Şərəf və ləyaqət tariximiz

 

Birinci dünya müharibəsi nəticəsində 300 ildən artıq Rusiyanı idarə edən Romanovlar monarxiyası devrildi. Yaranmış müvəqqəti hökumət Rusiyanın keçmiş sərhədlərini qoruyub saxlamaq üçün bütün mümkün addımları atdı. Cənubi Qafqazı idarə etmək üçün yaradılmış "Zaqafqaziya komissarlığının ömrü uzun olmadı. Nüfuzdan düşən bu təşkilat özünü buraxmaq məcburiyyətində qaldı.

1918-ci il fevralın 22-də Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatların yığıncağında Zaqafqaziya Seyminin yaradılması və hakimiyyətin bu orqana verilməsi haqqında qərar qəbul edildi.

1918-ci il fevralın 23-də öz işinə başlayan Zaqafqaziya Seymi Cənubi Qafqazda siyasi sabitliyi təmin etmək kimi tarixi bir missiyanın öhdəsindən gələ bilmədi. Mayın 26-da Zaqafqaziya Seyminin sonuncu iclası keçirildi. Gürcü fraksiyası müsəlman fraksiyasının türkpərəst mövqe tutduğunu bəhanə edərək Seymdən çıxdığını elan etdi.

Mayın 27-də Seymin müsəlman fraksiyası fövqəladə iclas çağırıb Müvəqqəti Milli Şura yaratmaq haqqında qərar qəbul etdi. "Müsavat” partiyasının təklifi ilə M.Ə.Rəsulzadə qiyabi olaraq (həmin vaxt o Batum konfransında iştirak edirdi) Milli Şuranın sədri, H.AğayevM.Seyidov isə sədrin müavinləri seçildilər. Milli Şuranın 9 nəfərdən ibarət icraiyyə orqanı yaradıldı. F.Xoyski İcraiyyə Komitəsinin sədri seçildi.

1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası Azərbaycanın dövlət müstəqilliyi haqqında "İstiqlal bəyənnaməsi” qəbul etdi. Bu bəyənnamə Azərbaycan millətinin varlığını bütün dünyaya bəyan etdi.

1918-ci il iyulun 16-da Gəncəyə köçən Azərbaycan Milli Şurası və hökumətdə milli qüvvələr arasında müəyyən fikir ayrılığı yarandı.

Siyasi böhranı aradan qaldırmaq üçün Gəncədəki türk qoşunlarının rəhbərliyi ilə hadisələr başqa cür cərəyan edirdi. Türkiyə ilə Antanta dövlətləri arasında 1918-ci il 30 oktyabr tarixli Mudros müqaviləsinə görə məğlub sayılan Osmanlı qüvvələri Bakını tərk etməli, Antanta qüvvələri tərəfindən Bakının tutulmasına mane olmamalı, Zaqafqaziya dəmir yolu üzərindəki nəzarət hüququnu Antantaya güzəştə getməli idi. İranın Ənzəli limanında yerləşən ingilis hərbi hissələri müttəfiqlər adından Bakını tutmalı idi. Ənzəliyə danışıqlar aparmaq üçün gələn Azərbaycan nümayəndə heyəti ingilis hərbi hissələrinin komandanı general Tomsona Azərbaycan ərazisinə daxil olmazdan əvvəl AXC-ni tanımaq haqqında bəyanat verilməsini təklif etdi. Lakin general Tomson bu təklifi rədd etdibildirdi ki, "Azərbaycan Respublikası türklərin intriqası nəticəsində yaranmışdır və xalq arasında heç bir dayağa malik deyildir. Bir halda ki, siz bunun əksini iddia edirsiniz, o halda hər şeyi yerində yoxlayıb, buna münasib də qərar verərik. Müttəfiqlər dağıtmaq üçün yox, qurmaq üçün gəliblər”. V.Tomson bəyanat verərək elan etdi ki, noyabrın 17-si səhər saat 10-a qədər Bakı şəhəri Azərbaycan və türk ordularından təmizlənməlidir. Belə də oldu. Noyabrın 17-də ingilis hərbi hissələrinin komandiri Tomson Bakıya daxil oldu. Milli Şura hazırkı fövqəladə şəraitdə Müəssislər Məclisinin çağırılmasının qeyri-mümkünlüyü ilə əlaqədar özünü parlamentə çevirməyi qərara aldı. Qanunların hazırlanması üzərində işləyən müvafiq komissiyanın Azərbaycan parlamentinin yaradılması haqqında qanun layihəsi Milli Şura tərəfindən 1918-ci il noyabrın 20-də qəbul edildi.

