"Qarabağ
Azərbaycandır!" qələbəmizin rəmzidir
Noyabrın 10-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət
edib.
Prezident İlham Əliyevin
müraciəti
-Əziz həmvətənlər.
Bu gün ölkəmiz üçün
tarixi bir gündür. Bu
gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə
imzalanmış üçtərəfli bəyanat məsələnin
həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı
Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş
naziri imzalamışlar. İstərdim ki, bəyanatın mətni
ilə sizi tanış edim:
“Azərbaycan
Respublikasının Prezidenti, Ermənistan
Respublikasınınbaş naziri və Rusiya Federasiyasının
Prezidentinin bəyanatı
Biz Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan
Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya
Federasiyasının Prezidenti Vladimir Putin
aşağıdakıları bəyan edirik:
1. 10 noyabr 2020-ci il tarixində
Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq
Qarabağ münaqişəsi zonasında atəşin və
bütün hərbi əməliyyatların tam
dayandırılması elan olunur. Bundan sonra Tərəflər
adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan
Respublikası hazırda tutduqları mövqelərdə
qalacaqlar.
2. 20 noyabr 2020-ci il tarixinədək
Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır.
3. Dağlıq
Qarabağda təmas xətti və Laçın dəhlizi
boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi
qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd
avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı
kontingenti yerləşdirilir.
4. Rusiya
Federasiyasının sülhməramlı kontingenti erməni
silahlı qüvvələrinin çıxarılması ilə
paralel şəkildə yerləşdirilir. Rusiya
Federasiyasının sülhməramlı kontingentinin qalma
müddəti 5 ildir və müddətin bitməsinə 6 ay
qalmış hazırkı müddəanın tətbiqinə
xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən
hər hansı biri çıxış etməzsə,
müddət avtomatik olaraq növbəti 5 ilə
uzadılır.
5. Münaqişə tərəflərinin
razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin
artırılması məqsədilə atəşkəsə
nəzarət üzrə sülhməramlı mərkəz
yaradılır.
6. Ermənistan
Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan
Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il
tarixinədək isə Laçın rayonunu qaytarır.
Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni
təmin edəcək və bununla belə Şuşa şəhərinə
toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya
sülhməramlı kontingentinin nəzarəti altında
qalır. Tərəflərin
razılığı əsasında növbəti
üç il ərzində Dağlıq Qarabağla Ermənistan
arasında əlaqəni təmin edən Laçın dəhlizi
üzrə yeni hərəkət marşrutunun inşası
planı müəyyən ediləcək və bununla da həmin
marşrutun mühafizəsi üçün Rusiya
sülhməramlı kontingentinin gələcək yerdəyişməsi
nəzərdə tutulur. Azərbaycan Respublikası
Laçın dəhlizi üzrə hər iki istiqamətdə
vətəndaşların, nəqliyyat vasitələrinin və
yüklərin hərəkətinə təhlükəsizlik
zəmanəti verir.
7. Daxili məcburi
köçkünlər və qaçqınlar Dağlıq
Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin
Qaçqınlar üzrə Ali Komissarlığının
Ofisinin nəzarəti altında geri qayıdır.
8. Hərbi əsirlər,
girovlar və digər saxlanılan şəxslərin, habelə
cəsədlərin mübadiləsi həyata keçirilir.
9. Bölgədəki
bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa
edilir. Ermənistan Respublikası vətəndaşların,
nəqliyyat vasitələrinin və yüklərin hər iki
istiqamətdə maneəsiz hərəkətinin təşkili
məqsədilə Azərbaycan Respublikasının qərb
rayonları və Naxçıvan Muxtar Respublikası
arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə
zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə
nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin
sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin
razılığı əsasında Naxçıvan Muxtar
Respublikası ilə Azərbaycanın qərb
rayonlarını birləşdirən yeni nəqliyyat
kommunikasiyalarının inşası təmin ediləcək.
Azərbaycan
Respublikasının Prezidenti, Ermənistan Respublikasının
baş naziri, Rusiya Federasiyasının Prezidenti”.
***
Əziz həmvətənlər,
əziz bacılar və qardaşlar.
Bu bəyanatın tarixi əhəmiyyəti
var. Bildirməliyəm ki, bu bəyanat videokonfrans şəklində
imzalanmışdır və ilk mərhələdə 3
ölkənin başçısı bu videokonfrans vasitəsilə
bəyanatı imzalamalı idilər. Ancaq son anda Ermənistan
baş naziri bundan imtina edib. Bu, müəyyən dərəcədə
başadüşüləndir. Çünki faktiki olaraq bu bəyanat
Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Ona
görə bu bəyanatı videokonfrans formatında Rusiya
Prezidenti və mən imzalamışıq və bu bəyanat
rus dilində tərtib edilibdir. Mənim burada imzam var, bu sənəd
bu imzalamadan sonra Rusiya səfirinə təqdim edilib və
Rusiya və Ermənistan dövlət, hökumət
başçıları bu sənədi imzalayacaqlar.
