Dövlət Mükafatına təqdim
olunmuş əsər
Nəriman Nərimanov
haqqında monoqrafiya professor
Teymur Əhmədovun böyük
zəhmət və istedadının bəhrəsidir
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurası professor Teymur Əhmədovun "Nəriman Nərimanov (həyatı, mühiti, ədəbi-bədii yaradıcılığı)” əsərini Dövlət Mükafatına təqdim edib. AZƏRTAC filologiya elmləri doktoru, professor Əsgər Zeynalov və filologiya üzrə fəlsəfə doktoru Allahşükür Qurbanovun monoqrafiya haqqında qeydlərini oxucuların diqqətinə çatdırır.
Milli Ədəbiyyatşünaslıq aləmində tanınan tədqiqatçı alim Teymur Əhmədov 1961-ci ildə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almışdı. Xalq yazıçısı, akademik Mirzə İbrahimov ilk aspirantına N.Nərimanovun ədəbi-bədii yaradıcılığını araşdırmağı məsləhət görmüşdü.
Beləliklə, Teymur Əhmədov Mirzə İbrahimovun rəhbərliyi altında "Nəriman Nərimanovun dramaturgiyası” mövzusunda namizədlik dissertasiyasını başa çatdırıb, Azərbaycan Elmlər Akademiyasının Müdafiə şurasında (İsmailliyə binasında) uğurla müdafiə edir. Gənc tədqiqatçı Moskva, Leninqrad, Həştərxan, Kazan, Tbilisi və digər şəhərlərdə Mərkəzi Dövlət arxivlərində, mərkəzi kitabxanalarda topladığı zəngin materiallar, fotoşəkillər əsasında Nəriman Nərimanovun həyatı, mühiti, xalq işi uğrunda mübarizəsi, ədəbi-bədii yaradıcılığı haqqında dövri mətbuatda məqalələr, oçerklər dərc etdirməklə və kitablar yazmaqla yazıçının ədəbi-bədii irsini təbliğ edib.
Teymur Əhmədovun çoxcəhətli elmi-ictimai fəaliyyətində Nəriman Nərimanov irsinin öyrənilməsi diqqət mərkəzində olub. Elmi rəhbəri akademik Mirzə İbrahimovun tövsiyəsi ilə onun doktorluq elmi işi də Nəriman Nərimanova həsr edilib. Onun ədəbi hadisə kimi qarşılanan müdafiəsində respublikanın bir çox nüfuzlu alimləri - akademiklər Məmməd Cəfər, Kamal Talıbzadə, Firudin Köçərli, AMEA-nın müxbir üzvləri Abbas Zamanov və Yaşar Qarayev öz çıxışlarında Teymur Əhmədovun Nərimanşünas kimi xidmətlərini yüksək qiymətləndirmişlər.
Teymur Əhmədovun "Nəriman Nərimanovun dramaturgiyası” (1971), "Nəriman Nərimanov” (1977), "Nəriman Nərimanov” (1982), "Nəriman Nərimanovun yaradıcılıq yolu”(2005), "Nəriman Nərimanov həyatı, mühiti, yaradıcılığı” (2006) kimi elmi-tədqiqatlarında "Nərimanov dünyası - həyatı, mühiti, ictimai-siyasi, ədəbi-bədii və publisistik fəaliyyəti müxtəlif yöndən işıqlandırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nəriman Nərimanovun 150 illiyi yubileyinin qeyd edilməsi haqqında 2020-ci il 14 fevral tarixli sərəncamından sonra Teymur Əhmədov Nərimanovun ictimai-siyasi və ədəbi fəaliyyətini "Respublika” qəzetində elmi-kütləvi səpgidə silsilə məqalələrlə oxuculara təqdim edib. Bu gün onun tərtib etdiyi Nəriman Nərimanovun iki cilddə "Seçilmiş əsərləri”, eyni zamanda, hər biri iki müəllif vərəqi həcmində "Nəriman Nərimanov” kitabçası Azərbaycan, türk, rus, ingilis, fransız, fars, Ukrayna dillərində nəşr olunmaqdadır.
