Məsuliyyətsizliyin cəzası

 

Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyənlərin cərimələnməsinə başlanıldı

 

Azərbaycan dövləti koronavirus (COVID-19) infeksiyası ilə mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirir. Məhz bunun nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub.

Xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilmiş, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olmuş, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını üstələmişdir.

Amma təəssüflə qeyd etməliyik ki, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlanmış, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmamışdır.

Pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda, bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir.

 

Cərimələrin məbləği

 

Uzun müddətdir ki, ayrı-ayrı ölkələrdə tətbiq olunan qaydaların pozulmasına, xüsusilə fərdi qoruyucu vasitələrdən istifadə etməməyə görə yüksək məbləğdə cərimələr, hətta həbs cəzası da tətbiq olunur.

Artıq Azərbaycanda da epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyənləşdirilib.

Belə ki, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

 

Bu yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir

 

Bundan belə aşağıda qeyd edilən yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə məcburidir:

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələri (avtobus, taksi, metro, dəmiryolu və s.);

 

- bazarlar;

 

- qapalı ictimai iaşə, ticarət və xidmət obyektləri (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);

 

- dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələr;

 

- fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələr;

 

- açıq sahəli ofislərdə və istehsalat yerləri;

 

- tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlar;

 

- ibadət yerləri;

 

- elm və səhiyyə müəssisələri;

 

- sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlər;

 

- ictimai nəqliyyat dayanacaqları;

 

- bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbələr.

Həmçinin, insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda da tibbi maskadan istifadə olunmalıdır.

 

 

Hazırda koronavirusa yoluxma sayının artmasının səbəbləri...

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev bildirib ki, hazırda koronavirusa yoluxma sayının artması ilk növbədə karantin rejiminin yumşaldılması ilə əlaqədardır. Çünki yumşalmalar nəticəsində insanlar arasında təmas riski də artır: "Yoluxmanın artmasının ikinci səbəbi isə insanların məsuliyyətsiz davranışlarıdır. İnsanlar verilən tövsiyələrə, qadağalara məhəl qoymurlar. Təbii ki, məsuliyyətli olanlar da var. Amma məsuliyyətsiz olanlar yetəri qədər olduğuna görə qurunun oduna yaş da yanır. Şəhərə çıxanda müşahidə edin, görün nə qədər insan maska taxır, nə qədər insan sosial məsafəni qoruyur? Bəzi qanunsuzluqlar baş verir. Əsasən də rayonlarda yas mərasimləri ilə bağlı qadağalara məhəl qoyulmur. Buna əhəmiyyət verməyən insanlar kütləvi şəkildə toplaşırlar. Kütləvi toplaşmalar virusun yayılması üçün ən əlverişli ortamdır, çünki insanlar burada bir-birinə çox yaxın məsafədə olurlar. Virusdan qorunmaq üçün ən azı 2 metr məsafə saxlanmalıdır, bu qanunauyğunluq kütləvi yerlərdə pozulur. İnsanların gigiyenik qaydalara əməl etməməsi, maska taxmaması, məsafəni qorumaması - bu üç vacib, sadə tövsiyəyə riayət edilmədiyi halda yoluxma riski artır”.

 

 

Qısa müddətdə yoluxma sayında azalma görünməyəcək

 

V.Əliyev qeyd edib ki, maska taxılmaması ilə bağlı cərimələr tətbiq olunsa belə, qısa müddətdə yoluxma sayında azalma görə bilməyəcəyik: "Bir müddət keçməsi lazımdır. Xəstəliyin inkubasiya dövrünü nəzərə alsaq, yoluxma sayının azalıb-azalmayacağını ən azı 2 həftədən sonra görə bilərik”.

 

İnfeksionist maska taxılmasının vacibliyi məsələsinə aydınlıq gətirib: "Əslində, maskaların sağlam adam üçün qoruyuculuğu zəifdir. Maskanı xəstə insanlar taxmalıdırlar. Biz hamıya maska taxmasını tövsiyə edərkən yüngül formada xəstəlik keçirən, eyni zamanda, asimptomatik, hər hansı klinik əlaməti olmayan insanları da nəzərə alırıq. Həmin şəxslərdə xəstəlik əlaməti olmasa da, onlar aktiv virus daşıyıcılarıdırlar. Bu insanlar virusu digərlərinə yoluxdura bilərlər. Maskanın taxılması ilə xəstə və sağlam insanı ayırd etmədən xəstəliyin ötürücülüyünün qarşısını alır. Bu, eyni zamanda sosial mesajdır. Hər kəs maska taxdığı zaman ortamda olan digər insanlar da bunu özünütənqid bilərək maska taxmağa məcbur olur. Maskanın qoruyuculuğu 100 faiz deyil. Ancaq yoluxma sayı xeyli azalar, indiki vəziyyət yaranmaz”.

 

 

Tətbiq olunan cərimələrin təsirini 2 həftə sonra görəcəyik

 

Həkim bildirib ki, havanın, mövsümün bu xəstəliklə əlaqəsi yoxdur və isti ölkələrdə də bu virus yayılıb: "COVID-19 yeni virus olduğuna görə hansı temperaturda, yay mövsümündə nə qədər davam edəcəyi də bəlli deyil. Hazırda ölkədə yoluxma sayını pik saymaq olmaz. Yoluxma yüksəlməyə doğru gedir. Düşünürəm ki, koronavirusa yoluxma iyunun ortalarında pik həddə çatacaq. Bir az gecikə də bilər. İyunun 15-20-si arası yoluxma sayı artacaq. Tətbiq olunan cərimələrin təsirini 2 həftə sonra görəcəyik. O vaxta qədər pik həddi keçə bilərik. Artıq xeyli müddətdir ki, insanlar qaydalara əməl etmirlər. Cərimələr yoluxmanın sürətini azalda bilər”.

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2020.- 4 iyun.- S.1;9.