İLHAM ƏLİYEVİN TARİX VƏ
JURNALİSTİKA DƏRSLƏRİ
Müharibə
dövrü beynəlxalq media da savaş meydanına
çevrilib
Otuz ildən çoxdur ki, Qarabağ uğrunda çarpışma gedir!
Verdiyimiz qurbanlara, çəkdiyimiz əziyyətə baxmayaraq birinci Qarabağ müharibəsini uduzduq!
Ermənistan havadarlarının köməyi ilə ərazimizin 20 faizini işğal etdi, iyirmi min şəhid verərək bir milyondan çox qaçqın yiyəsi olduq!
Sonra 27 il ATƏT-in Minsk qrupuna inanaraq gözlədik ki, torpaqlarımızı sülh yolu ilə bizə qaytaracaq.
Bu müddətdə nə ATƏT-in gördüyü işin səmərəsi və nəticəsi oldu, nə də erməninin şıltaqlığının sonu.
Bizi güzəştə, mövcud reallıqla barışmağa çağırışlar isə daim səsləndi.
Nə erməniyə təzyiq göstərildi, nə sanksiya tətbiq olundu.
Nəhayət, ikinci Qarabağ müharibəsi başlandı!
Beləliklə, tarix və tale torpaqların işğaldan azad edilməsi missiyasını cənab İlham Əliyevin üzərinə qoydu!
Hərbi əməliyyatlar başlayan ilk dəqiqələrdən etibarən İlham Əliyev üç mühüm istiqamətdə: Ali Baş Komandan kimi cəbhədə, dövlət başçısı kimi isə diplomatiya və informasiya sahəsində gərgin və məhsuldar fəaliyyətə başladı.
Onu da deyək ki, diplomatiya və beynəlxalq KİV-də Prezidentimiz təkbaşına mübarizə aparırdı.
Qeyd edək ki, düşmən Ermənistan birinci Qarabağ müharibəsində öncə informasiya savaşını udmuşdu.
Beləliklə, separatçılıq və işğalçılıq siyasətinə uzun müddət "məzlum xalqın əzilməsi”, "millətlərin öz müqəddəratını təyin etməsi hüququnu gerçəkləşdirməsi” donunu geyindirə bilmişdi.
Daha bir vacib məqam.
Ötən əsrin 90-cı illərində müttəfiq respublikaların müstəqil şəkildə xaricə çıxışı, habelə beynəlxalq səviyyəli mətbu orqanları və informasiya agentlikləri yox idi. Sovetlər İttifaqı məkanına da, dünyaya da yalnız SSRİ-yə məxsus mərkəzi qəzetlər, informasiya agentlikləri və televiziya kanalları vasitəsilə informasiya yaymaq mümkün idi.
Mərkəz qəzet-jurnal, informasiya agentlikləri və televiziya kanallarında erməni millətindən olanların mövcudluğu, Rusiyada ermənilərə bəslənən rəğbət, habelə dünya erməni diasporunun imkanları haqlı Azərbaycanı dünyada haqsız, ədalətsiz, separatçı və işğalçı Ermənistanı isə "zavallı”, "vəhşi müsəlmanlar tərəfindən əzilən və hüququ tapdalanan millət” kimi təqdim etməyə imkan yaratmışdı.
Torpaqların işğaldan azad olunması və məkrli düşmənə qarşı mübarizəyə artıq dünyada yaradılmış stereotiplərin dağıdılmasından, informasiya blokadasının yarılmasından başladı!
Bu sahədə ən effektli işi Ulu Öndər Heydər Əliyev gördü, böyük jurnalistlər ordusunun yerinə yetirə bilməyəcəyi missiyanı təkbaşına həyata keçirdi!
Ulu Öndərimiz bəzən xarici səfərləri zamanı əlində çubuq xəritə önündə dayanaraq Qarabağın yerləşdiyi ərazini, işğalçı ilə "məzlum millət”in əməlinin fərqini əyani şəkildə, faktlarla izah etməli oldu.
