“Ömür boyu İlham Əliyevə, Mehriban xanıma borcluyuq”

 

Prezidentin Şamaxıda zəlzələdən əziyyət çəkən sakinlər üçün tikdirdiyi çoxmənzilli binalara böyük köç başlayıb

 

 

Ötən ilin fevralında baş vermiş zəlzələ zamanı Şamaxıda xeyli sayda ev qəzalı vəziyyətə düşmüşdü. Dərhal hadisə yerinə baş çəkən Prezident İlham Əliyev həm qorxu içində olan yerli sakinlərə böyük təsəlli oldu, həm də təbii fəlakətin fəsadlarının aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verdi, sərəncamlar imzaladı. Bu da cənab İlham Əliyevin çətin vəziyyətə düşən vətəndaşlarımıza hər zaman göstərdiyi ali dövləti qayğının növbəti təsdiqi idi.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişinə əsasən Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Komissiyası tərəfindən bölgədə ciddi işlər görüldü. Havaların şaxtalı-qarlı keçməsinə baxmayaraq bir ay ərzində vətəndaşlara tam təmirli evlər tikildi və Prezidentlə Mehriban xanım Əliyeva sakinlərin yeni mənzillərində qonaq olub, xeyir-dualarını verdilər.

 

 

Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlə 51 mənzilli bina tikilib

 

Dövlət başçısı zəlzələ nəticəsində qəzalı duruma düşən bütün evlərin söküləcəyini, vətəndaşlara yeni mənzillərin veriləcəyini söylədi və tikinti işlərinin gedişatı ilə mütəmadi olaraq maraqlandı.

Mayın 25-də Şamaxıya səfəri zamanı cənab İlham Əliyev zəlzələ nəticəsində qəzalı duruma düşən evlərin sakinləri üçün tikilən 110 və 51 mənzilli binalarda son tamamlama işləri ilə tanış oldu.

Bundan sonra Şamaxı Rayon İcra Hakimiyyətində vətəndaşların iştirakı ilə evlərin püşkatma mərasimi keçirilib və bu həftədən başlayaraq sakinlərin yeni mənzillərinə köçü başlayıb. Biz də onların bu xoş günündə sevinclərinə şahidlik etdik.

Əvvəlcə diqqətə çatdıraq ki, Prezident İlham Əliyev Şamaxıda istismar müddəti başa çatmış qəzalı vəziyyətdə olan 48 mənzilli yaşayış binasının sökülərək əvəzində yeni binanın tikintisi üçün 2018-ci ilin fevral ayının 27-də sərəncam imzalayaraq Ehtiyat Fondundan 3 milyon manat vəsait ayırmışdı. Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən aparılan araşdırmalar nəticəsində bəlli olub ki, həmin qəzalı binanın zirzəmisində uzun müddət qeydiyyatsız olaraq 3 ailə də məskunlaşıb. Qərara alınıb ki, tikiləcək yeni binada həmin aztəminatlı kasıb ailələrə də ev verilsin. Ona görə də bina əvvəlki kimi 48 deyil, 51 mənzilli tikilib.

 

 

"Bizə göstərdikləri qayğının əvəzi yoxdur”

Binanın önünə çatanda maraqlı mənzərə ilə qarşılaşdıq. Yeni mənzillərinə köçən sakinlər böyük sevinc içində əşyalarını daşıyırdılar. İstismar müddəti başa çatmış binalarda yaşayan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin sərəncamı ilə tikilmiş binada sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb.

Binanın 3-cü mərtəbəsində 3 otaqlı yeni mənzilə sahib olan 72 yaşlı Reyhan İsmayılovanın sevincinin həddi-hüdudu yoxdur.

Ağbirçək ana deyir ki, əvvəlcə bu ərazidə yaşadıqları köhnə bina yararsız hala düşdüyü üçün yeni tikilən binada onlara 3 otaqlı mənzil bağışlayıblar: "Tanrı Prezidentimizə, onun xanımı Mehriban Əliyevaya ömür versin. Bizi ən ağır dərddən-bəladan qurtardılar. Yaşadığımız bina sovet dövründən tikilən köhnə tikili idi. Zəlzələdən sonra tamamilə qəzalı duruma düşdü. Ailəmiz ümidsiz idi. Binaya girmək olduqca təhlükəliydi. Tavan, divarlar hər an uça bilərdi. Prezidentimiz bu ağır günümüzdə bizə dayaq oldu. Köhnə, uçub dağılan mənzillərin yerinə tam təmirli ev tikdirdi.

