Azərbaycan təhsilinin pandemiya sınağı

 

COVID-19 pandemiyası bütün dünyada ənənəvi şəraitdən tam fərqli bir situasiya yaratmış, sosial-iqtisadi prioritetlərə yenidən baxılmasını zəruri etmişdir. Hər bir ölkə bu situasiyadan daha az itkilərlə çıxmaq üçün xüsusi strategiyalar müəyyənləşdirmişdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dəfələrlə vurğulandığı və beynəlxalq aləmdə etiraf edildiyi kimi, Azərbaycan pandemiya dövründə ən uğurlu strategiya seçən ölkələrdən biri olmuşdur.

Pandemiyanın təsirlərini minimuma endirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vaxtında və çevik qərarların qəbul edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi pandemiyanın geniş yayılmasının qarşısını almışdır. İlk növbədə səhiyyə sistemi gücləndirilmiş, sosial cəhətdən həssas əhaliyə davamlı dəstək mexanizmləri tətbiq edilmiş, iqtisadi dayanıqlığın təmin edilməsi ilə bağlı əhəmiyyətli addımlar atılmışdır. Bütün ölkə ictimaiyyəti vaxtında atılmış bu addımları böyük rəğbətlə qarşılamışdır. Təqdirəlayiq haldır ki, pandemiya ilə mübarizədə Azərbaycan təcrübəsi bir sıra ölkələr tərəfindən öyrənilmiş və tətbiq edilmişdir.

 

 

Çevik addım atan 12 ölkədən biri

 

Pandemiya dünyada təhsil sistemlərinə də təsirsiz qalmamışdır. İlkin mərhələdə ölkələrin təhsil sistemi pandemiyaya adekvat reaksiya göstərə bilməmiş, sadəcə proseslərin arxasınca getmişdir. Əksər hallarda təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasının qısa bir müddət sürəcəyi və tezliklə fəaliyyətini davam etdirəcəyi barədə gözləntilər var idi. Lakin pandemiyanın kütləvi itkilərlə müşayiət edilməsi və hələ uzun müddət davam edəcəyi aydın olandan sonra, təhsil sistemləri təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görməyə başlamışlar.

Pandemiya şəraitində Azərbaycanda təhsilin fasiləsizliyinin təmin edilməsi bir sıra istiqamətləri və mərhələləri əhatə etmişdir. Belə ki, ilk mərhələdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2020-ci il tarixli 35s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı”nın icrası ilə bağlı Təhsil Nazirliyi tərəfindən Tədbirlər Planı hazırlanıb həyata keçirilməsinə başlandı. Nazirlikdə 7/24 saat rejimində fəaliyyət göstərən Qərargah yaradıldı və hər gün hər bir təhsil müəssisəsindən vəziyyətlə bağlı məlumatlar toplandı, ümumiləşdirildi və Nazirlər Kabineti yanında Operativ Qərargaha ötürüldü.

Təhsil Nazirliyi tərəfindən yerli təhsili idarəetmə orqanlarına və təhsil müəssisələrinə vəziyyətə həssas yanaşılaraq tibbi-profilaktik tədbirlərin görülməsi ilə bağlı təlimati məktub göndərildi, təhsil müəssisələrində tibbi-profilaktik tədbirlərlə bağlı təhsilverənlər, təhsilalanlar və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsi, müəssisələrin zəruri tibbi ləvazimatlarla, dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmasına nəzarətin artırılması və aidiyyəti qurumlar tərəfindən sanitar-epidemioloji işlərin aparılmasına şəraitin yaradılması, kütləvi tədbirlərin məhdudlaşdırılması barədə tapşırıqlar verildi. Valideynlər üçün tövsiyələr, "Təhsil müəssisələrində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üzrə profilaktik tədbirlər barədə təlimat” hazırlandı və tətbiq edildi. Bütün təhsil müəssisələrində sistemli şəkildə dezinfeksiya işləri aparılmağa başlandı. Həyata keçirilən tədbirlər təhsil müəssisələrində sanitar-gigiyenik vəziyyətin yaxşılaşmasına əhəmiyyətli təsir etdi, heç bir yoluxma halı baş vermədi ki, bu da ən vacib məqamlardan biri idi.

