İçməli su təchizatı layihələri dövlətimizin həyata keçirdiyi uğurlu sosial siyasətin məntiqi nəticəsidir

5 iyun Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günüdür

 

Tarixən insanların suya tələbatının ödənilməsinə yönəlmiş hər bir iş savab əməl sayılıb. Suyun insanlara xoşbəxtlik, sağlamlıq, səadət gətirdiyini xatırladan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin "Su verən, bulaq yaradan, çay açan hər bir insan həmişə xalqın, millətin, insanların məhəbbətini qazanır” fikirləri su təsərrüfatı işçilərinin əməyinə verilən ən böyük qiymətdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il mayın 14-də imzaladığı sərəncama əsasən, ölkəmizdə su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramının təsis edilməsi də bu savab əməl, nəcib iş sahiblərinin əməyinə verilən qiymətdir. İstehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən, onlara kanalizasiya xidmətləri göstərən "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin kollektivi, əvvəlki illərdə olduğu kimi, bu dəfə də peşə bayramlarını uğurlu göstəricilərlə qeyd edirlər.

Təbiətin bəxş etdiyi əvəzsiz nemətlərdən sayılan sudan səmərəli istifadə məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda tarixin bütün dövrlərində aktual olub. Orta əsrlərə aid mənbələrdə Azərbaycanın bəzi yaşayış məntəqələrində su təchizatı sistemlərinin yaradılması barədə faktlar mövcuddur. Su təchizatı tariximizin ilkin inkişaf dövrü 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə təsadüf edir. 1917-ci ildə Şollar-Bakı su təchizatı qurğuları istismara verilib. Xaçmaz rayonu ərazisindən Abşeron yarımadasına 187,5 km uzunluğunda kəmər çəkilib, Bakı şəhərində ilk dəfə mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılıb.

Bu sahədə qazanılmış təcrübədən istifadə edilməklə Xaçmazdan Bakıya çəkilmiş ikinci kəmər 1958-ci ildə istismara verilib. Abşeron yarımadasında sənayenin sürətli inkişafı və əhalinin artımı nəticəsində içməli suya artan tələbatı ödəmək üçün 1961-ci ildə Ceyranbatan Sutəmizləyici Qurğuları işə salınıb.

Azərbaycanın içməli su və kanalizasiya sektorunun sürətli inkişafı böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin təşəbbüsü və birbaşa rəhbərliyi ilə ötən əsrin 70-ci illərində Kür Sutəmizləyici Qurğular Kompleksi yaradılıb, burada emal olunan suyun Abşeron yarımadasına nəqli üçün magistral kəmərlər çəkilib. Bu layihə paytaxta yeni həyat gətirib.

1970-80-ci illərdə Ulu Öndərin birbaşa nəzarəti altında Bakı şəhərinin tullantı su infrastrukturunun inkişafını nəzərdə tutan "Böyük kanalizasiya” layihəsi reallaşdırılıb. Həmin dövrdə Hövsan Aerasiya Stansiyası, eləcə də "Sənaye zonası”, "Şəhərkənarı” və "Sahil” kollektorları, Zığ kanalizasiya nasos stansiyası inşa edilib.

Azərbaycanın əksər şəhər və rayon mərkəzlərində içməli və tullantı su sistemlərinin yaradılması da ötən əsrin 70-80-ci illərinə təsadüf edir. Həmin dövrdə Ulu Öndərin rəhbərliyi ilə bölgələrdə yeni su mənbələri yaradılıb, sugötürücü və sutəmizləyici qurğular, su anbarları, nasos stansiyaları, magistral kəmərlər və paylayıcı şəbəkələr tikilib. Bu işlər bəzi yaşayış məntəqələrinin şəhər kimi formalaşmasında mühüm rol oynayıb.

2003-cü ilin oktyabrında İlham Əliyevin xalqın etimadını qazanaraq Prezident seçilməsi ilə ölkəmizin həyatında yeni inkişaf mərhələsi başladı. Ulu Öndərin memarı olduğu sosial-iqtisadi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev insan sağlamlığının qorunmasını dövlətin sosial siyasətinin prioriteti kimi müəyyənləşdirdi. Su kimi müqəddəs nemətin qorunması, onun keyfiyyətinin təmin olunması, gələcək nəsillər üçün etibarlı mənbələrin formalaşdırılması dövlət proqramlarında xüsusi qeyd olundu. Əhalinin içməli su təminatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə bu sektorda struktur islahatlarına başlanıldı. Dövlət başçısının "Su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 11 iyun 2004-cü il tarixli sərəncamına əsasən, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti yaradıldı.