Bir daha demək istəyirəm
ki, Ermənistan baş naziri Paşinyanın bu hərəkəti
başadüşüləndir. Halbuki hesab edirəm ki, hər
bir insan öz əməllərinə görə cavab verməlidir.
Hər bir insan hətta onun üçün, ölkəsi
üçün ən ağır, ən kritik vəziyyətdə
özünə hörmət saxlamalıdır. Onsuz da
Paşinyan bunu imzalayacaq. Biz onu məcbur etdik. Ancaq onu
hansısa bağlı bir yerdə, qapalı bir yerdə,
kameralardan uzaq bir yerdə qorxaqcasına, namərdcəsinə
imzalayacaq. Öz xoşu ilə bunu imzalamır. Bunun - dəmir
yumruğun hesabına imzalayır!
Bu bəyanat bizim
şanlı qələbəmizdir. Şadam ki, bu gün bu
müjdəni Azərbaycan xalqına verirəm. Hesab
edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən
biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir,
tarixi qələbəmizdir, Şuşanın işğaldan
azad edilməsidir, Şuşa Qarabağın tacıdır!
Şuşanın azad edilməsi həm böyük siyasi,
həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi
məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz
Şuşanı qaytardıq, biz Şuşada
yaşayacağıq və işğaldan azad edilmiş digər
bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara
qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə
son qoyulur.
Hesab
edirəm ki, bu bəyanatın imzalanmasının səbəbi
noyabrın 9-da - Dövlət Bayrağı Günündə
bizim növbəti şanlı hərbi qələbəmiz
olub. Çünki noyabrın 9-da 72 yaşayış məntəqəsini
Azərbaycan Ordusu işğalçılardan azad edib.
Şuşanın azad edilməsi, noyabrın 9-da 72
yaşayış məntəqəsinin azad edilməsi və
sentyabrın 27-dən bu günə qədər 300-ə
yaxın yaşayış məntəqəsinin azad edilməsi
ilə Ermənistan ordusunun belini qırmışıq.
Paşinyan məcbur olub bu bəyanata öz imzasını
atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən
isə böyük fəxarət və sevinc hissi ilə bu bəyanata
öz imzamı atmışam. Çünki bu bəyanat uzun
illər davam edən işğala son qoyur. Bu bəyanat imkan
verir ki, hələ də işğal altında olan digər
rayonlarımızı - Ağdam, Laçın, Kəlbəcər
rayonlarını qan tökülmədən qaytaraq. Qısa
bir müddət qoyulur, bu ayın sonuna qədər bu rayonlar
bizə qaytarılır. Bu, böyük xoşbəxtlikdir. Mən
fürsətdən istifadə edərək, Ağdam,
Laçın, Kəlbəcər rayonlarının sakinlərini,
bütün Azərbaycan xalqını bu münasibətlə
təbrik edirəm. Hər dəfə işğal altında
olan hansısa rayon, şəhər işğaldan azad ediləndə
mən o şəhər və rayonların sakinlərini təbrik
edirdim, təsəvvür edirəm ki, onların həyatında
bu nə deməkdir. Onların bəziləri, bəlkə də
bir çoxları görəndə ki, uzun illər ərzində
məsələ öz həllini tapmır artıq ümidlərini
itirmişdilər. Mən son 17 il ərzində
köçkünlərlə çoxsaylı
görüşlərimdə, onlar üçün yeni evlərin
təqdimat mərasimlərində görürdüm ki, ildən-ilə
onların ümidləri azalır. Görürdüm, ürək
ağrısı ilə bunu görürdüm.
Görürdüm ki, artıq onların bəziləri
ümidlərini itirib. Bəli, təşəkkürünü
bildirirdilər, təbii ki, onlara yaxşı şərait
yaradılırdı, onların problemləri həll olunurdu.
Bilirsiniz ki, məcburi köçkünlər
üçün Azərbaycanda görülən işlər
heç bir başqa ölkədə görülmür.
Dünyanın bir çox ölkələrində
köçkünlər var, amma bizim köçkünlərimizin
vəziyyəti o biri ölkələrdə yaşayan
köçkünlərlə müqayisəedilməz dərəcədə
müsbətdir. Amma onların əsas arzusu doğma torpaqlara
qayıtmaqdır və məndən xahiş edirdilər, cənab
Prezident, qaytar bizi. Mən də hər dəfə
onlarla görüşəndə həm onlarda güclü
iradə görürdüm, yenilməzlik görürdüm,
dövlətə sədaqət görürdüm, eyni zamanda,
onların gözlərində nisgil, həsrət
görürdüm. Buna son qoyulub, əziz
soydaşlarım, gözünüz aydın olsun, siz
qayıdırsınız, biz qayıdırıq, Azərbaycan
qayıdır! Azərbaycan öz ərazi
bütövlüyünü bərpa edir. Bundan da böyük
xoşbəxtlik ola bilərmi!
