Prezidentə
yazırlar: Bu çətin günlərdə
atdığınız məqsədyönlü addımlar bir
daha sübut edir ki, Siz daim xalqın yanındasınız
Azərbaycan
Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları
gəlməkdə davam edir. Respublikamızın bütün
guşələrindən, eləcə də xaricdən vətəndaşlarımız
dövlətimizin başçısının diqqət və
qayğısından razılıqlarını ifadə edirlər.
AZƏRTAC
Prezidentin saytına istinadla dövlətimizin
başçısına ünvanlanan məktubların bir
qismini təqdim edir.
Fransanın
Paris şəhərindən həmvətənimiz,
musiqiçi Vurğun Vəkilov yazır: "Hörmətli cənab
Prezident, mən, Fransanın paytaxtında yerləşən
Paris Ali Musiqi Məktəbinin tələbəsi olaraq Sizə
səmimi qəlbdən təşəkkürümü bildirmək
istəyirəm. Siz və ailəniz artıq bir neçə
ildir ki, Parisdə təhsilimlə bağlı və öz sənətimdə
peşəkarlaşmağımda mənə dəstək
olursunuz. Sizin dəstəyinizə mən həmişə
böyük dəyər verərək Azərbaycanın
adını və zəngin mədəniyyətimizi ölkədən
xaricdə böyük fəxarət hissi ilə təmsil edir
və bununla qürur duyuram. Bu dəstək tədbirlərinin
reallaşmasına görə Sizə və birinci xanım
Mehriban Əliyevaya dərin minnətdarlığımı
bildirirəm. Son dörd il ərzində ümummilli liderimiz
Heydər Əliyevin ildönümləri ilə əlaqədar
burada yerləşən Mədəniyyət Mərkəzində
keçirilən tədbirlərdə çox fəal
iştirak edirəm. Ötən ay yenidən, ənənəyə
sadiq qalaraq Ulu Öndərimizin doğum günündə onun
sevdiyi Azərbaycan xalq mahnılarını və bəstəkarlarımızın
əsərlərini ifa edərək xatirəsini yad etdik. Mənə
göstərdiyiniz dəstək və qayğıya görə
Sizə bir daha təşəkkürümü bildirir və
bu çətin günlərdə Sizə və ailənizə
cansağlığı arzu edirəm”.
Ukraynada
təhsil alan tələbələr Murad Məmmədov, Elnur
Manafov, Nicat Zeynalov və Sərxan Qasımov yazırlar:
"Möhtərəm cənab Prezident, dünyada COVID-19
pandemiyasının yayılması səbəbindən sərhədlərin
bağlanması nəticəsində Vətənə dönə
bilməyən Ukraynada təhsil alan azərbaycanlı tələbələr
adından bizə göstərdiyiniz dəstək və
yardıma görə Sizə dərin təşəkkürümüzü
bildiririk. COVID-19 pandemiyasının yayılmasının
qarşısını almaq məqsədilə
atdığınız addımları, xalqımızın
sağlamlığının qorunması və
rifahının daha da yaxşılaşdırılması
uçun verdiyiniz mühüm qərarları, hazırda
ölkə xaricində qalan biz azərbaycanlıları diqqət
mərkəzində saxlayaraq hər cür yardımların
göstərilməsinə dair göstəriş verməyinizi
yüksək qiymətləndiririk. Bu çətin günlərdə
atdığınız məqsədyönlü addımlar bir
daha sübut edir ki, Siz daim xalqın yanındasınız. Qərib
ölkədə qaldığımız müddətdə
bizə göstərdiyiniz maddi və mənəvi dəstəyə,
əzmkarlığa, qətiyyətə və
qayğıkeşliyə görə hər birimizin adından
Sizə və Mehriban xanım Əliyevaya öz minnətdarlığımızı
bildiririk”.
