Azərbaycan Prezidenti tövsiyələri
ilə deputatlar qarşısında yeni vəzifələr irəli
sürmüşdür
Sahibə QAFAROVA: "Ən
mühüm vəzifələrdən biri budur ki, deputatlar
seçildikləri dairələrdə fəal iş
aparmalı və seçicilərlə daim təmasda
olmalıdırlar”
Mayın 19-da Milli Məclisin plenar iclası
keçirildi.
Milli Məclisin Sədri Sahibə Qafarova parlament
Aparatının rəhbəri və digər məsul şəxsləri
ilə birlikdə mayın 15-də Bakı, Sumqayıt və
Abşeronun seçki dairələrindən seçilmiş
deputatların köməkçiləri ilə
görüş keçirdiyini bildirdi.
Deputat
köməkçilərinin üzərinə böyük məsuliyyət
düşür
"Görüşdə yeni təyin edilmiş köməkçilərin
fəaliyyət istiqamətləri və vəzifələri
barəsində geniş fikir mübadiləsi aparıldı. Bildiyiniz kimi,
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab
İlham Əliyev altıncı çağırış
Milli Məclisin birinci iclasında söylədiyi proqram xarakterli
nitqində parlamentin fəaliyyətinin yol xəritəsini
müəyyən etmişdir. Dövlət
başçısı öz tövsiyələri ilə biz
deputatların qarşısında yeni vəzifələr irəli
sürmüşdür. Ən mühüm vəzifələrdən
biri budur ki, deputatlar seçildikləri dairələrdə fəal
iş aparmalı, seçicilərlə daim təmasda
olmalıdırlar. İnsanları narahat edən
məsələlərin aşkara çıxarılması və
dövlət orqanları qarşısında
qaldırılması deputatlıq fəaliyyətinin ən
vacib istiqamətlərindən birini təşkil etməlidir.
Deputatın vəzifə və səlahiyyətlərinin
dolğun şəkildə həyata keçirilməsində
deputat köməkçilərinin üzərinə
böyük məsuliyyət düşür. Yəqin mənimlə
razılaşarsınız ki, biz köməkçilərimizdən
yüksək bilik və bacarıqla yanaşı, təşəbbüskarlıq
və fəallıq da gözləyirik”, - deyən Sahibə
Qafarova bu cür görüşlərin ümumi işin xeyrinə
olduğunu və bunları davam etdirməyin vacibliyini diqqətə
çatdırdı.
Xalqın
aşağılanması ilə bağlı məsuliyyət
sərtləşdirilməlidir
İclasda bir sıra məsələlərlə
bağlı fikirlər də səsləndi. Parlamentin Regional məsələlər
komitəsinin sədri Siyavuş Novruzov diqqəti "milli
şura” adlanan qurumda səslənən fikirlərə yönəldərək
dedi ki, Azərbaycan xalqını və dövlətini
aşağılayan ifadələrin işlədilməsi cinayət
məsuliyyəti ilə ölçülməli və
qanunların müddəaları bu baxımdan daha da sərtləşdirilməlidir.
Əmək və sosial siyasət komitəsinin sədri
Musa Quliyev respublikamızda koronavirusla mübarizə sahəsində
görülən işlərdən söz açdı. Qeyd etdi ki, Azərbaycan
koronavirusla mübarizədə ən uğurlu nəticələr
əldə edən dövlətdir.
İnsan
hüquqları komitəsinin sədri Zahid Oruc dedi ki, dövlət
sirlərini təkcə təhlükəsizlik orqanları
qorumalı deyil. İndi artıq istefada olan və
mühüm dövləti məlumatlara bir vaxtlar
çıxış səlahiyyəti qazanan adamların
hazırkı məsuliyyətindən də bəhs etmək
daha önəmlidir. Dərin təhlillər
göstərir ki, Azərbaycan dövlətinin siyasi, hərbi
və milli təhlükəsizliyinə aid olan məlumatlar
açıq informasiya məkanına çıxarılmaqda
davam edir. Hakimiyyətə düşmən
kəsilən qüvvələrin
çıxışlarında, yaxud adi blogger
yazılarında kod altında olan məlumatların izi
açıqca görünür. Bunların
cinayət əməlləri olduğunu deyən Zahid Orucun
sözlərinə görə, bütün sabiq vəzifə
adamlarına təkrarən məlumatların
yayılmamasına dair öhdəlik aktları imzalatdırmaq
məqsədəuyğun olardı.