Noyabrın 16-da Milli Şura beş aylıq fasilədən sonra yenidən fəaliyyətə başladı. Azərbaycan hökuməti təhrikçi hücumlara baxmayaraq, dövlət quruculuğu işini davam etdirir, parlamentin açılışına hazırlaşırdı.

1918-ci il dekabrın 7-də Azərbaycan parlamenti təntənəli iclasla açıldı. F.X.Xoyski hakimiyyəti parlamentə təhvil verdi. Ciddi müzakirələrdən sonra Türkiyədə danışıqlar aparan Ə.M.Topçubaşov parlamentin sədri, H.Ağayev sədrin birinci müavini, R.Vəkilov isə katib seçildilər. Parlamentin qarşısında duran mühüm vəzifələrdən biri yeni hökuməti təşkil etmək idi. Hökumətin təşkili yenidən F.X.Xoyskiyə tapşırıldı. Dekabrın 26-da hökumətin tərkibi elan edildi. Koalisyon hökumətin tərkibində 3 nəfər rus var idi, ermənilər isə onlara təklif olunan 2 nazir kürsüsündən imtina etdilər.

Birinci Dünya müharibəsində qalib gələn dövlətlər dünyanın siyasi xəritəsini müəyyən etmək üçün Parisdə beynəlxalq sülh konfransının çağırılmasına qərar verdilər.

Konfransda iştirak etmək üçün Topçubaşovun idarə etdiyi Azərbaycan nümayəndə heyəti üç aylıq gərgin diplomatik-siyasi mübarizədən sonra mayın əvvəllərində Parisə gedib çıxa bildi. Mayın 28-də Azərbaycan nümayəndə heyətini ABŞ prezidenti V.Vilson qəbul etdi. Vilsona təqdim edilmiş memorandumda Azərbaycan Respublikasının yaranma tarixi, onun bir ildə azadlıq yolunda verdiyi qurbanlardan bəhs olunurdu. V.Vilson Azərbaycan nümayəndə heyətini soyuq qarşıladı, nümayəndə heyətinə konfederasiya ideyasını müdafiə etməyi, Millətlər Cəmiyyətinin mandatı ilə böyük dövlətlərdən birinin bu konfederasiya üzərində qəyyumluğunu qəbul etməyi məsləhət gördü.

Nəhayət, 1920-ci il yanvarın 11-də Parisdə Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın istiqlaliyyətinin de-fakto tanınması haqqında yekdilliklə qərar qəbul etdi. Yanvarın 14-də bu xəbər Azərbaycana çatdırıldı və parlament onu təntənəli şəkildə qeyd etdi.

Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınmasına qədər dövlət quruculuğu sahəsində heç bir təcrübəsi olmayan xalq qısa bir müddət ərzində normal fəaliyyət göstərən dövlət aparatı yaratmağa, 20-dən çox dövlətlə, o cümlədən, Türkiyə, Gürcüstan, Ermənistan, İran, Belçika, Hollandiya, Yunanıstan, Danimarka, İtaliya, Fransa, İsveçrə, İngiltərə, ABŞ, Ukrayna, Litva, Polşa, Finlandiya və başqaları ilə baş konsulluq, konsul agentlikləri səviyyəsində əlaqələr qurmağa nail oldu. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruluşu parlamentli respublika idi. Yeni yaranmış dövlət öz fəaliyyəti dövründə "türkləşmək, islamlaşmaq və müasirləşmək” ideyası uğrunda mübarizə aparırdı. Hökumət Gəncədəki fəaliyyəti dövründə - 1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında fərman imzaladı. Azərbaycan dilli savadlı kadrların çatışmazlığı nəzərə alınaraq, dövlət idarələrində müvəqqəti olaraq rus dilindən də istifadə olunmasına icazə verildi. İyunun 24-də üzərində rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi, noyabrın 9-da isə həmin bayraq üçrəngli - mavi, qırmızı və yaşıl zolaqlardan ibarət olan bayraqla əvəz olundu. Avqustun 11-də ümumi hərbi səfərbərlik elan edildi və 1894-1899-cu il təvəllüdlü bütün Azərbaycan vətəndaşları hərbi xidmətə çağırıldılar. Sentyabrın 1-də Hərbiyyə nazirliyinin yaradılması haqqında qərar qəbul olundu. Dekabrın 25-də general Səmədağa Mehmandarov hərbi nazir, general Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman Sülkeviç Baş qərargah rəisi təyin edildilər.