2000-ci illərin əvvəllərindən etibarən Bakı şəhərinin və ətraf qəsəbələrin böyüməsi, yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması içməli suya olan tələbatı ciddi şəkildə artırmışdı. Ulu Öndər Heydər Əliyev 2002-ci ilin dekabr ayında keçirilən müşavirədə paytaxta yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirmiş və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularının öyrənilməsi barədə tapşırıq vermişdi. Ulu Öndərin ideya müəllifi olduğu həmin layihə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırıldı. Dövlət Neft Fondundan maliyyələşdirilən layihə çərçivəsində Oğuz rayonu ərazisində məhsuldarlığı saniyədə 5 kubmetr olan mənbə yaradıldı, buradan Abşeron yarımadasına 262,5 km özüaxımlı magistral su kəməri çəkildi. Tikintisinin böyük bir hissəsi mürəkkəb relyefdə aparılan kəmər 2010-cu ilin dekabrında istismara verildi.

Bununla belə, sürətlə böyüyən və inkişaf edən paytaxtı fasiləsiz su ilə təchiz etmək üçün əlavə su həcmlərinə ehtiyac var idi. Bunları nəzərə alaraq 2011-ci ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan gölünün yaxınlığında ultrasüzgəc texnologiyasına əsaslanan yeni kompleksin təməli qoyuldu. Ən son texnologiya əsasında tikilən kompleks 2015-ci ilin oktyabrında istifadəyə verildi.

Ənənəvi təmizləmə qurğularından fərqli olaraq yeni kompleksdə su ultrasüzgəc texnologiyasına əsaslanmaqla heç bir kimyəvi təmizlənmə aparılmadan avtomatik rejimdə mexaniki üsulla təmizlənir. Məhsuldarlığı saniyədə 6,6 kubmetr təşkil edən qurğu Əbu- Dabi Qlobal Su Sammitində dünya su sənayesinin ən önəmli layihələrindən biri seçilib.

Oğuz-Qəbələ-Bakı su kəmərinin və Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin istismara verilməsi Kür sutəmizləyici qurğularında emal olunan və Bakıya ötürülən suyun bir hissəsinin içməli su problemi ilə üzləşən rayonların tələbatının ödənilməsinə yönəltməyə imkan yaratdı. Qurğuda emal olunan suyun ətraf rayonlara verilməsi məqsədilə Şirvan-Muğan və Sabirabad-Saatlı qrup su kəmərləri istismara verildi. Bununla da, Hacıqabul, Şirvan, Salyan, Biləsuvar, Saatlı və Sabirabad şəhərləri həmçinin kəmərlərin marşrutu boyu 30-dan artıq kənd keyfiyyətli içməli su ilə təmin olundu.

2020-ci ilin martın 3-də Prezident İlham Əliyevin iştirakı ilə regionlarda tikilmiş ən böyük içməli sutəmizləyici qurğu - Şəmkirçay təmizləyici qurğusu istismara verildi. Məhsuldarlığı sutkada 140 min kubmetr və ya saniyədə 1,6 kubmetr olan bu qurğu Gəncə, Şəmkir, Samux şəhərləri və ətraf kəndlərdə 450 mindən artıq insanın dayanıqlı və təhlükəsiz içməli su təminatına hesablanıb.

Mərkəzi Aran bölgəsinin sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təchizatı məqsədilə Girdmançayın yatağında məhsuldarlığı saniyədə 450 litr olan Külüllü su mənbəyi yaradılıb və anbar kompleksi tikilib. Buradan Zərdab, Ucar, Kürdəmir və Ağsu şəhərlərinə 182 km uzunluğunda 4 magistral kəmər çəkilib. Hazırda bu şəhərlər və magistral kəmərlərə yaxın yerləşən 50-dən artıq kənd Külüllü mənbəyi hesabına keyfiyyətli içməli su ilə təmin olunur.

Bundan əlavə, qlobal istiləşmə və quraqlıq nəticəsində bəzi su mənbələrinin məhsuldarlığında baş vermiş dəyişiklikləri nəzərə alaraq, Tovuz, Gədəbəy, Şamaxı və Lerik şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri icra edilib.

 

Bütövlükdə isə ötən dövrdə içməli su təchizatının yaxşılaşdırılması məqsədilə məhsuldarlığı saniyədə 19 kubmetrdən çox olan 44 yeni içməli su mənbəyinin yaradılması Azərbaycan vətəndaşlarının sağlamlığına və sosial rifahının yüksəlməsinə hesablanmış uğurlu layihələrdir.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq su və kanalizasiya layihələrinin icrasına başlanılmış 52 şəhər və rayon mərkəzinin 42-sində içməli su şəbəkələrinin tikintisi yekunlaşıb.

