Prezident
söz verir və əməl edir
Bu
gün Azərbaycanda sosial dəstəyə ehtiyacı olan
heç kəs dövlətin diqqətindən kənarda
qalmır
Prezident İlham Əliyevin ölkə
iqtisadiyyatının güclü sosial siyasətlə
tamamlanması və iqtisadi dividendlərin, ilk növbədə,
vətəndaş amilinə xidmət etməsi
üçün sosial sahəyə yönəldilməsi
prinsipi ölkənin sosial dövlət modelinin daha xarakterik
çalarlarla zənginləşməsinə və əməli
müstəvidə uğurlu təsdiqini tapmasına şərait
yaradır. Bunun nəticəsi olaraq sosial təminat sisteminin daha
çox humanist yanaşmalar üzərində qurulduğu, həssas
əhali qrupları ilə bağlı qanunvericiliyin humanistləşdirilməsi
diqqəti cəlb edir.
Öncə pensiya təminatı sahəsinə nəzər
salaq. Sosial təminat sisteminin əsas komponentlərindən
olan pensiya təminatı ilə bağlı dünya təcrübəsinə
baxdıqda bir çox ölkələrdə bu sahədə
sərt sığorta prinsiplərinin mövcud olduğu
aydın görünür. Azərbaycan isə
sosial sahədə mütərəqqi dünya
praktikalarından faydalanmağa önəm verməklə
yanaşı, pensiyaçıların istək, maraq və mənafelərini
də daim üstün tutur.
Bunun göstəricisi olaraq, 2019-cu ilin əvvəlindən
yaşlı əhalinin maraqlarına uyğun olan və əsasında
humanist yanaşma dayanan islahat tədbiri gerçəkləşdi. Əmək
pensiyası yaşına çatan və fərdi hesabında ən
kiçik məbləğdə belə pensiya kapitalı qeydə
alınan şəxslərə əmək pensiyası
hüququ verildi. Dövlət avtomatik olaraq onlara 25 il sosial sığorta stajı hədiyyə etdi.
Həmin 25 illik stajın və 2018-ci ilin 1 iyul
tarixinədək qeydə alınan pensiya kapitalının
indeksləşdirilməsi aparıldıqdan sonra onlara pensiya təyin
olundu.
Beləliklə, sığorta stajının və ya
pensiya kapitalının yetərli olmaması, hətta bir
çox hallarda çox cüzi əmək fəaliyyəti
olması səbəbindən pensiya proqramından kənarda
qalmaq riski olan xeyli sayda vətəndaş üçün bu
risk aradan qalxdı, onlara hər ay pensiya almaq şansı
verildi. Digərləri kimi, onların da pensiyaları mütəmadi
olaraq artmaqdadır. Ötən il Azərbaycanda minimum
pensiya 72,4 faiz artırılaraq 200 manata
çatdırılıb.
2020-ci
ilin əvvəlindən pensiyaların ötənilki orta əməkhaqqı
artımı göstəricisinə uyğun 16,6
faiz artırılması təmin olunub. Ümumən cari ilin
dörd ayı ərzində əmək pensiyalarının
orta aylıq məbləği 2020-ci ilin 1 yanvar tarixinə nisbətən
12, 2019-cu ilin müvafiq dövrünə nisbətən 27,8 faiz artaraq 295,3, o cümlədən yaşa
görə pensiyanın orta aylıq məbləği 330 manat
təşkil edib.
Pensiya qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə
hazırlanmış yeni qanun layihəsində
pensiyaçıların maraqları nəzərə
alınmaqla onların daha üstün məbləğdə
sosial ödənişlər ala bilmələrinə şərait
yaradılması üçün humanist mövqedən onlara
yeni hüquq verilməsi nəzərdə tutulub. Belə ki,
layihədə pensiyaçının hüququ olan istədiyi
digər pensiya növünə, o cümlədən yaşa
görə pensiya növündən əlilliyə görə
pensiya növünə keçə bilməsinə imkan verilməsi
də yer alıb.