Nəriman Nərimanovun 150 illik yubileyi münasibətilə Təhsil nazirliyinin, Mədəniyyət nazirliyinin və Yazıçılar Birliyinin tədbirlər planında böyük ictimai-siyasi xadim və yazıçı haqqında kitab nəşri ("Nəriman Nərimanov”, "Nəriman Nərimanov (fotoalbom)”, "Nəriman Nərimanovun dramaturgiyası”) nəzərdə tutulub.
Professor Teymur Əhmədovun "Nəriman Nərimanov (həyatı, mühiti və ədəbi-bədii yaradıcılığı)” kitabı Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim olunub. Bu gün diqqətimizi cəlb edən "Nəriman Nərimanov (həyatı, mühiti, ədəbi-bədii yaradıcılığı) monoqrafiyası barəsində nə demək olar?
İlk təəssürat belədir ki, müəllif Nəriman Nərimanovun zəngin irsini araşdırarkən mərkəzi kitabxanalarda, dövlət arxivlərində ciddi axtarışlar aparıb: "Azərbaycan Mərkəzi Dövlət Tarix Arxivi, Marksizm-Leninizm İnstitutunun Azərbaycan filialı partiya arxivi, Moskva şəhərindəki SSRİ Mərkəzi Dövlət Arxivi, Leninqrad şəhərindəki SSRİ Mərkəzi Dövlət Arxivi, AMEA-nın Əlyazmalar Fondu, Gürcüstan SSR Mərkəzi Dövlət Tarixi Arxivi, Gürcüstan SSR Mədəniyyət Nazirliyi Arxivi, Gürcüstan SSR Maarif Nazirliyi xalq maarifi muzeyinin fondu, Azərbaycan Tarixi Muzeyi. Düzdür, arxivlərdə axtarışlar aparıb, tapıntılar əldə etmək asan olmasa da, bu, ərsəyə gələn əsərin zənginliyi, mövzunu tam əhatə etməsi üçün mühüm zəmin yaradır.
Professor Teymur Əhmədovun əsəri belə axtarışlar, zəngin arxiv materialları, qaynaqları əsasında yaranaraq oxuculara təqdim olunub.
Əsər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Kitabın redaktoru akademik Mirzə İbrahimov, ön sözlərin müəllifləri isə akademiklər Cəmil Quliyev və Kamal Talıbzadədir.
Akademik
Cəmil Quliyev "Zəhmət və istedadın vəhdəti”
adlı yığcam, ancaq çox tutarlı ön
sözündə Teymur Əhmədovun N.Nərimanov
yaradıcılığına sadiqliyini bildirərək
yazır: "70-ci illərdə Azərbaycan Milli Elmlər
Akademiyasında Nəriman Nərimanov haqqında ilk sanballı
tədqiqat əsərinin müəllifi kimi kəşf etdim,
indiyə kimi də sadiq "əsl Nərimanovçu” kimi N.Nərimanova
həsr olunmuş monoqrafiyalar, külliyyatlar, müxtəlif
janrlarda məqalə və müxtəlif sənədlər
çap etdirən Teymur Əhmədovdur”.
Monoqrafiyanın "Nəriman Nərimanovun bədii yaradıcılığının tədqiqi tarixi” adlı birinci fəslində ədibin bədii yaradıcılığının araşdırılması tədqiqat obyekti kimi götürülüb. Monoqrafiyadan bəlli olur ki, N.Nərimanovun ədəbi yaradıcılığının ilk tədqiqatçısı Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatı tarixində N.Nərimanovun mövqeyini düzgün müəyyənləşdirib. F.Köçərli XIX əsrin sonlarını Azərbaycan ədəbiyyatının ən məhsuldar dövrü adlandırır, sürətlə inkişaf edən dramaturgiyanın M.F.Axundovdan sonra N.Vəzirov, N.Nərimanov, Ə.Haqverdiyev, S.S.Axundov, Ə.Adıgözəlov və başqa nümayəndələrinin yetişdiyini göstərib.