TƏKZİBÇİ TƏRƏFDƏN HÜCUMÇU MÖVQEYƏ
İkinci Qarabağ müharibəsində isə eyni missiyanı, beynəlxalq KİV-də dünya erməniliyi ilə mübarizəni İlham Əliyev yerinə yetirməli oldu.
Əslində, dünya erməniliyi - ermənilərin dostları və ikili standartlar səbəbindən bizə düşmən münasibəti bəsləyənlər sülh danışıqlarının qırılaraq hərbi əməliyyatların başlayacağını, yeni müharibədə Azərbaycanın yeni taktika, yeni silahlarla yeni nümunə ortaya qoyacağını, öz gücü və imkanları hesabına torpaqlarını bu qədər sürətlə və Ermənistanın ordusuna sarsıdıcı zərbələr vurmaqla, onu tarı-mar etməklə nail olacağını güman etmirdilər.
Çaş-baş və özlərini itirmiş vəziyyətində qalanlar hərbi əməliyyatlara müxtəlif səbəblərdən müdaxilə edə bilmədiklərindən güclərini diplomatiya, o da nəticə vermədiyindən informasiya müharibəsində cəmləşdirmişdilər.
Məqsəd Azərbaycanı sülh danışıqlarını pozaraq müharibəyə başlayan, Türkiyə ordusundan kömək alan, döyüşlərdə əcnəbi muzdlulardan istifadə edən, qadağan olunmuş silahları tətbiq edən, demokratiyanı pozan, erməniləri Qarabağdan qovmağa çalışan bir dövlət kimi təqdim etmək, siyasi nüfuzuna xələl gətirmək idi.
Daim mətbuata açıq, jurnalistlərin istənilən suallarına cavab verməyə hazır olan İlham Əliyev çox qısa bir müddətdə 25 televiziya, informasiya agentliyinə və qəzetə müsahibə verdi.
Bunların sırasında "Əl-Cəzirə”, "Ewronevs”, "Sky News”, habelə Fransanın "Fiqaro” və "France - 24”, Rusiyanın RBK, ABŞ-ın "Fox News”, Almaniyanın ARD televiziya kanallarını qeyd etmək olar.
Sonuncu müsahibə isə İtaliyanın "La Repubblica” qəzetinə verilmişdir.
DAŞ QAYAYA RAST GƏLƏNDƏ
Biz Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunda, Münxen Beynəlxalq Təhlükəsizlik Konfransında parlaq çıxışını və polemika məharətini, habelə yüksək hazırlığa malik olduğunu görmüşük.
Eyni zamanda sözünü demək üçün əlverişli yer və zaman seçməsinə, necə deyərlər, sözü məqamında deməsinə yaxşı bələdik.
Onun müsahiblərinə konkret faktlar əsasında "qəfil zərbə” endirərək çaşdırmasına, çıxılmaz vəziyyətə salmasına da dəfələrlə şahid olmuşuq.
Hərbi əməliyyatlar başlayandan sonra Azərbaycan Prezidenti İlham Əliyevlə təmas qurmaq istəyən KİV-in marağı təkcə yenicə alovlanan müharibə ocağı barədə informasiya toplayaraq yaymaq, həqiqəti söyləmək niyyətindən qaynaqlanmırdı. Bir aydan bir qədər çox müddətdə Prezidentimizlə görüşə gələn 20-dən çox KİV-in bir qisminin erməni diasporunun sifarişini icra etdiyi diqqət çəkən başlıca məqamlardandır. Bunu müsahibə alan jurnalistlərin jurnalistikanın bir sıra mühüm prinsiplərini pozmalarından da aydın görmək mümkündür. Həmin prinsiplər jurnalistlərin beynəlxalq peşə davranışı qaydalarında (ona uyğun olaraq həm də Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarında) öz əksini tapmışdır.
