Türk iş dünyası qardaş Azərbaycanın
səsini bütün dünyaya çatdırmaq
üçün Bakıya gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifatı, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Adham İkramovu və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyevi qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
- Xoş gəlmisiniz. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Ticarət və Sənaye Palatasının Bakıdakı toplantısı çox əlamətdar hadisədir. Nəzərə alsaq ki, Azərbaycan hazırda Vətən müharibəsi aparır, bu toplantının xüsusi önəmi vardır. Biz bunu bizə göstərilən dəstək və həmrəylik əlaməti kimi qəbul edirik, buna görə sizə təşəkkür edirik. Bu, növbədənkənar toplantıdır və bunun əsas məqsədi ölkəmizə mənəvi dəstəyin göstərilməsidir.
Müharibənin ilk günlərindən biz Türkiyənin və digər qardaş, dost ölkələrin dəstəyini hiss edirik. Bildiyiniz kimi, Türkiyə Respublikasının Prezidenti, mənim əziz qardaşım bizə ilk dəstək verdi, çox əhəmiyyətli bəyanatlar verdi. Demişdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Ondan sonra digər dost, qardaş ölkələrin dövlət və hökumət başçıları – Pakistan, Əfqanıstan və digər dövlətlərin dövlət və hökumət başçıları bizə dəstək göstərdilər. Şadam ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bizə dəstək göstərmişdir və Şuranın çox önəmli bəyanatı olmuşdur. Bu, türkdilli ölkələr arasındakı birliyin, həmrəyliyin təzahürüdür. Eyni zamanda, deyə bilərəm ki, Azərbaycan dünya miqyasında da çox böyük dəstək almışdır. Qoşulmama Hərəkatı 120 ölkəni özündə birləşdirən, BMT-dən sonra ikinci böyük beynəlxalq təsisatdır və İslam Əməkdaşlıq Təşkilatı da bizə dəstək göstərmişdir. Bu, əlbəttə, bir daha onu göstərir ki, bizim işimiz haqq işidir, biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz ərazimizdə müharibə aparırıq, eyni zamanda, bu təşkilatlarda cəmləşən ölkələrin Azərbaycana olan münasibətinin əlamətidir.
Bir aydan çoxdur ki,
müharibə gedir. Biz işğalçılara dərs
veririk, onları torpaqlarımızdan qovuruq. Artıq bir çox yaşayış məntəqəsi
işğaldan azad edilibdir. Hər həftə
onlarla yeni yaşayış məntəqəsi - şəhərlər,
kəndlər, qəsəbələr
işğalçılardan azad edilir və Müzəffər
Azərbaycan Ordusu öz uğurlu əməliyyatlarını
davam etdirir.
İşğal edilmiş ərazilərdə
vəziyyət acınacaqlıdır. Bizim bütün
tarixi, dini abidələrimiz dağıdılıb, təhqir
edilib. Ermənilər Zəngilan rayonunda,
işğal edilmiş ərazilərdəki məsciddə
donuz saxlayırdılar, bu videogörüntülər internetdə
var və bu, bütün müsəlman aləmini hiddətləndirir.
Bu, bir daha onu göstərir ki, Ermənistan
dövləti bütün müsəlman aləminə nifrətlə
yanaşır, əks-təqdirdə belə alçaq hərəkətlər
baş verməzdi. Əlbəttə ki,
bütün müsəlman dünyası bir daha görür
ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik.
Döyüş meydanında bizim
qabağımızda dayana bilməyən Ermənistan şəhərlərimizi,
kəndlərimizi hər gün atəşə tutur. Bu
gün səhər mənə verilən məlumata görə
səhər saat 6-dan, - indi saat 9-a beş dəqiqə
qalır, - bizim şəhər və kəndlərimizə
200-dən çox mərmi atılıbdır. Bu bir ay ərzində
namərd atəş nəticəsində 91 mülki şəxs
həlak olub, onlardan 10-u uşaqdır, 404 mülki şəxs
yaralanıbdır və 2 mindən çox ev
dağılıbdır. Ermənistan maksimum
çox insanı öldürmək üçün
qadağan olunmuş silahlardan istifadə edir. Bizim isə intiqamımız döyüş
meydanındadır. Bunu mən dəfələrlə
bildirmişdim, demişdim ki, biz intiqamımızı
döyüş meydanında alacağıq və
alırıq. Düşməni qovuruq və
sona qədər qovacağıq. Eyni
zamanda, Ermənistana üç dəfə şans verildi.