Bəzi
Qarabağ erməniləri Azərbaycan sərhədləri
çərçivəsində yaşamaq istədiklərini
bildiriblər
Azərbaycan Respublikasının Dağlıq Qarabağ
bölgəsinin azərbaycanlı icmasının fəaliyyətini
ən yaxından izləyənlər sırasında
Dağlıq Qarabağ bölgəsinin erməni sakinləri də
var.
Bunu isə "Azərbaycan Respublikasının
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması” İctimai Birliyi İdarə Heyətinin sədri,
deputat Tural Gəncəliyev bildirdi. Onun sözlərinə görə,
bəzi ermənilər Dağlıq Qarabağ bölgəsinin
azərbaycanlı icmasına müraciət edərək, Azərbaycanın
beynəlxalq səviyyədə tanınmış sərhədləri
çərçivəsində, Azərbaycan
Konstitusiyasına uyğun şəkildə bir yerdə
sülh şəraitində yaşamaq istədiklərini
bildiriblər. "Həmin ermənilərə müraciət
edərək bildirirəm ki, onlar özləri kimi rasional
düşünən digər erməni sakinləri də
öz ətraflarında birləşdirməli və
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icması ilə birlikdə Azərbaycan Respublikasının
Dağlıq Qarabağ bölgəsində sülh şəraitində
yaşamaq üçün tezliklə hərəkətə
keçməli və işğalçı Ermənistan
qüvvələrinin, işğalçı rejimin oradakı
mövcudluğuna son qoymalıdırlar”, - deyə Tural Gəncəliyev
diqqətə çatdırdı.
Siyasi zərbə
alan Paşinyanın sayıqlaması
Mədəniyyət komitəsinin sədri Qənirə
Paşayeva Azərbaycan gerçəklərinin dünyada daha
çox yayılmasının vacibliyindən
danışdı. Qeyd etdi ki, Ermənistanın baş naziri
Nikol Paşinyanın babasının faşistlərlə əməkdaşlığının
faktlarla üzə çıxmasından sonra ermənilərin
Azərbaycan tarixinə qarşı hücumları artıb.
Biz buna qarşı da mübarizəmizi
artırmalıyıq. Ermənilərin
faşistlərə müsbət münasibəti Qaregin Njdeyə
qoyulan heykəllə, Paşinyanın babası ilə
bağlı çıxan sənədlərlə bir daha təsdiq
olundu. Cümhuriyyət tariximizə
qarşı ermənilərin hücumlarına diaspor tərəfindən
yüksək səviyyədə cavab verilməlidir.
Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli
Ermənistan mətbuatında Azərbaycan Xalq Cümhuriyyətinin
qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin
Paşinyanın babası ilə müqayisə olunmasına
münasibət bildirdi. Onun sözlərinə görə, bütün bunlar Azərbaycan
Prezidenti tərəfindən siyasi zərbə alan
baş nazir Nikol Paşinyanın sayıqlamasıdır:
"Baba Paşinyan kimdir?! Faşistlərə əsir
düşəndən sonra faşizmə qulluq edən
kommunistdir! Paşinyanın babası 1943-cü
ildə imdad diləyib və uğursuz nəticə əldə
edib. Məhəmməd Əmin Rəsulzadə
Azərbaycan dövlətinin yaradıcılarından biridir.
Paşinyan faşistlərə özü
müraciət edib və əsir düşüb, faşistlərdən
nəsə qoparmaq istəyib. Amma Rəsulzadəni
dəvət ediblər, kommunizmin əleyhdarı kimi ona əməkdaşlıq
təklif ediblər. Lakin Rəsulzadə "Azərbaycan
müstəqil olmalıdır”, - deyəndə cavab verilib ki,
"ölkəni tərk etməlisən”.