1919-cu ildə 25 min nəfərlik Milli ordu yaratmaq məqsədilə 400 milyon manat vəsait ayrılmışdı. Ordunun yaradılması prosesi 1920-ci ilin yanvarında əsasən başa çatdırıldı. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi.

1919-cu ilin yayında Bakını tərk edən ingilislər şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. İngilislərdən alman gəmilər hesabına Xəzər donanması yaradıldı.

1919-cu il iyulun 21-də parlament "Azərbaycan Respublikasının Müəssislər Məclisinə seçkilər haqqında” Əsasnaməni təsdiq etdi. Həmin il avqustun 11-də parlament tərəfindən qəbul olunmuş "Azərbaycan vətəndaşlığı haqqında” qanuna görə özüya valideynləri Azərbaycan ərazisində anadan olmuş keçmiş Rusiya imperiyasının bütün təbəələri millidini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan vətəndaşı hesab olunurdu.

Xalq maarifi sahəsində ciddi nailiyyətlər qazanıldı. Orta məktəblərin təxminən yarısı milliləşdirildi, məktəblərdə rus tarixi əvəzinə ümumtürk tarixi tədris olunmağa başladı, bütün məktəblərdə Azərbaycan dilinin tədrisi məcburi hesab olundu. 1919-cu il sentyabrın 1-də Bakı Universitetinin təsis olunması haqqında qərar qəbul olundu. Dərslər noyabrın 15-də başlandı. Kənd Təsərrüfatı İnstitutunun yaradılması haqqında qanun qəbul olundu. 1919-cu ilin oktyabrında mətbuat sahəsində senzura ləğv olundu. Azərbaycanın müxtəlif regionlarında kişi və qadın seminariyaları açıldı, dövlətin hesabına yüzə yaxın gənc azərbaycanlı ali təhsil almaq məqsədilə Avropanın universitetlərinə göndərildi. Ticarəti və daxili bazarı dirçəltmək məqsədilə 1918-ci il avqustun 27-də azad ticarət haqqında fərman verildi, oktyabrın 30-da ticarət donanmasının fəaliyyəti bərpa olundu. 1919-cu ilin yayında Azərbaycan Xəzər donanması yaradıldı.

Azərbaycan Xalq Cümhuriyyətinin mübahisəsiz ərazisi 97,3 min kvadrat kilometr idi.

 

Milli hökumətin xarici siyasətində bir-birilə bağlı mühüm məsələ dururdu:

 

1) Azərbaycanın suverenliyinin Avropa ölkələri tərəfindən tanınmasına nail olmaq;

 

2) Qonşu dövlətlərlə münasibətləri qaydaya salmaq;

 

3) Ermənistanın ərazi iddiaları məsələsini həll etmək;

 

Hərbi köməyə böyük ehtiyacı olan Azərbaycan hökuməti Türkiyə ilə ittifaq bağlamağı qərara aldı.