Əmək
pensiyası yaşına çatan, lakin əmək stajı
pensiya hüququna imkan verməyən, həmçinin fərdi
hesabında ən kiçik məbləğdə belə
pensiya kapitalı qeydə alınmayanlar da vardı ki, həmin
insanlar yalnız müvafiq yaş həddinə - kişilər
67, qadınlar 62 yaşına çatdıqda yaşa görə
müavinət ala bilərdilər. Prezident İlham Əliyevin
16 dekabr 2019-cu il tarixdə təsdiqlədiyi
qanun bu kateqoriyadan olan vətəndaşlara da humanist
yanaşma üzərində diqqət və qayğını
özündə ehtiva etdi. Qanunla 2020-ci ilin əvvəlindən
yaşa görə müavinət yaşı pensiya
yaşı ilə eyniləşdirildi və beləliklə,
qeyd edilən vətəndaşlar artıq müvafiq yaş həddinə
çatmalarını gözləməli olmadılar. Nəticədə
bu ilin əvvəlindən pensiya yaşına çatsa da,
pensiya hüququ yaranmayan 11,2 min şəxsə
yeni qanunvericilik əsasında yaşa görə müavinət
təyin olundu. Ümumilikdə bu ilin 1 may tarixinə ötən
ilin müvafiq dövrünə nisbətən 33 min 500 nəfər
və ya 55,4 faiz çox olmaqla 94 mindən
çox şəxs yaşa görə müavinət
alır. 2019-cu ildə reallaşdırılan
mühüm sosial paketlər çərçivəsində
yaşa görə müavinətin məbləği də 80
faizə yaxın artırılıb.
Bunlardan əlavə,
2019-cu ildə sağlamlıq imkanları məhdud uşaqlara
yönələn sosial ödənişlər 2,4 dəfədən
çox artırılıb və onlara ünvanlanan aylıq
müavinətlər 82 manatdan 150 manata qaldırılıb, həmin
uşaqlara qulluq edənlər üçün aylıq təqaüd
(50 manat) təsis olunub. Sağlamlıq
imkanları məhdud uşaqlar arasında ailə
başçısını itirmiş uşaqlar da var. Onlara
dövlətin daha bir humanist yanaşması kimi, bu ilin əvvəlindən
həmin uşaqlara ailə başçısını itirməyə
görə müavinəti (və ya ailə
başçısını itirməyə görə
pensiyanı) sağlamlıq imkanları məhdudluğa
görə müavinətlə birgə (hər iki sosial
ödəniş üçün) ala bilmək hüququ
verilib. Halbuki əvvəllər onlar bu iki
sosial təminat növündən yalnız birini seçə
bilərdilər.
Ailə
başçısını itirmiş ailələrə gəldikdə
bu kateqoriya üzrə aylıq müavinətlərin məbləği
ötən il hər ailə üzvü
üçün 80 manata çatdırılıb. Bir sıra hallarda bu kateqoriya üzrə ailəyə
adambaşına ödənilən müavinətlərin cəmi
ailə başçısını itirməyə görə
ödənilən pensiya məbləğindən çox
olur. Lakin qanunvericilik ailə
başçısını itirməyə görə əmək
pensiyası hüququ olduğu halda bu pensiyadan imtina edib, ailə
başçısını itirməyə görə
müavinəti almağa imkan vermirdi. 2020-ci
ilin əvvəlindən bu məhdudiyyət aradan
qaldırıldı.
Ailə başçısını itirmiş (ABİ)
ailələrin sosial müdafiəsinin gücləndirilməsi
məqsədilə "Əmək pensiyaları haqqında”
qanunda növbəti dəyişikliklərin edilməsi təklifini
əks etdirən layihə da hazırlanıb. Humanist
yanaşmaya əsaslanan təklifdə ailə
başçısını itirmiş şəxsə
hüququ yaranan, məbləği daha çox olan əmək
pensiyası və ya sosial müavinəti seçmək
hüququnun verilməsi nəzərdə tutulub. Bununla yanaşı, yeni qanunvericilik layihəsində
təklif olunur ki, ABİ-yə görə pensiya hüququ olan
ailə üzvü bu və ya digər səbəblərdən
payına düşən pensiya məbləğindən imtina
etdikdə, onun bu vaxta qədər aldığı pensiyanın
ödənişi dayandırılmasın və digər ailə
üzvləri arasında bölüşdürülsün.