Cari il fevralın 28-də ölkədə ilk koronavirusa yoluxma halı (tranzitlə keçən əcnəbi vətəndaşda) aşkarlandıqdan dərhal sonra növbəti iş günündə - martın 2-də dövlət başçısının tapşırığına uyğun olaraq, Nazirlər Kabineti tərəfindən COVID-19 infeksiyasına yoluxma halının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə tədrisin, təlim-tərbiyə prosesinin dayandırılması və bununla əlaqədar bütün tədbirlərin təxirə salınması barədə qərar qəbul edildi. Onu da qeyd etmək lazımdır ki, həmin vaxt ölkə ərazisində bütün təhsil müəssisələrinin fəaliyyətini dayandırması barədə qərar dünyada yalnız 12 ölkə tərəfindən verilmişdi, sonradan isə bu qərar, demək olar ki, bütün ölkələri əhatə etdi.

Qərara uyğun olaraq, martın 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi mərhələlərlə tədris ilinin sonunadək dayandırıldı. Təhsilin fasiləsizliyini və davamlılığını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən təxirəsalınmadan yeni təşəbbüslərin reallaşdırılmasına başlandı. Qeyd etmək lazımdır ki, bu, artıq pandemiya şəraitində təhsilin təşkili sahəsində ikinci mərhələ idi.

 

 

1 milyondan çox müəllim-şagird heyəti yeni təşəbbüslərdən yararlandı

 

İlk növbədə əhatə dairəsinə görə ən geniş olan ümumi təhsil pilləsində teledərslərin təşkili ilə bağlı işlərə başlandı. Bu məqsədlə qısa müddət ərzində yüksək peşəkarlığa malik müəllimlərdən ibarət heyət müəyyənləşdirildi, texniki təchizat məsələləri həll edildi və teledərslərin çəkilişlərinə başlandı.

Dərslərin nümayişi üçün televiziyanın seçilməsi təsadüfi deyildi. Belə ki, ölkənin bütün regionlarında, xüsusilə də ucqar kəndlərdə şagirdlərin fasiləsiz və sürətli internet bağlantısı ilə təmin edilməsi sahəsində çətinliklər olduğu üçün onların müəyyən hissəsinin dərslərdən yararlana bilməməsi ehtimalı var idi. Dövlət televiziyasının bütün ölkəni əhatə etdiyi nəzərə alınaraq, dərslərin 2 televiziya kanalında (Azərbaycan Televiziyasının "Mədəniyyət” kanalı və "ARB Günəş” kanalı) yayımlanması barədə qərar qəbul edildi. Zaman göstərdi ki, bu, vaxtında verilmiş və yeganə düzgün qərar idi. Ümumi təhsil müəssisələrinin şagirdləri üçün 11 mart 2020-ci il tarixindən etibarən şənbə və bazar günləri istisna olmaqla, hər gün 5-6 saat TV dərslər yayımlanmağa başlandı, təhsilin əhatəliyi və əlçatanlığı təmin olundu, ümumi təhsil müəssisələrində təhsil alan 1,6 milyon şagird tədrisə cəlb olundu. Dərslər ümumi təhsil proqramına uyğun olaraq bütün sinifləri və əksər fənləri əhatə edir. Nümayiş etdirilən bütün teledərslər sonradan sərbəst istifadə üçün Təhsil Nazirliyinin www.video.edu.az elektron portalında və rəsmi "Facebook” səhifəsində, "Youtube” kanalında da yerləşdirilir ki, bu da şagirdlər üçün əlavə imkanlar yaradır. Teledərslərlə yanaşı, hər həftə ev tapşırıqlarının həllinə həsr olunmuş 2 saatlıq interaktiv verilişlər də təqdim edilir ki, bu da şagirdlərlə əks əlaqəyə imkan yaradır. Təqdirəlayiq haldır ki, Azərbaycanın teledərslər təcrübəsi sonradan Gürcüstan, Türkiyə, Ukrayna, Böyük Britaniya və digər ölkələr tərəfindən istifadə edilməyə başlandı. Tədris ilinin sonunadək təqdim edilən teledərslərin ümumi sayı 2124 təşkil edəcəkdir.

