Ermənistan hakimiyyəti təlaş içindədir

 

Artıq xeyli vaxtdır ki, Ermənistanda həm siyasi, həm də sosial-iqtisadi müstəvidə böhranlı vəziyyət hökm sürür. Cəbhədəki məğlubiyyətlər, əhalinin maddi rifahının pisləşməsi, iqtisadiyyatın tənəzzülü işğalçı dövlətə sonu görünməyən ağır günlər vəd edir.Vəziyyətdən çıxış yolları arayan baş nazir Nikol Paşinyan məcbur olaraq barəsində cinayət işi başlatdığı eks-prezident Robert Koçaryanı Rusiya siyasi elitası ilə görüşlər üçün Moskvaya göndərmək istəyirdi. Lakin onun niyyəti elə ilk saatlardan puç oldu. Belə ki, R.Koçaryanda koronavirus aşkarlanıb.

 

Paşinyan eks-prezidentlərin ətəyindən yapışıb

 

Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorgyan bildirib ki, N.Paşinyan Ermənistanın keçmiş iki prezidenti - Levon Ter-PetrosyanaRobert Koçaryana Dağlıq Qarabağın gələcək taleyi ilə bağlı Rusiyada danışıqlar aparmaq üçün mandat verib. Lakin Koçaryanın səfəri məlum səbəbdən təxirə salınıb. Bu barədə yazan "4rd.am” saytı bildirir ki, 2008-ci ilin prezident seçkiləri vaxtı qanlı hadisələrdən sonra daha çox qərbmeyilli siyasətçi kimi tanınan Ter-Petrosyanın Moskvaya danışıqlar üçün göndərilməsi çoxlu suallar yaradır: "Ter-Petrosyanın seçkiqabağı platformasının Rusiya maraqlarının Cənubi Qafqazdan sıxışdırılması konsepsiyası üzərində qurulmasını demək kifayətdir. Moskvada Ter-Petrosyanı heç vaxt "özlərininki” hesab etməyiblər”.

Xatırladaq ki, R. Koçaryan 1998-ci ildə keçmiş müdafiə naziri Vazgen Sarkisyanxüsusi xidmət orqanlarının rəhbəri Serj Sarkisyanla ittifaq quraraq Ermənistanda dövlət çevrilişini həyata keçirmişdi. O zaman Ter-Petrosyan erməni xalqının maraqlarını satmaqda və Qarabağı Azərbaycana qaytarmağa cəhddə ittiham edilərək dövlət başçısı vəzifəsindən kənarlaşdırılmışdı. Bu baxımdan Ermənistan mətbuatı hələ əvvəldən yazırdı ki, bir-birinə əks qütblərdə dayanan eks-prezidentlərin aparacağı danışıqlar ölkəni bataqlıqdan xilas edə bilməz.

 

Ermənistan döyüşə məhbusları göndərir

 

N.Paşinyan, sözün əsl mənasında, başını itirib. Onun Qarabağa görə döyüşmək istəməyən ermənilərdə ruh yüksəkliyi yaratmaq üçün gah oğlunun, gah həyat yoldaşının ordu sıralarına qatılmaları ilə bağlı göstərməcələri da bir nəticə vermədi. Ona görə günlərdir əsgər çatışmazlığını aradan qaldırmaq üçün dövlət qurumlarının işçilərini səfərbər edir. Son olaraq Fövqəladə Hallar Nazirliyinin xilasedicilərini məcburi şəkildə döyüşə göndərməyə başlayıb. Belə ki, bu gün xilasedicilərdən ibarət qrup "könüllü” şəkildə cəbhə bölgəsinə yola düşüb.

Ermənistanda əsgər çatışmazlığı səbəbindən hökumət artıq məhbusları da həbsxanalardan çıxararaq Dağlıq Qarabağa döyüşə göndərir. Belə ki, həbsdə olan ondan çox məhbus barəsində həbs qətimkan tədbiri dəyişdirilib və onlar cəbhəyə yola salınıblar. Ermənistanın baş prokurorluğunun mətbuat katibi Arevik Xaçatryan deyib ki, 28 oktyabr tarixinə olan məlumata görə, 12 nəfər məhkum barəsində həbs qətimkan tədbiri dəyişdirilib, daha 4 nəfər şərti olaraq erkən azadlığa buraxılıb. Hamısı könüllü olaraq cəbhəyə yollanacaq.

"Sputnik Armeniya” saytı yazır ki, indiyədək onlarca məhbus döyüşə getmək üçün ərizə yazıb. Lakin Ermənistan ictimaiyyəti əmindir ki, məhbuslar heç vaxt Qarabağda döyüşməyəcəklər. Elə ilk atəş səsindən sonra döyüşü atıb qaçacaqlar. Xüsusilə indiki anarxiya şəraitində Ermənistanda kriminal ünsürlərin gizlənə bilmələri üçün münbit şərait yaranıb.

 

Vətəndaşlar çıxış yolunu ölkəni tərk etməkdə görürlər

 

Buna baxmayaraq, Ermənistan hökuməti müharibə və pandemiya fonunda vətəndaşları sosial-iqtisadi problemlərin həll olunacağına inandırmağa çalışır. Amma "Lragir” saytı yazır ki, verilən vədlər yalandır. Müharibədə davam edən uğursuzluqlarla sosial-iqtisadi problemlərin yaxın gələcəkdə aradan qaldırılmasına dair vədlər ümidverici deyil: "Çünki ölkədə qanunlara uyğun tədbirlər görülmür. İnsanlar problemlərin həllini yalnız ölkəni tərk etməkdə görürlər. Ermənistan iqtisadiyyatının yaxşılaşması reallaşmayan arzudur. Paşinyan hökumətinin maaşların və pensiyaların artırılması ilə bağlı verdiyi vəd də yalandır. Ölkəni idarə edənlər əhalinin gəlirlərini artırmaq istəmirlər. Müharibənin başlaması ilə Ermənistan hökuməti erməni xalqını səfalətə məhkum etdi. Ölkədə iqtisadiyyatın inkişafı real deyil. Bu da hakimiyyətdən narazılığı artırır, amma iqtidar bu narazılığı repressiya, güc yolu ilə yatırmağa çalışır və nəticədə vətəndaş qarşıdurması ehtimalı yüksəlir”.

Ermənistan mətbuatının ölkədəki vəziyyətlə bağlı yazdıqlarından ortaya çıxan nəticə budur ki, Ermənistan hakimiyyəti dərin təlaş içindədir. Çünki hakimiyyətin Qarabağla bağlı ayrı-ayrı ölkələrdən gözlədiyi dəstək alınmadı. Sosial-iqtisadi problemlərin öhdəsindən isə ölkənin özü təkbaşına gəlməyə qadir deyil. Bu səbəbdən qarşıda Ermənistanı daha çətin və ağır günlər gözləyir.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2020.-1 noyabr.- S.1; 8.