Onların sevgi və qayğıya ehtiyacı var

 

Münaqişə və müharibələrdə işgəncələrə daha çox məruz qalan yalnız yaşlılar, qocalar, əlsiz-ayaqsızlar deyil, uşaqlar da zülm çəkirlər

 

4 iyun Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

 

Uşaqların qorunması, müdafiə edilməsi üçün bir sıra qanunlar qəbul olunub: 1924-cü ildə ilk dəfə olaraq uşaqların hüquqlarının təmini üçün bəyannamə qəbul edilib.

Uşaqlar heç də həmişə xoşbəxt olmayıblar. Münaqişə və müharibələrin gətirdiyi bəlalar onların işıqlı dünyasını zülmətə çevirib. Birinci Dünya müharibəsi illərində Eglantye Djebb uşaqların daha çox əzab və işgəncələrə məruz qalmasından sarsılaraq bacısı Doroti Bakstonun köməyi ilə 1919-cu ildə onların müdafiəsini təmin etmək üçün Londonda Uşaqlara Yardım Fondunun əsasını qoyub.

1950-ci ildə BMT Baş Assambleyası tərəfindən 1 iyun tarixinin Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması təsadüfi deyildi. Daha bir beynəlxalq səviyyəli qərar da 1982-ci il 4 iyun tarixində qəbul edilib: Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü.

Qan-qada, ölüm-itim müharibədə qaçılmazdır. Lakin onun da öz qanunları var. Mülki əhali, dinc insanlar - qocalar, qadınlar, uşaqlar, körpələr hədəf seçilməməli, işgəncələrə məruz qalmamalıdırlar. Sülh isə hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdəndir.

 

 

Günahsız uşaqlar, odsaçan silahlar...

 

Sülhün carçıları - gələcəyimiz olan uşaqlar daim açıq səma altında azad, əmin-amanlıq şəraitində, atalı-analı yaşamaq arzusunda olublar. Çox təəssüf ki, bu gün də dünyanın bir çox yerlərində münaqişələr davam etməkdə, torpaqlar qan çanağında boğulmaqda, günahsız uşaqlar odsaçan silahların qurbanlarına çevrilməkdədirlər.

Dağlıq Qarabağ probleminin özü ilə gətirdiyi qətliam, soyqırımı faktlarının daha bir səhifəsi də uşaqlara edilən təcavüzlə bağlıdır.

Uşaq qatilləri kimi tanınan erməni vandalları 4 iyul 2017-ci ildə Füzuli rayonunun Alxanlı kəndini hədəf seçərək orada dinc sakinləri iriçaplı pulemyotlardan atəşə tutdular. İki nəfər qətlə yetirildi, bir nəfər isə ağır yaralandı. Bu acı xəbərdən sonra teleekranlardan izlənilən bir şəkil ürəkləri dağladı: iki yaşlı Zəhra bala nənəsi Sahibənin qucağında idi. Bəlkə də bu şəkli çəkdirəndə nənənin körpə nəvəsi ilə bağlı ürəyində nə qədər arzuları var idi. Amma vandal, insan qatili, cəllad erməni faşistlərinin gülləsi onun bütün xəyallarına son qoydu. Zəhranın şirin olduğu qədər də qısa ömrünün son dəqiqələrindən qalan yadigar isə onun bir tay başmağıdır. Yenicə ayaq açmağa başlayan körpə xain düşmənin gülləsinin qurbanı oldu. Son 10 ildə müharibə zonalarında 2 milyona yaxın uşaq qətlə yetirilib. Onların arasında azərbaycanlı uşaqlar da az olmayıb.

 

 

Fransız səyyahı qraf De Şole daşnakları olduğu kimi təsvir edib

 

 

Erməni cəlladlarının əməllərini ifşa etmək üçün təkcə Xocalı soyqırımını xatırlamaq kifayətdir. 1992-ci ilin fevralında Xocalıda dəhşətli qətliam törədilərkən yüzlərlə dinc sakin, o cümlədən uşaqlar, qadınlar və qocalar öldürüldü, yaralandı, girov götürüldü.

