Qızıl torpaq
Zəngilandakı Vejnəli qızıl yatağı işğaldan azad olunaraq Azərbaycanın nəzarətinə keçdi
Ermənilər tarixboyu havadarlarının köməyi ilə azərbaycanlı əhaliyə qarşı terror aktları, kütləvi qırğınlar, soyqırımları və deportasiyalar həyata keçirib, torpaqlarımızı hissə-hissə işğal ediblər.
Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarımızın zəbti ilə müşayiət olunaraq, ermənilərin xalqımıza qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Onlar tarixboyu nəinki yurd yerlərimizə, həm də təbii sərvətlərimizə göz dikiblər. Meşələrdə qiymətli, nadir ağacları qırıblar. Tikinti və mebel sənayesinə yararlı ağacları kütləvi şəkildə kəsərək xarici ölkələrə satıblar. Qızıl, gümüş, mis, qara mərmər yataqları, təbaşir çöküntüləri, əhəng xammalı, tikinti daşı və s. kimi təbii sərvətlərimizi talan ediblər. Üstəlik, ermənilərin işğal altında olan Azərbaycan ərazilərində milli sərvətlərimizi talan etməsi prosesində xarici şirkətlərin iştirakına dair də çoxsaylı faktlar var.
Qiymətli metallarla zəngin yataq
İşğal olunmuş Azərbaycan torpaqlarında 160 müxtəlif qiymətli metal yatağı qalıb. Kəlbəcər, Laçın, Zəngilan, Tərtərdə qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər yataqlar mövcuddur. İndiyədək Ermənistanın ixracında mühüm yer tutan dağ-mədən məhsulları sırasındakı qızıl, mis, sink filizləri və konsentratlarının, həmçinin qiymətli metalların konsentratlarının xeyli hissəsi Azərbaycanın işğal olunmuş ərazilərindəki Söyüdlü (Zod), Qızılbulaq, Vejnəli qızıl, Mehmana polimetal və Dəmirli mis-porfir yataqlarından hasil olunub.
Sentyabrın 27-dən rəşadətli Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində ərazilərimiz erməni işğalçılarından təmizlənir, xalqımıza məxsus milli sərvətlərimiz özünə qaytarılır. Oktyabrın 30-da Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunan Zəngilanın Vejnəli kəndində kvars-qızıl-sulfid tərkibli damar geoloji-sənaye tipinə aid edilən qızıl yatağı yerləşir.
Vejnəli yatağı 1959-1962-ci illərdə kəşf edilib. 1962-1971,1976-1981 və 1983-1984-cü illərdə geoloji-axtarış və kəşfiyyat işləri aparılıb. 1984-cü ildə Məhəlli Ehtiyatlar Komissiyasında təsdiq olunaraq Azərbaycan Respublikası Faydalı Qazıntı Ehtiyatlarının Dövlət Balansına qəbul edilib. Yatağın təsdiq edilmiş ehtiyatlar C1 kateqoriyası üzrə filiz 183 min ton, qızıl 2169 ton, gümüş 0,19 ton, mis 0,2 min ton; C2 kateqoriyası üzrə filiz 433 min ton, qızıl 4347, gümüş 9,9 ton, mis 2,8 min ton təşkil edir.
Ölkədə qızılçıxarma sənayesinin yaradılması məqsədi ilə Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə” 1996-cı il 5 fevral tarixli sərəncamına uyğun olaraq 1997-ci il avqustun 20-də keçmiş "Azərqızıl” DŞ ilə ABŞ-ın "RV Investment Group Sevrvices LLS” şirkəti arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyəzbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektivli qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdı. Lakin Söyüdlü (Zod), Qızılbulaq və Vejnəli yataqları ermənilərin işğalı altında olduğuna görə, həmin yataqlar üzrə işlərin aparılması mümkün olmamışdı.
