Milli Məclis Sədrinin müavini Adil Əliyev Kişineuda
soydaşlarımızla görüşüb
Prezident seçkilərini
müşahidə etmək
məqsədilə Moldovada
səfərdə olan
Azərbaycan Respublikası
Milli Məclisin Sədr müavini, MDB Parlamentlərarası Assambleyasının
müşahidəçilər qrupunun rəhbəri Adil Əliyev nümayəndə heyəti
ilə birlikdə Kişineu şəhərində
azərbaycanlı iş
adamları, diaspor fəalları və gənclərlə görüş
keçirib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər
ki, görüşdə
Moldova Demokrat Partiyası
fraksiyasının rəhbəri
deputat Dumitru Diakov da iştirak
edib.
Görüşdə A.Əliyev Azərbaycan həqiqətlərindən söhbət açaraq Ermənistanın təcavüzkar siyasəti, onların dinc əhaliyə qarşı raket hücumu nəticəsində günahsız insanlara və şəhərlərimizə dəyən zərərdən danışıb, Azərbaycan ordusunun uğurlu əks-hücumu nəticəsində düşmənə layiqli cavab verildiyini söyləyib və hərbi sahədə ordumuzun uğurları ilə yanaşı, diplomatiya sahəsində Müzəffər Ali Baş Komandanın münaqişə ilə bağlı qətiyyətli mövqe nümayiş etdirdiyini, xarici jurnalistlərin suallarını yüksək bacarıqla cavablandırdığını və bu çətin günlərdə müraciətlərlə çıxış edərək xalqının daim yanında olduğunu vurğulayıb. Eyni zamanda, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrinə baş çəkərək onları mütəmadi diqqətdə saxlaması və döyüşdə yaralanan əsgərlərimizə baş çəkərək onların vəziyyəti ilə maraqlanmasının hər bir insan üçün örnək olduğunu dilə gətirib. Nitqinin sonunda A.Əliyev Moldovada yaşayan azərbaycanlılara bu günlərdə həmişəkindən daha çox birliyə, vətənpərvərliyə ehtiyac olduğunu bildirib və toplaşdıqları üçün görüş iştirakçılarına təşəkkür edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Moldovalı deputat D.Diakov çıxış edərək hazırkı münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpa edilməsi çərçivəsində həllini dəstəklədiyini bildirib. O, Azərbaycan Prezidentinin apardığı uğurlu siyasətin ölkəsinə qələbə bəxş etdiyini qeyd edib, bundan əlavə, Moldovada yaşayan azərbaycanlılardan ibarət diasporun fəallaşmasının müşahidə edildiyini diqqətə çatdırıb.
Görüşdə çıxış edən səfir Qüdsi Osmanov Moldovada yaşayan azərbaycanlıların fəaliyyətinin gücləndiyini və ölkəmizlə bağlı baş verən hadisələrdə birlik nümayiş etdirərək səfirlik tərəfindən təşkil edilən tədbirlərdə fəal iştirak etdiklərini bildirib.
Daha sonra azərbaycanlı iş adamı Firuz İsayev çıxışında nümayəndə heyətinin üzvlərinə görüşə görə təşəkkür edib, nəinki gənclərin, eləcə də bütün azərbaycanlıların Prezidentimizin, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşdiyini qeyd edib.
Sonda Moldova
Azərbaycanlıları Konqresinin (MAK) sədri
Elçin Bayramov
çıxış edərək deputatlarımızdan ibarət
nümayəndə heyətinə təşəkkürünü
bildirib, MAK-da
aparılan islahatlar nəticəsində
azərbaycanlı diasporun gəncləşdirildiyi
və fəallaşdırıldığını görüş
iştirakçılarının diqqətinə
çatdırıb.
Azərbaycan.- 2020.- 3 noyabr.- S.4.