 

1918-ci il iyunun 4-də Türkiyə ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsi imzalanmışdı. Osmanlı hökuməti lazım olan zaman Azərbaycan hökumətinə silahlı qüvvələrlə kömək etməyi öhdəsinə götürmüşdü. Bu asanlıqla başa gəlməmişdir. Ənvər paşa İstanbulda M.Ə.Rəsulzadə ilə olan söhbətində bildirmişdir ki, Azərbaycanda Türkiyə ordusu hər ay bir milyon manat xərc tələb edir. O, məsləhət görmüşdü ki, bu respublika öz ordusunu yaratsın. Yeni yaranmış Azərbaycan hökuməti xahişə cavab olaraq 2 milyon türk lirəsi həcmində borc da vermişdi.

Ermənistanla münasibətlər bu dövrdə çox ciddi çətinliklər yaradırdı. Belə ki, Azərbaycan öz qonşuluq münasibətlərini xoş məramla qurmağa cəhd etsə də, bu Ermənistanla mümkün olmadı. Azərbaycan Milli Şurasının 29 may 1918-ci il tarixli iclasında Ermənistan hökumətinin İrəvanı özünə siyasi mərkəz seçməsi məsələsini nəzərdən keçirdibunu mümkün saydı. Lakin bəzi üzvləri bunu İrəvan quberniyası müsəlman əhalisinin taleyi üçün təhlükəli olacağını irəli sürdülər. B.Rzayev Milli Şurada təmsil olunan irəvanlılar adından demişdi: "Müstəqil Azərbaycan uğrunda çalışmaqla yanaşı, rica edirik, bizi, Erməni Respublikası ərazisində qalanları da unutmayasınız”. Belə də oldu. 1917-ci ilin dekabrından 1918-ci ilin iyun ayınadək təkcə İrəvan quberniyasında 200-dən çox müsəlman kəndi yerlə-yeksan oldu. Azərbaycan və Ermənistan respublikaları yaranana qədər Dağlıq Qarabağ Gəncə quberniyasının tərkibində idi.

1918-ci ilin iyulunda Şuşada (əhalisi 46 faiz azərbaycanlı) Dağlıq Qarabağ ermənilərinin birinci qurultayı Dağlıq Qarabağı müstəqil elan etdi. Ermənistan hökuməti oraya silahlı qüvvə yeritdi.

Daşnaklar 1918-ci ilin axırlarında Azərbaycanın Zəngəzurda 40 kəndini, 1919-cu ilin yanvarında isə Şuşa qəzasında 9 kəndini dağıtdılar.

AXC qəddini düzəldən kimi 1919-cu ilin yanvar ayının əvvəlində Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarını Gəncə quberniyasından ayırıb mərkəzi Şuşa olmaqla, Qarabağ general qubernatorluğunu yaratdı. Fevralın 12-də Xosrov bəy Sultanov ikinci qubernator oldu. Lakin Şuşa erməni Milli Şurası və Ermənistan hökuməti buna etiraz etdilər.

İngilis hərbi missiyasının iştirakı və köməyi ilə erməni Milli Şurasının sədri və başqaları Azərbaycanın hüdudlarından kənara qovuldu. Şuşanın erməni hissəsində Sultanovla görüşdə bir neçə yüz erməni Azərbaycan Respublikasının hakimiyyətini qəbul etdi. Diplomatiksiyasi vasitələrdən heçqazanmayan erməni tərəfi hərbi vasitələrə əl atdı. Andranik silahlı dəstələrlə Qarabağa yollandı və onun da qarşısı alındı.

1919-cu il noyabrın 23-də Tiflisdə Azərbaycan ilə ermənilər arasında saziş imzalandı. Bu kağız üzərində qaldı. Naxçıvan ərazisi əhalisinin 67 faizi azərbaycanlılardan ibarət olan Naxçıvan-İrəvan quberniyasına daxil idi.

Naxçıvanı Ermənistan öz ərazisi sayırdı. Naxçıvanın isə Azərbaycana o zaman birləşməsi qeyri-mümkün olduğu üçün və Ermənistana tabe olmamaq üçün 1918-ci ilin noyabrında Araz Respublikası adı altında özünün müstəqilliyini elan etdi. Ermənistan dəfələrlə Naxçıvana basqın etsə də, oranı özünə təslim edə bilmədi.

