Erməni xəyanətkarlığı

 

Tarix saxtakarlığı, xüsusilə dövlətə və xalqa qarşı xəyanəti heç vaxt unutmur. Ötən əsrin əvvəllərindən bolşevik qiyafəsində terrorçu "Daşnaksütyun” təşkilatının ordu birləşmələri ilə azərbaycanlılara qarşı soyqırımının həyata keçirilməsində qəddarlıqları ilə seçilən Şaumyanın, Lalayanın, Andronikin, Njdenin, Dronun və digər erməni "qəhrəman”larının vandalist əməlləri bunu deməyə əsas verir. Bu vandallıq əsrin əvvəllərindən başlayaraq 1918-ci ilin martında Bakıda, daha sonra bölgələrdə xüsusi qəddarlıqla davam etdirilmişdir.

Dinc əhali yalnız türk-müsəlman olduğu üçün erməni-daşnak qüvvələri tərəfindən amansızlıqla qətlə yetirilmiş, mülkü talan edilmişdir. Ekspertlər tərəfindən mart qırğınlarında respublikamızda öldürülən əhalinin sayının 8,10,12, bəzən də 15 min nəfər olduğu deyilsə də, xarici mənbələrdə təkcə Bakıda 20-25 min nəfərin öldürüldüyü yazılır. Məsələn, İngiltərənin arxiv sənədlərinə istinadən yazırlar ki, hadisələr zamanı Bakı şəhərinin azərbaycanlı əhalisinin dörddə bir hissəsi öldürülüb. O dövrdə Bakı şəhərində yaşayan təqribən 280-300 min nəfər əhalinin 80-100 min nəfəri azərbaycanlı idi. Bu qədər əhalinin dörddə biri isə 20-25 min nəfər edir. Cümhuriyyətin elan edilməsindən bir neçə ay sonra, iyul ayında Azərbaycan hökuməti qırğınlarla əlaqədar Fövqəladə Təhqiqat Komissiyası yaratdı. Tərkibi qeyri-azərbaycanlılardan ibarət olan bu komissiyanın işindən məlum olmuşdur ki, soyqırımının başlıca məqsədi Azərbaycanın müstəqilliyinin elan edilməsinin qarşısını almaq, ermənipərəst bolşeviklərin əli ilə Abşeron yarımadasını yerli əhalidən təmizləmək və erməniləri burada məskunlaşdırmaq olub.

Bu qırğınların o zaman soyqırımı səviyyəsində törədilməsini Azərbaycan bolşeviklərinin özləri də etiraf edirdilər. Dövlət xadimi Nəriman Nərimanovun yazdığı məqalələrdə birmənalı şəkildə vurğulanırdı ki, bütün Qafqazda yalnız bir millət - müsəlmanlar qırılır. Həmin dövrdə bolşevik-erməni, daşnak dəstələri heç partiya mənsubiyyətinə də fərq qoymayıblar. Müsəlmandırsa, bolşevik də olsa qətlə yetiriblər, var-dövlətini qarət, ailəsini məhv ediblər.

Cənubi Qafqazda ərazisi, torpağı, dövləti, yeri-yurdu olmayan ermənilər müvəqqəti məskunlaşdıqları bölgələrdə yağ-bal içində yaşasalar da, sonda nadanlıqları və xəyanətkarlıqları ilə tanınıblar. Onlar vaxtilə Azərbaycanda mehriban qonşuluq şəraitində yaşayan almanlara qarşı da qəsbkarlıqla məşğul olublar. Bu işdə onlar yaşadıqları ərazidəki rusları da aldadaraq öz təsir dairələrinə almış, çirkin niyyətlərini həyata keçirməkdən ötrü dəridən-qabıqdan çıxmışlar. Ölkəmizin qərb bölgəsində, xüsusilə almanların kompakt yaşadığı Helenendorfda (indi Göygöl) onlara qarşı qisasçılıq əməlləri ilə məşğul olublar. 1907-ci ildə Yelizavetpol (Gəncə) şəhərində "Daşnaksütyun” partiyasının bir qrup üzvünə qarşı açılmış "cinayət işi”ndə şəhər pristavı köməkçisinin imzaladığı sənəddə qeyd olunur ki, 1905-ci ildən 1907-ci ilin avqustunadək "Daşnaksütyun” partiyasının yerli təşkilatının rəhbəri Koryun silahdaşları Arutyunov qardaşları ilə birlikdə Helenendorf almanlarını partiyanın xəzinəsinə xərac verməyə məcbur edib, o cümlədən şərab istehsalçıları olan Forer və Qurrdan hərəyə 30 min rubl tələb edib. Qurr bu məbləği ödəyə bilmədiyi üçün partiyanın yerli təşkilatının qərarı ilə vəhşicəsinə qətlə yetirilib. Bu, ermənilərin almanlara qarşı yeganə qətl hadisəsi deyil. Bundan əvvəl, 1904-cü il iyulun 4-də Yelizavetpol (Gəncə) Quberniyasının qubernator müavini, milliyyətcə alman olan Andrey Filimonoviç Andreyev 26 sentyabr 1905-ci ildə Henrih Mayer və o dönəmdə başqaları da erməni terrorunun qurbanı olmuşlar. Ermənilər çalışmışlar ki, Helenendorf almanlarını daim özlərinin terror basqısı altında saxlasınlar.