Allah İlham Əliyevlə Mehriban xanımı min budaq etsin. Bizə göstərdikləri qayğının əvəzi yoxdur. 41 il Şamaxıda müəllim işləmişəm. Hazırda təqaüddəyəm. Cənab Prezidentin xalqın yolunda, dövlətimizin güclənməsi istiqamətində atdığı hər bir addımı alqışlayırıq. Bu gün dünya koronavirus pandemiyasından ciddi əziyyət çəkir, amma Azərbaycanda zəlzələdən evi dağılanlara, məcburi köçkünlərə yeni mənzillər tikilir. Yəni Prezidentimiz heç bir vətəndaşı yaddan çıxarmır. Bu da bizləri çox sevindirir. Tanrı Prezidentimizi, onun ailəsini qorusun!”

 

 

"Bilirdik ki, İlham Əliyev bizi darda qoymayacaq”

 

 

Binanın ikinci mərtəbəsindən yeni mənzil verilən Həsənovlar ailəsi də böyük sevinc içərisindədir. 65 yaşlı Əlisahib Həsənov və 62 yaşlı həyat yoldaşı Saray xanımla söhbət zamanı bəlli oldu ki, ailə şəhərin Nəriman Nərimanov küçəsində qəzalı evdə yaşayırmış. Zəlzələdən sonra yaşayış evi tamamilə yararsız hala düşüb. Mənzilə baxış keçirildikdən sonra ailə köçürülüb.

51 mənzilli binadan 3 otaqlı mənzillə təmin olunan Həsənovlar ailəsi bu xoş gün üçün dövlət başçısına duaçıdır. Sevincinin həddi-hüdudu olmayan Saray xanım ən böyük arzusunun reallaşdığını deyir: "Köhnə evimiz daim rütubətli olurdu. Çox ağır şəraitdə yaşayırdıq. Amma yeni mənzilimizə daxil olanda gördüm ki, geniş və işıqlı otaqlardır, lazım olan avadanlıqlarla təmin edilib. Allah dövlət başçımızdan, Mehriban xanım Əliyevadan razı olsun. Nə yaxşı ki, bizim belə Prezidentimiz var. Dünyanın hər yerində zəlzələ, daşqınlar olur. Amma hələ görməmişik ki, həmin insanlara təzə ev tiksinlər. Azərbaycanda isə dövlət hər kəsin qayğısına qalır. Biz də bilirdik ki, İlham Əliyev bizi darda qoymayacaq. Ömür boyu İlham Əliyevə, Mehriban xanıma borcluyuq.

 

Baxın, indi tam təmirli yeni mənzilimizdəyik. Sevinc hisslərimi sözlə ifadə edə bilmirəm. Allah bu işdə əməyi keçən bütün insanlara yardımçı olsun”.

Həsənovlar ailəsi yeni mənzil sevincini ilk olaraq bizimlə paylaşdı. Onlara mənzillərində xoş günlər keçirmələrini diləyib, Prezidentin göstərişi ilə yeni tikilən növbəti 110 mənzilli bina ilə tanışlıq üçün yola düşürük.

 

Heydər Əliyev Fondu tərəfindən indiyədək 35 fərdi ev inşa edilib

 

 

Dövlət başçısının mayın 25-də tanış olduğu bu yaşayış binası sakinlərin yolunu gözləyir. Bu bina zəlzələdən evi qəzalı duruma düşən, eləcə də mənzilinin yenidən bərpası mümkün olmayan sakinlər üçün inşa edilib.

Mənzillər tam təmirlidir və istilik sistemi ilə təchiz edilib. Yaxın günlərdə sakinlər yeni mənzillərinə qovuşacaqlar.

Bu gün Şamaxıda zəlzələdən ziyan çəkən sakinlər üçün həm fərdi, həm də çoxmərtəbəli yaşayış binalarının tikintisi davam etdirilir. Ötən il baş vermiş zəlzələdən sonra rayonda bütövlükdə 205 ev tikilib, 1219 ev bərpa və 1125 ev təmir olunub. Ümumilikdə 174 mənzilli, o cümlədən 4 mərtəbəli 44 mənzilli, 5 mərtəbəli 20 mənzilli və 5 mərtəbəli 110 mənzilli binaların tikintisi başa çatdırılıb.

Görülən bütün bu işlərə Heydər Əliyev Fondu çox mühüm töhfələr verir. İndiyədək fond tərəfindən 35 fərdi ev inşa edilib və 12 evdə bərpa işləri aparılıb.

Səfər zamanı Heydər Əliyev Fondu tərəfindən hazırda inşa edilməkdə olan fərdi evlərin tikinti prosesi ilə də tanış olduq...

 

 

(Ardı var)

 

Rəşad BAXŞƏLİYEV,

Elçin CƏFƏROV

Azərbaycan.-2020.- 4 iyun.- S.1;6.