Bizim ordumuzun uğurlu əməliyyat keçirməsinə
baxmayaraq, biz beynəlxalq vasitəçilərin təkliflərinə
hörmətlə yanaşaraq üç dəfə atəşkəslə
bağlı razılığa gəldik. Üç
dəfə də Ermənistan bunu kobudcasına pozmuşdur -
Birinci dəfə Gəncəni ballistik raketlərlə
bombalaması ilə. İkinci dəfə
atəşkəsdən 4-5 dəqiqə keçəndən
sonra atəşkəsi pozdu. Üçüncü
dəfə isə Bərdəyə "Smerç” raketi ilə
atəşin açılması nəticəsində 21 insan
həlak olmuş, 70 insan yaralanmışdır. Gəncəyə isə iki ballistik raketlə atəş
nəticəsində 30-a yaxın insan həlak olmuşdur.
Bax bu, erməni faşizminin eybəcər sifətidir.
Biz nəinki öz torpaqlarımızı
düşməndən azad edirik, biz region üçün
böyük təhlükə mənbəyi olan erməni
faşizminin belini qırırıq və bunu davam etdirəcəyik.
Heç kim bizim qabağımızda dura
bilməz, heç kim bizi bu yoldan çəkindirə bilməz.
Bununla yanaşı, mən dəfələrlə
demişəm və bu, mənim mövqeyimdir, əgər Ermənistan,
misal üçün, bu gün atəşi dayandırsa və
danışıqlar masası arxasında konstruktiv mövqe
nümayiş etdirsə, qalan torpaqlarımızdan
qoşunların çıxarılması ilə bağlı
üzərinə konkret öhdəlik götürsə, biz
dayanmağa hazırıq. Biz hesab edirik ki,
münaqişənin hərbi həlli siyasi müstəviyə
keçməlidir və biz buna hazırıq. Ümid edirəm ki, Ermənistanın acı məğlubiyyəti
onları vadar edəcək ki, onlar çox ciddi
düşünərək bu qərara gəlsinlər.
Ancaq biz bunun əksini
görürük. Ermənistan baş naziri Rusiya Prezidentinə
məktub göndərir və hərbi yardım istəyir.
Bu, tamamilə qəbuledilməzdir. Buna heç bir əsas yoxdur. Biz
öz torpağımızda düşməni əzirik, vururuq
və torpaqlarımızdan çıxarırıq. Biz Ermənistana hər hansı bir təcavüz etməmişik.
Bu birincisi. İkincisi, Rusiya
Minsk qrupunun həmsədr ölkəsidir, bütün həmsədrlər
kimi neytral mövqedə olmalıdır və həmsədrlərin,
əslində, ATƏT tərəfindən onlara verilmiş
mandatı bunu tələb edir. Paşinyanın
bu məktubu göndərməsi onun əslində,
etirafıdır. Etiraf edib ki, Ermənistan
məğlub olub. Hesab edirəm ki, bu etiraf
Ermənistan cəmiyyətində də ciddi təhlil
olunmalıdır və Ermənistan rəhbərliyinə ciddi
təzyiq edilməlidir ki, bu müharibə
dayandırılsın, işğalçılar bizim
torpaqlarımızdan çıxsın və bölgədə
sülh təmin edilsin.
Mən bir daha sizə bu
gözəl təşəbbüsə görə təşəkkürümü
bildirirəm, xoş gəlmisiniz. Əminəm ki, tədbiriniz
uğurlu keçəcəkdir. Sağ olun.
Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının Baş katibi Bağdad Amreyev dedi:
-Təşəkkür edirəm, cənab
Prezidentim. Bu dəfə Türk iş dünyası qardaş
Azərbaycanın səsini bütün dünyaya
çatdırmaq üçün Bakıya gəlib. Bu münasibətlə məni və digər
türk dünyası palatalarının sədrlərini qəbul
etdiyiniz üçün çox təşəkkür edirəm.