Deputatlardan
Fazil Mustafa, Naqif Həmzəyev bir sıra digər məsələlərlə
bağlı təkliflərlə çıxış etdilər.
İnsan
alverinə qarşı mübarizə üzrə Milli
Koordinatorun illik məlumatı dinlənildi
Sonra gündəlikdəki məsələlərin
müzakirəsi başladı. İlk olaraq İnsan
alverinə qarşı mübarizə üzrə Milli
Koordinatorun illik məlumatı dinlənildi. Məlumatı Azərbaycan Respublikası Daxili
İşlər nazirinin birinci müavini, polis general-mayoru
Seyfulla Əzimov diqqətə çatdırdı.
Qeyd olundu ki, ölkəmizdə insan alveri cinayətlərinə
qarşı mübarizənin səmərəli
aparılmasını, qurbanların hüquqlarının
müdafiə olunması imkanlarının genişləndirilməsini
təmin edən mükəmməl qanunvericilik bazası
formalaşıb. İnsan alverinə qarşı mübarizədə
hökumət tərəfindən də bir sıra
mühüm qərarlar qəbul edilib, bu cinayətlərdən
zərər çəkmiş şəxslərə ödənilən
müavinətin məbləği 400 manatdan 700 manatadək
artırılıb.
Ötən
il ərzində insan alverinə
qarşı mübarizə sahəsində geniş maarifləndirmə
işləri aparılıb. Respublikanın 55 şəhər
və rayonunda, orta ixtisas və ali təhsil
müəssisələrində insan alverinə və məcburi
əməyə qarşı mübarizəyə dair seminarlar
keçirilib. Bununla bağlı Bakı şəhərində
geniş ictimaiyyət üçün nəzərdə
tutulmuş təşviqat xarakterli videolar, təbliğat
materialları paylanılıb, televiziya və radioda,
videoportallarda verilişlər yayımlanıb.
Məcburi əməyin qarşısının
alınması, bu əməllərə şərait yaradan
halların aradan qaldırılması istiqamətində də
lazımi tədbirlər həyata keçirilir. Aparılan
monitorinqlər nəticəsində 120 tikinti obyektində 351 nəfərin
əmək müqaviləsi olmadan
çalışdığı aşkar edilib. Bununla bağlı, ümumilikdə, 454.000 manat
inzibati cərimə tətbiq edilib. Vurğulandı ki,
Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə
aparılan sosial islahatlar nəticəsində 2018-ci illə
müqayisədə ötən il ölkə
üzrə bağlanılan əmək müqavilələrinin
sayında 153 min artım qeydə alınıb. Uşaq
əməyinin istismarının qarşısının
alınması sahəsində görülən tədbirlər
çərçivəsində övladlarının təlim-tərbiyəsi
ilə bağlı vəzifələri yerinə yetirməyən
180 valideyn barəsində inzibati tənbeh tədbirləri
görülüb.
2019-cu ildə insan alveri cinayətlərinin
aşkarlanması və təqsirkar şəxslərin məhkəmə
məsuliyyətinə verilməsi sahəsində məqsədyönlü
işlər aparılıb. Həyata keçirilən tədbirlər
nəticəsində 186 insan alveri, o cümlədən 4 məcburi
əmək, habelə insan alveri məqsədilə sənədlərlə
qanunsuz hərəkətlərlə əlaqədar 36 cinayət
qeydə alınıb, 10 nəfərdən ibarət 4 cinayətkar
qrup zərərsizləşdirilib. Müəyyən
edilmiş 91 insan alveri qurbanından 89-u Azərbaycan vətəndaşıdır,
ikisi əcnəbidir. Zərərçəkənlərə
tibbi, psixoloji və hüquqi yardımlar göstərilib.
