Laçınlılar
çox nikbindirlər
Laçının
işğalından 28 il keçir
28
ildir ki, Azərbaycanın dilbər guşəsi olan
Laçına həsrət qalmışıq. 28 il əvvəl
ürəyimizə vurulan Laçın yarası qaysaq
bağlamır. İllərdir bu nisgil bizi göynədir.
Yurdumuzun ər oğulları düşməndən qisas
alacaqları günü səbirsizliklə gözləyirlər.
1992-ci
ilin 18 mayı tariximizə qara hərflərlə
yazılmış bir gündür. Unudulması
qeyri-mümkün olan qanlı bir cinayətin tarixidir. Ermənistan
silahlı qüvvələri havadarlarının köməyi
ilə 28 il əvvəl Laçını işğal etdilər.
Düşmənin öz çirkin məqsədinə
asanlıqla çatmasının bir səbəbi də o
vaxtı AXC-Müsavat iqtidarının yarıtmaz siyasəti,
səriştəsizliyi, qətiyyətsizliyi idi.
Ayrı-ayrı siyasi qüvvələrin hakimiyyət
maraqları o dərəcəyə çatdı ki,
düşmənlə qeyri-bərabər döyüşlərdə
əsl qəhrəmanlıq göstərən
Laçının müdafiəsi unudulub arxa plana
keçirildi. Laçındakı hərbi döyüş
texnikasının və döyüşçülərin
xeyli hissəsi Bakıya çağırılıb hakimiyyət
çevrilişini həyata keçirməyə cəlb
edildi. Düşmən qarşısında tək
buraxılan, köməksiz qalan laçınlılar mərdliklə
döyüşüb, öz qanları ilə gerçək qəhrəmanlıq
salnaməsi yazdılar. Çox sayda qurbanlar verilsə də,
Laçın işğal olundu. İşğal nəticəsində
rayonun 1835 kvadrat kilometr ərazisi, 217 mədəniyyət, 101
təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət,
96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və
müxtəlif təyinatlı istehsal müəssisələri,
13745 yaşayış evi talan edildi. 54 dünya, 200-dən
çox yerli əhəmiyyətli tarixi abidə erməni
vandalizminə hədəf oldu. İctimai və şəxsi təsərrüfatlardakı
25 min baş iribuynuzlu mal, 200 min başdan çox
qoyun-keçi, minlərlə arı ailəsi, yerli əhalinin
əsrlərdən bəri min bir zəhmətlə
qazandığı var-dövləti qarət edildi.
Laçının
təbii sərvətləri zəngin, təbiəti son dərəcə
əsrarəngiz və gözəldir. 1961-ci ildə
yaradılan Laçın Dövlət Təbiət
yasaqlığı 20 min hektar, 1987-ci ildə yaradılan
Qaragöl Dövlət Təbiət Qoruğu isə 240 hektar ərazini
əhatə edirdi. Qoruqda 68 növdən və 27 fəsildən
ibarət bitki örtüyü vardı. Rayonun ərazisi civə,
əhəngdaşı, mişar daşı, mərmər,
gil, əqiq, əlvan bəzək daşları, mineral su
yataqları kimi zəngin ehtiyatlara malik idi. Tarixi, mədəniyyət
və memarlıq abidələri ilə zəngin olan
Laçın sözün həqiqi mənasında gerçək
canlı muzey idi. Ağoğlan məbədi (IX əsr), Dəmiroğlu
pir məbədi (XI əsr), Cicimli kəndində Məlik
Əjdər türbəsi (XII əsr), Kar günbəz
türbəsi (XVII əsr), Soltanlar kəndində Həmzə
Soltan sarayı (1761-ci il), Quşçu kəndində Pir
(XII-XIII əsr), Uşaq qalası (XV əsr), onlarla digər
tarixi mədəniyyət və memarlıq abidələri erməni
faşistləri tərəfindən xüsusi
amansızlıqla dağıdılmış, məhv
edilmişdir.
Laçının
işğalı nəticəsində rayonun 74 min nəfər
əhalisi respublikanın 59 şəhər və rayonuna səpələnib
məcburi köçkün həyatı yaşayır.
Hazırda rayonun bütün strukturları Ağcabədi
rayonunun Taxtakörpü ərazisində fəaliyyət
göstərir. Dövlətin davamlı qayğısı ilə
əhatə olunan laçınlılar əllərinin zəhməti,
ürəklərinin hərarəti ilə Taxtakörpüdə
abad bir qəsəbə salmışlar. 13 min nəfərdən
çox laçınlı məcburi köçkün məskunlaşdığı
bu ərazidə zəruri infrastruktur
yaradılmışdır.
Yazın
bu oğlan çağında Taxtakörpü zümrüd
libası, al-əlvan gül-çiçəkləri ilə
göz oxşayır. Dövlətin qayğısı ilə
burada yeni yaşayış qəsəbələri
salınır, əhalinin mənzil-məişət şəraiti
təmin olunur. Laçınlıların torpaqdan səmərəli
istifadəsi üçün əraziyə suvarma kanalları
çəkilmişdir. Burada tikilmiş məktəblər, xəstəxanalar,
digər xidmət obyektlərinin fəaliyyəti əhalidə
rahatlıq doğurur. Bütün bunlar isə təbii ki,
Laçın yarasına məlhəm ola bilməz. Bu gün hər
kəs Laçına, doğma yurda qovuşmaq eşqi ilə
alışıb-yanır. Günümüzün
reallığına rəğmən demək olar ki, laçınlılar
bu gün çox nikbindirlər. Onlar respublika Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevin yeritdiyi müdrik siyasəti birmənalı olaraq bəyənir
və müdafiə edirlər. İnanırlar ki, bu siyasət
sayəsində tezliklə doğma yurda qovuşacaqlar.
Lazım QULİYEV
Azərbaycan.-2020.- 19 may.- S.6.