Müəllif görkəmli ədəbiyyatşünas alimlər - Firidun bəy Köçərli, M.Quliyev, H.Zeynallı, Əziz Şərif, H.Səmədzadə, Bəkir Çobanzadə, Mir Cəlalla yanaşı, A.Lunaçarski, P.Sibirtsev, S.Qorodetski, M.Pavloviç, S.Veltman, İ.Borozdin, habelə dünya şöhrətli türk alimi Məhəmməd Fuad Köprülzadənin 1926-cı ildə Parisdə fransız dilində Müsəlman aləmi xəbərlərində ("Azərbaycanda teatr” adlı bölməsində) N.Nərimanov yaradıcılığı ilə əlaqədar məqalələrini tədqiqata cəlb edib. Bu alimlər ədibin həm dram, həm də nəsr əsərləri ilə bağlı müxtəlif yöndən dəyərli fikirlər söyləmişlər. Tədqiqatçı həmin fikirlərin hamısını heç də ehkam kimi qəbul etməyib.
Əsərin "Nəriman Nərimanovun həyatı, mühiti, ictimai-siyasi fəaliyyəti (1870-1918)” adlı ikinci fəslində N.Nərimanovun əsil-nəcabəti, ilk təhsili, Qori seminariyasında təhsil alaraq, Borçalı qəzasında yeganə müsəlman məktəbi olan Qızılhacılıda müəllim işləməsi, burada baş verən hadisələrin əsasında "Nadanlıq” pyesinin yaranması diqqətə çatdırılır.
Əsər boyu tədqiqatçı N.Nərimanovun bir amal uğrunda çalışdığını göstərmək istəyir - xalqını azad, müstəqil görmək, milləti təhsillə irəli aparmaq. Bakı realnı məktəbində işləyərkən 3 dərslik hazırlayıb nəşr etdirən N.Nərimanov yazırdı ki, hansı millət qabağa gedib tərəqqi edibdi, ancaq elmin gücünə xoşbəxt olub. Bu maarifpərvər insan Bakıda ilk qiraətxananı açdırmış, bir sıra şəxslər, o cümlədən S.Axundov, H.Z.Tağıyev və açıqfikirli ziyalılar bura kömək göstərmişdi. Qiraətxanaya Bakıda nəşr olunmuş qəzetlərlə yanaşı, müxtəlif yerlərdən, o cümlədən Kəlküttə, İstanbul, Qahirə, Sofiya, Təbriz, Tehran və digər şəhərlərdən xeyriyyə yolu ilə pulsuz kitab, qəzet və jurnal göndərilirdi.
İkinci fəsildə N.Nərimanovun "Nadanlıq”, "Dilin bəlası, yaxud Şamdan bəy”, "Nadir şah” pyeslərini yazması, Qoqolun "Müfəttiş” komediyasını tərcümə etməsi, Odessada təhsil alması, inqilabi hərəkata qoşulması "Həyat”, "İrşad”, "Hümmət” qəzetlərində məqalələr dərc etdirməsi, böyük bir ailənin qayğısını çəkməsi, Cəlil Məmmədquluzadə ilə məktublaşması, Həştərxanda epidemiya dövründə İ.İ.Meçnikovla görüşməsi, məsləhətləşməsi qabarıq şəkildə göstərilib. Müəllif N.Nərimanovun Həştərxandakı sürgün dövründən ətraflı bəhs edib. Əsərdə o da xüsusi vurğulanır ki, N.Nərimanov Şərqi əsarətdən xilas etməyi özünün müqəddəs borcu bilirdi və bu istiqamətdə görüləcək işlərin təməlini qoyurdu.
Monoqrafiyanın "Maarifçi realist ədəbiyyat tarixində yeni mərhələ” adlanan üçüncü fəsli N.Nərimanovun dramaturgiyasına və nəsr əsərlərinə həsr olunub. Bu fəsildə N.Nərimanovun "Nadanlıq”, "Dilin bəlası, yaxud Şamdan bəy”, Azərbaycan ədəbiyyatında ilk tarixi faciə olan "Nadir şah” pyesləri, "Bahadır və Sona” romanı, "Pir”, "Bir kəndin sərgüzəşti” nəsr əsərləri geniş şəkildə tədqiqata cəlb edilib.