Bu işlərin məntiqi davamı olaraq növbəti addım kimi, aprelin 2-dən "Virtual məktəb” layihəsinə start verildi, ölkənin ən iri milli onlayn platforması şagirdlərin istifadəsinə verildi. Layihənin məqsədi yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirmək idi. Hər bir şagird "Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına uyğun sinfə təyin olunur. Portal vasitəsilə şagirdlər teledərslərdə tədris olunan mövzulara əsasən hazırlanmış ev tapşırıqlarını yerinə yetirir və əlavə tədris resurslarından faydalana bilirlər. Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq yeni tapşırıqlar əlavə olunur. Müəllimlərin portalda qeydiyyatı təmin edilmiş, onlar tərəfindən portalda onlayn dərslərin keçirilməsi üçün imkanlar yaradılmışdır. Sonradan portalın funksionallığı genişləndirilərək qeyd olunan imkanlarla yanaşı, görüntülü və audio dərslərin keçirilməsi, teledərslərin izlənilməsi, tədris cədvəlinin tutulması, şagird və müəllim qruplarının təşkili, sənədlərin üzərində birgə iş, həftəlik tapşırıqların həll edilməsi, o cümlədən şagird və müəllimlər arasında yazışma imkanları da təqdim edilmişdir. Bu günə onlayn platformada qeydiyyatdan keçmiş müəllim və şagirdlərin sayı 1 milyondan artıqdır. Həmin platforma üzərindən artıq 1 aydan çoxdur ki, hər həftə şagirdlər arasında "Virtual əlaçı” müsabiqəsi keçirilir və həftənin qalibi elan edilir ki, bu da onların motivasiyasının artırılmasına və sağlam rəqabətə imkan yaradır. Bu günədək 100-dən artıq şagird bu müsabiqənin qalibi olmuşdur.

Eyni zamanda yeni bir təşəbbüs kimi, təhsilalanlara daha geniş təlim imkanlarının yaradılması, müəllimlərə təlimlərin verilməsi və mentor dəstəyinin göstərilməsi məqsədilə "onlayn siniflər”in fəaliyyəti təşkil edildi. Burada iştirak edən qabaqcıl müəllimlər müxtəlif şagird qrupları üçün onlayn dərslərin tədrisində, digər müəllimlərə mentor dəstəyinin göstərilməsində, habelə müəllim heyətinin potensialının inkişafına yönəlmiş təşəbbüslərin həyata keçirilməsində iştirak edirlər. Həmçinin yerli təhsili idarəetmə orqanlarına müəllimlərin ixtisasının artırılması, məzmunun uyğunlaşdırılması, təhsilalanların motivasiyasının artırılması istiqamətində dəstək göstərilir. Bu istiqamətdə 1000-dən çox müəllim distant təhsil mövzusunda onlayn təlimlərə cəlb olunmuşdur.

 

 

Məktəblilərin tarixi nailiyyəti, təhsil layihəsinin COVID-19-la mübarizəyə töhfəsi

 

 

Bunlarla yanaşı, mövcud vəziyyətlə əlaqədar olaraq ənənəvi keçirilən müxtəlif müsabiqə, yarışlar da virtual və onlayn formatda təşkil edilir. Əhəmiyyətli haldır ki, cari ilin aprel ayında virtual formatda keçirilən Avropa Qızlar Riyaziyyat Olimpiadasında azərbaycanlı məktəblilər tarixi nailiyyət əldə edərək 3 bürünc medal qazanmışlar.

Pandemiya ilə mübarizəyə töhfə verilməsi istiqamətində aprel ayının əvvəlindən Təhsil Nazirliyinin "STEAM Azərbaycan” layihəsi çərçivəsində COVID-19 infeksiyasından qorunmaq üçün "üz sipəri”, eləcə də bir çox tibbi cihaz və avadanlıqların müxtəlif detallarının sınaq istehsalına başlanmışdır. Proses çərçivəsində 1500-dən çox "üz sipəri” istehsal olunaraq tibb işçilərinə və1400 "üz sipəri” isə polis işçilərinə təqdim edilmişdir. İstehsal prosesi insan əməyi olmadan, xüsusi 3D printerlərlə həyata keçirilir. "Üz sipəri”nin hazırlanmasında istifadə olunan məhsullar ekoloji təmiz və insan həyatı üçün təhlükəsizdir. Bu qoruyucu sipər insanın üzünü tam örtməklə hava-damcı yolu ilə yayılan infeksiyalara qarşı müdafiə rolunu oynayır. "STEAM Azərbaycan” layihəsinə Heydər Əliyev Fondunun dəstəyi ilə 2019-cu ilin sentyabr ayından start verilmişdir. Layihə hazırda ölkənin 42 məktəbində 6 mindən çox şagirdi əhatə edir. İxtiraçılığın, innovasiyaların və yaradıcılığın şagirdlər arasında təşviq edilməsi layihənin əsas məqsədlərindəndir.

