Qızılbaş
irsinin davamçıları
Əsrlər
öncə Azərbaycanın tarixi torpaqlarından
köçən soydaşlarımız yenidən bir araya gəlirlər
"Mən
Mömin Ağa Xanam. Cənubi Dakotada yaşayıram. Bayat
tayfasındanam, qızılbaşlar soykökündənəm.
Qarabağlıyam və vətənimin ermənilər tərəfindən
işğal olunması məni çox məyus edir...”
"Mən
Əli Qızılbaşam. Pakistandanam, Türkiyədə
yaşayıram. Əslim qızılbaşlar
tayfasındandır...”
"Mən
Ağa Əli Aşğaram. Əfqanıstanda
yaşayıram. Avşaram, qızılbaşlar nəslindənəm...”
"Mən
Ağa Feysəl Əliyəm. Hindistandanam. Avşaram,
qızılbaş soyundanam...”
"Mən
Tehreen Qızılbaşam, Pakistanda yaşayıram. Azərbaycan
dilini öyrənməyə başlamışam...”
"Mən
Əli Mustafa Qızılbaşam. Malayziyada yaşayıram. Azərbaycana
gəlməyi çox istəyirəm...”
"Mən
Həmid Qəzələm, Finlandiyada yaşayıram.
Avşaram. Azərbaycanı çox sevirəm...”
"Mən
Faz Ağayam, Amerikada yaşayıram. Bayat tayfasındanam,
Qızılbaşam. Pandemiyadan sonra Azərbaycana gəlmək
niyyətindəyəm...”
...
Onların sayı hələ ki, azdır. 500-dən bir az
çoxdurlar, 20-dən artıq ölkədə məskunlaşıblar.
İstəkləri Qızılbaş soyundan gələn
bütün soydaşlarını vahid platformada bir araya gətirmək,
tarixi kökü, mənbəyi xatırlatmaqdır. Onlar əsrlər
öncəsi Azərbaycanı tərk edən
Qızılbaş babalarının törəmələri
olduqlarını, Azərbaycan əsilli mahiyyətlərini əsla
unutmurlar...
6 əsrlik nisgil
Qızılbaşlığın
adı, ideyası, mahiyyəti, mənası barədə
müxtəlif fikirlər mövcuddur. Bir rəvayətə
görə, Məhəmməd Peyğəmbər (s) Uhud
müharibəsində yaralanır, başından axan qanlar
onun başında qızıl halqa yaradır. Bundan sonra Həzrət
Əli (ə) başında qırmızı tac ilə
müharibələrdə iştirak edir. Əhli-beyt (ə)
davamçıları olan Qızılbaşlar adı da
buradan yaranır. Digər rəvayətə görə,
Şah İsmayılın əsgərlərinin başında
qırmızı təkkələr (incə materialdan olan
baş örtüyü) olduğu üçün şiələrə
qızılbaş deməyə başlayırlar.
Alman
alimi Brokelmana görə isə, atasının
ölümündən sonra Şeyx Heydər öz təriqətində
yeniliklər edərək yeni bir baş örtüyünü
mütləq saydı. Bu, 12 imama işarət edən 12 dilimli
bir Heydəri qırmızı baş örtüyü idi.
Qızılbaşlar 12 şiə imamı şərəfinə
12 qırmızı zolaqlı çalma
bağladıqlarına görə belə adlanırdılar.
XV əsrin
ikinci yarısında meydana çıxmış olan
Qızılbaşlıq hərəkatı Azərbaycan,
İran, İraq və Şərqi Anadoluda yaşayan türk
tayfalarının tarixində yeni bir səhifə
açdı. Qızılbaşlar əvvəlcə
şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar,
zülqədər, varsaq, qaradağlı, sonralar isə bayat,
qaramanlı, baharlı, alpaut, ərəşli, qazaxlı və
başqa türk tayfalarını birləşdirirdi.
Talışlar qızılbaşların tərkibində yeganə
irandilli xalq idi.