Professor T.Əhmədov "Bahadır və Sona” faciəsini ədibin sonuncu səhnə əsəri və onun eyni adlı romanı əsasında yazıldığını bildirir. Xatırlatmaq lazımdır ki, müsəlman oğlu ilə xristian qızının sevgi macərası yeni mövzu deyildi: "Əsli və Kərəm” dastanı, XVIII əsrin dahi fransız ədibi Volterin "Zairə” faciəsi. Bu faciədə də türk oğlu Orosmonla xristian qızının arasındakı məhəbbət xoşagəlməz sonluqla nəticələnir. Dini ayrılıq məhəbbəti faciələrə çevirir.
Ədəbiyyatda bir tendensiya mövcuddur. Əgər yazıçı, yaxud şair öz zamanında olan haqsızlıqları deyə bilmirsə, hadisələri ya başqa ölkədə, ya da hər hansı keçmiş zamanda əks etdirir. Tədqiqatçı yazır ki, N.Nərimanov çar hökuməti orqanlarından yaxa qurtarmaq üçün "Nadir şah” əsərində hadisələri İranın XVIII əsr tarixinə - Şah sultan Hüseyn Səfəvinin dövrünə aid edib. Xəyanət, çəkişmə və intriqa yuvası olan saraylar, xalqdan uzaq düşmüş hökmdarlar bir-birini faciəli surətdə əvəz edirlər. Burada yazıçı çar üsul-idarəsinin dağılması fikrini təbliğ edirdi.
N.Nərimanovun "Pir”, "Bir kəndin sərgüzəşti” hekayələrində dini fanatizmin tənqidi əsərlərin əsas məqsədi kimi təqdim olunub.
Monoqrafiyanın "Nəriman Nərimanov və teatr mədəniyyəti” adlanan dördüncü fəslində N.Nərimanovun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən bəhs olunur. Araşdırıcı XIX əsrin 90-cı illərini Azərbaycan teatrının xüsusi inkişaf dövrü kimi dəyərləndirir. Ə.Haqverdiyevin əsərdə təqdim olunan aşağıdakı sözləri də həmin fikri təsdiq edir: "...90-cı illərin əvvəllərindən ziyalıların sayı artır. Axundovun yolunu davam etdirən dramaturqlar meydana çıxır, repertuar genişlənir. Bu zaman Nəriman Nərimanov Bakıya gəlib çıxır; bir çox müəllim yoldaşlarının köməyi ilə daimi həvəskar truppa təşkil edir. Tamaşalar camaatı cəlb etməyə başlayır”.
Kitabda Nəriman Nərimanovun milli teatr və tatar teatrı sahəsində xidmətləri ilk geniş elmi şərhli mötəbər mənbələrlə təsbit edilib.
Monoqrafiyanın "Nəriman Nərimanovun ədəbi-nəzəri görüşləri” adlanan beşinci fəslində müəllif bu görkəmli şəxsiyyətin ədəbi-ictimai baxışlarını tədqiq etməyə çalışıb. Ədibin teatr haqqında düşüncələri xüsusilə diqqəti cəlb edir: Komediyanı əyləncə deyil, tərbiyə hesab edən N.Nərimanov yazırdı ki, biz teatrda öz qüsurlarımızı görüb, əlbəttə çalışırıq ki, özümüzü yaxşı adamlara oxşadaq və pis adamlardan kənar olaq. Teatr böyüklər üçün bir məktəbdir.
Ədibin Avropa və rus ədəbiyyatına dərindən bələd olduğunu vurğulayan Teymur Əhmədovun fikrincə, Nəriman Nərimanovun ədəbi-tənqidi və publisistik məqalələrində Şekspir, Höte, Şiller, Bayron, İbsen, Tolstoy, Turgenev, Krılov, Qoqol, Hüqo, Zolya və başqalarının yaradıcılığına müraciət etməsi təsadüfi deyildir. O, bu yazıçıların ictimai və məzmunlu əsərlərində özünün təbliğ etdiyi ideyaya yaxınlıq görürdü.