İşğal altında olan
Azərbaycan ərazilərində Ermənistanın qeyri-qanuni fəaliyyəti
İşğal dövründə Azərbaycan ərazisindəki yataqların istismarına, genişmiqyaslı talan əməliyyatına Ermənistan tərəfindən Fransa, Kanada, İsveçrə və digər ölkələrdən imkanlı erməniəsilli və ya erməni diasporu ilə əlaqələri olan iş adamları cəlb olunub. Yataqların istismarında nəinki xarici korporasiyalar, həm də ofşor zonalarda saxta şirkətlər yaratmaq yolu ilə Ermənistanın siyasi rəhbərliyi də iştirak etmişdi. Bu sıraya Robert Koçaryan - Serj Sarkisyan cütlüyü, keçmiş səfir və indiki prezident Armen Sarkisyan və baş nazir Nikol Paşinyan daxildirlər.
Bu cür kriminal biznes nümayəndələrindən biri də İsveçrənin dünyaca məşhur saat brendi "Franck Muller Group”un təsisçilərindən biri və baş direktoru Vartan Sirmakesdir. V.Sirmakes 1956-cı ildə İstanbulda anadan olub və 18 yaşında İsveçrəyə köçüb. Hazırda İsveçrənin erməni diasporunun maliyyə donoru hesab olunan V.Sirmakes "ArmSwissBank” bankının təsisçisidir, bu ölkədə 7 brendə və 14 istehsalat müəssisəsinə sahibdir. O, Ermənistanda müxtəlif sahələrə böyük investisiyalar yatırır, rəhbərlərindən biri olduğu "FranckMuller” şirkəti dünyada yeganə nümayəndəliyini məhz Ermənistanda açıb. Keçmiş prezident S.Sarkisyanın fərmanı ilə V.Sirmakes Ermənistanın Fransadakı Baş Konsulu təyin olunub və "Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilib.
V.Sirmakesin Kəlbəcərin "Söyüdlü” və Zəngilanın "Vejneli” yataqlarından oğurladığı qızıl İsveçrə birjalarında satışa çıxarılıb, qazanc isə elə həmin ölkənin banklarına yatırılıb. O, Azərbaycanın işğal olunmuş ərazilərində 999,9 əyyarlıq qızıl külçələrin satışı ilə məşğul olan bir sıra proqramların da əsas sərmayədarıdır. 2001-ci ildə "FranckMuller”in Ermənistandakı nümayəndəliyi açılan zaman şirkətin təmsilçisi bildirmişdi ki, burada saatların qızıl çərçivələri üçün 18 karatlıq qızıl və 550 əyyarlıq platindən istifadə olunacaq. İsveçrəli biznesmenin Ermənistanda qiymətli materialların emalı zavodunun inşasına hazırlaşdığı barədə də məlumatlar var. O, zavodun tikilməsi planını 6 il əvvəl - 2014-cü ildə açıqlayıb və Ermənistan Mərkəzi Bankı ilə müvafiq memorandum da imzalayıb.
Rəsmi statistikaya görə, Ermənistandan ixrac edilən məhsulların böyük bir hissəsi V.Sirmakesin əsas kapitalının olduğu İsveçrəyə ixrac olunur. 2019-cu ildə Ermənistan məhsullarının ixrac edildiyi ölkələr sırasında ikinci ən böyük paya sahib olan ölkə məhz İsveçrədir - ixracda bu ölkənin payı 17.4 faiz (457 milyon dollar) həcmində olub.
Azərbaycan ərazisində hasil olunan qızıl resursları Ermənistana gətirilir, müəyyən saflaşdırma mərhələsindən keçdikdən sonra üçüncü ölkələrin bazarlarına çıxarılaraq, orada satışı həyata keçirilir.