1920-ci ildə sovetləşmə başlayanda erməni terrorçularının əli-qolu daha geniş açılmış olub. Almanları istədikləri kimi sıxışdırıblar. Ən çox da onlar antisovet fəaliyyətdə təqsirləndirilərək NKVD-dəki erməni məmurlarının əli ilə güllələnib, o cümlədən Helenendorfun əsasını qoymuş Hummellərin bir çoxu Sibirə sürgün edilib. Göründüyü kimi, ermənilərin törətdiyi qətliamlar o həddə çatıb ki, 1934-cü il mayın 14-də onlar Helenendorf klubunun divarlarına "Ermənilər qaniçəndirlər, onlar kəndliləri son damla qanına qədər sorurlar” şüarları yapışdırıblar.

Həmin dövrdə oxşar hadisələr erməni terrorçuları tərəfindən Annenfelddə (Şəmkir) yaşayan almanlara qarşı da törədilib. Almanlara məxsus iki kəndə ardı-arası kəsilməyən gizli hücumlar olub, onlardan terrorçu "Daşnaksütyun” partiyasının büdcəsinə pul köçürülməsi, yardım edilməsi tələb edilib. Bu təklifə əməl etməyən alman fermerləri üzüm plantasiyalarında, şərab zavodlarında, su-kanal xətlərində qarət və təxribatlar törətmişlər. Lakin o zaman almanların şikayət etməyə, harasa yazmağa əlyeri olmayıb. Haqlı şikayətləri dinlənilməyib, yazdıqlarına baxılmayıb və tədbir görülməyib.

Xatırladaq ki, ermənilərin Böyük Vətən müharibəsi illərində almanlara dəstək göstərmələri onların xəyanətkar xislətindən xəbər verir. Ömrü böyu almanlarla düşmənçilik mövqeyində olan ermənilər öz çirkin məqsədləri naminə yeri gələndə almanlarla dost da ola bilirlər. Görünən odur ki, rus xalqının köməyi hesabına mövcudluğunu Cənubi Qafqazda tapan erməniləri adam edib, ortaya çıxaran ruslara və Rusiya dövlətçiliyinə xəyanəti gözləniləndir. Təəccüblüsü odur ki, tərəqqipərvər bəşəriyyətin nifrət hədəfinə çevrilmiş insan cəlladlarını ermənilər hər yerdə özlərinin xalq qəhrəmanı səviyyəsinə qaldırmağa çalışırlar.

Prezident İlham Əliyev hələ ötən il oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı belə "qəhrəmanlar”dan biri haqqında ətraflı məlumat vermiş və demişdir ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur. Dövlət başçısı bəyan etmişdi ki, əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: "Ermənistanın keçmiş hakim Respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”.

Tarixin dili ilə desək, Qaregin Njde Böyük Vətən müharibəsi illərində Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agentin təxribat məqsədilə qırmızı ordunun arxa cəbhəsinə atılmasında iştirak etmişdir. Deyir, taylı tayın tapar. Qələbənin 75 illiyi ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyanın yaydığı məlumatda isə bildirilir ki, həmin təxribatçı erməni agentlərindən biri onun babası imiş. Ay maşallah, sən demə, bu "kişinin” babası əsl "qəhrəman” imiş. Odur ki, bir çox politoloqlar, o cümlədən rusiyalı ekspert İqor Korotçenko mətbuata açıqlamalarında birmənalı şəkildə bildirir ki, Nikol Paşinyanda faşist ideologiyasına rəğbət babasından gəlmədir. Ekspert Yerevanın mərkəzində Qaregin Njdeyə ucaldılan abidəni xatırladaraq yazır: "Bu abidə hələ əvvəlki hökumətin dövründə ucaldılmışdı: Paşinyanın buna heç bir aidiyyəti yoxdur və o, həmin biabırçılığın aradan götürülməsi barədə tədbir görə bilərdi. Amma bu barədə heç bir qərar vermədi”.

Hadisələrin gedişindən və müşahidələrdən göründüyü kimi, əksinə, Paşinyan bu abidənin yaşamasına dəstək olmuşdur. Odur ki, Yerevanın mərkəzində nasist əlaltısına ucaldılmış heykəl nəinki rusiyalı yazarlar və politoloqlar tərəfindən, eləcə də bu "qəhrəman”ın yaxından tanındığı bir sıra xarici ölkələrdə hamıda ikrah hissi doğurmuşdur.

Yeri gəlmişkən, Nikol Paşinyanın babasının bir vaxtlar dünyaya hökmranlıq etmək istəyən faşistlərə xidmət etməsi heç kimə təəccüblü görünmür. Ermənilərin genində olan vandalizm onda da özünü büruzə verir. Məhz buna görə də onun faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana qoyulmuş heykələ xüsusi məhəbbəti var. Axı, dediyi kimi, babası nasist Qaregin Njdenin döyüşçülərindən biri olub. Necə deyərlər, baba nasist, nəvə faşist. Qəddarlığına görə yer üzündə "tayı-bərabəri” olmayan faşistlərə xidmət etmiş babanın nəvəsi hakimiyyəti əldən verməmək üçün indi nə işğalçılıq siyasətindən, nə də Rusiyaya xəyanətdən əl çəkir. Çünki xəyanət və nadanlıq onun canında, qanındadır. Erməni vandalizmi dünyanın heç bir ölkəsində heç vaxt unudulmur.

 

Rəhman SALMANLI

Azərbaycan.-2020.- 4 iyun.- S.11.