Fransanın
ICD Biznes Məktəbində təhsil alan azərbaycanlı tələbələr
Xəzər Allahverdiyev, Elvin Zeynallı və Ceyhun Sadibəyli
dövlətimizin başçısına minnətdarlıqlarını
bu sözlərlə ifadə edirlər: "Hörmətli cənab
Prezident, biz, ADA universitetinin Biznesin idarə edilməsi
fakültəsinin 2-ci və 3-cü kurs tələbələriyik,
"Erasmus+” proqramında iştirak edərək 2020-ci ilin
yanvar ayından Fransada təhsil almağa
başlamışıq. Aprel ayının 30-da təhsilimiz
başa çatmalı və biz Azərbaycana qayıtmalı
idik. Dünya ölkələri üçün böyük
təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində
planlarımıza dəyişiklik etmək məcburiyyətində
qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn
davam etdirdik. Fransada qalma müddətimiz başa çatanda
ölkəmizə qayıda bilmədiyimiz və maddi
sıxıntımız olduğu üçün çox
ciddi narahatlıq keçirirdik. Xaricdə yaşayan Azərbaycan
vətəndaşları Sizin sayənizdə hər zaman
dövlətimizin qayğısını hiss edir, ən
çətin şəraitdə belə dövlət tərəfindən
müdafiə olunurlar. Biz də öz növbəmizdə,
dövlətimizin qayğısını hiss etdik. Sizin
tapşırığınıza əsasən, mütəmadi
olaraq problemlərimizlə maraqlanır, bizə həm maddi, həm
də mənəvi dəstək göstərirlər. Cənab
Prezident, bizə göstərilən dövlət
qayğısına görə Sizə təşəkkür
edirik. Güclü Azərbaycanımızla, güclü
dövlətimizlə qürur duyuruq. Bizə göstərdiyiniz
diqqətə görə təhsil aldığımız sahə
üzrə peşəkar mütəxəssis olmağa,
dövlətimizə fayda verməyə və
etimadınızı doğrultmağa
çalışacağıq. Bir daha Sizə dərin təşəkkürümüzü
bildiririk”.
Laçın
rayonundan məcburi köçkün Əlizamin Mirişov:
"Hörmətli Prezidentimiz, bu ağır COVID-19
pandemiyası günlərində xalqımızın
yanında olduğunuz, bizim qayğımıza
qaldığınız, əhalinin maddi rifah halının
yaxşılaşdırılması üçün hər
cür tədbirlər gördüyünüz
üçün Sizə dərin minnətdarlığımı
bildirirəm. Allah Sizi qorusun, Azərbaycan xalqının
gözünə çıraq etsin! Eyni zamanda,
respublikamızın inkişafı, dünyada nüfuzunun
artması, sayılıb-seçilməsi istiqamətində
apardığınız işlərə, aztəminatlı
ailələrə diqqət və qayğınıza,
müharibə veteranlarına və şəhid ailələrinə,
həmçinin xalqımıza göstərdiyiniz dəstəyə
görə Sizə minnətdarlığımı bildirirəm.
Hazırki ağır dövrdə ölkəmizin
inkişafına əngəl yaradan mənfi hallara, korrupsiya və
rüşvətxorluğa qarşı
apardığınız amansız mübarizə bütün
xalqımız kimi, məni də, ailəmizi də sevindirir,
qürurlandırır. Biz Sizinlə fəxr edirik. Fəxr
edirik ki, bizim belə humanist, qayğıkeş və
mübariz Prezidentimiz var. Mən də, yaşlı valideynlərim
də daim Sizin daxili və xarici siyasətinizi ürəkdən
bəyənir, dəstəkləyir və Sizinlə qürur
duyuruq. Biz, xüsusilə də valideynlərim ulu öndərimiz
Heydər Əliyevin də siyasi xəttini həmişə bəyənib
dəstəkləmişik. Hazırda Sizin Ulu Öndərin
siyasətini uğurla davam etdirməyiniz qəlbimizi sevinc hissi
ilə doldurur. Biz Sizinlə fəxr edirik. Yaxşı ki,
varsınız, yaxşı ki, bizim Prezidentimizsiniz. Allahdan Sizə
cansağlığı, ailə səadəti və işlərinizdə
daha böyük müvəffəqiyyətlər
arzulayırıq”.
Bakı
şəhərindən Əhmədağa Rəşidov:
"Hörmətli cənab Prezident, mənim 71 yaşım
var, təqaüdçüyəm. COVID-19 virusunun bütün
dünyaya yayılaraq kütləvi insan tələfatına gətirib
çıxardığı bir zamanda Sizin xalqımızı
bu təhlükədən qorumaq məqsədilə uzaqgörənliklə
gördüyünüz bütün tədbirləri bəyənirik.
Əmək veteranı, təcrübəli bir geofizika mütəxəssisi
kimi şəxsən öz adımdan və ailə üzvlərimin
adından Sizə və Birinci vitse-prezident Mehriban xanım
Əliyevaya ürəkdən təşəkkür edirəm.
Cənab Prezident, koronavirusla bağlı verdiyiniz qərarlardan
birini xüsusi qeyd etmək istəyirəm. COVID-19
infeksiyasına yoluxan xəstələrin sağalması
üçün istirahət bilmədən, ailələrini
görmədən gecə-gündüz çalışan
tibb işçilərinin məvaciblərini 3-5 dəfə
artırmağınızı çox yüksək qiymətləndirirəm.