Ötən müddətdə şəhər və rayon mərkəzləri ilə yanaşı, əhalisinin sayı 1 milyon 400 min nəfər olan 1050 kəndin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər də görülüb.

Bakı şəhəri və Abşeron yarımadasında böyük layihələr icra olunub. Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi və 84 km uzunluğunda Ceyranbatan-Zirə magistral su kəməri, həmçinin kəmərin marşrutu boyunca yerləşən anbar kompleksləri istehlakçıların dayanıqlı su təminatı üçün yeni imkanlar açıb. Yeni yaradılmış infrastruktur hesabına Pirallahı, Dübəndi, Gürgan, Türkan, Zirə, Qala, Mərdəkan, Şüvəlan və Şağan qəsəbələri, həmçinin Binəqədi, Sabunçu və Suraxanı rayonlarının digər yaşayış məntəqələri dayanıqlı içməli su ilə təchiz edilib.

Səudiyyə İnkişaf Fondu ilə birgə maliyyələşdirilən layihə çərçivəsində Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin birinci mərhələsi üzrə işlər yekunlaşıb. Şəhər əhalisinin dayanıqlı su təminatı məqsədilə ümumi tutumu 20 min kubmetr olan +118 "Abşeron” və +82 "Masazır” su anbarlarının tikintisi başa çatıb.

Ötən müddətdə Səudiyyə İnkişaf Fondu ilə birgə maliyyələşdirilən digər layihə çərçivəsində Badamdar qəsəbəsində yeni infrastrukturun yaradılması işlərinin birinci mərhələsi yekunlaşıb. Bu layihənin imkanlarından istifadə olunmaqla 20-ci sahə yaşayış massivinin içməli su təchizatı da əsaslı şəkildə yaxşılaşıb. Badamdar qəsəbəsinin sürüşmə zonası kimi tanınan 3-cü yaşayış massivində isə layihənin icrası davam etdirilir.

Bakı şəhərində və Abşeron yarımadasında səth və qrunt sularının yaratdığı problemlərin həlli məqsədilə 21 ünvanda layihələr icra edilib. Bu layihələr çərçivəsində 40 kilometrdən artıq yağış-kanalizasiya kollektorları inşa olunub. Eyni zamanda Böyükşor, Məhəmmədi, Kürdəxanı və Taşağıl göllərində su səviyyəsinin tənzimlənməsi məqsədilə infrastruktur yaradılıb.

Ötən dövrdə həyata keçirilən layihələr çərçivəsində məhsuldarlığı sutkada 830 min kubmetr olan 7 sutəmizləyici qurğu, 250-dən çox su anbarı və anbar kompleksi tikilib və ya yenidən qurulub, 21 min kilometrdən çox magistral və paylayıcı su, 4000 kilometrdən artıq kanalizasiya xətləri çəkilib, 120-dən çox su və kanalizasiya nasos stansiyası tikilib, 357 artezian və subartezian quyusu qazılıb. "Azərsu” ASC-nin fəaliyyəti dövründə 1 milyondan çox sayğac quraşdırılıb və sayğaclaşma səviyyəsi 85 faizi keçib. Görülmüş işlər nəticəsində abonentlərin sayı 670 min artaraq 1 milyon 550 minə çatıb.

2004-cü illə müqayisədə fasiləsiz su ilə təmin olunan əhalinin xüsusi çəkisi Bakı şəhərində 29 faizdən 81,5 faizə, regionlarda isə 9 faizdən 63 faizə yüksəlib. Beləliklə, ölkə üzrə əhalinin fasiləsiz su təminatının səviyyəsi son 16 ildə 26 faizdən 73,6 faizə qalxıb.

İstehlakçılara verilən içməli suyun keyfiyyətinin standartlar çərçivəsində nəzarətdə saxlanılması məqsədilə müasir Mərkəzi Laboratoriya inşa edilib və beynəlxalq akkreditasiyadan keçib. Yeni laboratoriya yaradıldıqdan sonra içməli və tullantı sularının təhlil edilən göstəriciləri 39-dan 110-a, nümunə sayı 7 mindən 16 minə, monitorinq nöqtələrinin sayı isə 180-dən 1300-ə çatdırılıb. Mərkəzi laboratoriyanın təcrübəsindən istifadə edilməklə respublikada 9 regional laboratoriya yaradılıb. Regional laboratoriyaların coğrafi məkanı elə seçilib ki, Azərbaycanın ən ucqar ərazisində yerləşən mənbələrdəki suyun keyfiyyət göstəricilərini də daim nəzarətdə saxlamaq mümkündür.