Məcburi
köçkünlər yaxşı bilirlər ki, onların
öz dədə-baba torpaqlarına qayıtması
üçün biz əlimizdən gələni edəcəyik,
işğaldan azad edilmiş bu torpaqları yenidən
quracağıq. İndi bütün dünya görür ki, mənfur
düşmən bu torpaqları hansı vəziyyətə
salıb. Bizim bütün binalarımız
dağıdılıb, tarixi abidələrimiz
dağıdılıb, muzeylərimiz talan edilib, təbiətimizə
böyük ziyan vurulub, məscidlərimiz
dağıdılıb, təhqir edilib. Azad edilmiş
torpaqlarda yarıdağılmış məscidlərdə vəhşi
düşmən bizi təhqir etmək üçün, bizim
qürurumuza toxunmaq üçün donuz saxlayırdı. Amma
biz onların qisasını artıqlaması ilə aldıq.
Xocalı qurbanlarının da qisasını aldıq, şəhidlərimizin
də qisasını aldıq.
Mən noyabrın 8-də
Şuşanın azad edilməsi ilə əlaqədar
xalqıma müjdə verərkən bildirmişdim ki, şəhidlərin
ruhu qarşısında baş əyirəm. Birinci Qarabağ
və İkinci Qarabağ müharibələrinin şəhidləri
bizim qəlbimizdə əbədi yaşayacaq. Allah
bütün şəhidlərimizə rəhmət eləsin.
Onların qəhrəmanlığı, fədakarlığı
nəticəsində biz torplaqlarımıza
qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə
şəfa versin, onlar tezliklə sağalıb normal həyata
dönsünlər, onların sağalması
üçün də əlimizdən gələni edirik və
edəcəyik. Hətta ən ağır vəziyyətdə
olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən
gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu
Qələbəyə görə onlara borcluyuq. Onlar
torpağımızı işğalçılardan
qarış-qarış azad edib, onlar bizim
bayrağımızı işğal edilmiş və
işğaldan azad edilmiş torpaqlarda qaldırıb,
bayrağımızı orada dalğalandırıb. Bu, bizim
hamımızın qələbəsidir, bütün Azərbaycan
xalqının. Azərbaycan xalqı bir daha
göstərdi ki, nə qədər böyük xalqdır, nə
qədər vətənpərvər xalqdır, nə qədər
dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti,
30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı
sındırmadı, iradəmizə heç bir mənfi
təsir göstərmədi. Əksinə, biz daha da
bütövləşdik, daha da mətinləşdik, daha da
gücləndik, özümüzü toparladıq, dedik ki,
artıq yetər, biz bu işğala dözməyəcəyik.
Dedik ki, düşməni torpaqlarımızdan
qovacağıq! Heç bir danışıqlar bizi
maraqlandırmır. Siz də yaxşı bilirsiniz ki, son bir il
ərzində mən danışıqlar haqqında,
ümumiyyətlə, söhbət aparmıram. Xalqımı
aldatmaq istəmirdim, heç vaxt aldatmamışam və
aldatmayacağam. Azərbaycan xalqı bunu bilir. Mən
müharibədən əvvəl deyəndə ki, mən bilirəm
nəyi nə vaxt etmək lazımdır, əminəm ki,
xalqımızın mütləq əksəriyyəti başa
düşürdü mən nəyi nəzərdə tuturam və
səbirlə bu günü gözləyirdi, mənə
inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi
inanırdı, gözləyirdi və bu gün gəldi. Dedik
yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz
əsarət altında nə qədər qalacaq?! Mənfur
düşmən bizim təbiətimizi nə qədər
murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək,
içəcək, rəqs edəcək, bizi təhqir edəcək.
Dedik ki, düşmənə yerini göstərəcəyik,
düşməni torpaqlarımızdan qovacağıq və
qovduq da!
Sentyabrın 27-də nə
baş verib, onu tarixçilər deyəcək. Necə
başlayıb, onu hesab edirəm ki, bir çoxları bilir.
Artıq Azərbaycan xalqının səbri tükənmişdi
və mən Ermənistan baş nazirinə son
görüşlərdə demişdim ki, siz odla oynamayın,
Azərbaycan xalqının səbri ilə oynamayın. Siz Azərbaycan
xalqını tanımırsınız, siz
tanıyacaqsınız bizi, amma gec olacaq. Düz yola gəlin,
çıxın bu torpaqlardan, bu torpaqlar sizə mənsub
deyil. Amma nə etdilər? Orada qanunsuz məskunlaşma aparmaq
üçün beynəlxalq hüququ, beynəlxalq
konvensiyaları, o cümlədən Cenevrə
konvensiyalarını kobudcasına pozaraq nümayişkaranə
şəkildə xaricdən erməniləri gətirib
özü də məhz Şuşaya ki, bizi incitsin. Məhz
Şuşada o dəstə başçısı hansı ki,
indi deşik axtarır gizlənməyə, xunta
başçısı özünə andiçmə mərasimi
keçirmişdir və Ermənistan baş naziri gedib orada
iştirak edib. Bu, bizə sataşmaq deyildimi? Bunun
hesabını sizdən soruşan olmayacaqdımı?!