Prezidentin
2018-ci il 19 aprel tarixli fərmanına əsasən
şəhid hərbi qulluqçuların vərəsələrinin
11 min manat məbləğində birdəfəlik ödəmə
ilə təminatı proqramına başlanması dövlət
başçısının növbəti mühüm
humanist təşəbbüsü olmaqla şəhid ailələrinin
sosial müdafiəsinə yönələn mühüm bir dəstək
idi. Bununla bərabər,
28 yanvar 2019-cu il tarixli fərmanla birdəfəlik
ödəmənin əhatə dairəsinin genişləndirilməsi,
ölkəmizin ərazi bütövlüyü uğrunda
1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş vətən
övladlarının vaxtilə 11 min manatdan az sığorta
ödənişi almış vərəsələrinə də
birdəfəlik ödəmənin verilməsi bir humanist
yanaşma olaraq cəmiyyətdə rəğbətlə
qarşılanan tədbirlərdən biri oldu.
Bugünkü
pandemiya dövründə mühüm sosial dəstək tədbirlərindən
olan birdəfəlik ödəmə proqramı ilk vaxtlar
"Məşğulluq” altsistemində işsiz və
işaxtaran kimi qeydə alınmış 200 min nəfər
üçün nəzərdə tutulsa da, Prezident İlham
Əliyevin humanist siyasəti nəticəsində proqram 3 dəfə
genişləndirildi. Belə ki, koronavirusla
bağlı işini müvəqqəti itirən və
qeyri-formal məşğul insanları, yəni kölgə
iqtisadiyyatında çalışan, vergi-sosial sığorta
ödəmələrindən yayınan vətəndaşları
da bu çətin dönəmdə dövlət öz dəstəyindən
kənarda qoymadı. Həmin vətəndaşlar
da əhatə olunmaqla birdəfəlik ödəmə ilə
600 min şəxs təmin olundu.
Məlum olduğu kimi, 2007-ci ildən şəhid ailələrinin,
2008-ci ildən müharibə əlillərinin və onlara bərabər
tutulanların Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü
ilə təminatı həyata keçirilir. Keçmiş
sovet dönəmində baş verən hadisələrlə
bağlı olmasına baxmayaraq, Əfqanıstanda beynəlmiləl
borcunu yerinə yetirərkən həlak olanların ailələri
də dövlətin humanist əsasda sosial dəstəyi ilə
əhatə edilir. 2014-cü ildən həmin
ailələrin Prezidentin aylıq təqaüdü ilə təminatı
proqramı qüvvədədir və bu gün onlar digər
şəhid ailələri ilə eyni səviyyədə
aylıq təqaüdlə (300 manat) təmin edilirlər.
Azərbaycanda ünvanlı dövlət sosial
yardımı proqramının əhatə dairəsi də
getdikcə genişlənir. Hazırda 83 min ailənin
350 min üzvü ünvanlı sosial yardımla təmin
olunur. Hər ailəyə ayda orta hesabla
224 manat yardım ödənilir. Ünvanlı
dövlət sosial yardımı ilə bağlı yeni
qanunvericilik layihələrində aztəminatlı ailələrin
bu yardım proqramından daha geniş şəkildə
faydalanmalarına şərait yaradılması
üçün proqramın meyarlarının humanist
mövqedən xeyli yumşaldılması ilə bağlı
dəyişikliklərin nəzərdə tutulduğunu
görmək olar. Bu layihələrə əsasən:
- ailə tərkibində baş vermiş dəyişiklik
və bu dəyişikliyə görə məlumat verilməməsi
ailəyə sosial yardım təyinatından imtinaya və ya
ailəyə yardımın dayandırılmasına səbəb
olmayacaq;
- ailənin gəlirlərində dəyişiklik
baş verdiyi halda bu barədə ailənin məlumat verməsi
üçün müddət 5 iş günündən 15
iş gününə və ya 21 günədək
uzadılacaq;
- ailənin ünvanlı dövlət sosial
yardım almaq hüququna baxılarkən onun
götürdüyü borc (o cümlədən kredit) ailənin
sosial yardım hüququna maneə yaratmayacaq;
- ünvanlı yardım üçün
müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların
sayı azaldılacaq və s.
Bütün bunlar sosial təminat sisteminin daha çox
humanist yanaşmalar üzərində qurulmasını
sübut etməklə yanaşı, onun vətəndaşa
daha yaxın və əlçatan olmasını təsdiqləyir.
Raqif
MƏMMƏDLİ
Azərbaycan.-2020.-20 may.-S.1;6.