Mütərəqqi sosial siyasət nümunəsi
İlham
ƏLİYEV: "Siyasətimizin mərkəzində Azərbaycan
vətəndaşı dayanır”
Hazırda koronavirus pandemiyası bütün bəşəriyyət üçün təhlükə mənbəyi olaraq qalmaqda davam edir. Virus ölkəmizdən də yan ötmədi. Lakin həyata keçirilən səmərəli tədbirlər sayəsində Azərbaycan koronavirusla mübarizədə ən uğurlu nəticələr əldə edən dövlətlərdən biridir. Respublikamızda virusun yayılmasının qarşısının alınması yönündə görülən işlər haqlı olaraq beynəlxalq miqyasda təqdir olunur.
Daim xalqının yanında olan lider
COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, hər kəsin sağlamlığının qorunması məqsədilə həyata keçirilir. Bütün bunların fonunda özünü göstərən əsas həqiqət həm də o oldu ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətin prioritetlərindən biri vətəndaşların sosial rifahıdır.
Öncə onu qeyd edək ki, xalq istənilən gözlənilməz situasiyalarda öz yanında hər zaman liderini görüb. Bir neçə il əvvəl aran rayonlarında sel daşqınlarının törətdiyi fəsadlar və şimal-qərb rayonlarında baş vermiş zəlzələ zamanı ölkə ictimaiyyəti İlham Əliyevin məsələyə çevik reaksiyasının şahidi oldu. İlham Əliyev hadisələr baş verən bölgələrə səfər etdi və dövlət başçısının əsas tapşırıq və göstərişləri, imzaladığı sərəncamlar ilk növbədə vətəndaşların sosial qayğılarının həlli ilə bağlı oldu. Eləcə də ötən il Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş zəlzələ zamanı zərər çəkmiş vətəndaşlar dərhal Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini hiss etdilər. Ölkə rəhbərliyinin reaksiyası ilk növbədə çətinliyə düşmüş vətəndaşlara köməklik göstərilməsindən və onların üzləşdiyi problemlərin həllindən ibarət oldu.
Koronavirus pandemiyası da ekstremal situasiyalardan biridir. Bu qlobal problemə qarşı ilk
gündən həyata
keçirilən operativ
tədbirlər də
bir daha göstərdi ki, İlham Əliyev üçün ən ümdə məsələlərdən
biri məhz vətəndaşın təhlükəsizliyi
və rifahıdır.
Sosial rifaha yönələn kompleks tədbirlər
Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamına əsasən, COVID-19 pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə dəyəri 3 milyard manatı ötən sosial-iqtisadi dəstək paketi qəbul olunub. Elə bu paketdə yer alan məsələlər göstərdi ki, ölkə rəhbərliyi yaranmış vəziyyətlə əlaqədar insanların çətinlik çəkməməsi üçün sosial sahədə yeni tədbirlər reallaşdıracaq.
Son ayların sosial statistik göstəriciləri də təsdiq edir ki, respublikamızda vətəndaşların sosial təminatı ilə bağlı dünyanın azsaylı ölkələrində rast gəlinən tədbirlər həyata keçirilir. Belə ki, pandemiya dövründə dövlət sektorunda fəaliyyət göstərən 900 min insanın əməkhaqqı tam, özəl sektorda təxminən 700 min insanın, mikrosahibkarlıq subyektlərinin əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənildi.
Pandemiya ilə əlaqədar aprel ayından ünvanlı sosial yardım alan ailələrin də sayı təxminən 12 min artırılıb. Konkret ifadə etsək, hazırda 80 min ailə ünvanlı sosial yardım proqramı ilə əhatə olunur və orta hesabla hər bir ailəyə hər ay 220 manatdan çox vəsait ödənilir. 80 min ailə isə, ümumilikdə, 600 min vətəndaşa sosial yardım verilməsi deməkdir. Bu dövrdə sosial sahədə atılan mühüm addımlardan biri də ictimai iş yerləri ilə bağlıdır. Belə ki, ödənişli ictimai iş yerlərinin sayı 2 dəfə artırılaraq 90 minə çatdırılacaq.
Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin mahiyyətinə uyğun olaraq son ayların əsas qürur doğuran hadisələrindən biri də həyata keçirilən sosial proqramların və eləcə də sosial infrastruktur layihələrinin heç birinin ixtisar edilməməsidir. Pandemiya ilə əlaqədar iqtisadi göstəricilərin azalmasına, neftin qiymətinin dəfələrlə aşağı düşməsinə baxmayaraq, Azərbaycan dövləti bütün sosial proqram və layihələri həyata keçirməkdə davam etdi. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bütün bunların bizim siyasətimizin mahiyyətini təşkil etdiyini bildirdi: "Mən ilin əvvəlində və pandemiyanın artıq alovlanan dövründə demişəm ki, bir dənə də olsun sosial proqram ixtisar edilməyəcək və biz bunu təmin edirik. Eyni zamanda sosial infrastruktur layihələrinin heç biri ixtisar olunmayıb. Ona görə bu sahəyə göstərilən diqqət və əməli-praktiki addımlar bir daha bizim siyasətimizin mahiyyətini göstərir. Bir də onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Bütün
bu qeyd edilənlərlə yanaşı, xüsusi karantin
rejimi dövründə çətin vəziyyətdə olan
şəxslərə və tənha yaşayan 65 yaşdan
yuxarı vətəndaşlara sosial xidmətlərin göstərilməsi,
onlara müvafiq yardımların edilməsi, işə
çıxmayan bütün vətəndaşların karantin
günlərində əməkhaqlarının ödənilməsi
ölkədəki mütərəqqi sosial siyasətin
ayrı-ayrı nümunələridir.
Xalq-iqtidar həmrəyliyinin təcəssümü
Beləliklə, koronavirus pandemiyası ilə əlaqədar yaranmış situasiyada əsas vəzifələr insanların sağlamlığı və sosial təminatı idi ki, onların hər ikisi də yerinə yetirildi. Ona görə də bu gün Azərbaycan bütün dünyada nümunə olaraq göstərilir. Beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda görülən işlər təqdir olunur. Azərbaycan həm də Türk Şurasına və Qoşulmama Hərəkatına rəhbərliyi uğurla həyata keçirərək, bu təşkilatları qlobal pandemiya ilə mübarizə işinə səfərbər edir. Bu günə Azərbaycanın 3 beynəlxalq təşkilata, 13 ölkəyə yardım göstərməsi isə beynəlxalq münasibətlər sistemində nadir rast gəlinən hadisələrdən sayılır.
Prezident İlham Əliyevin pandemiyanın fəsadları ilə uğurlu mübarizə strategiyası ümummilli dəstəklə müşayiət olunur. Hazırda İlham Əliyevin ünvanına həm ölkə vətəndaşlarından, həm də xaricdən minnətdarlıq məktubları gəlməkdə davam edir. Bu məktubların hər birində Prezidentə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq hissi ifadə olunur, ən xoş, ən səmimi arzular səsləndirilir. Bu məktubların hər biri xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin və bu çətin günlərdə milli birlik nümayiş etdirməsinin, xalq-iqtidar həmrəyliyinin təcəssümüdür.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan o ölkələrdəndir ki, həmişə üzüağ və alnıaçıq olub. Koronavirus pandemiyası bunu bir daha təsdiqləyir. İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan ciddi fəsadlar olmadan virus təhlükəsini dəf edir. İndi əsas məsələ vətəndaş məsuliyyətidir. İnsanlar karantin rejiminin yumşaldılmasından arxayınlaşmamalı, qayda və tələblərə əməl etməlidirlər. Çünki hər bir vətəndaşın məsuliyyətli olması özünün və yaxınlarının sağlamlığı ilə yanaşı, koronavirusla mübarizədə dövlətin həyata keçirdiyi işlərə dəstək vermək və vətəndaş həmrəyliyi nümayiş etdirmək deməkdir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-2020.- 23 may.- S.8.