Həm Sizə, həm də tibb işçilərinə təşəkkürümü
çatdırıram və Sizi ürəkdən
alqışlayıram”.
Abşeron
rayonunun Xırdalan şəhərindən Lətafət
Əhədzadənin məktubunda deyilir: "Hörmətli cənab
Prezident, bildiyiniz kimi, bütün dünya COVID-19
pandemiyası ilə mübarizə aparır. Bu çətin
dövrdə verdiyiniz doğru qərarlar və
apardığınız uzaqgörən siyasət bizi bu
çətin bəladan qorudu. Pandemiya dövründə
iş yerlərinin müvəqqəti bağlanması ilə əlaqədar
insanlara sosial yardımın göstərilməsi, aztəminatlı
ailələrdən olan tələbələrin təhsil
haqlarının ödənilməsi Sizin xalqımıza olan
sonsuz sevginizin sübutudur. Bu ağır pandemiya dövrü təhsilə
də təsirsiz ötüşmədi. Sizin bu ağır
dönəmdə yaratdığınız şəraitin təhsilə
böyük faydaları oldu və buna görə də Azərbaycan
Dövlət Pedaqoji Kollecinin tələbələri adınan
Sizə dərin minnətdarlığımızı
bildiririk. Təşkil olunan distant təhsilin tələbələrimizə
çox böyük köməyi oldu və bizim təhsildən
geri qalmamağımıza imkan verdi. Mən də sosial cəhətdən
həssas ailə qrupuna aid olan bir tələbə kimi Sizə
təşəkkürümü bildirirəm. Ailə vəziyyətim
təhsil haqqımı ödəməyə imkan vermirdi. Sizin
bu gözəl təşəbbüsünüz vasitəsilə
mən və mənim timsalımda bir çox tələbə
öz xəyallarını gerçəkləşdirmiş
olacaq. Buna görə bir tələbə olaraq şəxsən
öz adımdan, ailəmin adından və Azərbaycan
Dövlət Pedaqoji Kollecinin tələbələri
adından Sizə dərin təşəkkürlərimi
bildirirəm”.
Fransanın
Monpelye şəhərindən Sevda İsmayılova yazır:
"Hörmətli cənab Prezident, mən Fransanın Monpelye
şəhərində magistratura təhsili alıram. COVID-19
ilə bağlı Fransada elan edilən karantin rejiminə
uyğun olaraq iş yerlərinin bağlanması işləyərək
öz tələbatını ödəyən tələbələri
maddi cəhətdən çətin vəziyyətə
salıb. Yaşadığım evin kirayə haqqının
ödənilməsində üzləşdiyim problemlə əlaqədar
ölkəmizin Fransadakı səfirliyinə müraciət
etdim. Dərhal səfirlikdən mənimlə əlaqə
saxlanıldı və müraciətimin qeydə
alındığı bildirildi. Bir neçə gün sonra
bank rekvizitlərini istəyən səfirliyin əməkdaşı
dövlətimiz tərəfindən tələbələrə
yardım ediləcəyi barədə xoş xəbəri
çatdırdı. Kirayə yaşadığım evdən
çıxarılmaq təhlükəsini dövlətimizin dəstəyi
ilə aradan qaldırdıq. Sonradan tələbə
yoldaşlarımdan öyrəndim ki, onlara da maddi yardım
edilib. Hörmətli cənab Prezident, Siz bir daha sübut
etdiniz ki, harada yaşamasından asılı olmayaraq hər
bir azərbaycanlının Prezidentisiniz. Çətin anlarda
bizi köməksiz qoymadığınıza görə Sizə
dərin təşəkkürümü
çatdırıram”.
Astara
rayonunun Seləkəran kəndindən Bədi Məmmədova:
"Hörmətli cənab Prezident, Sizin
yürütdüyünüz siyasəti ürəkdən bəyənir
və dəstəkləyirik. Dünyanı cənginə alan
koronavirus pandemiyasının Azərbaycanda
yayılmasının qarşısının alınması
üçün bir çox tədbirlər
görürsünüz. Bu tədbirlər sayəsində
qorxulu xəstəlikdən itkilərimiz başqa ölkələrlə
müqayisədə daha azdır. Uzaqgörən siyasətinizə,
aztəminatlı ailələrə edilən yardımlara
görə Sizə minnətdarlığımı bildirir,
"Çox sağ olun!" deyirik. Allah Sizi qorusun!”.