Jurnalistikanın ali məqsədi həqiqəti yaymaq, obyektivlik isə əsas peşəkarlıq meyarı sayılır. Jurnalist müsahibinə istədiyi sualı verməkdə sərbəstdir. Ancaq tərəf nümayiş etdirməməli, qərəzsiz olmalıdır. Müsahibə hörmətlə yanaşmalı, etik normalara ciddi riayət etməlidir. Müsahibinin demək istəmədiyini zorla ona dedirtməyə çalışmamalı, öz fikrini məcburən qəbul etdirməyə cidd-cəhd göstərməməlidir.
Müsahibə həm də xüsusi
janrdır. Burada
müxbir şərhinə, jurnalist müdaxiləsinə yol
verilmir. Hər şey jurnalistin peşəkarlığından,
müsahibini danışdırmaq bacarığından
asılı olur. Ona sərf etməyən
fikir söyləyən zaman müsahibinin sözünü kəsmək,
cavablara açıq şübhə ilə yanaşmaq,
xüsusən dirəniş göstərmək və deyilənlərə
düzəliş etməyə çalışmaq yolverilməzdir.
Adətən müsahibin kimliyi, hansı səviyyə
sahibi olduğu da nəzərə alınır. Ona uyğun
müxbir seçilir. Jurnalistin özü
müsahibəyə diqqətlə hazırlaşmalıdır,
redaksiya da ona müəyyən istiqamətlər verə,
qarşısına hansısa vəzifə qoya bilər.
Lakin bunların hamısı etik çərçivədə,
jurnalistikanın mühüm prinsiplərinə əməl
olunmaqla icra edilməlidir.
Prezident
İlham Əliyevlə müsahibələrə baxdıqda nələri
dərhal hiss etmək olurdu.
Əvvəla, jurnalistlərin bir qisminin bu müsahibələri
xoş məramla götürmədikləri, kimlərdənsə
(indiki halda erməni diasporundan) sifariş aldıqları
açıq-aydın duyulurdu.
İkincisi,
hamısı eyni sualları verib ( müxtəlif
şəkildə fərqləndirilsə də), eyni məsələni
qabartmağa çalışırdılar.
Üçüncüsü,
eşitdiklərini həqiqət kimi təqdim edərək
suala israrla cavab almağa can atırdılar.
Məsələn,
bütün müsahibələrdə səsləndirilən
suallar təxminən aşağıdakılardır:
*
Müharibəyə niyə başladınız?
* Türkiyə
niyə sizə kömək edir?
*
Müharibə ilə ölkəniz daxilindəki problemləri
başqa səmtə yönəltmək istəyirsiniz?
*
Türkiyənin F-16 təyyarələri niyə Azərbaycandadır?
* Siz tərəfdən
muzdlular döyüşür?
* Etnik təmizləmə
aparmaq istəyirsiniz?
* Niyə
müharibəni dayandırmırsınız və s.
Lakin Azərbaycanın dövlət
başçısı bu sualların hər birinə son dərəcə
təmkinlə, soyuqqanlılıqla cavab verir, məsələnin
mahiyyətini səbirlə izah edir, zəruri sənədlərə
və tarixi faktlara istinadən öz mövqeyini və dediklərinin
doğruluğunu, ədalətə söykəndiyini
sübuta yetirirdi.
Necə
deyərlər, daş qayaya rast gəlirdi!
YERSİZ
GƏLDİ, YERLİ QAÇ
Jurnalistlər
vasitəsilə səsləndirilən əsas suallardan biri ermənilərin
bu ərazilərdə lap qədimlərdən
yaşamaları ("ən qədim millət və ən qədim
zəngin mədəniyyətə malik xalq” tezisinə
uyğun olaraq) barədə olurdu!
Əslində,
bu sualın əsl mahiyyəti belə idi: ermənilər əvvəldən
burada yaşayıblar, işğal etdikləri ərazi
onlarınkı olub, niyə yerlərindən qovursunuz?!
Bəlkə də bu sualı verən (verdirən yox)
onun gülünc səslənməsinin mahiyyətinə
varmırdı.