Tarixdən
məlum olduğu kimi, Qızılbaşlıq Azərbaycanda
yaranmışdı. Bu tayfanın hakim mövqedə olduğu
Səfəvilər dövləti həm də
"Qızılbaşlar dövləti”
adlandırılıb. Səfəvilər bugünkü Azərbaycan,
İran, İraq, Ermənistan, Əfqanıstan, Qərbi
Pakistan, Türkmənistan, Şərqi Türkiyə,
Şimal-şərqi Hindistan və Özbəkistan ərazilərini
əhatə edib. Bu da onu deməyə əsas verir ki,
qızılbaşlar 6 əsr ərzində bu ərazilərdə
kök salaraq dünyanın dörd bir yanına səpələniblər.
Bəs
maraqlıdır, görəsən, indi dünyada nə qədər
qızılbaş yaşayır? Onlar öz soyköklərini
tanıyırlarmı? Bu soydaşlarımızın bir-biri ilə
əlaqəsi varmı, onları tapa bilərikmi?
Qızılbaşlar Pakistana
prezident, nazir, generallar bəxş ediblər
Bəlkə
də bu suallara cavab sizə mümkünsüz görünəcək.
Bəli, bu, mürəkkəb işdir, amma qeyri-mümkün
deyil. Hazırda "Facebook” sosial şəbəkəsində
"Qizilbash Unity” adlı qrup fəaliyyət göstərir.
Babək Hüseynli tərəfindən yaradılan qrupda
dünyanın müxtəlif ölkələrində
yaşayan qızılbaşlar bir araya gətirilir. Burada 20-dən
artıq ölkədən 500-dən çox həmvətənimiz
aktivlik göstərir, müxtəlif sahələrdə fikir,
informasiya mübadiləsi aparır. Qrupun yaradılmasında məqsəd
əsrlər öncə Azərbaycanın tarixi
torpaqlarından köçərək digər ölkələrdə
məskunlaşmış soydaşlarımızı bir yerə
toplamaq, onlara Azərbaycan dilini öyrətmək, ölkəmizə,
cəmiyyətimizə inteqrasiya etdirməkdir.
Bu
vacib təşəbbüsün müəllifi Babək Eyvaz
oğlu Hüseynli qızılbaşların baş məskənlərindən
sayılan Qarabağda, Xocavənd rayonunda doğulub. İngiltərədə
təhsil alıb, London şəhərində aktiv diaspor fəaliyyəti
ilə məşğul olub. Təhsilini bitirdikdən sonra
ölkəyə qayıdıb müxtəlif özəl və
dövlət qurumlarında çalışıb. Onunla
qızılbaşların sayı, yaratdığı qrup,
qarşıda duran məqsədlər, planlar barədə
söhbətləşirik. Deyir ki, Pakistan, Hindistan,
Əfqanıstan, Türkmənistan və Özbəkistanda
yaşayan soydaşlarımızın sayı ilə
bağlı dəqiq rəsmi məlumat yoxdur. Türkmənistan
və Özbəkistandakı soydaşlarımızın
statistikası, əsasən, sovet və postsovet dövründə
Qafqaz Azərbaycanından oraya köçənləri ehtiva
edir. Lakin bu ölkələrdə daha qədim və
köklü icmalarımız var ki, onlar indiyəcən "kəşf
edilməyib”.
Pakistan
və Hindistan ərazisində Azərbaycan türkləri
15-20-ci yüzilliklərdən bəri yaşayırlar.
Onların çoxu 19-cu yüzillikdə Əfqanıstandan
köçənlərdir və burada da Əfqanıstanda
olduğu kimi, qızılbaş adı altında bilinirlər.
Tariximizin iki mərhələsində Azərbaycan
torpaqlarından böyük köç baş verib. Bunlardan
biri Şah Təhmasib tərəfindən Moğol imperatoruna
göndərilən 12000 qızılbaş
döyüşçüsü, digəri isə Nadir Şah
Avşar tərəfindən onun Hindistan və
Əfqanıstanı istilası zamanı ora
apardığı Cavanşirlər, Bayat və Avşar
boylarıdır. İngilislərin apardığı
siyahıyaalmaya görə, 1901-ci ildə indiki Hindistanın
Uttar Pradeş əyalətinə uyğun gələn ərazidə
2877 nəfər, 1911-ci ilin siyahıyaalınmasına görə
isə, indiki Pakistan və Hindistan Pəncabında, Dehlidə
1959 soydaşımız yaşayıb.