Ermənistanın Azərbaycana
hücumlarının başladığı ilk günlərdən
bəri Türk Şurası olaraq, Türk dünyası olaraq
biz qardaş Azərbaycanın yanındayıq. Lazımi bəyanatlar
verdik, açıqlamalar etdik. Mən Gəncəyə
getdim. Orada da mətbuat nümayəndələri
ilə görüşdə bizim daha sərt mövqeyimizi ifadə
etdik. Bu Vətən müharibəsində
biz Azərbaycanın yanındayıq. Türk
dünyası və Türk Şurasının Azərbaycanın
işğal altındakı torpaqlarını qeyd-şərtsiz
geri almaq məsələsində qanuni haqqı barədə dəstəyimi
ifadə etdim. Münaqişənin
yalnız və yalnız Azərbaycan Respublikasının
suverenliyi, ərazi bütövlüyü və beynəlxalq
birliyin tanıdığı sərhədlərinin
toxunulmazlığı əsasında həlli lazımdır
deyirik.
Cənab Prezident, işğal
altındakı torpaqların azad edilməsi yolunda şəhid
olan bütün azərbaycanlı şəhidlərimizə
Allahdan rəhmət diləyirəm.
Bugünkü tədbirimizdə
- Türkdilli Dövlətlərin Ticarət və Sənaye
Palataları rəhbərlərinin iclasında həmrəyliyimizi
bir daha ifadə edəcəyik. Bir daha qardaş Azərbaycanın
yanında olduğumuzu bəyan edəcəyik. Dünən İstanbulda Türkiyə Prezidenti cənab
Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə
Türk Şurasının, türk dünyasının Səhiyyə
Nazirlərinin iclasını keçirdik. Bu
tədbirdə də biz qardaş Azərbaycana tam və hərtərəfli
dəstəyimizi bir daha ifadə etdik.
Bildiyiniz kimi, ötən il Bakıda keçirilən Zirvə
toplantısında Türk Şurasına üzv ölkələrin
prezidentləri bizə təlimat verdilər. İndi biz
Türk Şurasının 2021-ci il
üçün strategiyasını, Türk
dünyasının 2040-cı il üzrə hədəflərini
hazırlayırıq. İnşallah növbəti
Zirvə toplantısında bu sənədlər Sizlər tərəfindən
qəbul ediləcəkdir. Türk
Şurası hər zaman Sizinlə birlikdədir, cənab
Prezident. Hamımız Azərbaycanıq.
Prezident İlham
Əliyev: Sağ
olun, təşəkkür edirəm, çox sağ olun.
Türkiyənin
Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifat dedi:
-Cənab Prezident, bizi qəbul
etdiyiniz üçün çox təşəkkür edirəm.
Yenidən Bakıda Sizinlə görüşmək
bizim üçün böyük xoşbəxtlikdir. Türk Ticarət və Sənaye Palataları olaraq
bugünkü səfərimizin əsas məqsədi
Türkdilli Dövlətlərin Ticarət və Sənaye
Palatasına üzv ölkələrin rəhbərlərinin
növbədənkənar iclasında iştirak etməkdir.
Özbəkistanın Ticarət və Sənaye
Palatasının sədri, Qırğızıstanın Ticarət
və Sənaye Palatasının prezidenti də buradadır.
Eyni zamanda, Qazaxıstanın Ticarət və Sənaye
Palatasının prezidenti də videokonfransla qatılacaq,
çünki o, bu gün idarə heyətinin iclasında
iştirak edir.
Bu gün Sizinlə birlikdə
olduğumuzu ifadə etmək üçün buraya səfərə
gəldik.
Düz bir il əvvəl Zirvə
toplantısında yenə Sizinlə birlikdəydik. Həmin
vaxt Türk dünyasından 1200 iş adamı ilə
çox faydalı iclas keçirmişdik. Zirvə
toplantısına da bizi dəvət etmişdiniz. Eyni zamanda, Türkiyədən 50 milyon nəfəri
özündə birləşdirən işçi
ittifaqlarını, məmur ittifaqlarını, ticarət
konfederasiyalarını təmsil edən səkkiz
qeyri-hökuməti təşkilatının rəhbərləri
də mənimlə birlikdə buraya gəliblər.