Ermənilərin təzyiqi nəticəsində təkcə 1919-cu ilin yanvarında 100 min qaçqın yarandı. Cavanşir, Cəbrayıl, Şuşadan 40 min, Şamaxıdan 25,8 min, Nuxadan 5,1 min qaçqın gəlmişdi.

1920-ci ilin yanvarında Ermənistanın hərbi fəaliyyəti daha da gücləndi. Azərbaycan Dağlıq Qarabağa qoşun hissələri yerləşdirdi. 1920-ci ilin martında Novruz bayramı gecəsi erməni silahlı dəstələri, eyni zamanda, Şuşada, Xankənddə, Əsgərənda və Tərtərdə yerləşən qoşun hissələrinə hücum etdi. Dağlıq Qarabağda Azərbaycan əleyhinə qiyam başladı. Mart ayının sonunda erməni daşnaq terroru nəticəsində xeyli Azərbaycanlı qırıldı.

Arazın Şimalında Azərbaycan adlı müstəqil dövlətin yaranması və onun gec-tez Cənuba təsir edəcəyi İranı narahat etməyə bilməzdi.

1918-ci ilin iyulunda Azərbaycanın İstanbulda olan nümayəndə heyəti İran konsulluğuna AXC-nin yaranması haqqında bəyənnamə təqdim etmiş, İran konsulu bəyənnaməni geri qaytararaq ona əlavə olunmuş vərəqdə göstərmişdir ki, o, Azərbaycan adlı müstəqil dövlət tanımır.

İran mətbuatında Azərbaycan Respublikasının adının düzgün müəyyən edilib- edilməməsi ətrafında geniş müzakirələr başlanmış, bəziləri həmin səhvin səbəbkarını Türkiyəni hesab edirdilər.

Tehran ingilis və ermənilərin təhriki ilə Naxçıvan və onun ətrafından 60 mindən çox yerli əhalini İrana köçürməyi və beləliklə, Naxçıvanı zəiflədib ermənilərin planlarını reallaşdırmaq meyilində idi. Azərbaycan diplomatik nümayəndəliyi Naxçıvandan didərgin düşənlərə yardımla yanaşı, Naxçıvan üzərinə İran ermənilərinin hücum etdiklərini Tehran hökumətinin nəzərinə çatdırdı.

1919-cu ilin əvvəllərində Paris konfransına böyük iddialı rəsmi memorandum vermişdi. İran bu memorandumda Bakı, Dərbənd, Şəki, Şamaxı, Gəncə, Qarabağ, Naxçıvan və İrəvanı tələb edirdi. Bu, çox qeyri-ciddi qarşılanmışdı.

1919-cu il noyabrın 1-də Azərbaycanın nümayəndə heyəti ilə İran nümayəndəlikləri arasında 4 bənddən ibarət sənəd imzalandı və bu sənəddə söhbət Qafqaz Azərbaycanından getdi. AXC-nin əsas dünya dövlətləri tərəfindən tanınmasından sonra İran 1920-ci il martın 20-də Azərbaycanı rəsmi olaraq tanıdı.

Müstəqil Azərbaycan üçün ən böyük təhlükə Sovet Rusiyası idi. 1919-cu il avqustun sonlarında RSFSR xalq xarici işlər komissarı Çiçerin Azərbaycan, Dağıstan və Gürcüstan fəhlə və kəndlilərinə Denikin təhlükəsi ilə bağlı müraciət etmişdi. 1920-ci ilin yanvarında Çiçerin Azərbaycan hökumətinə göndərdiyi notada Denikin əleyhinə ittifaq bağlamağı təklif etdi. Xoyski cavab notasında göstərdi ki, Azərbaycan başqa xalqların daxili işinə qarışmır.

1920-ci ilin yanvarında da göndərilən ikinci notada Azərbaycan hökuməti günahlandırılırdı. 1920-ci il fevralın 20-də Rusiya hökuməti adından üçüncü nota göndərildi.

Daxili işlər naziri Hacınski başda olmaqla, bir qrup belə hesab edirdi ki, Sovet Rusiyasına geniş güzəştlər yolu ilə Azərbaycanın İstiqlaliyyətini tanıtmaq olar. Lakin F.Xoyski və həmfikirləri isə məsələnin həllini ölkədə ciddigüclü rejim yaratmaqda və təcavüzə qarşı əldə silahla vuruşmaqda görürdü. Bu məqsədlə Xoyski öz tərəfdaşlarını evinə yığıb konkret proqramını təqdim etdi.