 

Azərbaycanda tətbiq edilən təhsil platforması UNESKO-nun rəsmi siyahısında

 

Xüsusi vurğulamaq lazımdır ki, pandemiya dövründə Azərbaycanda tətbiq edilən təhsil platforması UNESKO-nun rəsmi saytında təqdim edilən siyahıda yer almışdır. Belə ki, dünyada COVID-19 pandemiyasının yayılması ilə əlaqədar UNESKO-nun rəsmi saytında (https://en.unesco.org/covid19/educationresponse/solutions) şagirdlərin öyrənmə prosesini asanlaşdırmaq məqsədilə distant təhsil platformaları, elektron portallar və təlim tətbiqlərinin siyahısı təqdim olunmuşdur. Ölkəmizdə tətbiq edilən hesablama təfəkkürü və riyazi bacarıqların inkişafına xidmət edən "Polyup” platforması da bu siyahıya salınmışdır. 2018-ci ilin dekabr ayından etibarən Azərbaycanda 90 məktəbdən ümumilikdə 1000-dən çox müəllim və 10 min şagird "Polyup” layihəsinə qoşularaq fəal şəkildə respublika üzrə keçirilən müsabiqələrdə iştirak edirlər. 2019-cu ilin fevral ayından başlayaraq Azərbaycan üzrə 10 "Polyup” müsabiqə həyata keçirilmişdir. Bundan əlavə, portal vasitəsilə müəllim və şagirdlərə beynəlxalq müsabiqələrdə iştirak imkanları da yaradılmışdır. Hazırda Təhsil Nazirliyi "Polyup” platformasındakı resursları teledərslərə və www.video.edu.az portalında yerləşən digər videoresurslara inteqrasiya etmişdir.

Təhsil Nazirliyi pandemiya dövründə məktəbəqədər təhsilin davamlılığı ilə bağlı tədbirlərin həyata keçirilməsinə nail olmuşdur. Belə ki, Nazirliyin Təhsil İnstitutu tərəfindən həyata keçirilən "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində UNICEF-in maliyyə dəstəyi ilə "Oynayırıq və öyrənirik” adlı teledərslərə start verilmişdir. Məktəbəqədər yaş dövrünə aid uşaqlar üçün hazırlanan teledərslər "ARB Günəş” telekanalının efirində həftənin iki günü yayımlanır. Teledərslərdə uşaqlara mövzulara dair nəzəri məlumatlar verilməklə yanaşı, onların inkişafı üçün praktiki məşğələlər də təqdim olunur. Teledərslərlə yanaşı, uşaqlar üçün onlayn dərslər və tərbiyəçi müəllimlər üçün vebinarların təşkili də davam etdirilir. Layihə çərçivəsində ölkə üzrə 33 rayon və şəhərin 308 icmasını əhatə edən 321 icma əsaslı məktəbəqədər təhsil qrupuna 6212 nəfər 3-4 yaşlı uşaq cəlb edilmişdir. Onu da qeyd etmək lazımdır ki, təşkil edilən teledərslər, onlayn dərslər və vebinarlar yalnız Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihənin əhatə etdiyi uşaqlar və tərbiyəçilər üçün deyil, ölkənin bütün məktəbəqədər təhsil müəssisələri üçün əhəmiyyətlidir.

 

 

Məktəblilərin ev şəraitində məktəbdənkənar fəaliyyətinin səmərəli təşkili

 

Pandemiya dövründə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən fəaliyyətlərin bir istiqaməti təhsilin fasiləsizliyinin təmin edilməsi idisə, digər ondan az vacib olmayan istiqaməti məktəblilərin ev şəraitində asudə vaxtlarının səmərəli təşkilinə nail olmaq, onların fiziki hazırlığı və yaradıcılıq imkanlarının inkişaf etdirilməsini təmin etmək idi. Məhz bu istiqamətdə məktəbdənkənar təhsil sahəsində bir sıra uğurlu təşəbbüslər həyata keçirilməkdədir. Təhsil Nazirliyi tərəfindən aprelin 1-dən məktəbdənkənar təhsil müəssisələrinin qrup və dərnəklərinə cəlb edilən məktəblilər üçün dərs cədvəlinə uyğun olaraq onlayn dərslərə start verilmişdir. Məşqçi-müəllim və dərnək rəhbərləri müxtəlif proqram təminatlarından yararlanaraq məktəbliləri interaktiv tədris prosesinə cəlb edir, onların fiziki sağlamlıqlarının təmin edilməsi üçün idmanın bütün növləri üzrə məşq prosesi, yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün rəqs, rəsm, bacarıqlı əllər, bədii qiraət, ifa, biçmə-tikmə, erudit və s. sahələr üzrə dərslər təşkil edir, mövzuya uyğun sual-cavab, fikir mübadiləsi aparmaq imkanı yaradır. Onlayn dərslərdə indiyədək 27 idman növü və 103 dərnək üzrə 15 min nəfərdən artıq qrup və dərnək üzvü, 1200-dən çox müəllim iştirak etmişdir.

Martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət” və "ARB Günəş” telekanallarında yayımlanan "Dərs vaxtı” proqramına uyğun olaraq fiziki tərbiyə dərsləri, 14 aprel tarixindən isə yaradıcılıq fəaliyyəti ilə bağlı teledərslər keçirilir, hər həftənin şənbə günü "Mədəniyyət” telekanalında "Dərsdən sonra” teleproqramı yayımlanır.

Məktəbdənkənar fəaliyyət sahəsində onlayn platformalarda reallaşan ölkədaxili və beynəlxalq səviyyəli idman yarışları, yaradıcılıq müsabiqələri, sərgilər, "dəyirmi masa”lar və digər tədbirlər də həyata keçirilmişdir. Belə ki, uşaq-gənclər inkişaf mərkəzləri tərəfindən respublika səviyyəli "Biz birlikdə güclüyük!”, "Heç kim unudulmur, heç nə yaddan çıxmır” mövzularında rəsm müsabiqələri, "Evdə qalaq, evdə yaradaq!” yaradıcılıq festivalı, "Gələcək naminə birlikdə!” videoçarx müsabiqəsi, "Evdə qalaq, nəğmə deyək” müsabiqəsi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "Ürəklərdə yaşayan Ulu Öndər” adlı virtual sərgi və "dəyirmi masa”lar, Böyük Britaniya, İsveçrə, Fransa, Türkiyə, Rusiya, Özbəkistan, Ukrayna, Gürcüstan və Belarusdan məktəblilərin iştirakı ilə "Qavaldaş” - zərb çalğı alətləri ifaçılığı üzrə uşaq və gənclərin III Respublika və I Beynəlxalq festival-müsabiqəsi, ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) və Tusi Bohm Planetariumun birgə təşkilatçılığı ilə keçirilən "Bir günün alimi” (Scientist for a day) inşa-yazı müsabiqəsi, "Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində gənclərin V Ekoloji Forumu, "Üç alov” uşaq və gənclərin beynəlxalq folklor, klassik və müasir yaradıcılıq festivalı, Beynəlxalq Muzeylər Gününə həsr olunmuş "Məktəblilər üçün muzey həftəsi” çərçivəsində Azərbaycan Milli Xalça Muzeyi, Qazaxıstan Milli Muzeyi, Qırğızıstan Milli İncəsənət Muzeyi, Türkiyə Troya Muzeyi, Özbəkistan Dövlət Tarix Muzeyi və Macarıstan Milli Muzeyinin iştirakı ilə "Türk dünyası muzeylərinin həftəsi” təşkil edilmişdir. Eyni zamanda şahmat üzrə respublika birinciliyi, 17 yaşadək şahmatçılar arasında Qran-Pri turniri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş şahmat üzrə "Beynəlxalq təhsil kuboku” və digər idman tədbirləri keçirilmişdir. Bu tədbirlərə ümumilikdə 20 mindən çox məktəbli qoşulmuşdur.

 

 

Peşə təhsilində alternativ tədris və təlim metodlarına zərurət

 

Peşə təhsili. COVID-19 pandemiyası peşə təhsilində də alternativ tədris və təlim metodlarını nəzərdən keçirməyi zəruri etmişdir. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) bir sıra peşə və ixtisaslar üzrə videodərslərin hazırlanmasına başlamışdır. Daha çox sayda peşəni əhatə etmək üçün Avropa Birliyi tərəfindən dəstəklənən layihələr çərçivəsində BMTİP və GİZ bu təşəbbüsə qoşulmuşdur. Hazırlanmış videodərslər "İT və proqramlaşdırma üzrə mütəxəssis”, "Geyim üzrə dizayner”, "Bərbər”, "Aşpaz”, "Qənnadçı-şirniyyatçı”, "İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı”, "Avtomobil diaqnostikası və təmiri mütəxəssisi” və "Mebel ustası” kimi ixtisasları əhatə etmişdir. Təşəbbüsün ikinci mərhələsi olaraq, GİZ-in dəstəyi və özəl sektor nümayəndələrinin iştirakı ilə turizm istiqaməti üzrə peşələr üçün ("Aşpaz köməkçisi”, "Hotel administratoru”, "Turizm təşkilatçısı”) videodərslərin yayımlanmasına başlanmışdır.