Biz 50 milyon nəfəri təmsil edən
türk iş dünyası birliklərinin rəhbərləri
olaraq, azərbaycanlı qardaşlarımızın yanında
olduğumuzu nümayiş etdirmək üçün
buradayıq.
Prezident İlham
Əliyev: Sağ
olun.
Mustafa Rifat: Şəhidlərimizə
Allahdan rəhmət diləyirik. Yaralı əsgərlərimizə
və vətəndaşlarımıza Allahdan şəfa diləyirik.
Sizin liderliyinizlə Azərbaycan Ordusunu təbrik
edirik. Bizim otuz illik həsrətimizə
son qoyursunuz. Allah Sizdən razı olsun,
Allah köməyiniz olsun. Bizim üzərimizə
hansı vəzifə düşürsə, türk
qardaşlarınızın, Türkiyədəki
qardaşlarınızın üzərinə hansı vəzifə
düşürsə, 24 saata yanınızdayıq. Bizə xəbər göndərməyiniz kifayət
edər, cənab Prezident. O gündən bəri
Türkiyənin Odalar və Borsalar Birliyinin binasının
önünü biz Azərbaycan bayrağımızla bəzədik.
O gündən bəri belədir. Bu,
bütün sosial mediada yayıldı. O gün ki, Siz əməliyyata
başladınız, Ankaranın ən prestijli binalarından
birində Azərbaycan bayrağını qaldırdıq.
Yenə bir
tapşırığınız olarsa, məmnun qalarıq. Bizim də bu
işdə xidmətimiz olarsa, çox xoşbəxt edərsiniz
bizi. Təşəkkür edirik.
Prezident İlham
Əliyev:
Çox sağ olun, mən çox təşəkkür
edirəm. Sizə bir daha dərin minnətdarlığımı
bildirmək istəyirəm. Bilirsiniz ki, bu
günlərdə bütün Azərbaycan xalqı birlik
göstərir və bütün Azərbaycan xalqı
dünyada bu məsələyə, bu müharibəyə
münasibəti çox böyük həssaslıqla izləyir.
Bu da başadüşüləndir.
Çünki 30 il ərzində bizim
torpaqlarımız işğal altında idi və beynəlxalq
vasitəçilərin səyləri heç bir səmərə
verməmişdir. Sadəcə olaraq, vaxtı
uzatmaq, münaqişəni dondurmaq və işğalı əbədi
etmək istiqamətində atılan addımları biz
görürdük və Azərbaycan xalqı
görürdü. Ona görə, bu son bir
ay ərzində dünyada bu məsələ ilə
bağlı səslənən hər bir fikrə, hər bir
mövqeyə Azərbaycan xalqı çox böyük həssaslıqla
yanaşır və ilk günlərdən bizim qardaş
ölkələrimizdən bu dəstəyi görüncə əlbəttə
ki, biz daha da ruhlandıq. Bu, bizə daha da böyük mənəvi
güc verdi və bir daha gördük ki,
bizim birliyimiz sözdə deyil, əməldədir. Sizin bu gün burada olmağınız bunu bir daha
göstərir. Siz də Rifat bəy, qeyd etdiyiniz kimi, bir
il bundan öncə Bakıda Türk
Şurasının toplantısının keçirilməsi
çox əlamətdar hadisə idi. Biz məhz
bu məsələlərlə bağlı fikirlərimizi
bildirmişdik ki, biz bir yerdə olmalıyıq, bütün məsələlərdə
bir-birimizi dəstəkləməliyik. Hər
zaman əgər kimsə çətin vəziyyətə
düşərsə, mənəvi dəstək göstərilməlidir
və bunu biz görürük. Ona görə
sizin bugünkü toplantınıza mən xüsusi önəm
verirəm. Əminəm ki, bütün Azərbaycan
xalqı bunu layiqincə qiymətləndirəcəkdir. Bir daha sizə təşəkkür edirəm.
Özbəkistanın Ticarət
və Sənaye Palatasının sədri Adham İkramov və
Qırğızıstanın Ticarət və Sənaye
Palatasının prezidenti Marat Şarşekeyev bu günlərdə
öz ölkələrinin Azərbaycanla həmrəy
olduqlarını bir daha ifadə etdilər.
Azərbaycan.- 2020.- 3 noyabr.- S.1-2.