Hesabını soruşduq, diz çökdürdük, diz
üstə qoyduq! Onun-bunun ətəyindən
yapışıb bu 40 gündən çox bir müddətdə
adam qalmayıb ki, zəhləsini tökməsin, yardım istəməsin,
özünü alçaltmasın. Biz alçaltmışıq
onu, əcəb də etmişik. Bizim
üçün müqəddəs olan Şuşa şəhərinin
Cıdır düzündə sərxoş vəziyyətdə
rəqs edəndə fikirləşəydi ki, bu gün gələcək,
cəzasını alacaq, siçan kimi gizlənib bax bu sənədi
götürüb ağlaya-ağlaya imzalayacaq. Yerini
göstərdik, dərsini verdik. Qovmuşuq onları
torpaqlarımızdan, iti qovan kimi qovmuşuq. Demişdim ki,
qovacağıq, iti qovan kimi qovacağıq və qovmuşuq,
iti qovan kimi qovmuşuq. Qorxularından indi bu sənədə
imza atır, bilir ki, biz Ağdama da, Kəlbəcərə də,
Laçına da gələcəyik. Heç kim bizi saxlaya
bilməz. Hər kəs bizim gücümüzü
gördü, hər kəs bizim dəmir yumruğumuz nədir,
anladı. Ona görə qovmuşuq onları, əcəb də
etmişik.
Onların demək olar ki,
bütün texnikasını məhv etmişik,
darmadağın etmişik. Bu 30 il ərzində qurulmuş istehkamları
keçmişik, əsgərlərimiz aslan kimi keçiblər,
əziblər düşməni keçiblər, əcəb də
ediblər, öz torpağında. Biz beynəlxalq hüquqa əməl
edirik, biz beynəlxalq hüquqa hörmət göstəririk.
Biz mülki vətəndaşlardan intiqam almamışıq,
heç vaxt almayacağıq və məhz buna görə
mülki vətəndaşlar arasında düşmən tərəfdə
itkilər çox azdır. Onlar nə etdilər? Onlar
döyüş meydanında duruş gətirə bilmədilər,
qaçdılar, ondan sonra ballistik raketlərlə mülki vətəndaşlara
atəş açdılar. Bu, hərbi cinayətdir. Onlar bu hərbi
cinayətə görə cavab verəcəklər. Gəncə
şəhərini Ermənistandan ballistik raketlərlə
vurmaq alçaqlıqdır, alçaq hərəkətdir,
cinayətdir. Bərdəni kasetli bombalarla atəşə
tutmaq hərbi cinayətdir. Mən demişəm Tərtər
şəhəri, İkinci Dünya müharibəsi
dövründə dağılmış Stalinqrad şəhərinə
bənzəyir. Gündə, - özü də böyük
şəhər deyil, - yüzlərlə mərmi
düşürdü, amma bir nəfər də tərpənmədi.
Amma ermənilər qaçıb getdilər. Onların “yenilməz”
ordusu məhv oldu, fərarilik başladı, xunta
başçısı Dağlıq Qarabağda əmr verdi
ki, kim oradan qaçacaq, o, məsuliyyətə cəlb
olunacaq. Bizdə BİR nəfər fərari oldumu? Olmadı!
Bir nəfər də olmadı! Budur Azərbaycan xalqı!
Mülki vətəndaşlar, evi dağılıb, malı
batıb, yaxın insanını itirib, yenə də deyir ki,
"Vətən sağ olsun". Ancaq irəli, irəli! Mənə
yazılan məktublarda deyilir, Ali Baş Komandan, irəli! Dəstəkləyirik
səni, get irəli, dayanma və getmişəm,
dayanmamışam.
Bu müharibə
dövründə 30-a yaxın müsahibə vermişəm.
Ömrümdə bəlkə də bu qədər müsahibə
verməmişəm və bəziləri deyirlər ki,
İlham Əliyev nə üçün müsahibə vermir.