5 il əvvəl Azərbaycanın Baş Prokurorluğu V.Sirmakesə qarşı cinayət işi açaraq onu beynəlxalq axtarışa verib. İstintaq materiallarından aydın görünür ki, Azərbaycan tərəfi Sirmakesin qanunsuz iqtisadi fəaliyyəti və xüsusilə də qızıl yataqlarının qeyri-qanuni istismarında iştirakı ilə bağlı kifayət qədər məlumat əldə edib.
Vejnəli qızıl yatağının talan edilməsinə görə 3 nəfər
beynəlxalq axtarışa verilib
Baş Prokurorluğun İstintaq İdarəsində Laçın, Kəlbəcər və digər işğal olunmuş rayonların ərazilərində erməniəsilli xarici dövlətlərin vətəndaşları olan şəxslərin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları üzrə 2015 və 2018-ci illərdə Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci maddələri ilə (dövlət sərhədini qanunsuz keçmə) cinayət işləri başlanıb.
İstintaq zamanı Baş Prokurorluğun İstintaq İdarəsinin qərarı əsasında Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən edilib ki, Vejnəli kəndində əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edən İsveçrədə rəsmi qeydiyyatdan keçmiş "Vallex Group” şirkətlər qrupunun filialı olan "Base Metals” Qapalı Səhmdar Cəmiyyəti 2009-2017-ci illər ərzində 301 milyon 918 min manat məbləğində qanunsuz gəlir əldə edib. Qeyd edilən cinayət faktları ilə əlaqədar "Vallex Group” şirkətlər qrupunun maliyyə investoru, İsveçrə vətəndaşı V.Sirmakes və rəhbəri Valeri Mejlumyan, o cümlədən həmin şirkətlər qrupuna daxil olan "Base Metals” QSC-nin icraçı direktoru Artur Mkrtumyan Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib, barələrində məhkəmənin müvafiq qərarları ilə qiyabi həbs seçilməklə, istintaq orqanı tərəfindən beynəlxalq axtarış elan edilib.
Həmin cinayət işi üzrə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan dövlətinə və vətəndaşlarına dəymiş ziyanın məbləğinin dəqiqləşdirilməsi və digər istintaq üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə Vejnəli kəndində yerləşən, uzun illər ərzində istismara məruz qalmış qızıl yataqlarının yerləşdiyi əraziyə, hadisə yerinə baxış da daxil olmaqla digər zəruri istintaq hərəkətləri həyata keçirilir.
Həmçinin cinayət işi üzrə Azərbaycan Baş Prokurorluğu tərəfindən zəruri istintaq hərəkətlərinin icrası məqsədi ilə İsveçrənin səlahiyyətli dövlət orqanlarına beynəlxalq hüquqi yardımın göstərilməsi haqqında vəsatətlə müraciət olunub. Baş Prokurorluq bəyan edir ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş və artıq işğaldan azad edilmiş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslərin milli və beynəlxalq qanunvericilik əsasında məsuliyyətə cəlb olunmaqla sanksiyaların tətbiq edilməsi məqsədi ilə beynəlxalq hüquq normaları çərçivəsində bütün mümkün olan tədbirlərin görülməsi təmin ediləcək.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, işğal olunmuş ərazilərimizdə Ermənistanın Azərbaycana vurduğu zərərlərin kompleks qiymətləndirilməsi aparılacaq. Vətəndaşların mülkiyyəti, infrastruktur, mədəniyyət abidələri və s. ilə yanaşı, həm də Azərbaycana məxsus təbii resursların qeyri-qanuni istismarı haqqında materiallar əsasında Ermənistanın Azərbaycana vurduğu zərərlər qiymətləndiriləcək, düşmən ölkənin, onun əvvəlki və indiki rəhbərlərinin, bu prosesdə iştirak edən xarici şirkətlərin, onların rəhbərlərinin məsuliyyətə cəlb olunması ilə bağlı bütün lazımi tədbirlər görüləcək.
Xəyalə MURADLI
Azərbaycan. - 2020.-
4 noyabr.- S.1; 4.