"Əhalinin
təbii artımını və xaricə köçü də
nəzərə aldıqda bu iki ölkədəki
qızılbaş sayını 20 min təxmin etmək olar.
Pakistanda qızılbaşların sayı və rolu daha
çoxdur. Qızılbaşlar bu ölkəyə prezident,
nazirlər, generallar, səfir, hakim, şair bəxş ediblər.
Bu gün də Pakistan ordusunda xidmət edən
qızılbaş generallar və yüksəkrütbəli
zabitlər var. Bunların bəziləri ilə
tanışlığımız da mövcuddur”, - deyir B.
Hüseynli.
Qızılbaşlar
Əfqanıstanda rəsmi olaraq qəbul edilən etnik
azlıqdır
Əfqanıstana
Azərbaycan türkləri - qızılbaşlar 16-18-ci
yüzilliklərdə yerləşiblər. Əsasən Nadir
Şah Avşarın və onun ölümündən sonra
Dürrani hakimlərinin zamanında indiki Əfqanıstana
köçürülüblər. 19-cu yüzilliyə aid
Britaniya dövlətinin məlumatına görə,
onların sayı 50-200 min nəfər idi. Həmin tarixdən
bu yana Əfqanıstanın toplam əhalisi təxminən 7-10
dəfə artıb ki, bu hesabla soydaşlarımızın
bugünkü sayı 350 minlə 2 milyon arasında
olmalıdır: "Əfqanıstandakı
soydaşlarımız orada əsasən qızılbaş, mərvi,
avşar və başqa adlar altında tanınırlar. Az bir
qismini çıxmaqla, demək olar ki, hamısı
farsdillidir. Qızılbaşlar Əfqanıstanda rəsmi
olaraq qəbul edilən və konstitusiyada adı çəkilən
etnik azlıqlardan biridir”.
Babək
Hüseynlinin sözlərinə görə, Özbəkistana
Azərbaycan türklərinin - qızılbaşların
köçü 16-19-cu yüzilliklərdə baş verib.
Oradakı icmanın təmsilçilərinin bir çoxu
1785-1830-cu illər arasında indiki Türkmənistanda yerləşən
tarixi Mərv şəhərindən köçürülən
əslən Gəncəli Qacarlardır. Burada
soydaşlarımız "ironi” (iranlı) adı altında
tanınırlar və əsasən Zərəfşan vadisində,
Səmərqəndin Pəncab, Baği Şumal və başqa
yaşayış məntəqələrində məskunlaşıblar.
Tarixi özbək qaynaqlarına əsasən, Mərvdən
köçürülənlərin sayı 17 min ailə olub.
Köçürülən qızılbaşlar şiə məzhəbli
olduqlarına görə Özbəkistana - Buxara
xanlığına gətiriləndən sonra məzhəblərarası
problemlər ucbatından bir çoxu kimliyini gizlətməli
olub. 1926-cı ilin sovet siyahıyaalınmasına görə,
Özbəkistanda 9,2 min "iranlı” vardı. Kimliyini gizləyənləri
də nəzərə aldıqda, bugünkü sayları
50-200 min nəfər arasında təxmin edilir.