Məsələ
ilə bağlı komitə sədrləri Zahid Oruc, Tahir
Rzayev, Siyavuş Novruzov, Qənirə Paşayeva, deputatlardan
İsa Həbibbəyli, Qüdrət Həsənquliyev,
Aydın Mirzəzadə, Cavid Osmanov, Məlahət
İbrahimqızı, Fazil Mustafa, Məşhur Məmmədov,
Fəzail Ağamalı və Səttar Möhbalıyev fikirlərini
bildirdilər, insan alverinə qarşı həyata
keçirilən tədbirləri yüksək qiymətləndirdilər.
Çıxış edənlər həmçinin
Azərbaycan polisinin karantin günlərində, koronavirusla
mübarizə tədbirlərində özünün xidməti
borcunu ən yüksək səviyyədə və peşəkarlıqla
həyata keçirdiyini qeyd etdilər.
Milli Məclisin Sədr müavini Adil Əliyev ölkəmizdə
insan alverinə qarşı səmərəli tədbirlərin
həyata keçirildiyini deyərək, illik məlumatın
müfəssəl hazırlandığını qeyd etdi. Adil Əliyev
həmçinin polislərin pandemiya dövründəki fəaliyyətinin
də yüksək qiymətləndirildiyini diqqətə
çatdırdı.
Yekunda Daxili İşlər nazirinin birinci müavini,
polis general-mayoru Seyfulla Əzimov çıxışlarda qeyd
olunan məsələlərə münasibət bildirdi və
İnsan alverinə qarşı mübarizə üzrə
Milli Koordinatorun illik məlumatı səsə qoyularaq nəzərə
alındı.
Hüquqi
şəxslərin dövlət reyestrinin aparılması
qaydası dəyişir
Fasilədən
sonra işini davam etdirən ali qanunverici orqan parlamentə bir məktubda
daxil olan 6 məsələ - Cinayət-Prosessual Məcəlləsində
və "Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında”, Miqrasiya Məcəlləsində
dəyişiklik edilməsi haqqında, "Turizm haqqında”,
"İstehsalat və məişət tullantıları
haqqında”, "Heyvanlar aləmi haqqında”, "Ekoloji təhlükəsizlik
haqqında”, "Bələdiyyələrin su təsərrüfatı
haqqında” və "Ətraf mühitə dair informasiya almaq
haqqında”, Vergi Məcəlləsində, "Qiymətləndirmə
fəaliyyəti haqqında” və "İcra məmurları
haqqında”, "Təhsil haqqında” və "Dövlət
rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə
qanun layihələri üçüncü oxunuşda
müzakirəyə çıxarıldı.
Sənədlərlə bağlı məlumat verən
Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti
və dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynli bildirdi ki, "Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” qanunda ediləcək
dəyişiklikdə hüquqi şəxslərin dövlət
reyestrinin aparılması qaydasının dəyişməsi
təklif edilir. Dəyişikliyə əsasən,
hüquqi şəxslərin, xarici hüquqi şəxslərin
nümayəndəlik və ya filiallarının məhkəmənin
qərarı ilə yenidən təşkil edilməsinin, yaxud
ləğv olunmasının qadağan edilməsi barədə
məlumatlar da dövlət reyestrinə daxil ediləcək.
"Turizm haqqında” qanuna və Miqrasiya Məcəlləsinə
təklif edilən dəyişikliyə əsasən, birdəfəlik
və ya çoxdəfəlik elektron vizanın verilməsində
yeni prosedur qaydaları qanunvericiliyə daxil edilir. Qeyd edək ki, Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 9 aprel
tarixli fərmanı ilə "ASAN Viza” sistemi haqqında
Əsasnamə”də dəyişiklik edilib, elektron viza birdəfəlik
və çoxdəfəlik elektron vizalara bölünüb.
Müəyyən edilib ki, birdəfəlik və çoxdəfəlik
elektron vizanın verilməsi ilə bağlı müraciət
qəbul edildikdən sonra ən geci 3 iş günü
müddətində, birdəfəlik elektron vizanın sürətləndirilmiş
qaydada alınması üçün müraciət edildikdə
ən geci 3 saat ərzində, birdəfəlik elektron
vizanın Azərbaycan Respublikasının beynəlxalq hava
limanlarında alınması üçün müraciət
edildikdə isə real vaxt rejimində verilir.