Ancaq cənab
İlham Əliyev özünü o yerə qoymayaraq 1805, 1813 və
1828-ci il Kürəkçay, Türkmənçay və
Gülüstan müqaviləsinə əsasən ermənilərin
sonralar - XX əsrdən Qarabağ və Şuşa xanı
İbrahimxəlil xanla rus generalı Sisianovum
imzaladıqları müqaviləyə əsasən, bu
torpaqlarda yerləşdirildiklərini, qədim Azərbaycan
şəhəri İrəvanın isə onlara paytaxt kimi
verildiyini söyləyərək həm də tarix dərsi
keçirdi.
Üstəlik,
tarixi mənbənin yerini də göstərirdi: internetə
girməklə həmin sənədlərlə
özünüz də tanış ola bilərsiniz!
Həm də
başa salırdı ki, yerli əhali azərbaycanlılardır,
indi isə yersiz ermənilərə yerlərini göstərirlər!
QARA
MƏNİ BASINCA
Öyrədilmiş jurnalistlərin ən çox
hallandırdıqları faktlardan biri Şuşadakı kilsəyə,
guya, bizim zərbə endirərək onu zədələməyimizlə
bağlıdır.
Münaqişənin
başlanmasından ermənilər məsələyə daim
dini don geyindirməyə, beləliklə, həm işğal
faktını gizlətməyə, həm də dünya
xiristianlarını öz müdafiəçilərinə
çevirməyə çalışmışlar.
Azərbaycan tolerant ölkədir. Biz hansı dinə
sitayiş etməsindən asılı olmayaraq bütün
millətlərə və xalqlara eyni nəzərlə
baxırıq, hər bir dini məbədi Allah evi
sayırıq!
Heç
bir müsəlman Allah evinə xor baxmaz, onu dağıtmaz!
Heç kim ermənilər kimi orada heyvan saxlayaraq
murdarlanmasına yol verməz!
Bu, erməni
xislətindən doğan haldır!
Cənab
İlham Əliyevin belə ittiham xarakterli suallara da cavabı
aydın və qısa olurdu:
Əvvəla,
biz bilmirik kilsə kim tərəfindən,
qəsdən, ya təsadüfən zədələnib. Zədə cüzidir və bir həftəyə
düzəldilə bilər. İkincisi,
Bakıdakı erməni kilsəsini təmir edərək
qoruyuruq, içərisində isə qədim erməni
kitablarını saxlayırıq. Ermənilər
isə işğal etdikləri ərazilərdəki məscidlərimizdə
donuz və inək saxlayırlar, tövlə kimi istifadə
edirlər.
Ermənistan tərəfdən müzdluların
vuruşduğunu bilən jurnalistlər Azərbaycan tərəfində
də muzdlular olduğunu söyləyərək "qara məni
basınca” prinsipi ilə hərəkət etməyə
çalışırlar.
Dövlət
başçısı yenə təmkin göstərərək
bunun feyk xəbər olduğunu, ilk dəfə bu fikrin kimlər
tərəfindən söylənildiyini xatırladaraq, onlardan
sübut istədiyini bildirir: "Mən hələ bu iddia ilə
bağlı dəlillər istəyirəm, onu isə təqdim
edən yoxdur!”
Müharibə ilə bağlı söylədiklərinin
təsdiqini tapmayan müxbirlər isə istiqaməti başqa
səmtə yönəldirlər.
Almaniyanın ARD televiziya kanalının müxbirinin bir
neçə belə çabasına diqqət yetirək.
" -
Mən bildiyimə görə, oktyabrın 1-ində Azərbaycanda
bir nəfər sülh tələb etdiyinə görə həbs
olunub. Bəzi insan haqları ekspertləri,
müdafiəçiləri deyirlər ki, Siz bu müharibəyə
həm də xalqı ətrafınızda birləşdirmək,
demokratiya və insan haqları ilə bağlı ölkədəki
problemlərdən diqqəti yayındırmaq
üçün başlamısınız.
- Bu,
tamamilə yanlış qiymətləndirmədir. Birincisi, mənim həbs olunan hər hansı şəxs
barəsində məlumatım yoxdur. Əgər
adını deyə bilərsinizsə, əgər sizdə
adı varsa, mənə deyin. Sizdə adı
var?