Türkmənistan
ərazisi 18-ci yüzilliyin ortalarınadək demək olar ki,
bütünlüklə, 1860-cı illərədək isə
qismən Azərbaycan türklərinə aid dövlətlərin
tərkibində və təsirində olub. Türkmən əhalisi
indiki Türkmənistana əsasən 1717-ci ildən sonra yerləşməyə
başlayıb və bu proses 1860-cı illərədək
davam edib. Türkmənistan ərazisində bu gün rəsmi
olaraq türkmənlərə aid edilən, ancaq linqvistik,
etnoqrafik və tarixi faktları nəzərə aldıqda, Azərbaycan
türklüyünə aid olan bir neçə yerli etnoqrafik
qrup var: nohurlular, annaulular, mehinlilər, əlililər və
başqaları. Bu qızılbaş icmaları türkmənlərin
həmin ərazilərə köçündən qabaq
buralarda yaşayıblar, daha sonra türkmənlərin təsirinə
düşmələri və hənəfi məzhəbindən
olmaları səbəbindən türkmən xalqı ilə
assosiasiya olunmağa başlamışlarsa da, gündəlik həyatda
türkmənlər tərəfindən həqiqi türkmən
olaraq qəbul edilmirlər. Bundan başqa, Türkmənistanın
İranla sərhəd zolağında Firuzə kimi bəzi
yaşayış məntəqələrində daha sonrakı
dövrlərdə Qarabağdan və başqa yerlərdən
köçüb gələn Azərbaycan türkləri də
var. Bu etnik qrup təmsilçilərinin toplam sayının 50
mindən az olmayacağını güman etmək olar.
Qızılbaş mirasına necə
sahib çıxmalı?
B.Hüseynli
bildirir ki, dövlət sərhədlərinin xaricində
yaşayan etnik və linqvistik qruplarla əməkdaşlıqla
bağlı Avropa ölkələrinin, Rusiyanın, Türkiyənin,
İranın zəngin fəaliyyət təcrübəsi var.
Hətta Rumıniya, Macarıstan, Slovakiya kimi dövlətlərin
belə sərhədləri xaricində yaşayan
soydaşları ilə bağlı qanunvericiliklərində
xüsusi maddələr var. Qəbul etdikləri "soydaş
qanunları”na əsasən, bu ölkələr xaricdə
yaşayan həmvətənlərinə bəzi imtiyazlar
veriblər. İmtiyazlar əsasən vətəndaşlıq
almaq prosedurunun və müddətinin azaldılması, təhsil
haqqı, mülkiyyət əldə edilməsi, biznes fəaliyyəti
kimi sahələri əhatə edir: "Daha geniş və zəngin
təcrübə üçün isə Britaniya, Fransa,
Türkiyə, Rusiya kimi ölkələrə nəzər
salmaq gərəkdir. Britaniyanın keçmiş müstəmləkələrini
əhatə edən "Commonwealth of Nations” təşkilatını
və onun 4 ildən bir təşkil etdiyi Birlik
Yarışlarını, Fransanın "Organisation
internationale de la francophonie” təşkilatı, Rusiyanın
"Russkiy Mir”, Rusiya Yurddaşlarının Beynəlxalq
Şurasını, İspaniyanın ispan dilini və mədəniyyətini
yaymaq üçün qurduğu "Instituto Cervantes” təşkilatını
örnək göstərmək olar. Bu nümunələrdən
və öz tarixi, çağdaş
reallığımızdan yola çıxaraq bənzər fəaliyyətin
Azərbaycan modelini qurmaq olar. Azərbaycan türklərinin
öz imperial tarixi mirası var. Səlcuq, Elxanlı, Səfəvi,
Avşar və Qacar dövlətlərinin Mərkəzi və
Güney Asiya coğrafiyasında qalan mirasından
yararlanmalıyıq. Bu mirasa o bölgələrdəki insan sərmayəsi,
maddi və qeyri-maddi irs daxildir”.
Dünya
qızılbaşlarını Azərbaycana toplamaq məramı
Müxtəlif
ölkələrdə yaşayan qızılbaş nəslinin
davamçılarını "Facebook” üzərindən
bir araya toplayan Babək Hüseynli bu təşəbbüsün
daha böyük hədəflərə doğru irəlilədiyini
deyir. O, dünyada qızılbaş adı altında
yaşayan azərbaycanlıların soy yaddaşının
yaradılması ilə bağlı işlərin
başladığını, yüzlərlə
soydaşımızın məlumatlarının (ad, soyad və
əlaqə nömrələri) toplandığını
deyir. Bu məlumatlar www.qizilbashunity.com domeni üzərindən
fəaliyyət göstərəcək saytda yerləşdiriləcək
və yalnız məlumatı əlavə edən tərəflərin
görəcəyi bir platforma olacaq: "Yuxarıda qeyd
etdiyimiz ölkələrə tərəfimizdən kitablar, tədris
vəsaitləri göndərilib. "Facebook”dakı
"Qizilbash Unity” səhifəsindəki fəaliyyətimiz tam
ingiliscə qurulub, prosesin idarə edilməsi ilə
bağlı 10 nəfərlik idarəedici heyət
yaradılıb. İlk dəfə dünya
qızılbaşlarının onlayn tanışlıq
konfransı keçirilib. Yaxın gələcəkdə isə
Azərbaycanda dünya qızılbaşlarının ilk
tanışlıq konfransının keçirilməsi, bu
insanların ölkəmizə gətirilməsi məqsədəuyğun
olardı. Onlar öz vətənlərinə gəlməyə,
buranı görməyə can atırlar. Bir çoxu mədəniyyətimizin
müəyyən hissələrini hələ də
xatırlayır, əsrlər ötsə də, nəsildən-nəslə
keçirərək yaşadırlar”.