Hesab edirdim ki, mən öz mövqeyimi ifadə etmək
üçün kifayət qədər imkanlara malikəm,
tez-tez bütün məsələlərlə bağlı
öz fikirlərimi bildirirəm. Mənim bütün fəaliyyətim
şəffafdır, keçirdiyim bütün iclaslar ictimaiyyətə
təqdim edilir. Lüzum bilmirdim onda. Amma
lazım olan vaxtda 30-a yaxın müsahibə vermişəm və
o müsahiblərdə demişəm ki, biz beynəlxalq hüquqa
hörmətlə yanaşırıq, biz beynəlxalq
hüququ müdafiə edirik, biz ədaləti müdafiə
edirik, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini
icra edirik. Demişdim ki, bizim bütün
addımlarımız beynəlxalq hüququn norma və prinsipləri
əsasında, əxlaq əsasında görülüb və
bütün addımlarımız bu istiqamətdə
atılıb. İntiqamımızı düşməndən
aldıq, işğalçıdan aldıq. Mülki vətəndaşlarla
bizim işimiz olmayıb və olmayacaq. Düşmənin məskunlaşdığı,
gizləndiyi şəhərlərdə böyük
dağıntılar yoxdur. Çünki biz mülki obyektlərə
atəş açmamışıq. Bax, bizim fərqimiz bundan
ibarətdir.
Mən bu müharibə
başlayandan sonra demişdim ki, bir çoxları, demək
olar, bu məsələ ilə məşğul olan siyasətçilərin
hamısı deyirdi ki, bu münaqişənin hərbi həlli
yoxdur. Mən nə deyirdim? Deyirdim ki, var! Məni tənqid
edirdilər ki, İlham Əliyev nə danışır?
Yoxdur hərbi həlli. Dedim yaxşı yoxdursa, onda bunu
sülh yolu ilə həll edin. Sizin əlinizdə bu imkanlar
var. Siz böyük dövlətlərsiniz, böyük
nüfuzunuz var, böyük imkanlarınız var. Nədir ki,
sizin qabağınızda Ermənistan, nədir ki, ona təsir
edə bilmirsiniz? Bəlkə təsir etmək istəmirsiniz?
Yox, deyirdilər ki, olmaz müharibə aparmaq, sülh yolu ilə.
Sülh yolu ilə 1 il, 2 il, daha 30 il sülh yolu ilə? Bizim
başımızı nə qədər aldatmaq olar? Amma biz
sübut etdik ki hərbi həlli var. Və mən demişdim
ki, mən istəyirəm və Paşinyan, deyirəm sənə,
bəyanat ver, öhdəlik götür, qrafik ver, cədvəl
ver. Müharibənin ilk günündən mən bunu deyirdim.
Hər kəs də bunu görə bilər. Müsahibələrimdə,
xalqa müraciətlərimdə açıq demişəm, qrafik
ver, cədvəl ver, rədd ol, çıx get, mən
dayanıram. Yoxsa oradan deyirlər dayanın, buradan deyirlər
dayanın. Yaxşı, bizim torpaqlarımızı
işğal edəndə niyə bunlara "dayanın!"
deyən olmadı? Bizim torpağımızı 30 il əsarət
altında saxlayan Ermənistana nə üçün “buradan
çıx get!" deyən olmadı! Bu, nədir?
Yaxşı, biz indi öz gücümüzə güvənərək
bu torpaqları şəhid verə-verə, qan tökə-tökə
azad edirik, bizə “dayanın” deyirsən, ona de ki,
çıx. Demir. Bizə deyir dayan. Dedim dayanmayacağam mən.
Heç kim məni dayandıra bilməz və
dedim tələb edirəm səndən Paşinyan, şəxsən
özün, sənin xarici işlər nazirin, nə bilim o
biri, bu biri yox, şəxsən özün öhdəlik
götürməlisən, tarix verməlisən nə vaxt rədd
olursan bizim torpaqlarımızdan. Bax bu bəyanatda o
öhdəlik var. Məcbur edirik onu, məcbur
etdik, zorla məcbur etdik, başına vura-vura məcbur etdik,
bütün bəd əməllərinə görə, o
donuzları bizim məscidlərimizdə saxladığına
görə. Bizim məscidlərimizdə donuz saxlayan
özü donuzdur. İndi bu sənəddə öhdəlik
var. Dekabrın 1-nə qədər rədd olacaq qalan
işğal edilmiş torpaqlardan. Ona görə məsələnin
hərbi yolu var. Amma mən deyirdim, istəyirəm ki, bu hərbi
mərhələ də dayansın, keçək siyasi mərhələyə.
Nə oldu? Mən deyən oldu. Bax, bu gün mən deyən
oldu. Hərbi mərhələ başa çatır,
keçirik siyasi məsələyə. Demək olar ki, bizə
maksimum sərf edən sənəd imzalandı. Paşinyan onu
imzaladı. Başqa yolu yox idi. Əslində, bu, məğlubiyyətin
etirafıdır. Bu, hərbi kapitulyasiyadır. Prinsip etibarilə
mən tələb edə bilərdim ki, gəlsin otursun orada,
aşağıda, bax orada imzalasın onu. Amma mən belə
adam deyiləm. Mən nə üçün kimisə
alçaldım. O onsuz da özünü alçaldıb. Bu
rəzil duruma özü-özünü salıb. Gərək
orada qarnını qabağa verib, sərxoş vəziyyətdə
Cıdır düzündə rəqs edəndə bu
günü fikirləşərdi ki, gün gələcək
hesabını verəcəksən, verirsən. Bax belə.
