Ramazan
bayramı gəlir
İslam dünyası əziz bayramı - Ramazan bayramı ərəfəsindədir. Hicri-qəməri təqvimlə şəvval ayının 1-də başlayan və bir neçə gün davam edən bu bayram mübarək orucluq ayının qurtarması ilə əlamətdardır. Ramazan bayramı Allah-təalanın mömin bəndələrinə bir ay boyunca tutduqları oruc müqabilində verdiyi mükafatdır. Təsadüfi deyil ki, bu bayrama ərəbcə "İd əl-fitr” ("İftar bayramı”) deyilir. Yəni bayram günündə müsəlman Ramazan ayında oruc ibadətini başa çatdırdıqdan sonra iftarını açıb normal həyata qayıdır.
Ramazan bayramında
oruc tutmaq haramdır. Müsəlmanlar bayram günü
yuyunub təmizlənir,
təzə və ya təmiz paltar
geyirlər. Hamı bir-birini
bayram münasibətilə
təbrik edir, bir-biri üçün Allaha dua edir.
Hədisi-şərifə görə, bayram
gecəsi və bayram günü Allaha edilən dualar qəbul olunandır.
Hər bir müsəlman üçün
bir ay oruc tutmaq fərz olduğu kimi, Ramazan bayramında fitrə zəkatı vermək də vacibdir. Hədisi-şərifdə deyilir ki,
Allah bəndəsindən tələb
olunan fitrə verilməyənədək Ramazan
ayında tutulmuş oruc yerlə göy arasında asılı qalır.
Müsəlman fitrəni nemətlər bəxş edən Allaha şükür etmək, bayram günü kasıbları
sevindirmək, oruc vaxtı buraxdığı
səhvlərdən təmizlənmək
üçün verir. Fitrəni yalnız
imkanlı şəxslər
çıxarmalıdırlar. Ailə sahibi ailənin hər bir üzvünün
adından fitrə verməlidir.
Vaxtilə fitrə buğda,
arpa, xurma, düyü, kişmiş və s. ərzaq məhsullarından adambaşına
təxminən 3 kiloqram
həcmində ödənilirdi.
Zaman keçdikcə, kasıblara
və ehtiyacı olanlara münasibətdə
göstərilən bu
xeyirxahlıq başqa
formalar da almışdır. İndi fitrəni
pul şəklində
də verirlər.
Əslində bu, daha münasibdir. Belə ki,
fitrəni pul kimi qəbul edən şəxs onu öz ehtiyaclarına
uyğun şəkildə
xərcləmək imkanı
əldə edir.
Özü də fitrə
yalnız halal maldan verilməlidir.
Fitrə bayram namazı başlamazdan qabaq çıxarılmalıdır. Əks təqdirdə
bu, fitrə hesab olunmur, adi sədəqə sayılır. Çıxarılan fitrə ilk növbədə
ehtiyacı olan qohumlara, qonşulara, tanışlara, eləcə
də digər insanlara verilir. Fitrə bir kasıbın azı birgünlük qida ehtiyacını ödəməlidir. İmkanlı müsəlmanlar daha çox fitrə çıxarıb savab qazanırlar. Özü də
bir şəxsin fitrəsi bir kasıba da verilə, bir neçə kasıb arasında da bölünə bilər.
Ramazan bayramının
fəzilətləri təkcə
fitrə çıxarmaqla
məhdudlaşmır. Bayram günlərində
müsəlman ailələrində
şənlik əhvali-ruhiyyəsi
hökm sürür.
Uşaqlara hədiyyə verilir,
qonşular, dostlar bir-birinə qonaq gedir, bayram sovqatı
aparırlar. İncikliklər aradan qalxır, küsülülər barışırlar.
Ramazan bayramı
həm də müsəlmanların həmrəyliyini,
birliyini, onların arasında qarşılıqlı
anlaşmanı möhkəmlətmək
üçün fürsətdir. Bayramın davam
etdiyi günlərdə
insanlar bir-birinə qəlbən daha yaxın olur, bayram sevincini bölüşürlər.
Bütün müsəlman dünyasında
olduğu kimi, ölkəmizdə də Ramazan bayramı yüksək səviyyədə
qeyd edilir. İnsanları şənlik, fərəh
duyğuları bürüyür.
Milli müstəqilliyin bərpasından
sonra ölkəmizdə
dövlət-din münasibətləri
nizama salınmış,
etiqad azadlığı
təmin edilmişdir.
Mənfur sovet rejiminin
möminlərə dözümsüz
münasibətini, cəmiyyətə
aşıladığı mənəviyyatsızlığı müasir tələblərə
cavab verən dövlət siyasəti əvəz etmişdir.
Bu siyasətin əsas istiqamətlərindən
biri yeni məscidlərin inşası,
mövcud məscidlərin
təmir və bərpa olunub möminlərin ixtiyarına
verilməsidir.
Digər
tərəfdən, islam dünyasında birliyin və həmrəyliyin möhkəmləndirilməsi
dövlət siyasətinin
üstün istiqamətlərindəndir.
Azərbaycan Respublikası İslam
Əməkdaşlıq Təşkilatının,
ICESCO-nun, həmçinin müsəlman
ölkələrini birləşdirən
digər mötəbər
qurumların üzvü
olaraq müsəlman aləmi ilə qarşılıqlı faydalı
əlaqələr yaratmış,
qlobal əhəmiyyətli
bir sıra mühüm mədəni forumların təşkilatçısı
olmuşdur. Azərbaycan
tolerantlıq mühitinin
təşəkkül tapmasına,
multikulturalizmin, mədəniyyətlərarası
və sivilizasiyalararası
dialoqun qurulmasına, islam dəyərlərinin
dünyada təbliğinə
böyük töhfə
vermişdir. Dövlətimizin müsəlman dünyasında
qazandığı nüfuz
2009-cu ildə Bakı
və 2018-ci ildə Naxçıvan şəhərlərinin
İslam mədəniyyətinin
paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır.
2017-ci ildə möhtəşəm
idman tədbirinin - IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi
isə ölkəmizin
islam həmrəyliyinin
möhkəmləndirilməsi naminə növbəti əməli addımlar atması üçün
əlverişli şərait
yaratmışdır.
Ramazan bayramı
qeyd olunarkən şəriət qaydaları
hər bir müsəlman xalqının
milli adət-ənənələri
ilə çulğalaşır. Bu, ölkəmizdə də belədir. Bayram ərəfəsində müsəlman vətəndaşlarımız
qəbiristanlıqları ziyarət
edib dünyadan köçmüş əzizlərini
anır, torpaqlarımızın
müdafiəsinə qalxıb
şəhid olmuş vətən övladlarını
yad edir, onların ruhuna Quran ayələri oxutdururlar.
Ramazan ayında tutduğunuz oruc, etdiyiniz dualar qəbul olunsun! Bayramınız mübarək olsun! Allah çıxardığınız fitrənin əvəzini versin!
Allahverdi MEHDİYEV,
Azərbaycan.-2020.-
22 may.- S.6.