Bundan
başqa, ölkə xaricində Azərbaycan türkcəsini
təbliğ edəcək qurumun yaradılması təqdirəlayiq
olardı. Qurum başda keçmiş Səfəvi
imperiyasının ərazisi olmaqla fəaliyyət göstərəcəyi
ölkələrdə mədəniyyət mərkəzi, dil
kursu, kitabxana, təhsil ocağı (bağça, məktəb,
universitet) açmaq, Azərbaycanda yay məktəblərində
praktik dil kursları təşkil etməklə məşğul
ola bilər: "Bəhs edilən coğrafiyada yaşayan
soydaşlarımız bir sıra səbəblərdən
hazırda ana dillərini ya heç bilmirlər, ya da öz
yerli ləhcələrində danışırlar. Bizim
hazırkı fəaliyyətimiz soydaşlarımızın
istəkləri ilə internet üzərindən dilimizin tədris
edilməsidir. Artıq bu istiqamətdə ciddi işlər
aparılır. Bir çox soydaşlarımız dilimizi
öyrənməyə başlayıblar. Hesab edirəm ki, təqaüd
proqramı çərçivəsində hər il bir
neçə yüz gənci Azərbaycanda oxutmaq, təhsil
sonrasında məzun dərnəkləri ilə əlaqələri
daimi tutmaq olar. Əfqanıstandakı qızılbaş və
mərvi qrupları içində Azərbaycanda ana dilimizi
öyrənib və müəllim ixtisası üzrə təhsil
alaraq öz ölkələrində soydaşlarımıza
dilimizi tədris etmək istəyən könüllülər
var. Aradakı ünsiyyət baryerini qaldırmaq, dili bərpa
etmək, re-assimilyasiya prosesini başlatmaq üçün
xüsusi yayım orqanı qurulmalı, kitab və jurnallar
çap edilməlidir. Hər il xüsusi idman
yarışları, Azərbaycan türkcəsində yazan ədib,
publisist və jurnalistlərin görüşü təşkil
edilməlidir. Əsas məqsədimiz Azərbaycanı,
dilimizi, tariximizi, zəngin mədəniyyətimizi tanıtmaq,
dünyanın hər yerində Azərbaycana bağlı
insanların sayını artırmaq, dünya
qızılbaşlarını bir yerə toplamaq, ölkəmizin
beynəlxalq aləmdə etibarını artırmaqdır”.
Qızılbaş
mirasının daşıyıcıları hələ ki
sosial şəbəkədə bir araya gəlirlər. Ən
diqqəti çəkən məqam odur ki, onların
arasında gənclər mütləq əksəriyyəti təşkil
edirlər. Əcnəbi ölkədə doğulub oranın
bir parçasına çevrilmiş və qloballaşma
dövrünün reallıqlarını yaşayan bu gənclərin
indi soy-köklərinə bağlılıq göstərmələri,
qızılbaş mahiyyətləri və Azərbaycan əsilli
olmaları ilə qürur duymaları, həqiqətən,
möhtəşəmdir. Onların tarixi vətənlərində
bir araya gələcəkləri gün isə uzaqda deyil...
Xəyalə MURADLI
Azərbaycan.-2020.- 4 iyun.- S.1;10.