Monoqrafiyanın "Nəriman Nərimanovun publisistikası: Maarifçilikdən inqilabi-demokratizmə doğru” adlı altıncı fəslində yazıçının dövri mətbuatda nəşr etdirdiyi məqalələr tədqiqata cəlb edilib. "Tərcüman”, "İrşad”, "Həyat”, "İqbal”, "Hümmət” qəzetlərində çıxış edən N.Nərimanov xalqın maariflənməsini, Şərq xalqlarının azad olunmasını, Azərbaycanın müstəqilliyini həmişə ön planda təbliğ edirdi. "Müsəlman müəllimləri” adlı məqaləsində N.Nərimanov ürək yanğısı ilə yazırdı: "...Vaxt keçibsə də ittifaq edib qabaqda gedən qonşuları elm və fəndə, sənəddə təqib etməli, yüyürüb onlara çatmalı! Yoxsa, getdikcə qaranlıqda qalıb işlərimiz fəna, özümüz xar və zəlil olacağıq”.
Teymur Əhmədov öz tədqiqatında Nəriman Nərimanovun yaşadığı mühitin fonunda onun canlı obrazını yaratmağa çalışıb, maarifçilikdən inqilabi demokratizmə məfkurəvi inkişaf yoluna işıq salıb.
Akademik Cəmil Quliyevin təbirincə desək, "məhz Heydər Əliyevin dühası ilə azərbaycanlı ictimai-siyasi dövlət xadiminə Bakıda ucaldılmış ilk möhtəşəm heykəl Nəriman Nərimanovdur!” Bu, təsadüfi deyildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında 2020-ci il 14 fevral tarixli sərəncamında deyilir: "Nəriman Nərimanovun bədii yaradıcılığı ilə ictimai və siyasi fəaliyyəti arasında üzvi bağlılıq vardır.
...Bakıda əzəmətli abidəsinin ucaldılmasının və ev muzeyinin açılmasının, həmçinin ölkəmizin hüdudlarından kənarda xatirəsinin təntənəli keçirilməsinin təşəbbüskarı Ümummilli Lider Heydər Əliyev olmuşdur”.
Məlum olduğu kimi, sovet hakimiyyət illərində ictimaiyyətə "unutdurulmuş” Nəriman Nərimanovun ictimai, ədəbi-bədii, publisist irsini tədqiq edib dəyərli elmi monoqrafik əsər yazılması vətəndaşlıq cəsarəti tələb edirdi.
"Nəriman Nərimanov” kitabının yaranışı ictimai fikirdə yeni hadisə idi, yeni tədqiqatlara yol açırdı. Milli ədəbiyyatşünaslığın görkəmli xadimi, akademik Kamal Talıbzadə filologiya elmləri doktoru, professor Teymur Əhmədovun böyük zəhmətinin və istedadının bəhrəsi - "Nəriman Nərimanov (həyatı, mühiti və ədəbi-bədii yaradıcılığı)” əsərinin Azərbaycan ədəbiyyat elmini zənginləşdirməsinə, gətirdiyi yeniliklərə görə yüksək dəyər verərək yazır: "Oxuculara təqdim olunan monoqrafiya N.Nərimanovun çoxcəhətli fəaliyyəti haqqında vahid metodoloji mövqedən yazılmış sanballı ümumiləşdirici əsərdir. Məhz bu əsəri oxuyanda bir daha əmin olursan ki, hamımızın yaxşı tanıdığını güman etdiyimiz N.Nərimanov haqqında belə bir əsərin yazılması təxirəsalınmaz elmi zərurət imiş. Burada N.Nərimanov bütöv görünür: tədqiqatçı, "Hümmət” qəzetinin ədəbi-tarixi mövqeyindən tutmuş ədibin Tiflis, Bakı, Odessa, Həştərxan dövrü fəaliyyətinə dair ən adi faktlara belə laqeyd qalmamış və maraqlı burasıdır ki, bu tipli əsərlər üçün bəzən zərurətə çevrilən təbii təhlükədən, fakta aludəçilikdən, empirizmdən bacarıqla xilas ola bilmiş, faktın özü yox, onun tarixi mənası haqqında müasir elmi həqiqətləri ümumiləşdirməyə nail olmuşdur. Bunu həm əsərin, həm də alimin elmi nailiyyəti hesab etmək olar”.