Heç kim bizimlə zarafat edə bilməz. Heç kim Azərbaycan
xalqının səbri ilə oynaya bilməz. Heç kim bizi
təhqir edə bilməz. Edərsən, dərsini alarsan. Necə
ki, dərsini vermişik.
Ona görə məsələnin
həlli artıq təmin edilib. Əlbəttə, əgər
Ermənistan atəşkəsə əməl etsə, - mən
artıq bütün əmrlərimi vermişəm, -
komandanlıqlara əmrimi vermişəm, biz dayanırıq.
Biz imzamıza hörmətlə yanaşırıq.
Qarşı tərəf də dayanmalıdır.
Çünki dayanmasa, biz də dayanmayacağıq.
İndi beynəlxalq
müşahidəçilər yaxşı bilirlər ki, kim
atəşkəsi pozub. Birinci dəfə kim
pozub Gəncəni ballistik raketlə bombalayanda, ikinci dəfə
kim pozub beş dəqiqə atəşkəs vaxtından
keçməmiş və üçüncü dəfə Bərdəni
kasetli raketlərlə vurmaqla. İndi bu dəfə də
pozsa, artıq mən hesab edirəm ki, özü lap peşman
olacaq. Ona görə biz istədiyimizə nail ola
bilmişik. Biz düşməni məcbur edə bilmişik. Mən
faktiki olaraq onlara ultimatum vermişəm. Demişəm ki,
çıxmalısan, çıxmasan sona qədər gedəcəyəm.
Sona qədər! Ayın 8-də Şəhidlər
xiyabanında demişəm ki, sona qədər gedəcəyəm
və heç bir qüvvə məni dayandıra bilməz.
Biz bu
qələbəni döyüş meydanında qazandıq.
300-ə yaxın yaşayış məntəqəsi, o
cümlədən Füzuli şəhəri, Cəbrayıl
şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri,
Şuşa şəhəri, Hadrud qəsəbəsi,
Suqovuşan qəsəbəsi, digər qəsəbələr
döyüş meydanında azad edildi.
Bu qələbələr
düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər
rayonları bizə siyasi yollarla qayıdır. Amma burada Ermənistan
tərəfinin xoş niyyətini axtarmaq yersizdir. Onlarda xoş
niyyət deyilən anlayış bütövlükdə
yoxdur. Sadəcə olaraq, məcbur olub. Çünki bilirdi
ki, bu sənədə imza atmasa, özümüz
alacağıq bu torpaqları. Hər kəs bunu bilirdi. Mən
demişdim ki, qan tökmək istəmirəm, müharibəni
dayandırmalıyıq, rədd olsun bizim torpaqlarımızdan!
Belə də oldu.
Mən bir məsələni
də qeyd etmək istərdim. Mən əziz xalqımı sənədin
mətni ilə tanış etdim. Burada yeni nəzarət
mexanizmi tətbiq edilir. Bəyanatın beşinci bəndində
yazılıb: "Münaqişə tərəflərinin
razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin
artırılması məqsədilə atəşkəsə
nəzarət üzrə sülhməramlı mərkəz
yaradılır". Mən deyə bilərəm ki, bu mərkəzdə
Rusiya və Türkiyə hərbçiləri fəaliyyət
göstərəcək. Beləliklə Türkiyə rəsmi
qaydada bu münaqişənin gələcək həlli və
atəşkəsə nəzarət etmək işində rol
oynayacaqdır.
Mən
videokonfrans formatında imzalama mərasimindəki
çıxışımda həm Türkiyə Prezidenti, əziz
qardaşım Rəcəb Tayyib Ərdoğanın, həm
Rusiya Prezidenti Vladimir Putinın səylərini yüksək
qiymətləndirdim. Çünki onlar doğrudan da bu 44-45
gün ərzində böyük səylər göstərmişlər
ki, məsələ sülh yolu ilə həll olunsun. Eyni
zamanda, mən çox şadam ki, artıq münaqişənin
dayandırılmasında bu iki lider öz müsbət rolunu
oynayıb. Hesab edirəm ki, bu, eyni zamanda,
bölgədə gələcək əməkdaşlıq formatını
da böyük dərəcədə müəyyən edir.
Çünki Türkiyə ilə Rusiya arasındakı əlaqələr
bu gün tarixə baxsaq, hesab edirəm ki, ən yüksək
səviyyədədir. Hər iki ölkə bizim
üçün dost, qonşu ölkədir. Beləliklə,
hesab edirəm ki, gələcəkdə bu əməkdaşlıq
formatı daha da çoxşaxəli ola bilər.