Peşə təhsili və təlimi sistemində təhsilalanların tədris prosesində iştirakını təmin etmək üçün mart ayından etibarən "Mədəniyyət” telekanalında həftədə iki dəfə olmaqla 4 videodərsin yayımlanması həyata keçirilməkdədir. Bu videodərslər PTDA-nın rəsmi "Youtube” kanalı, həmçinin video.edu.az portalı vasitəsi ilə də paylaşılır. Bu təşəbbüslərlə yanaşı, PTDA öyrənmə nəticələrinin qiymətləndirilməsi vasitələrinin hazırlanmasına və seçilmiş peşələr üzrə tam onlayn mənbələrin (video dərslər və mətnlər daxil olmaqla) tərcüməsinə də başlanmışdır.

 

 

Sosial dəstəyə ehtiyacı olan 20 mindən çox tələbə artıq qeydiyyatdan keçib

 

 

Ali təhsil. Təhsil proqramlarının mənimsənilməsinin təmin edilməsi məqsədilə Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq, ali və orta ixtisas təhsili müəssisələrində müxtəlif onlayn platformalar üzərindən dərslərin təşkilinə başlanmışdır. Həmin dərslərə bugünədək 100 mindən artıq tələbə və professor-müəllim heyəti qoşulmuşdur. Ali təhsil müəssisələrinə Təhsil Nazirliyinin təqdim etdiyi "MS Teams” platformasından ödənişsiz istifadə imkanı yaradılmışdır və onlara texniki dəstək göstərilməkdədir. Bununla yanaşı, tədris prosesinin məsafədən təşkili zamanı ali təhsil müəssisələrinin özlərinin daxili tədrisin elektron idarəedilməsi sistemi, Stanford Universitetinin "Coursera for Campus” proqramı (UNEC, BANM), "Blackboard Colloborate” proqramı (ADA), KOICA şirkətinin sistemi (AzTU), "ZOOM” və "Moodle”, "Google classroom” və digər proqramların imkanlarından geniş istifadə olunur. "Online” dərslərdə müəyyən səbəblərdən iştirak edə bilməyən tələbələrə mühazirələrin videoyazısını izləmək imkanları da yaradılmışdır. Sadalanan proqramlar dərsləri məsafədən təşkil etməklə yanaşı, həm də tələbələr üçün zəruri olan mühazirələri, sillabusları, təqdimatları, sərbəst işlərin mövzularını, imtahan suallarını və digər tədris materiallarını həmin sistemdə yerləşdirməyə imkan verir.

Koronavirus pandemiyasının təsirlərinin minimuma endirilməsi məqsədilə Nazirlər Kabinetinin "Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” 13 aprel 2020-ci il tarixli qərarı imzalanmışdır. Həssas əhali qrupuna ünvanlı dövlət sosial yardımı alanlar; hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar: I və II dərəcə əlilliyi olan şəxslər; işsiz kimi qeydiyyatda olanlar; yaşa görə əmək pensiyaçıları; yaşa görə sosial müavinət alanlar aid edilmişdir. Qərar ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan 22 mindən artıq tələbəni əhatə edəcək. Qeyd edilən kateqoriyalardan olan tələbələrin təhsil haqqı xərcinin 50 faizi 2019-2020-ci ilin yaz semestri üzrə, 50 faizi isə 2020-2021-ci tədris ilinin payız semestri üzrə elektron qaydada dövlət büdcəsi hesabına ödəniləcək. Tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi üçün 40 milyon manat məbləğində vəsait nəzərdə tutulmuşdur. Təhsil Nazirliyi tərəfindən bu məqsədlə yaradılmış e-telebe.edu.az elektron portalı üzərindən artıq 20 mindən çox tələbə qeydiyyatdan keçərək sənədlərini təqdim etmişdir.

Dövlət başçısı tərəfindən ötən il imzalanmış müvafiq fərman və sərəncamlara uyğun olaraq, hazırda ölkəmizdə hər iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir. O cümlədən sosial həssas qrupdan olan 17 min tələbə dövlət hesabına oxuyur ki, onların təhsil xərcləri üçün cari ildə 39.9 milyon manat vəsait nəzərdə tutulmuşdur.

 

Psixoloji dəstək üçün 1521-dən artıq zəng

 

