Karantin rejiminin
tələblərinə ciddi
əməl edilməlidir
Payız mövsümü dünyada
koronavirus pandemiyası
ilə bağlı vəziyyəti daha da gərginləşdirib. Demək olar
ki, hazırda COVID-19-a
yoluxma sayı anbaan sürətlə artaraq 50 milyona yaxınlaşır. Belə
ki, pandemiyanın başlanğıcından dünyada
koronavirusa 46 milyondan çox insan yoluxub, 1,19 milyondan
çox insan
COVID-19-dan ölüb. Göründüyü kimi, hazırda dünya ölkələri
koronavirus pandemiyasının
yeni dalğasını
yaşayır.
Bütün ölkələrdə
yoluxmanın artması
müşahidə olunur
Dünya ölkələrində virusun
yayılmasının qarşısını
almaq üçün
ciddi tədbirlər həyata keçirilir, tətbiq olunmuş karantin rejimi sərtləşdirilir. Almaniyada noyabrın
2-dən ayın sonuna
qədər koronavirus
infeksiyasının pandemiyası
ilə bağlı
"məhdud karantin”
rejimi, Fransanın bütün ərazisində
oktyabrın 30-dan dekabrın
1-dək davam edəcək
özünütəcrid rejimi
tətbiq edilib. Böyük Britaniyada da noyabrın 5-dən etibarən
gücləndirilmiş karantin
rejimi həyata keçiriləcək.
Bir ay davam edəcək karantin rejimi dekabrın ilk həftəsində
virusa yoluxmada azalma müşahidə olunarsa, dayandırıla bilər. Lakin əksi müşahidə
olunarsa, bu müddət uzadıla bilər.
Ümumdünya Səhiyyə Təşkilatının
(ÜST) baş direktoru
Tedros Adanom Gebreyesus koronavirusa yoluxma şübhəsi ilə özünü təcrid edib. Baş direktor "Twitter” hesabında
məlumat verib ki, infeksiyaya yoluxduğu təsdiqlənmiş
şəxslə təmasda
olduğu üçün
ÜST-ün təlimatlarına
uyğun olaraq qarşıdakı bir neçə gün ərzində özünü
təcrid edəcək
və evdən işləyəcək. O, qeyd
edib ki, vəziyyəti yaxşıdır
və onda virusun simptomları yoxdur.
Qeyd edək ki, Gürcüstanın
Baş naziri Giorgi Qaxariya da "Facebook” səhifəsində yazıb
ki, dünən bütün günü birgə çalışdığı
əməkdaşda koronavirus
aşkarlandığına görə, özünü
cəmiyyətdən təcrid
edib.
Arxayınçılıq yoluxmanın
əsas səbəblərindən
biridir
Digər ölkələrdə olduğu
kimi, Azərbaycanda da son dövrlərdə koronavirusa yoluxanların sayında artım müşahidə edilir, yoluxma və sağalma halları arasında fərq xeyli böyüyür. Təəssüf ki, hətta yoluxmanın 4 rəqəmli
həddə yüksəldiyini,
virus səbəbindən ölənlərin
sayının artdığını
da müşahidə edirik.
Buna görə
həm də sanitar-epidemioloji vəziyyətin
təhlilinə əsasən,
Nazirlər Kabineti ölkə ərazisində
xüsusi karantin rejiminin müddətini dekabrın 1-dək uzadıb. Eyni zamanda
son günlər Lənkəran
şəhərində, Cəlilabad
və Masallı rayonlarında yüksək
yoluxma faktları aşkar olunduğuna görə, həmin rayonlara giriş-çıxış
dayandırılıb.
Onu da qeyd edək
ki, sözügedən
qurumun oktyabrın
29-da imzaladığı qərara
uyğun olaraq, ötən gündən bütün təhsil pillələri üzrə
tədrisin distant təşkilinə
başlanılıb. Bu qərar dekabrın 1-dək
qüvvədədir.
Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev bildirib ki, sentyabrdan etibarən dünyada koronavirusa yoluxanların sayında artım qeydə alınır. Bu tendensiya Azərbaycandan da yan keçməyib.
Rəqəmlərin artımının obyektiv səbəbləri
də var. Onlardan biri respirator sistemə aid xəstəliklərin sentyabr-oktyabr
aylarından başlayaraq
artmasıdır. Digər
yandan isə yoluxma sayının azlığı vətəndaşlarda
arxayınlığa səbəb
oldu və hər kəs pandemiyanın bitdiyini düşündü: "Əslində
isə, xəstəlik
davam edir. Bunu biz ikinci dalğa kimi də qəbul
edə bilmərik.
Çünki xəstəlik var
və vətəndaşlar
ona məsuliyyətlə
yanaşmanı unutduqdan
sonra rəqəmlərdə
artımlar qeydə alındı”.
A.Allahverdiyev söyləyib ki, bu gediş, əslində, çox həyəcanlıdır. Çünki
hazırda gərgin bir dövrdə yaşayırıq: "Vətən
müharibəsi davam edir. Bizim hər birimizin
xəstələnməsi cəbhə
üçün də
təhlükə törədir.
Vətəndaşlar cəbhə zonasında
hərbçilərlə təmasda
olduqlarına görə,
məsuliyyətimiz birə
on qat artmalıdır.
Hər birimiz ordumuzun qələbəsi naminə
koronavirusa qarşı
mübarizədə də
həmrəylik nümayiş
etdirməliyik”.
Əhalinin sayına
görə aparılan
test sayı yüksəkdir
Adil Allahverdiyev Azərbaycanda koronavirusa yeni yoluxma hallarının
müəyyənləşdirilməsi məqsədilə aparılan
testlərdən də
danışıb: "Ölkəmizdə
əhalinin sayına görə aparılan test
sayı yüksək səviyyədədir. Test saylarının
çoxluğu son dərəcə
önəmlidir və
xəstəliyi gizli keçirənlərin üzə
çıxarılmasına imkan verir. Bu, iki cür ola bilər. Bəziləri xəstəliyi zəif,
asimptomatik keçirir.
Onlar
virus daşıyıcısı olsalar da, özlərini
sağlam hiss edirlər.
İkinci qrup insanlar isə əlamətləri hiss etsələr
də, yoluxduqlarını
düşünmür, soyuqdəymə,
qrip olduqlarını deyirlər. Aparılan testlər bunları
üzə çıxarır.
Ona görə də test sayının çoxluğu xəstəliyin
yayılmasının qarşısını
almağa kömək
edə bilər”.
Göründüyü kimi, hazırda ölkəmizdə sanitar-epidemioloji
vəziyyət elə
də ürəkaçan
deyil və yoluxma sayı bu cür artmaqda
davam edərsə, hazırkı durum daha da pisləşə bilər. Bunu isə heç
bir Azərbaycan vətəndaşı istəməz.
Təbii
ki, sentyabr ayından, yəni Vətən müharibəsi
başlayandan hər birimizin diqqəti ümdə olaraq cəbhəyə yönəldi,
pandemiyanı unutduq və bunun nəticəsində
də COVID-19-un sürətli
yayılmasına rəvac
verdik.
Amma vətəndaş məsuliyyəti
ilə hazırda yaranmış bu mənfi tendensiyanı tezliklə aradan qaldırmaq da mümkündür. Mütəxəssislərin təsbit etdiyi
kimi, koronavirus təhlükəsindən qorunmağın
yolları bəllidir
- maska taxmaq, əl gigiyenasına əməl etmək və məsafə saxlamaq.
Bu sadə
qaydalara əməl etməklə həm insanlarımızın, həm
də torpaqlarımızın
işğaldan azad edilməsi uğrunda rəşadətlə döyüşən
əsgərlərimizin sağlamlığına
və təhlükəsizliyinə
böyük töhfə
vermiş olarıq.
Yasəmən MUSAYEVA,
Azərbaycan.- 2020.- 3 noyabr.- S.1; 7.