Digər önəmli məsələ,
xüsusilə qeyd etmək istəyirəm ki, Naxçıvan
Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi
ilə əlaqəsi bu sənəddə təsbit edilir. Həm
bütün kommunikasiyaların, yolların
açılması, eyni zamanda, burada göstərilir ki, yeni nəqliyyat
kommunikasiya infrastrukturu yaradıla bilər və
yaradılmalıdır. Biz bunu əlbəttə ki, çox dəstəkləmişik.
Deyə bilərəm ki, mənim təkidimlə bu bənd bu
bəyanata salındı. Çünki birbaşa Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə bu bəndin
əlaqəsi yoxdur. Ancaq mənim təkidli tələblərim
şadam ki, qəbul olundu. Beləliklə
Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın
əsas hissəsi ilə quru yollarla birləşdirmə
istiqamətində tarixi addım atıldı. Çünki mənfur
düşmən 1990-cı illərin əvvəllərində
və ondan da bir qədər əvvəl Naxçıvanı
faktiki olaraq mühasirəyə almışdı.
Bütün kommunikasiya xətləri kəsildi, -
çünki o vaxt Azərbaycanın əsas hissəsindən
oraya enerji resursları ötürülürdü, - faktiki
olaraq Naxçıvan Muxtar Respublikası çox ağır
vəziyyətdə qalmışdı. Eyni zamanda, Ermənistan
ərazisindən oraya hücumlar da edilirdi. Dəfələrlə
demişəm, məhz ulu öndər Heydər Əliyevin cəsarəti
və fəaliyyəti nəticəsində Naxçıvan
işğal altına düşmədi. Erməni
vandallarının belə planları da var idi.
Ona görə bu bəndi
xüsusilə qeyd etmək istərdim və əziz
naxçıvanlıları da bu hadisə münasibətilə
təbrik etmək istərdim. Bildirməliyəm
ki, naxçıvanlılar da ikinci Qarabağ müharibəsində
digər bütün bölgələrdən olan vətəndaşlar
kimi fəal iştirak ediblər. İndi müharibə
başa çatır, bu günə qədər
açıqlanmayan bəzi məsələlər də
üzə çıxacaq və hər kəs
biləcək ki, başqa bütün bölgələrdən
olan hərbçilərlə bərabər
naxçıvanlılar da böyük qəhrəmanlıq
göstəriblər və torpaqlarımızın azad edilməsi
işində fədakarlıq göstəriblər, şəhidlər
veriblər.
Mən bir məsələyə
də toxunmaq istəyirəm. Bu günlərdə biz Azərbaycan
xalqının birliyini gördük. Bütün bölgələrdən
ordumuza dəstək gəldi. Bütün
bölgələrdə hər bir vətəndaş
böyük həyəcan hissi ilə bu günləri
yaşayıb, hər gün televiziya önündə, radio
qarşısında, internetdə cəbhədən gələn
xəbərləri izləyib, uğurlarımıza sevinib.
Bütün bölgələrdə biz bunu gördük. Bir daha gördük ki, ölkəmiz və
xalqımız nə qədər gözəl ölkədir və
gözəl xalqdır. Ölkəmizdə yaşayan
bütün millətlərin nümayəndələri,
bütün dini konfessiyaların nümayəndələri cəsarət
göstərərək, düşmənlə
vuruşaraq Azərbaycanın ərazi
bütövlüyünü bərpa etdilər. Bu, bizim
böyük sərvətimizdir, böyük dəyərimizdir.
Mən bunu dəfələrlə demişəm. Ermənistan
bu xoşbəxtlikdən məhrumdur. Çünki monodövlətdir,
orada ermənilərdən başqa heç kim yaşamır.
Avrasiyada, bizim bölgədə başqa belə ölkə
tapmaq mümkün deyil. Çünki heç kim orada
yaşaya bilmir. Ya onları qovurlar, azərbaycanlılar kimi
etnik təmizləməyə məruz qoyurlar, ya da ki, başqa
millətin nümayəndəsi orada yaşaya bilmir,
sıxışdırırlar, sıxışdırırlar,
sıxışdırırlar. Amma bizim
üstünlüyümüz bax, bundadır, çoxmillətli,
çoxkonfessiyalı Azərbaycan bu müharibədə də
özünü göstərdi, bütün xalqların
nümayəndələri birlik göstərdilər, qəhrəmanlıq
göstərdilər. Bir daha demək istəyirəm ki, bu
müharibə bir çox məsələlərə bir daha
aydınlıq gətirmişdir.
Mən bir məsələni
də bildirmək, əziz xalqıma çatdırmaq istəyirəm.