Pandemiyanın təsirlərinin azaldılması istiqamətində Təhsil Nazirliyi tərəfindən bir sıra sosial-psixoloji fəaliyyətlər də həyata keçirilmişdir. Pandemiya ilə əlaqədar evdə qalan şagird və müəllimlərə, eləcə də vətəndaşlara mənəvi-psixoloji dəstək məqsədilə Təhsil Nazirliyi tərəfindən 6 aprel tarixindən 146-3 "Qaynar xətt” xidməti fəaliyyətə başlamışdır. Xidmətin təşkili üçün təcrübəli məktəb psixoloqları işə cəlb edilmişdir və hazırda xidmətə müraciət edən hər bir vətəndaşa psixoloqlar tərəfindən telefon vasitəsilə psixoloji məsləhətlər təşkil edilir, zəruri mənəvi dəstək göstərilir. İndiyədək daxil olan 1521-dən artıq zəng əsasən karantin dövründə yaşlı insanlarda yoluxma riskinin artması ilə bağlı yaşanan təşviş, yeniyetmə və tələbələrin vərdiş etdikləri gündəlik həyat şəraitindən təcrid olunması, təhsil müəssisələrində dərslərin dayandırılması nəticəsində depressiv vəziyyət, evdə qalmağa məcbur olan kiçik yaşlı məktəblilərdə müşahidə olunan aqressiv davranışlar və abituriyentlərin qəbul imtahanları ilə bağlı yaşadığı həyəcanla əlaqəli olmuşdur. Müraciət edən bütün şəxslərə peşəkar psixoloji dəstək göstərilmiş, tövsiyələr verilmişdir.

Bu istiqamətdə daha bir təşəbbüs "Böyüklərimizi qoruyaq!” sosial aksiyası olmuşdur. 24 mart tarixindən İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri və "Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə yaşı 65-dən yuxarı tənha vətəndaşlar üçün "Böyüklərimizi qoruyaq!” adlı sosial aksiyaya başlanmışdır. Aksiya xüsusi karantin dövründə yaşı 65-dən yuxarı olan tənha vətəndaşlara evdə sosial xidmətlərin daha operativ və səmərəli təşkilinə dəstək verilməsi məqsədini daşıyır. Aksiya çərçivəsində Təhsil Nazirliyinin "Bir” Tələbə-Könüllü proqramının könüllüləri tərəfindən yaşlı insanlara zəruri dəstək göstərilmişdir və hazırda da aksiya davam etməkdədir.

 

 

Müəllimlik alternativi olmayan bir peşədir

 

Müəllim peşəsinə yeni baxış. Pandemiya müəllim peşəsinin nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiq etdi. Belə fikirlər səslənirdi ki, müasir inkişaf dövründə müəllimə ehtiyac azalır, təhsilalanlar sərbəst öyrənmə imkanlarından yararlana bilir. Lakin belə hadisələr bir daha sübut edir ki, müəllimlik alternativi olmayan bir peşədir. Cəmiyyət bir daha əmin oldu ki, Azərbaycan müəllimləri hər zaman üzərlərinə düşən missiyanı şərəflə yerinə yetirmiş, şagirdlərə mükəmməl bilik, savad verməklə yanaşı, onların milli-mənəvi dəyərlər, azərbaycançılıq ruhunda tərbiyəsinə, layiqli vətəndaş kimi formalaşmasına bütün həyatını sərf etmişlər. Pandemiya dövründə fədakarlıq göstərən peşə sahibləri insanların sağlamlığını təmin edən həkimlərlə yanaşı, şəxsi qayğılarını kənara qoyaraq təhsilin fasiləsizliyini təmin edən müəllimlər oldu. Müəllimlər ən müasir elektron sistemlərdən, platformalardan istifadə edərək onlayn dərslər təşkil etdilər, proqram materiallarının mənimsənilməsinə səy göstərdilər, şagirdləri ilə ünsiyyətdə oldular və tədris ilinin uğurla başa çatdırılmasına zəmin yaratdılar.

 

 

Pandemiyadan çıxarılan dərs və verilən qərarlar

 

 

Təhsil Nazirliyi tərəfindən həyata keçirilən fəaliyyətlərin üçüncü mərhələsi tədris ilinin yekunlaşdırılması ilə bağlı addımların müəyyənləşdirilməsi oldu. Bununla əlaqədar Dövlət İmtahan Mərkəzi, Təhsil Nazirliyi yanında İctimai Şura, mütəxəssislərlə çoxsaylı müzakirələr təşkil edildi. Ümumi təhsil müəssisələrində yekun qiymətləndirmələrin və monitorinqlərin aparılması, birinci sinfə qəbulun təşkili, təhsilalanların bir sinifdən digərinə keçirilməsi, buraxılış imtahanlarının təşkili, ali təhsil müəssisələrində və təhsilin digər pillələrində yay imtahan sessiyalarının təşkili, müəllimlərin işə qəbulu imtahanlarının keçirilməsi vaxtı, formatı və qaydaları ilə bağlı qərarlar qəbul edildi.

