Moldova parlamentinin sədrinə Ermənistanın
hərbi təxribatları və mülki əhalini
atəşə tutması barədə məlumat verilib
Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Müstəqil Dövlətlər Birliyi (MDB) Parlament Assambleyasının (PA) müşahidəçilər qrupunun rəhbəri kimi noyabrın 1-də Moldovada keçirilən prezident seçkilərini müşahidə etmək üçün paytaxt Kişineuda səfərdə olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Adil Əliyev MDB PA-nın müşahidəçilər qrupunun rəhbəri kimi Moldova Respublikası parlamentinin sədri xanım Zinaida Greçeani ilə görüşüb.
Görüş zamanı Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının üzvü olan ölkələr üçün beynəlxalq müşahidə institutunun əhəmiyyəti, seçkilərin keçirilməsi və monitorinqinin qaydaları da daxil olmaqla bir çox məsələlər ətrafında müzakirələr aparılıb. Həmçinin tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.
Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirməsinə, Azərbaycanın mülki vətəndaşlarını qətlə yetirməsinə diqqət çəkən A.Əliyev Gəncə və Bərdə şəhərlərində törədilən müharibə cinayətləri barədə danışıb. Ermənistanın humanitar hüququn normalarını kobud şəkildə pozduğunu, 1949-cu il tarixli Cenevrə Konvensiyasına zidd davranışlar etdiyini və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş 4 qətnaməni bu vaxta qədər yerinə yetirmədiyini bildirib.
Görüşdə Milli Məclisin deputatları Rüfət Quliyev, Sabir Hacıyev və ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanov iştirak ediblər.
Səfər
zamanı Milli Məclis Sədrinin müavini Adil Əliyev rəhbərlik
etdiyi nümayəndə heyəti ilə
birlikdə Moldovanın Qaqauziya muxtar ərazisində seçki
prosesini gedişini izləyib,
Qaqauziyanın rəhbəri İrina Vlax və Qaqauziya Xalq Məclisinin Sədri Vladimir
Kıssa ilə görüşüb.
Azərbaycan.- 2020.- 3 noyabr.- S.4.