Monoqrafiyanın mühüm elmi yeniliyi zənnimizcə bundadır ki, tədqiqatçı N.Nərimanovun şəxsiyyəti və ədəbi-tarixi mövqeyini səciyyələndirə bilən ən başlıca cəhəti ictimai-siyasi şüurla bədii təfəkkürün vəhdəti, qarşılıqlı təsiri problemini ön plana, əsas mövqeyə keçirir. Bizcə belə bir cəhəti ən bariz şəkildə N.Nərimanovla bağlı tədqiqatda vermək olardı.
N.Nərimanov irsinin tədqiqi bir də ona görə əhəmiyyətlidir ki, o, müasir Şərq hadisələrini başa düşməyə, Azərbaycanın tarixi mövqeyi haqqında düşünməyə kömək edə bilər.
Diqqətəlayiqdir ki, T.Əhmədov N.Nərimanovun ədəbi tarixi mövqeyini tarixilik prinsipi ilə tədqiq edə bilib. Ona görə də əsərdə həm burjua mətbuatından, həm də demokratik və marksist mətbuatdan götürülən faktlara obyektiv, vicdan və səmimiyyətlə yanaşılır. Məhz bunun sayəsində də N.Nərimanovun tarixi şəxsiyyət, inqilabçı, filosof və ictimai xadim, böyük sənətkar kimi maarifçilikdən inqilabi-demokratizmə doğru inkişafının həm dünyagörüşü, həm də ədəbi-bədii aspektə inkişafı tarixən doğru izah olunub. N.Nərimanovun xalqla, torpaqla, milli təfəkkürlə, habelə kommunizm nəzəriyyəsi ilə bağlılığı ardıcıl və məntiqli surətdə izah edilib.
T.Əhmədovun N.Nərimanov haqqındakı bu qiymətli əsəri elmi fikrimiz üçün belə bir həqiqəti aşkara çıxarır ki, Azərbaycan ədəbiyyatşünaslığının hələ ayrı-ayrı klassiklərə həsr olunmuş monoqrafik tədqiqatlara ciddi ehtiyacı var. Qoy xalq həyatından, milli mənəviyyatımızın ruhundan, arxivimizdən, təzkirələrimizdən, mətbuat tariximizdən xəbərsiz ədəbiyyatçılar bilsinlər ki, hər hansı sənətkarın bioqrafiyasından, arxivlərdə unudulmaqda olan adi faktlardan kənarda bir çox nəzəri problemləri lazımi səviyyədə, dürüstlüklə həll etmək çox çətindir. T.Əhmədovun tədqiqatı bu cəhətdən də diqqəti cəlb edir. Müəllifin üstünlüyü də onda aşkara çıxdı ki, o, özündən əvvəlki tədqiqatçılara münasibətdə elmi ədalət prinsipini rəhbər tutur, başqa xalqlara, onların mədəniyyətinə də hörmətlə yanaşır. Elə buna görə də alimin polemikaları da səciyyəli və inandırıcıdır.
T.Əhmədovun monoqrafiyası Şərqin yetişdirdiyi qüdrətli simalardan biri haqqında filoloji aspektdə yazılmış ədəbi, tarixi, sosial-fəlsəfi və estetik problemlər qoyub həll edən maraqlı tədqiqat əsəridir. Burada müəllif N.Nərimanova hərtərəfli yanaşıb, onu bütöv göstərməyə çalışıb.
Oxuculara təqdim olunan kitab Nərimanov şəxsiyyəti ilə onun qoyub getdiyi zəngin ədəbi irs arasında ayrılmaz bir vəhdətin olduğunu təsdiqləyən, Nərimanov ideallarını şərh və təhlil edən, qiymətləndirən lazımlı, dəyərli tədqiqat əsəridir.
Ədəbiyyatşünaslıq
elminin mərkəzi - Azərbaycan Milli Elmlər
Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Elmi Şurası şöbə müdiri,
filologiya elmləri doktoru, professor Teymur Əhmədovun "Nəriman
Nərimanov (həyatı, mühiti, ədəbi-bədii
yaradıcılığı)” əsərini Dövlət
Mükafatına təqdim edib. Haqq, ədalət
naminə həmin əsərin hörmətli komissiya
üzvləri tərəfindən rəğbətlə
qarşılanacağına ümid bəsləyirik.
Azərbaycan.-2020.- 19 may.- S.7.