Sizin müdrikliyiniz və yüksək idarəçilik bacarığınız sayəsində Azərbaycan bu bəladan qurtulmaqdadır. Bütün dünya ölkəmizdə xalqın iqtidara olan inamını və rəhbərliyə olan sevgisini, etibarını gördü. Bu ağır dövrdə Sizin rəhbərliyinizlə bütün qurumlar var gücü ilə çalışdı.
Rayonumuzun sakinləri xüsusi karantin rejimi dövründə qoyulan qaydalarına ciddi riayət etdilər, bu müddətdə xüsusi diqqət və qayğı ilə təmin olundular. Bütün bunlara görə, cənab Prezidentimiz, başda Siz olmaqla, əməyi keçən hər kəsə dərin minnətdarlığımızı bildirir, Sizə ölkəmizin inkişafı naminə fəaliyyətinizdə bol- bol uğurlar arzulayırıq”.
Siyəzən rayonunun Həmyə kəndindən Nəzrin İskəndərova: “Cənab Prezident, Sizin rəhbərlik etdiyiniz ölkənin vətəndaşı olmaqdan, doğma Azərbaycanımızda yaşamaqdan qürur duyuram.
Azərbaycan xalqının sağlamlığı və ölkəmizin təhlükəsizliyi üçün gördüyünüz tədbirlər, vətəndaşlarımızın rifahı naminə aparılan işlər təqdirəlayiqdir. Xüsusi karantin rejiminin tətbiqi, kütləvi və ictimai yerlərdə bir müddət qadağaların və məhdudiyyətlərin olması öz səmərəsini verdi. Bu tədbirlər koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısının alınmasında həlledici oldu. İnanıram ki, həmin qadağa və məhdudiyyətlər tədricən aradan qaldırıldıqdan sonra da vətəndaşlarımız virus təhlükəsinə qarşı ayıq-sayıq olacaq, həssas davranacaqlar. Çünki hamımız başa düşürük ki, bu, koronavirusa qarşı mübarizədə uğurumuzun əsas şərtidir. Cənab Prezident, bu çətin mübarizə dönəmində gördüyünüz çoxsaylı təqdirəlayiq işlərə görə Sizə minnətdarlığımı bildirirəm”.
Hacıqabul rayonunun Atbulaq kəndinin sakini Babək Ramazanov: “Hörmətli cənab Prezident, COVID-19 pandemiyası ilə əlaqədar gördüyünüz işlərə görə Sizə həm öz adımdan, həm də ailəm adından dərin təşəkkürümüzü bildiririk. Cənab Prezident, dünya iqtisadiyyatının demək olar ki, çökdüyü bir dövrdə Azərbaycan vətəndaşının sağlamlığını düşünərək atdığınız addımları hər bir vətəndaş kimi biz də yüksək qiymətləndiririk. Pandemiya ilə əlaqədar olaraq qısa zamanda yeni laboratoriyaların quraşdırılması, süni nəfəs aparatlarının ölkəmizdə gətirilməsi, həmçinin qoruyucu tibbi maska və sport istehsalı müəssisələrinin istifadəyə verilməsi, ölkə vətəndaşlarının bu məhsullara olan tələbatının yerli istehsal hesabına ödənilməsi Sizin siyasətinizin növbəti uğurudur. Həmçinin pandemiya ilə əlaqədar işsiz qalan vətəndaşlara birdəfəlik ödənişin edilməsi Azərbaycan vətəndaşına verdiyiniz yüksək qiymətin əyani sübutdur. Bu gün hər bir vətəndaş tam əmindir ki, Azərbaycan Prezidenti daim onun yanındadır və daim onu düşünür.
Cənab
Prezident, sağlamlığımız üçün
atdığınız bütün addımlara görə bir
daha Sizə dərin minnətdarlığımızı
bildirir, Uca Tanrıdan sağlam və uzun ömür diləyirik.
Allah Sizi və ailənizi qorusun!”.
Azərbaycan.-2020.- 19 may.- S.2.