Yəqin siz fikir vermisiniz ki, bu bəyanatda Dağlıq
Qarabağın statusu haqqında bir kəlmə də yoxdur,
yoxdur! Bəs hanı Ermənistan tərəfinin tələbləri
ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir? Mən
onlara muxtariyyət təklif edəndə buna razı
olmadılar, dedilər ki, yox, bu, “müstəqil dövlətdir”.
Bunlar uzun illərdir “müstəqil dövlət” kimi
yaşayır və onlar Azərbaycandan müstəqillik
almalıdırlar. Bir kəlmə də yoxdur, Paşinyan. Nə
oldu bəs? Bu nə oldu, Paşinyan? Deyəsən, bir
çox illər ərzində dillərdə qalacaq. Nə
oldu Paşinyan, yol çəkirdin Cəbrayıla. Rəqs edirdin, nə oldu bəs
status? Cəhənnəmə getdi status, gora getdi status,
gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq.
Ona görə, bu sənədin çox
böyük mənası var. Əminəm ki, Azərbaycan
xalqı bu sənədə böyük diqqət göstərərək
onu dəqiq, böyük diqqətlə oxuyacaq və görəcək
ki, biz nə qədər böyük siyasi qələbə
qazanmışıq. Bu siyasi qələbənin
qazanılmasında hərbi qələbəmiz müstəsna
rol oynayır. Əlbəttə ki, son illər
ərzində ölkəmizdə aparılan işlər,
mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi
münasibətlərin müsbət səviyyəyə
qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz
- bütün bunlar, ordu quruculuğu təbii ki, bu qələbəmizi
şərtləndirdi. Mən bu günlərdə
bir şeyə də fikir verdim. Hətta fərqli
siyasi baxışlara malik olan insanlar, bizim işimizə tənqidi
yanaşan insanlar, hətta bir çox hallarda əsassız tənqidlər
ifadə edən insanlar bu dövrdə hesab edirəm ki,
yüksək şüur nümunəsi göstərdilər.
Mən həmişə deyirdim ki, siyasi müstəvidə
fərqli baxışlar var, olmalıdır, bu, normaldır.
Müxalifət olmalıdır, bu, normaldır.
Hər bir demokratik ölkədə olduğu
kimi, bizdə də əlbəttə ki, bütün bu
azadlıqlar var. Amma bir şey olmamalıdır – dövlətə
müxalifətdə olmaq olmaz, dövlətçiliyə
müxalifətdə olmaq olmaz. “İqtidara,
dövlətə nə qədər pisdir, mənim
üçün bir o qədər yaxşıdır” fikri ilə
yaşamaq olmaz. Mən deyə bilərəm,
bu günlər ərzində mən gördüm ki, milli məsələlərdə
biz hamımız birləşə bilirik. Bu
da bizim gələcəyimiz üçün çox önəmlidir.
Çünki biz hamımız istəyirik ki, Azərbaycan
inkişaf etsin, hamımız istəyirik ki, daha güclü
ölkə olsun. Gücümüzü
göstərmişik, döyüş meydanında, siyasi
müstəvidə, istənilən formatda. Müstəqilliyimizi göstərmişik. İndi gün gələcək müharibə
dövründə ictimaiyyətə açıqlana bilinməyən
bəzi məqamları yəqin ki, açıqlayacaqlar.
Ola bilsin ki, mən də hansısa məsələnin
üstündən o pərdəni götürə bilərəm.
Onda hər kəs görəcək ki, biz nə
qədər böyük sınaqlardan çıxdıq, nə
qədər böyük təzyiqlərə məruz
qaldıq. Demək olar ki, gündəlik
rejimdə deyirdilər, dayanın, dayanın, dayanın,
dayanın. Amma biz qabağa getdik.
Çünki mən xalqın dəstəyini hiss edirdim,
xalqın inamını görürdüm. Məni
heç nə dayandıra bilməzdi. Çünki
mən bilirdim ki, biz haqlıyıq. Biz
öz ərazi bütövlüyümüzü bərpa
edirik, öz torpaqlarımızı qaytarırıq. Bu
müharibə bütün dünyaya Azərbaycan
xalqının nə qədər böyük xalq olduğunu
göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər
xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla,
ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı
hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr
ən xoşbəxt günlər, dəqiqələrdir.
Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri,
bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza
atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə,
doğma Qarabağımıza qayıdırıq,
Qarabağımızın tacı olan Şuşaya
qayıdırıq və bu torpaqlarda əbədi
yaşayacağıq! Bundan sonra heç kim
bizi o torpaqlardan tərpədə bilməz!
“Qarabağ Azərbaycandır və nida”
ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə
çevrildi. Bir il
bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm
ki, mənim dediyim ifadə artıq bir milli şüara
çevrildi. Bu gün böyük qürur hissi ilə deyə
bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan
bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın
bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir,
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan
xalqına! Yaşasın Azərbaycan!
Azərbaycan.-
2020.-11 noyabr.- S.1; 5.