Azərbaycan qlobal
pandemiya ilə qətiyyətli mübarizə
aparır
Ölkəmiz
karantin rejiminin tamamilə ləğv olunmasının bir
addımlığındadır
Çin səddini aşıb böyük sürətlə dünyaya hakim kəsilən koronavirus, COVID-19 infeksiyası insanlara yeni yaşam şərtləri diktə etdi. Alışdığımız bir çox qaydaların üzərindən xətt çəkdi, xəyalımıza belə gətirməyəcəyimiz həyat tərzi qazandırdı...
Hələlik koronavirusun necə yarandığı, neçə müddət davam edəcəyi, çarəsinin tapılıb-tapılmayacağı və bu kimi bir çox suallara cavab almasaq da, dünyanın daha əvvəlki kimi dövran etməyəcəyi gün kimi aydındır...
O da məlumdur ki, ilk zamanlarda koronavirusu ciddiyə almayıb, ona qarşı zamanında tədbir görməyən ölkələrə qarşı bu zalım infeksiya daha amansız oldu. Yoluxduğu insanların, aldığı canların sayını günbəgün çoxaltdı. Və cəmi bir neçə ay ərzində dəhşətli kabusa, dünyada baş verən insanlığın faciəsinə şahid olduq.
Təhlükədən uzaqlaşma
Ölkəmiz də bu amansız virusla gecə-gündüz qətiyyətli mübarizəyə atıldı. Azərbaycanda COVID-19-a qarşı dərhal ciddi tədbirlərə start verildi. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, sərhədlər bağlandı, yoluxmanın sürətini azaltmaq üçün xüsusi karantin rejimi tətbiq olundu, xaricdə qalan vətəndaşlarımız ölkəyə qaytarıldı, karantin müddətində aztəminatlı, kimsəsiz və yaşı 65-dən yuxarı olan tənha insanlara yardım edildi. Xəstəliyin erkən aşkarlanması üçün diaqnostik testlərin sayı çoxaldıldı.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mayın 17-nə olan statistikasına əsasən, həmin zamana qədər Azərbaycanda yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 232 077 test aparılıb. Koronavirusa yoluxmuş xəstələrin böyük əksəriyyəti müalicə olunaraq sağalıb.
Koronavirus təhlükəsinin azaldılması istiqamətində görülən tədbirlər müsbət təsirini göstərməyə başladı. Buna görə də artıq aprelin 27-dən etibarən Azərbaycanda tətbiq olunan karantin rejimi mərhələ-mərhələ yumşaldılmağa başlanıb.
Bu nailiyyətlər Prezident İlham Əliyevin qətiyyətli və çevik siyasəti nəticəsində əldə olundu
Azərbaycanda koronavirus pandemiyası ilə mübarizədə mühüm addımların atılması, dövlətimizin bütün imkanlarını virusun yayılmasının qarşısının alınması və onun fəsadlarının aradan qaldırılmasına yönəltməsi isə birbaşa Prezident İlham Əliyevin qətiyyətli və çevik siyasəti nəticəsində əldə olundu.
Dövlət başçısı hər zaman olduğu kimi, vətəndaşının yanında oldu, onların sağlamlığının, təhlükəsizliyinin təmin olunması istiqamətində çevik addımlar atdı, Azərbaycanın qlobal böhrandan minimum itki ilə çıxması üçün lazımi tədbirlər gördü.
İlham Əliyevin bu uğurlu siyasəti dünyanın da diqqət mərkəzinə çevrildi, nümunə göstərildi.
SMS icazə ləğv olunsa da, sənəd mütləqdir...
Mayın 18-dən etibarən yeni növ koronavirus infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qismi yumşaldılıb.
Mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə yaşayış yerini SMS icazə ilə, "icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov "icaze.e-gov.az” portalında qeydiyyatdan keçmək sistemi ləğv olunduğu üçün Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərlərinə və Abşeron rayonuna giriş-çıxışın necə tənzimlənəcəyinə aydınlıq gətirib. E.Zahidov açıqlamasında bildirib ki, Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəranı tərk edərək, digər rayonlara getməli olan dövlət qurumlarının əməkdaşları mütləq qaydada quraşdırılmış polis postlarında işlədiyi dövlət qurumu tərəfindən ona verilmiş ezamiyyə vərəqəsini və digər sənədləri təqdim etməlidir: "Yəni ezamiyyətə gedirsə, mütləq ezamiyyə vərəqi olmalı və orada hansı məqsədlə getdiyi qeyd edilməlidir”.
Pandemiya dövründə ehtiyat əldən verilməməlidir
Bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülüb. Restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunub (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla).
Qeyd edək ki, restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında xidmətlər pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Bu qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.
Eyni zamanda 18 may 2020-ci il saat 00:00-dan bütün ölkə üzrə 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülüb. Bununla belə 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.
Gündəlik həyat tərzinə çevrilməli qızıl qaydalar
Fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindan təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçirilməlidir.
Operativ Qərargah bir daha vurğulayır ki, COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir:
"Bu baxımdan COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, evdən yalnız ciddi ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir”.
Göründüyü kimi, pandemiyadan və karantin rejimindən xilas olmağın yeganə yolu sosial təcrid qaydalarına riayət etmək və qoruyucu tibbi ləvazimatlardan istifadə etməkdir. Çünki məhz bunun sayəsində ölkəmizdə hazırda koronavirusla bağlı vəziyyət kifayət qədər qənaətbəxşdir. Addım-addım bu təhlükədən uzaqlaşır, normal həyata dönürük. Karantin rejiminin respublikamızın bütün guşələrində ləğv edilməsinə, pandemiyadan xilas olmağımıza çox qısa zaman qalıb. Yetər ki, hər birimiz Operativ Qərargah tərəfindən müəyyənləşdirilmiş qaydalara əməl edək, dövlətimizin və vətəndaşlarımızın birlikdə əl-ələ verərək mübarizə apardığı pandemiyanı ölkəmizdən birdəfəlik silək.
Yasəmən MUSAYEVA
Azərbaycan.-2020.- 20 may.- S.7.