- "Hazırda məndə adı yoxdur, öyrənərəm”.
Qaranlıq
otaqda kösöv bulamağa bənzər bu sualın
uğursuzluğunu İlham Əliyev uğurlu və sərt
şəkildə sonuclayır:
" -
Öyrənəndə mənə deyərsiniz. Beləliklə, biz bu sualı etibarsiz edə bilərik,
çünki sizdə ad yoxdur və məndə də bu məlumat
yoxdur”.
Bu qiymətləndirmədəki
incə istehzanı sezməmək də mümkün deyil!
Jurnalistlərin bir neçə dəfə
toxunduqları "ölkədaxili problemlərdən diqqəti
yayındırmaq üçün müharibəyə
başlamısınız” fikri əslində qeyri-ciddi səslənir. Lakin onun
qeyri-ciddiliyi verilən cavabdan sonra tam aydınlığı
ilə meydana çıxır.
Prezidentimiz
sadəcə Azərbaycandakı mövcud siyasi və iqtisadi vəziyyəti
faktlar və rəqəmlər əsasında təsvir etməklə
kifayətlənmir:
Pandemiya
dövründə iqtisadiyyatımız cəmi 3,9 faiz azalıb. Bu, bəzi Avropa
ölkələrində olduğundan xeyli
aşağıdır. Azərbaycanda
yoxsulluq səviyyəsi 5 faiz, işsizlik səviyyəsi isə
7 faizdir. Bizim konvensiya oluna bilən valyuta
ehtiyatlarımız xarici borcumuzdan 6 dəfə çoxdur.
Bütün müxalifət partiyaları isə
rəsmən torpaqların işğaldan azad edilməsi
uğrunda hərbi əməliyyatların
başlanmasını dəstəklədiklərini bəyan
ediblər.
Sonra isə
cənab İlham Əliyev öz təklifini verir:
"Bizdəki mövcud durumu ölkəmizdəki analoji
faktlarla müqayisə edin!”
Elə buradaca qeyd edək ki, eyni məntiqlə
çıxış edən həmin jurnalistlər belə
bir müqayisə aparsalar, kiminləsə müharibəyə
özlərində daha çox əsasları
olduqlarını görərlər.
Azərbaycanın
isə bir əsası var: torpaqları 30 ildir
işğaldadır, düşmən onu sülh yolu ilə
geri qaytarmaq istəmir. Güclənmiş dövlətimiz isə
bunu özü, həm də çox uğurla icra etməyə
başlayıb!
Kim bundan
narahatdırsa, qoy olsun!
ÖZ
GÖZLƏRİNDƏ TİRİ GÖRMƏYƏNLƏR
Mətləbə dəxli olmayan suallardan birini də
ABŞ-ın "Fox News” televiziya kanalının müxbiri
vermişdi.
Cavab "öz gözündə tiri görmür, özgə
gözündə tük axtarır” məntiqi ilə səsləndi:
" -
Ailə idarəçiliyinə gəlincə, mən bir daha
sizin öz ölkənizə diqqət çəkmək istəyirəm,
orada mühüm vəzifələri ata və oğul
tutmuşdu. Buş ailəsi, Klinton ailəsi, ər
və arvad, Kennedi ailəsi və bir çox başqa ölkələrdə.
Beləliklə, bu, ABŞ-da baş verənlərdən
fərqlənmir”.
Belə
cavabı gözləməyən müxbir son cəhdini
göstərir:
" -
Lakin onların hamısı demokratik və şəffaf şəkildə
seçilmişlər”.
Cavab isə
həm sərt, həm də istehzalıdır:
" -
Bəli, xüsusilə ABŞ Ali Məhkəməsinin qərarı
ilə seçilmiş Buş”.
Belə
bir tutarlı arqumenti gözləməyən müxbir güzəştə
gedərək geri çəkilir və müsahibinin
gücünü etiraf etməli olur:
" -
Siz Amerika siyasətini bilirsiniz, cənab Prezident”.
Söz duelinin dövlət başçımızın
parlaq qələbəsi ilə başa çatması bizim hər
birimizdə sonsuz iftixar hissi doğurur.