Bir neçə ildir uğurla tətbiq olunan "AzersuGİS” coğrafi informasiya sistemi istehsalatda müsbət nəticələr verməkdədir. "Azərsu” ASC-yə aid bütün yeraltı və yerüstü infrastruktur məlumatlarının toplandığı bu sistemə indiyə qədər 18500 km su, 8300 km tullantı və yağış su xətləri, 12 minədək qurğu və kompleks, 487 min bina və tikili ilə bağlı məlumatlar daxil edilib.

"AzersuGİS” layihəsi nüfuzlu Bentley müsabiqəsinin, eləcə də Beynəlxalq Coğrafi İnformasiya Sistemləri Forumunun qalibi olub.

"Elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Prezident fərmanına uyğun olaraq "Azərsu” ASC tərəfindən elektron xidmətlərdən istifadə imkanları genişləndirilib. Hazırda 19 adda elektron xidmət vətəndaşların istifadəsindədir. Elektron xidmətlərdən istifadə səviyyəsinə görə "Azərsu” ASC dövlət qurumları arasında ilk sıralarda yer alır.

Vətəndaşların işinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi məqsədilə "Asan xidmət” və "Asan kommunal” mərkəzlərində "Azərsu” ASC-nin xidmət bölmələrinin fəaliyyəti tam təmin edilib. Ümumilikdə 2014-cü ildən indiyədək bütün xidmət mərkəzlərinə vətəndaşlar tərəfindən 330 mindən çox müraciət daxil olub.

Səhmdar Cəmiyyətdə insan resurslarından səmərəli istifadə məqsədilə kompleks tədbirlər həyata keçirilir. 2014-cü ildə Fransanın "Suez Environnement” şirkəti ilə praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə imzalanıb və təlim sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işlər aparılıb. Eyni zamanda Hövsan Aerasiya Stansiyasının ərazisində yeni Təlim-Tədris Mərkəzi istifadəyə verilib. Mərkəzdə beynəlxalq və regional təlimlərin keçirilməsi üçün lazımi şərait yaradılıb. Mütəxəssislərin praktiki biliklərinin artırılması məqsədilə burda təcrübə poliqonu inşa edilib.

2020-ci ilin əvvəlində Dünya Səhiyyə Təşkilatının pandemiya elan etdiyi koronavirus infeksiyası digər sahələrdə olduğu kimi, kommunal xidmət təşkilatlarının da fəaliyyətinə təsirsiz ötüşmədi. İnfeksiyanın yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə uyğun olaraq "Azərsu” ASC tərəfindən zəruri tədbirlər görülür. Qərargahın tələblərinə uyğun olaraq işlərin koordinasiyalı şəkildə idarə olunması üçün operativ qrup yaradılıb. Sosial izolyasiya tədbirlərinin tətbiq olunduğu gündən minimal işçi heyəti ilə əhalinin dayanıqlı və təhlükəsiz içməli su təchizatı təmin olunur.

Su təsərrüfatı işçilərinin əməyi hər zaman ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. "Azərsu” ASC-nin əməkdaşlarının fəxri ad və medallarla təltif olunması, icrasına başlanan və istismara verilən bir çox layihələrin təməlqoyma və açılış mərasimlərində Prezident İlham Əliyevin şəxsən iştirakı, 14 may 2014-cü ildə imzalanmış sərəncamla iyun ayının 5-nin "Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramının təsis edilməsi bunun bariz nümunəsidir.

Son illər şəhər və rayon mərkəzləri, həmçinin içməli sudan əziyyət çəkən kənd və qəsəbələrdə həyata keçirilən su-kanalizasiya layihələri müstəqil Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığı və sosial rifahının yüksəldilməsinə hesablanmış məqsədyönlü siyasətinin əsas istiqamətini təşkil edir. Hədəf isə hər bir yaşayış məntəqəsinin 24 saat keyfiyyətli içməli su təchizatına nail olmaqdır. "Azərsu” ASC-nin çoxminli kollektivi su təchizatı və kanalizasiya layihələrinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək üçün bundan sonra da əzmlə çalışacaqdır.

 

Qorxmaz HÜSEYNOV,

"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri

Azərbaycan.-2020.- 4 iyun.- S.7.