Azərbaycan yenə birinci oldu
Bu
dəfə Enerji Keçidi İndeksi üzrə
Dünya İqtisadi Forumunun Enerji Keçidi İndeksi (ETI) üzrə dərc etdiyi yeni hesabatda indeks cədvəlinin 44-cü pilləsində qərarlaşan Azərbaycan MDB məkanında ən yüksək nəticəyə nail olmuşdur. Ötən hesabatla müqayisədə ölkəmizin mövqeyi 13 pillə yaxşılaşmış, 2015-ci illə müqayisədə isə ümumilikdə 2 faizlik artım əldə edilmişdir.
Bu barədə yayılan məlumatda qeyd edilir ki, ölkəmizin ETI indeksi üzrə ümumi göstəricisi 58,1 faizdir və bu, 2020-ci il üzrə qlobal ETI göstəricisindən (55,1 faiz) yüksəkdir. Beləliklə, Azərbaycan MDB məkanInda irəli çıxmaqla həm də Qətər, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Tunis, Küveyt, İran, Birləşmiş Ərəb Əmirlikləri və Venesuela kimi zəngin enerji resurslarına malik ölkələri geridə qoymuşdur.
Qeyd etmək vacibdir ki, qazınılan uğurlar uzun illər ölkənin enerji sektorunda bütün istiqamətlərdə aparılan dərin islahatların nəticəsidir. Dövlət başçısı bu yaxınlarda "Azərenerji” ASC-nin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılış mərasimindəki çıxışında ölkənin enerji təchizatında mükəmməl infrastrukturun yaradılmasının ardıcıl və kompleks şəkildə davam etdiyini bildirmiş, 90-cı illərdə nəinki bölgələrdə, hətta paytaxtın özündə gecə saatlarında televerilişlər qurtaran kimi işıqların qənaət üçün kəsildiyini xatırlamışdır. Həmin illər rayonlarda ən yaxşı halda sutka ərzində 2-4 saat elektrik enerjisi verilərdi. Hətta 2004-cü ildə də Azərbaycan özünü elektrik enerjisi ilə təmin edə bilmirdi. Məhz o vaxtdan regional elektrik stansiyalarının tikintisinə başlanılmış və son 16 il ərzində bütövlükdə ölkəmizdə 30-dan çox yeni stansiya tikilmişdir. Prezident İlham Əliyev bu gün qazanılan uğurların təməlinin o vaxtdan qoyulduğunu belə izah edir: "Əgər bu stansiyalar tikilməsəydi, bu gün Azərbaycan idxaldan bəlkə də 5 qat, 10 qat daha çox asılı olacaqdı, nəinki 2000-ci illərin əvvəllərində”.
Davos Forumunun yeni hesabatında 115 ölkənin enerji sistemləri 40 indikator üzrə əhatə edilmiş, 20 beynəlxalq və mötəbər məlumat təchizatçısının informasiyaları meyar kimi əsas götürülmüşdür.
İqtisadi
inkişaf və artım, enerjiyə çıxış və
təhlükəsizlik, ətraf mühitin
dayanıqlılığı kimi 3 əsas istiqamətlərin
hər biri üzrə enerji sənayesinin rəqabətqabiliyyətliliyi,
ÜDM-ə töhfəsi, atmosferin çirklənməsi,
adambaşına düşən karbon emissiyası, enerji təchizatının
keyfiyyəti və sair kimi mühüm amillər qiymətləndirilmişdir.
Enerji sisteminin
performansı üzrə Azərbaycan 100 üzərindən 67
faizlik göstəriciyə nail olmaqla hesabatda
ən yaxşı mövqeyə malik 30
ölkədən biri kimi
qeyd olunur. ETI indeksinin enerji keçidinə
hazırlıq sub-indeksi üzrə 6 əsas
istiqamətdə qiymətləndirilmiş, enerji
sektorunda kapital
resurslarına çıxış, beynəlxalq öhdəliklərə
sadiqlik, şəffaflıq və siyasi sabitlik, qanunların rolu və digər çoxsaylı alt-indikatorlardan təşkil olunmuşdur.
Azərbaycan bu sub-indeksin
mümkün 100 balından 49-nu
qazanmışdır. Maraqlıdır ki, hesabata görə, neft idxal edən ölkələr neft
ixrac edən ölkələri bir sıra parametrlər üzrə üstələmişdir.
Resurs ixracatçılarının bu sub-indeks üzrə
balı ümumilikdə aşağı olsa
da, Azərbaycan bu
baxımdan Yaxın Şərqin əsas neft
ixrac edən ölkələrindən daha üstün mövqeyə
malikdir və hətta MDB məkanında birincidir
Hesabatda, həmçinin qeyd olunur ki, dünyada enerji sistemlərinə tələbatın son illər artması qlobal enerji tələbatına 40 faiz artmasına səbəb olmuşdur. Hazırkı dövrdə iqtisadi, maliyyə, tənzimləyici və infrastruktur baxımından dayanıqlılıq, sabitlik effektiv enerji sistemlərinə keçid üçün ilkin şərtlərdən hesab olunur. Yeni enerji sistemlərinə keçidin bir parametri olaraq, enerji təhlükəsizliyi həm də ona görə xüsusi əhəmiyyət kəsb edir ki, hazırda təbii qazın neftdən fərqli olaraq məhdud coğrafi məkanda paylanması səbəbindən dəyər zənciri də qeyri-adekvatdır. Beləliklə, yeni enerji sistemlərinə istiqamətlənmə qlobal səviyyədə xüsusi əhəmiyyət kəsb edir.
Bərpaolunan enerji növlərinə çəkilən xərclərin artması bu istiqamətdən əldə olunan enerjinin dəyərinin əhəmiyyətli dərəcədə artmasına gətirsə də, hesabatda dünya ölkələrinə ətraf mühitin davamlı sağlamlaşdırılması, bu istiqamətdə həyata keçirilən siyasətlərin tənzimlənməsi, texnologiya və maliyyə yatırımlarına ciddi fikir verilməsi tövsiyə olunur.
Onu da nəzərə almaq vacibdir ki, 2020-ci ildəki Dünya İqtisadi Forumunda müxtəlif regionlardan olan steykholderlər tərəfindən dayanıqlı iqtisadi inkişafa nail olmanın əhəmiyyəti xüsusi vurğulanmışdır. Azərbaycan iqtisadiyyatının əsas maliyyə mənbəyi karbohidrogen resurslarının istismarı ilə bağlı olsa da, yeni bərpaedilən enerji sistemlərinin, ətraf mühitin qorunmasının və bu kontekstdə dayanıqlı inkişafın ölkəmiz üçün prioritetliyi göstərilmişdir.
Bahadur İMANQULİYEV
Azərbaycan.-2020.- 21 may.- S.1;7.