 

1. Hacınskini vəzifədən götürüb onun yerinə kommunizmlə mübarizəyə hazır olan adam təyin etmək;

 

2. Sosialistlər hökuməti çıxdıqda onları başqaları ilə əvəz etmək;

 

3. Parlamentin buraxılması, hökumətə müdafiə məqsədilə fövqəladə hüquqlar vermək;

 

4. Azərbaycan Müəssislər Məclisinə yaxın 6 ayda seçkilər keçirmək.

 

1920-ci il mart ayının 6-da Azərbaycan və Gürcüstan nümayəndə heyəti Böyük Britaniya Baş Naziri Lloid Corca nota təqdim etdilər. Notada Rusiya tərəfindən istiqlalın tanınması üçün təşəbbüsü öz üzərinə götürməyi xahiş etdilər.

 

1920-ci il martın 7-də Xarici İşlər naziri F.Xoyski RSFSR Xarici İşlər Komissiyası adından növbəti nota göndərib sovet hökuməti ilə qarşılıqlı qonşuluq münasibətlərinin yaradılmasına hazır olduqlarını bildirdi. Nota cavabsız qaldı.

 

1920-ci il 17 martda Lenin Qafqaz Cəbhəsi hərbi inqilab şurasının üzvləri Smiqla və Orcenikidzeyə belə bir teleqram göndərdi: "Bakını tutmaq bizə son dərəcə və son dərəcə zəruridir. Bütün səyinizi buna verin”.

Aprelin 15-də Xoyski sonuncu nota ilə Çiçerinə müraciət etdi. Burada Dərbənd rayonunda Qızıl Ordunun xeyli əsgərlərinin toplanılmasından narahatlıq ifadə olunurdu. Bu da cavabsız qaldı. 1920-ci il aprelin 26-dan-27-nə keçən gecə 11-ci Qızıl Ordunun ön hissələri Azərbaycan Respublikasının sərhədlərini keçib sürətlə cənuba doğru irəlilədi. Aprelin 27-də Azərbaycan KPMK Qafqaz Diyar komitəsinin Bakı bürosu və fəhlə konfransı adından Azərbaycan parlamentinə hakimiyyətin təhvil verilməsi haqqında ultimatum verildi.

Azərbaycan parlamentinin fəaliyyəti həmin gün saat 2045-də başa çatdı.

1920-ci il aprelin 28-də Azərbaycan Sovet Sosialist Respublikası elan olundu. Aprel işğalı nəticəsində Azərbaycanda qurulan bolşevik rejiminin ömrü 70 ildən çox çəkdi. Bu rejim özünün bütün varlığı ərzində Şərqdə ilk demokratik respublikanın bayrağını ucaldan qeyrətli soydaşlarımızla, onların haqq işinin davamçıları ilə mübarizə apardı. Lakin xalqın qəlbində yaşayan azadlıq atəşini söndürməyə müvəffəq olmadı. Xalq özünün istiqlal arzularını nəsildən-nəslə ötürdü. Nəhayət, 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi, indiki Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu ümumxalq iradəsi ilə təsdiqlədi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Respublika Günü münasibətilə söylədiyi nitqində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını belə dəyərləndirir: "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dünya miqyaslı tarixi hadisə idi. Çünki müsəlman ailəsində ilk demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu tarixi Azərbaycan xalqı yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bir daha onu göstərir ki, Azərbaycan xalqı çox istedadlı, vətənpərvər mütərəqqi xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi bizim üçün əzizdir. Azərbaycan dövləti Azərbaycan xalqı onların xatirəsini ehtiramla yaşadır”.

 

Fəzail İBRAHİMLİ,

Milli Məclisin Sədr müavini - parlamentin İctimai birliklər

 və dini qurumlar komitəsinin sədri, professor

Azərbaycan.-2020.- 23 may.- S.1;5.