Analoji vəziyyətə Almaniyanın ARD televiziya kanalına
müsahibədə də rast gəlinir. Müxbirin
"Nəyə görə Qarabağ Azərbaycan
üçün belə önəmlidir? Orada resurslar
var, yoxsa bu, bir rəmzi məna daşıyır” sualına da
İlham Əliyev təmkinini pozmadan sual-dərslə cavab
verir:
"- Elzas və Lataringe sizin üçün önəmlidir,
Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə
tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi
deyil. Əsas resurslar burada,
Bakıdadır. Bu, ədalət məsələsidir,
bu, milli qürur məsələsidir və bu, beynəlxalq
hüquq məsələsidir... Biz ədaləti
bərpa edirik və biz BMT Təhlükəsizlik
Şurasının 27 il ərzində kağız üzərində
qalan qətnamələrini icra edirik”.
Dəqiq
cavabını alan müxbir, həmin
cavabın daxilində xatırladılan incə mətləbi
də sezməmiş deyil!
FƏXR
ET, AZƏRBAYCAN!
İyirmidən çox görüb dinlədiyimiz
müsahibədə belə maraqlı məqamlar kifayət qədərdir. Bəzən
jurnalistlər kiminlə söhbət etdiklərini unudaraq,
Prezidentimizin təbirincə desək, özlərini prokuror
kimi aparır, etik çərçivədən kənara
çıxır, mövzudan uzaqlaşaraq nələrsə
isbat etmək üçün dirənir, inad göstərirlər,
müsahibin sözünü belə kəsirlər.
Lakin Prezident İlham Əliyev dəmir məntiqi, gətirdiyi
təkzibolunmaz faktları, yüksək mədəniyyəti və
intellekti ilə daim ucalıqda dayanır, səbir və təmkinlə
Azərbaycan həqiqətlərini dünyaya
çatdırır.
Bəzən müxbir söylədiyi feyk faktın həqiqiliyini
sübut edəcək dəlil tələb edildikdə,
"etibarlı mənbə” göstərməklə vəziyyətdən
çıxmağa çalışır:
" -
Dəlil "New York Times”dadır. Sizi beş
gün əvvəlki məqaləyə yönəldə bilərəm.
Orada deyilir ki, Azərbaycanda qətlə
yetirilmiş 57 suriyalı döyüşçü Türkiyə
sərhədinin o biri tərəfində geri qaytarılaraq
Suriyada dəfn olunub. Ailələrinin hamısı təsdiqləyiblər
ki, onlar Sizin ordunuzla birlikdə döyüşmək
üçün Azərbaycana getmişdilər”.
Jurnalist
inadı daha bir "mötəbər mənbə” ilə
darmadağın edilir;
"- Siz Prezident Trampın "New York Times”ı necə
adlandırdığını bilirsiniz,
xatırlayırsınız?
Feyk xəbərlər. Bu, feyk xəbərdir.
Heç bir dəlil, heç bir sübut yoxdur.
Bizə dəlil verin”.
Əslində, cənab İlham Əliyev bu müsahibələri
ilə həm də xarici KİV-də dünya erməniliyinə
qarşı mübarizə aparır, onların əməllərini
ifşa edirdi.
Həm də
Azərbaycanın haqlı, ədalətli mövqeyini göstərməklə;
Ordumuzun
düşmən üzərindəki qələbələrini
xatırlatmaqla;
Ərazilərimizin
işğaldan təmizləndiyi barədə qürurlu
faktlardan söz açmaqla;
Hər
birimiz Prezidentimizin bu möhtəşəm müsahibələri
ilə fəxr duyuruq, məmnun qalırıq!
Bu müsahibələr həm də jurnalistikanın
qızıl fonduna düşəcək, dərsliklərdə
istifadə oluna biləcək nümunələr
sırasındadır.
Fəxr et, Azərbaycan!
Bəxtiyar SADIQOV
Azərbaycan.- 2020.- 5 noyabr.- S.1; 5.