Erməni daşnaklarının faşist xislətli olmalarını dünya xalqları da bilir. Fransız səyyahı qraf De Şole daşnakları olduğu kimi ifadə edib: "Ermənilərin yoxsulluğunun və əzab-əziyyət çəkməsinin məndə onlara qarşı böyük rəhm yaratmasına baxmayaraq, haramzadəliyi, kələkbazlığı o dərəcədə iyrənc, alçaqlıqları o dərəcədə biabırçı, o qədər hiddətləndirici idi ki, heç vaxt onlara bağlana bilmədim”.

Bu ağır ittiham ermənilər üçün adidir. Çünki onların əlləri həmişə günahsız körpənin, qadının, yaşlı insanın qanına bulanmağa vərdişlidir. Bu qanlı tarixin vərəqlərini çevirdikcə dəhşətli faktlar vahimə yaradır. "Ermənilərin anası” adlandırılan Silva Kaputikyan ötən əsrin sonlarında öz qaragüruhçu kütləsi qarşısında çıxış edərək bir məsələni daha çox qabardırdı: "Sən türk öldürməkdən qürur duymalısan!”

Başqa bir şovinist Vazgen Arutunyan isə "türk öldürməyən erməni öz əli ilə özünü öldürsün” deyirdi. Zori Balayanın mənfur ideologiyanın təbliği olan "Ocaq” kitabı ilə erməniləri türklərə qarşı tükürpərdici müharibəyə çağırması danılmaz faktlardandır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlayandan elə bölgə və kəndlərimiz yoxdur ki, orada ilk şəhidlərimiz körpələr olmasın. Kəlbəcərin 8 məktəbyaşlı oğlan uşağının da 20 iyul 1989-cu il tarixdə qismətinə ilk şəhidlik payı düşdü. Ermənilərin qətlə yetirdiyi - Sahil Məmmədov (10 yaş), Razim Salmanov (8 yaş), Anar Valehov (7 yaş), Cahid İbişov (10 yaş), Səxavət Abbasov (14 yaş), Natiq Əsgərov (14 yaş), Bəxtiyar Xəlilov (11 yaş) və Azər Orucov (7 yaş) kimi fidanların günahı nə idi? Onlar ermənilərə nə etmişdilər? Hansı kəndinə basqın edib, kimə güllə atmışdılar?

 

 

Ermənilərin tikə-para doğradığı türk cocuğu...

 

Zori Balayanın tükürpərdici məlumatları bu qətllərdən də daha dəhşətli mənzərə yaradır. Onun "Ruhumuzun canlanması” adlı kitabından oxuyuruq: "...13 yaşındakı türk uşağının başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək öldü. İlk sənətim həkimlik olduğuna görə humanist idim. Ona görə də türk uşağına etdiyim bu əməllərə görə özümü xoşbəxt saymadım. Amma ruhum xalqımın bir faizinin belə qisasını aldığı üçün sevincdən qürurlanırdı. Dostum Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və onu türklə eyni kökdən olan itlərə atdı”.

...1992-ci ilin qışı Qarabağa, onun başıbəlalı Xocalısına qarlı-boranlı, qanlı-qadalı gəlmişdi. Xocalıdan gecə ikən qaçmağa çalışanların arasında uşaqlar da az deyildi. O müdhiş gecədən "sağ” çıxan, Respublika Təcili Yardım Xəstəxanasında müalicə olunan Xocalı uşaqlarından beş yaşlı Ramil Həsənov deyirdi ki, ermənilərin əlindən qaçıb bir neçə gün meşədə ac-susuz və yarıçılpaq qalıblar. Dörd yaşlı Vüsalə ilə bir yaşlı Xəyalənin anası Sənəm Abdullayevanın söylədikləri isə dəhşətli idi: "Bir gün meşədə qaldıqdan sonra ermənilər bizi tapıb Əsgərana gətirdilər. Anam, atam və 16 yaşlı bacımı meşədə güllələdilər. Mənə dəhşətli işgəncələr verdilər. Sonra bizi su doldurulmuş zirzəmiyə saldılar. Suda boğulmamaları üçün uşaqları bir gün qollarımda saxlamışdım...”

 

 

Bir sutka qarın altında qalan nənə-bala...