Uşaqların ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbulu ilə bağlı xüsusi çətinlik yaranmadı. Belə ki, pandemiyadan əvvəl başlanmış elektron qəbul prosesi davam etdirildi. Təhsil Nazirliyi tərəfindən hələ bir neçə il bundan əvvəl yaradılmış elektron qəbul sistemi bütün ölkəni əhatə etdi və bu proses uğurla həyata keçirildi. Artıq 135 mindən çox şagirdin qəbul prosesi yekunlaşmışdır. Eyni zamanda məktəbəhazırlıq qruplarına qəbulun da ölkə üzrə elektron sistemlə həyata keçirilməsi ilə bağlı tədbirlər həyata keçirilməkdədir. May ayından başlayaraq tədris digər dillərdə təşkil olunmuş siniflərə qəbul üçün şifahi nitq bacarığının yoxlanılması müsahibələri onlayn şəkildə təşkil edilir. Qeyd etmək lazımdır ki, vaxtilə elektron qəbulla bağlı Təhsil Nazirliyi tərəfindən atılmış bu qabaqlayıcı addımların son dərəcə zəruri olduğu bir daha təsdiqləndi.

DİM-lə aparılan müzakirələr nəticəsində buraxılış imtahanlarının məzmununa yenidən baxılması, tədris prosesinin dayandırıldığı dövrə təsadüf edən mövzuların imtahan proqramlarına daxil edilməməsi barədə qərar qəbul edildi. Buraxılış imtahanlarının pandemiya tələbləri nəzərə alınmaqla keçirilməsi nəzərdə tutuldu.

"Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” Təhsil Nazirliyinin Kollegiyası tərəfindən təsdiq edildi və nəzərdə tutuldu ki, şagirdlərin birinci yarımillik üçün nəticələri tədris ili üzrə illik nəticələr kimi qəbul edilsin. Hər hansı fənn üzrə qeyri-müvəffəq qiymətlər alan və ya nəticələrini yaxşılaşdırmaq istəyən şagirdlər üçün isə 30 gün müddətində təhsil müəssisəsinə müraciət etmək imkanı yaradıldı.

Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” 18 may 2020-ci il tarixli 179 nömrəli qərarına əsasən, ali və orta ixtisas təhsili müəssisələrində cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə - ÜOMG) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olundular. Təşkil olunmuş attestasiyalarda (yekun attestasiya və ya aralıq qiymətləndirmə) iştirak edə bilməyən və ya iştirak edib qeyri-müvəffəq qiymət almış tələbələr üçün (avqust - sentyabr aylarında) isə növbəti semestr başlayana qədər imtahan sessiyasının təşkil olunması barədə qərar qəbul edildi. Peşə təhsili ilə bağlı da analoji qərarlar qəbul edildi.

Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş müsabiqə əsasında müddətli müqavilə ilə işə qəbul olunmuş müəllimlərin daimi əsaslarla işə qəbul edilməsi üçün elektron müsabiqə və onlayn müsahibələr təşkil edilmiş, həmin müsahibələrdə 1200-dək müəllim iştirak etmişdir. Hazırda müəllimlərin yerdəyişməsi üzrə tədbirlər həyata keçirilməkdədir.

Pandemiya insanların bütün həyat tərzinə, davranışına və fəaliyyətinə güclü təsir etmişdir. Bu səbəbdən pandemiya və postpandemiya dövrü təhsil sistemini nəzərə alınması vacib olan bir sıra çağırışlarla üz-üzə qoymuşdur. Təhsil sistemində daha çevik və optimal məzmun və tədris strategiyalarının tətbiqi, innovasiyaların təşviq edilməsi ilə bağlı təşəbbüslərin genişləndirilməsi ön plana çıxmışdır. Bütün təhsil pillələrində, xüsusilə ali təhsildə distant təhsil təcrübəsinin daha geniş tətbiq edilməsi, texnoloji təchizat və keyfiyyətli internet bağlantısının təmin edilməsi məsələlərinin həll edilməsi, yeni təhsilalma forması ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi vacib istiqamətlərdən biridir.

Pandemiyanın əsas dərslərindən biri də ondan ibarət oldu ki, həm təhsilverənlər, həm də təhsilalanlar mükəmməl rəqəmsal bacarıqlara malik olmalıdırlar. Belə bacarıqların olmaması yüksək texnologiyalardan və müasir tətbiqlərdən istifadə imkanlarını məhdudlaşdırır, təhsilə və fəaliyyətə ciddi maneələr yaradır. Bu baxımdan əsas fəaliyyət istiqamətlərindən biri də rəqəmsal bacarıqların formalaşdırılmasına xidmət edən tədbirlərin əhatə dairəsinin genişləndirilməsi olmalıdır.

 

İxtiyar HÜSEYNLİ

Azərbaycan.-2020.- 4 iyun.- S.8.