Miqrasiya Məcəlləsinə təklif edilən dəyişikliyə
əsasən, birdəfəlik elektron vizanın Azərbaycan
Respublikasının beynəlxalq hava limanlarında
alınması üçün müraciət edildikdə real
vaxt rejimində "Giriş-çıxış və
qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sisteminin məhdudiyyət siyahıları üzrə yoxlama
aparılacaq, imtina üçün əsas olmadıqda
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada viza veriləcək.
"Ətraf mühitə dair informasiya almaq haqqında”
qanunda nəzərdə tutulmuş dəyişikliyə əsasən
isə, ətraf mühitə təsirin qiymətləndirilməsinə
dair məlumatlar açıqlanacaq.
"Dövlət
rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyə
əsasən, xarici ölkələrin ali
təhsil müəssisələrinin diplomlarının
tanınmasına görə tutulan
15 manat dövlət rüsumu ləğv edilir. "Təhsil
haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən
isə, təhsil müəssisəsinin akkreditasiyasına
görə bu qanunla müəyyən edilmiş məbləğdə
dövlət rüsumu ödəniləcək.
6 sənəd ayrı-ayrılıqda səsverməyə
çıxarılaraq qəbul edildi.
İclasda həmçinin "Əmanətlərin
sığortalanması haqqında” qanunda dəyişiklik edilməsi
barədə qanun layihəsi bir oxunuşda müzakirəyə
çıxarılaraq təsdiqləndi.
Əlilliyi
olan şəxslərin hüquqlarının müdafiəsi
gücləndirilir
Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə
çatdırdı ki, gündəlikdəki 8-17-ci sənədlərə
təklif olunan dəyişikliklər əlilliyi olan şəxslərin
hüquqlarının müdafiəsi ilə
bağlıdır. Qanun layihələrinə təklif olunan
dəyişikliklər texniki və uyğunlaşdırma
xarakteri daşıyır və sənədlər bir
oxunuşda müzakirə edilib qəbul olunacaq.
"Əlillərin
sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi
barədə sənəd haqqında məlumat verən Milli Məclisin
Əmək və sosial siyasət komitəsinin sədri Musa
Quliyev bildirdi ki, dəyişikliklə "Əlillərin
sosial müdafiəsi haqqında” qanunun qüvvəyə minməsi
barədə” Milli Məclisin 1992-ci il 25
avqust tarixli 285 nömrəli Qərarı ləğv edilir.
"Əlilliyi
olan şəxslərin hüquqları haqqında” qanuna təklif
edən digər dəyişikliyə əsasən, qanunda
"əlil” ifadəsi əvəzinə "əlilliyi olan
şəxs”, "əlillik qrupu” ifadəsi əvəzinə
"əlillik dərəcəsi”, "qüsur” sözü əvəzinə
"pozuntu” sözündən istifadə ediləcək.
Bu qanun layihəsinə uyğunlaşdırılan 10 sənəd
ayrı-ayrılıqda səsverməyə
çıxarılaraq qəbul edildi.
İclasda "Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında” qanun layihəsi (birinci oxunuş)
müzakirəyə çıxarıldı. Sənədlə
bağlı məlumat verən deputat Nizami Səfərov
bildirdi ki, dəyişikliyə əsasən, İnzibati Xətalar
Məcəlləsinə əlilliyi olan şəxslərin
hüquqları haqqında qanunvericiliyin pozulmasına dair yeni
maddə (205-1) əlavə edilməsi təklif olunur. Təklif edilən yeni maddəyə əsasən, əlilliyi
olan şəxslərin hüquqları haqqında
qanunvericiliyin pozulmasına görə məsuliyyətlər və
cərimələr müəyyən edilib.
Deputatlar dəyişikliyə müsbət münasibət
bildirdilər.