 

On aylıq Salatın Əhmədovanın anasının dediklərindən: "...Ermənilər atəş aça-aça meşəyə yaxınlaşırdılar. Bir gün ac qalan dördaylıq Salatınımı sinəmə sıxdım ki, murdarların əlinə keçməsin. Əllərimlə balamı boğdum...”

Cəmil Cümşüd oğlu Məmmədov o dəhşətli gecədə uşaqların çəkdiyi min bir zülm-zillətdən söz aça bilmir, dodaqları titrəyirdi: "Beş yaşlı nəvəmi götürüb meşəyə qaçdım. Bir sutka qarın altında qaldıq. Körpənin donmaması üçün paltarlarımı soyunub uşağı bükmüşdüm. Artıq taqətim qalmamışdı. Naxçıvanik kəndinə gedib çıxdıq. Dedim ki, məni öldürsünlər, amma nəvəmə rəhm etsinlər. Məni təhqir edib komendanta təhvil verdilər. O isə əmr verdi ki, bizi tövləyə salsınlar. 4 gün tövlədə qaldıq. Burada qız-gəlin, körpələr, uşaqlar o qədər idi ki, heç birini salamat buraxmadılar...”

Xəstəxanada hər iki ayağı kəsilmiş Xədicənin ürək dağlayan haraylarından məlum oldu ki, həmin gecə doğmalarını itirmiş qızcığaz da erməni quldurlarının əlinə keçib. Daşnak tör-töküntüsünə dəyişdirilən, gözlərini Bakıda, Təcili Yardım Xəstəxanasında açıb özünü ayaqsız görən Xədicənin də arzu və istəklərinin üstündən bax belə qara xətt çəkib yağı düşmən...

 

Ömürlərinin ən gözəl, qayğısız çağları müharibəyə qurban edilənlər

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı 193 azərbaycanlı uşaq ermənilər tərəfindən qətlə yetirilib. 71 uşaq itkin düşüb, 29-u hələ də girovluqdadır. Təkcə Xocalı soyqırımı nəticəsində qətlə yetirilən 613 dinc sakinin 63-ü, yaralanan 487 nəfərdən isə 76-sı uşaq olub. Bu amansız soyqırımı zamanı 155 uşaq bir və ya hər iki valideynini itirib. Ermənistan silahlıları tərəfindən 1992-ci il fevralın 17-də törədilən Qaradağlı faciəsində isə səkkizi məktəbli olmaqla, 91 nəfər dinc sakin qətlə yetirilib, 146 uşaq yetim qalıb. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulan bir milyondan artıq sakinin 300 mindən çoxu uşaqlar idi. Bunlar uşaqlığı zorla əlindən alınanlar, ömürlərinin ən gözəl, qayğısız çağları müharibəyə qurban edilənlərdir.

1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki şəxslər, o cümlədən uşaqlar hələ də yaralanır və qətlə yetirilir. Təkcə son illərdə 34 uşaq erməni terrorunun qurbanına çevrilib. 2 yaşlı Zəhra Quliyevanın, 9 yaşlı Fariz Bədəlovun və daha neçə-neçə azyaşlının amansız qətli Ermənistanın uşaq qatili olduğunu bir daha təsdiqləyir. Ermənistan heç bir beynəlxalq hüquqi sənədlərə və humanitar təşəbbüslərə məhəl qoymayaraq, uşaqları qətlə yetirməkdə davam edir.

Azərbaycanda uşaqların pozulmuş hüquqlarının bərpası üçün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar ədalətli mövqe tutmalı, Ermənistandan işğalçılıq siyasətinə son qoymağı tələb etməlidirlər.

Son illər 2 milyondan çox uşaq döyüş bölgələrində məhv edilib, 4 milyon isə şikəstə çevrilib. Dünyanın 70-dən çox ölkəsində aşkar edilən 60 milyondan artıq minanın da əsas qurbanları məhz uşaq və yeniyetmələrdir. Təkcə onu deyək ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində 300 mindən çox uşaq qaçqın və məcburi köçkün vəziyyətinə düşərək ağır şəraitdə yaşamağa məcbur olmuşdur. Minlərlə uşaq isə ya ata-anasının hər ikisini, yaxud da valideynlərindən birini itirmişdir. Təəssüf ki, dünya buna susur.

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2020.- 4 iyun.- S.1;10.