ABŞ-ın Arizona ştatının
paytaxtında 28 may Azərbaycan
Milli Günü elan edilib
ABŞ-ın Arizona ştatının
paytaxtı Finiks şəhəri 28 mayı
Azərbaycan Milli Günü elan edib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a verilən
məlumata görə,
bununla bağlı şəhər meri Keyt Qayeqo tərəfindən
müvafiq bəyannamə
imzalanıb.
Baş konsulluğa
göndərilmiş bəyannamədə
Azərbaycan xalqının
müsəlman dünyasında
ilk dünyəvi və
demokratik respublika yaratdığı vurğulanır. Bəyannamədə Azərbaycanın 1991-ci ildə
öz müstəqilliyini
bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər
quran ilk dövlətlərdən
biri olduğu bildirilir. Ölkəmizin
müstəqilliyini bərpa
etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın
ən sürətlə
inkişaf edən və çağdaşlaşan
dövlətlərindən birinə çevrildiyi, bu gün regionun
ən böyük iqtisadiyyata malik ölkəsi və
ABŞ-ın Cənubi
Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu
vurğulanır.
Bəyannamədə, həmçinin
ABŞ və Finiks şəhəri də daxil olmaqla, bütün dünyada yaşayan milyonlarla azərbaycanlının 28 may tarixini
Azərbaycanın Milli
Günü kimi bayram edərək, öz əcdadlarının
ətraf regionlarda, o cümlədən Mərkəzi
Asiya və Yaxın Şərq regionlarında demokratiyanın
yayılmasına verdiyi
töhfələri xatırladığı
və Azərbaycan Respublikasının azad və müstəqil dövlət kimi önəmli uğurlarını
qeyd etdiyi bildirilir.
Bəyannamənin sonunda mer K.Qayeqo 28 may tarixini Finiks şəhərində
Azərbaycan Milli Günü elan edir və şəhər
sakinlərini bu bayramı və Azərbaycanın uğurlarını
qeyd etməyə çağırır.
Qeyd
edək ki, 1,6 milyonluq əhaliyə malik Finiks şəhəri
ABŞ-da əhali sayına görə beşinci ən
böyük şəhərdir.
Azərbaycan.-2020.- 20 may.- S.3.