Azərbaycan
Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli
Qanunu ilə təsdiq edilmiş
“Dövlət vergi orqanlarında xidmət
haqqında Əsasnamə”də dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 7, maddə 443; 2006, ¹ 6, maddə 486, ¹ 11, maddə 927, ¹ 12, maddə 1013; 2007, ¹ 1, maddə 1, ¹ 5, maddə 441, ¹ 8, maddə 756, ¹ 11, maddə 1078; 2008, ¹ 3, maddə 155, ¹ 4, maddə 253; 2009, ¹ 6, maddə 399; 2010, ¹ 3, maddə 171, ¹ 6, maddə 484; 2016, ¹ 2 (I kitab), maddə 194; 2017, ¹ 7, maddə 1259; 2018, ¹ 12 (I kitab), maddə 2474) ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 69-1-ci maddə əlavə edilsin:
"69-1. Vergi orqanlarının vəzifəli şəxsləri əsas məzuniyyətə çıxarkən onlara ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir.”;
1.2. 73-cü maddə aşağıdakı redaksiyada verilsin:
"73. Vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay aşağıda göstərilən məbləğdə əlavə haqq ödənilir:
1 ildən 5 ilədək - vəzifə maaşının 5 faizi məbləğində;
5 ildən 10 ilədək - vəzifə maaşının 10 faizi məbləğində;
10 ildən 15 ilədək - vəzifə maaşının 20 faizi məbləğində;
15 ildən yuxarı - vəzifə maaşının 30 faizi məbləğində.”.
Maddə 2. Bu Qanun 2020-ci il yanvarın 1-dən tətbiq edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2020-ci il
Azərbaycan.-2020.-
21 may.- S.3.