Daha
çox ailə ünvanlı sosial yardımdan faydalana biləcək
Gündəliyin sonuncu məsələsi
"Ünvanlı dövlət sosial yardımı
haqqında” qanunda dəyişiklik edilməsi barədə
qanun layihəsi idi. Sənədi birinci oxunuşda təqdim edən
parlamentin Əmək və sosial siyasət komitəsinin sədri
Musa Quliyev bildirdi ki, ilin əvvəlində Prezident İlham
Əliyev ünvanlı sosial yardıma daha çox
insanların cəlb edilməsi üçün hökumətə
tapşırıqlar verib. Dəyişikliklərin
hamısı mütərəqqi xarakter daşıyır:
"Bu, vətəndaşların ünvanlı sosial
yardım alması üçün şərtlərin
stimullaşdırılmasına xidmət edir. Ünvanlı
sosial yardımın yalnız qeydiyyat yeri üzrə təyin
olunması hissəsi bu layihə ilə ləğv edilir.
Layihə qəbul edildikdən sonra faktiki
yaşadığı ünvan nəzərə alınmaqla,
ünvanlı sosial yardım almaq üçün müraciət
oluna biləcək. Həmçinin yeni
layihə ünvanlı sosial yardımla bağlı neqativ təşəbbüslərin
aradan qalxmasına xidmət edəcək. Artıq
daha çox ailə ünvanlı sosial yardımdan faydalana biləcək.
Yeni layihədə müsbət məqamlardan
biri də ünvanlı sosial yardım üçün
müraciət edən vətəndaşlardan tələb olunan
sənədlərin sayının minimuma endirilməsidir.
Artıq müraciət edən şəxs sadəcə
ailə tərkibi haqqında məlumat verməli olacaq və
digər sənədlər elektron qaydada bazadan
götürüləcək. Bu layihə qəbul
ediləndən sonra Nazirlər Kabinetinin ünvanlı dövlət
sosial yardımın təyin olunması ilə bağlı
qaydalarında da dəyişiklik edilməsi nəzərdə
tutulur. Buna əsasən artıq
götürülən kreditlər ailənin gəliri kimi nəzərə
alınmayacaq”.
Dəyişikliyə
əsasən qanunun 9-cu maddəsinin (Sosial yardımın təyin
olunması zamanı ailə tərkibində nəzərə
alınmayan şəxslər) 9.0.1-ci bəndində
"qocalar, əlillər və ya sağlamlıq imkanları
məhdud uşaqlar üçün internat evlərində”
sözləri "ahıllar və əlilliyi olan şəxslər,
o cümlədən sağlamlıq imkanları məhdud
18 yaşınadək uşaqlar üçün sosial
xidmət müəssisələrində” sözləri ilə
əvəz edilir.
Müzakirələr
zamanı çıxış edən parlamentin İnsan
hüquqları komitəsinin sədri Zahid Oruc bildirdi ki,
ünvanlı sosial yardımın verilməsindənsə
sahibkarlığı inkişaf etdirmək daha yaxşı
olardı: "5 rayonda icra hakimiyyəti rəhbərlərinin
həbsi sübut etdi ki, biz bu problemdən qurtulmaq
üçün sahibkarlığı inkişaf etdirməliyik.
Yaşam şəraitini
yaxşılaşdırmaq və bu problemlərdən qurtulmaq
üçün sahibkarlığın inkişafı daha məqsədəuyğundur”.
Deputatlardan
Əli Məsimli, Qüdrət Həsənquliyev, Aqiyə
Naxçıvanlı, Azər Badamov, Jalə Əliyeva,
Vüqar Bayramov, Azay Quliyev, Tahir Kərimli
çıxış edərək dəyişikliklərin
mütərəqqi xarakter daşıdığını və
ünvanlı sosial yardımın əhatə dairəsinin
genişləndirilməsinin vacibliyini bildirdilər. Deputatlar həmçinin digər müxtəlif təklifləri
də irəli sürdülər.
Sənəd səsverməyə çıxarılaraq
birinci oxunuşda qəbul edildi.
Sonda Milli Məclisin Sədri Sahibə Qafarova
qarşıdan gələn Ramazan bayramı və Respublika
Günü münasibəti ilə Azərbaycan xalqını
təbrik etdi və parlamentin plenar iclası başa
çatdı.
Rəşad CƏFƏRLİ,
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.-2020.-20
may.-S.1;3.