Dövlət bu dəfə də vətəndaşını tək buraxmadı

 

 

Azərbaycanda aparılan sosial islahatların əsas məqsədi ölkənin hər bir vətəndaşına qayğı göstərməkdir. Odur ki, sosial müdafiə sahəsində daim qanunlar təkmilləşdirilir və bundan sosial qayğıya ehtiyacı olan insanlar getdikcə daha çox faydalanırlar.

Həmin istiqamətdə yeni uğurlar əldə etmək üçün pensiya və sosial müavinətlər artırılır, əlillərin reabilitasiyası üçün təsirli tədbirlər görülür, məcburi köçkünlər, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni yaşayış evləri tikilir.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bəyan edib ki, dövlətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının mənafeyi dayanır. Prezident tərəfindən keçən il iki mühüm sosial paketin qəbulu əhalinin sosial müdafiəsində xüsusi əhəmiyyət daşıdı. Həmin sənədlərin icrası ümumilikdə sosial müdafiəyə ehtiyacı olan insanların bütün təbəqələrini əhatə edir. Bu sənədlərin əhatə dairəsinə 4,2 milyon nəfər və ya ölkə əhalisinin 42 faizi daxildir. Bu iki sosial paketin qəbulu sahəsində həmin kateqoriyadan olan insanların əməkhaqqı, pensiya, sosial müavinət və təqaüdlərinin, həmçinin digər sosial ödənişlərin məbləği əhəmiyyətli dərəcədə artdı. Bəzi sahələrdə bu artım iki dəfədən çox oldu.

Azərbaycan dövlətinin sosial sahədə apardığı siyasət davamlı xarakter daşıyır. Belə ki, cari ilin ilk dörd ayı ərzində əmək pensiyalarının orta aylıq məbləği 2020-ci ilin 1 yanvar tarixinə nisbətən 12 faizya 31,74 manat artıb. Bununla yanaşı, ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün növ pensiyaların orta aylıq məbləği 27,8 faiz çoxalıb.

Dövlət əhalinin məşğulluğunun artmasına da böyük önəm verir. Ona görə ki, sosial müdafiənin ən yaxşı yolu əmək qabiliyyətli əhalinin məşğulluğunun təmin olunmasıdır. Prezidentin birbaşa göstərişi ilə ödənişli ictimai yerlərinin sayı 38 mindən 90 minə çatdırılır. Artıq DOST İş mərkəzləri vasitəsilə əlavə 23 min şəxs bu işlərə cəlb edilib. Hazırda 61 min nəfər əmək müqaviləsi ilə ödənişli ictimai yerlərində çalışır.

Məşğulluğun ən doğru yolu hər bir şəxsin və ya ailənin fərdi məşğulluq imkanının olmasıdır. Hazırda ölkə üzrə özünüməşğulluq proqramı çərçivəsində cari ildə minimum 12 min ailə üçün kiçik təsərrüfatların qurulması istiqamətində işlər görülür.

Dövlət əhalinin məşğulluğunu daha yaxşı təmin etmək üçün beynəlxalq təşkilatlarla da əməkdaşlıq yaradıb. Dünya Bankı ilə bu sahədə birgə layihələrin icrası ildə 5 min ailənin özünüməşğulluğunu təmin edəcək. Bununla yanaşı, Heydər Əliyev Fondu BMT-nin İnkişaf Proqramı ilə birgə işsiz, eləcə də əlilliyi olan şəxslərin kiçik biznesə çıxışına imkan yaratmaqla məşğulluğun təmin edilməsinə dəstək verir.

Dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca məqsədi qayğıya ehtiyacı olan hər bir vətəndaşın əhatə olunmasıdır. Ünvanlı dövlət sosial yardım proqramı da bu məqsədə xidmət edir. Hazırda ölkə üzrə 82 mindən çox ailənin 342 min üzvü ünvanlı dövlət sosial yardımı ilə əhatə olunub. Bu ailələrin hər birinə ayda orta hesabla 224 manat verilir.

Məlumdur ki, koronavirus pandemiyası özünü təkcə xəstəlik kimi göstərmədi, dünyanı ağuşuna alan bu bəla iqtisadiyyata, eləcə də əhalinin sosial vəziyyətinə mənfi təsir göstərməyə başladı. Bir çox yerləri məcburən bağlandı və beləliklə, insanlar qazanc əldə edib ailələrini dolandırmaq imkanlarını itirdi.

Həmişə olduğu kimi, bu dəfə də dövlətimiz öz vətəndaşını tək buraxmadı. Pandemiya dövründə əhalinin sosial müdafiəsini qorumaq üçün təcili tədbirlər görməyə başladı. Prezident İlham Əliyevin 19 mart 2020-ci ildə imzaladığı sərəncamla əhalinin sosial məşğulluğuna və rifahına dəstəyin təmin olunması üçün çoxistiqamətli proqramlar müəyyən edildi. Bu tədbirlər planı üzrə ayrılan vəsait ilk dəfə 2,5 milyard manat idi. Sonradan dövlət başçısı hər bir ölkə vətəndaşının bu dəstəkdən istifadə etməsi üçün həmin məbləği artıraraq 3,5 milyard manata çatdırdı. Beləliklə, koronavirus pandemiyası ilə əlaqədar işsizişini itirən, qeyri-formal işləyən 600 min aztəminatlı vətəndaş müəyyən edildi. Aprel-may aylarında onlara birdəfəlik ödəmə verilməsi üçün 228 milyon manat vəsait ayrılıb. Həmin vəsaitin 114 milyon manatı aprel ayında ölkə vətəndaşlarına ödənilib.

 

İlham Əliyev bu bəlanın ölkəmizə keçdiyi ilk andan əhalinin sağlamlığının və rifah halının dövlət üçün hər şeydən üstün olduğunu bəyan etdi. Dövlət başçısı təkcə bəyanat verməklə kifayətlənmədi, gördüyü real işlərlə ölkə əhalisinin və beynəlxalq təşkilatların bir daha rəğbətini qazandı.

 

 

Rüstəm KAMAL

Azərbaycan.-2020.- 23 may.- S.6.