Goranboy
rayonunun Məşədiqaralar kəndindən şagird Pərvanə
Süleymanova: "Hörmətli cənab Prezident, mən
Goranboy rayon Məşədiqaralar kənd Etibar Verdiyev
adına tam orta məktəbin XI sinif şagirdiyəm, dərs
əlaçısıyam. Sizə yazılan məktubları
görüb mən də öz təşəkkürümü
və minnətdarlığımı çatdırmaq qərarına
gəldim. Fəxrlə deyə bilərəm ki, bütün
dünya üçün təhlükə yaradan koronavirus
pandemiyasının ölkəmizdə yayılmasına
qarşı mübarizə Sizin rəhbərliyinizlə
çox yüksək səviyyədə təşkil olundu və
müsbət nəticələr artıq göz qabağındadır.
Mən də bir məktəbli olaraq bizə yaradılan şəraitə
görə Sizə, dərslərimizdən geri qalmamaq
üçün tətbiq edilmiş onlayn dərs sisteminin təşkilatçılarına,
müəllimlərimizə öz adımdan, sinif
yoldaşlarım adından dərin təşəkkürümü
bildirirəm. Biz Sizə daim güvənirik, Sizinlə
qürur duyuruq. Allah Sizi və ailənizi qorusun!”.
Bakının
Səbail rayonundan Pənah Qasımzadə: "Hörmətli
Prezident, mən Sizinlə qürur duyuram və həyatım
boyu Sizi idealım müəyyən etmişəm. Dərslərimi
daim yaxşı oxumağa çalışıram,
çünki Sizin şagirdlərə sevginiz məni daha
çox çalışmağa sövq edir. Cənab
Prezident, Sizə söz verirəm ki, daim Sizin kimi dövlətim,
xalqım üçün çalışacağam”.
Cəlilabad
rayonunun sakinləri Vahid Azadxanov, Mehriban Ağayeva, Mehman Məmmədov
və Fəxrəddin Abdullayev yazırlar: "Hörmətli
cənab Prezident, bizim kəndin əhalisinin əsas məşğuliyyətindən
biri də kartofçuluqdur. Biz Ulu Öndərimizin bəxş
etdiyi torpaqlarımızı əkərək məhsul
bolluğu yaradırıq. Bununla da həm əhalinin tələbatını,
həm də güzəranımızı
yaxşılaşdırırıq. Karantin rejimi ilə əlaqədar
sərhədlərin bağlanması narahatlığa səbəb
olmuşdur. Lakin Sizin tapşırığınıza əsasən
Rusiyadan yük maşınlarının Azərbaycana gəlməsinə
icazə verilməsi problemimizi həll etdi. İstehsal etdiyimiz
kartofu Rusiya bazarına çıxara bildik. Yaxşı qazanc əldə
etdik. Hələ də məhsulumuz boldur və hər gün
xaricə məhsul göndəririk. Bütün bunlara görə
Sizə "Çox sağ olun” deyirik, yaxşı ki, Siz
bizim Prezidentimizsiniz. Biz Sizi ürəkdən sevir və daim dəstəkləyirik!”.
Tərtər
rayonundan Lətafət Məmmədova, Vəsilə
Süleymanova, Gülnar Abdullayeva, Elşən Mirzəyev və
Zakir İmanov yazırlar: "Möhtərəm cənab
Prezident, bu günlərdə Qaynaq kəndinin sakinlərinin
sevinci sonsuzdur. Çünki 10 cəbhəyanı kəndi
birləşdirən Səhləbad-Əksipara-Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı
Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli avtomobil yolunun
Qaynaq kəndindən keçən hissəsi artıq
hazırdır. Çəkilən yol gediş-gəlişimizi
rahatlaşdırıb, vaxt itkisinin qarşısını
alıb, rayon mərkəzi, qonşu kəndlərlə əlaqəmiz
asanlaşıb, bazara məhsulumuzu itkiyə yol vermədən
çatdırırıq. Möhtərəm cənab Prezident,
biz Sizdən həmişə istər müharibə
dövründə, istərsə də atəşkəs
dövründə böyük diqqət və qayğı
görmüşük. Göstərdiyiniz dəstəyə və
qayğıya görə Sizə kəndimizin sakinləri
adından minnətdarlığımızı bildiririk.
İnşallah, Tərtərdə çəkilməyə
başlayan yollar bizi tezliklə işğal altında olan
torpaqlarımıza aparıb çıxarar, Azərbaycanın
üçrəngli bayrağı işğaldan azad
olunmuş torpaqlarımızda dalğalanar. Sizinlə birgə
həmin ərazilərdə qələbəmizi qeyd edək!”.
Azərbaycan.-2020.- 4 iyun.- S.1;7.