Gigiyenaya ciddi riayət
etmək
və məsuliyyətli olmaq
lazımdır
Koronavirus dünyanın hər yerində həyatı
alt-üst etməyə davam
edir. Görünən odur
ki, aparılan mübarizə tədbirlərinə
baxmayaraq, infeksiya
sürətlə yayılır, hər ötən gün virusa yoluxma sayında yeni rekord müəyyən edilir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında da bildirilib ki, dünyada son bir həftə ərzində koronavirusa yoluxma sayında rekord yenilənib - 3.3 milyon artım olub. Noyabrın 1-nə olan məlumata görə, dünyada, təxminən 46 milyon yeni virusa yoluxma qeydə alınıb. Ölüm sayı 1,2 milyona çatıb. Sonra 24 saat ərzində 535 928 nəfərdə yoluxma aşkarlanıb. Ən çox yoluxma halı yenə də Avropada olub - 1,7 milyon nəfər.
ÜST-ün Rusiyadakı nümayəndəsi Melita Vujnoviç bildirib ki, yaxın bir neçə ayda koronavirus infeksiyası ilə bağlı vəziyyət çox çətin olacaq.
Onun sözlərinə görə, xüsusilə planetin şimal yarımkürəsində pandemiya kritik mərhələsindədir: "Önümüzdəki bir neçə ay çox çətin olacaq və bəzi ölkələr ağır vəziyyətdədir”. O, xəstəlik hallarının sürətləndiyini deyib və bütün dövlətləri ölümlərin qarşısını almaq üçün müvafiq tədbirlər görməyə çağırıb.
Yoluxma sayı əvvəlki kritik dönəmdən çoxdur
Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da son dövrlərdə koronavirusa tutulanların sayında artım müşahidə edilir, yoluxma və sağalma halları arasında fərq xeyli böyüyür. Təəssüf ki, hətta yoluxmanın 4 rəqəmli həddə yüksəldiyini, virus səbəbindən ölənlərin sayının artdığını da müşahidə edirik.
Buna görə və həm də sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, Nazirlər Kabineti ölkə ərazisində xüsusi karantin rejiminin müddətini dekabrın 1-dək uzadıb. Eyni zamanda son günlər Lənkəran şəhərində, Cəlilabad və Masallı rayonlarında yüksək yoluxma faktları aşkar olunduğuna görə, həmin rayonlara giriş-çıxış dayandırılıb.
Onu da qeyd edək ki, sözügedən qurumun oktyabrın 29-da imzaladığı qərara uyğun olaraq, ötən gündən bütün təhsil pillələri üzrə tədrisin distant təşkilinə başlanılıb. Bu qərar dekabrın 1-dək qüvvədədir.
TƏBİB-in İnfeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev söyləyib ki, ölkəmizdə COVID-19-a yoluxma ilə bağlı hazırda yüksək göstəricilər qeydə alınır: "Rəqəmlər onu göstərir ki, artıq sanitar-epidemioloji vəziyyət ürəkaçan deyil. Bu baxımdan düşünürəm ki, gedişat hələ yüksəlməyə doğru gedəcək”.
O bildirib ki, xəstəliyin inkubasiya dövrü nəzərə alınarsa, vəziyyət nəzarət altına alındıqdan sonra hələ bir müddət yüksəlmələrə doğru gedişatını gözləmək olar: "Təəssüf ki, Azərbaycanda da vəziyyət ürəkaçan deyil. Çünki rəqəmlər yüksəlişə doğru gedir. Düşünürəm ki, vəziyyət yaydakı dövrdən daha da ağır ola bilər. Çünki yoluxma hallarının sayı əvvəlki kritik dönəmdəkindən iki dəfə daha çoxdur”.
İnfeksionistin sözlərinə
görə, virusa yoluxan
insanların vəziyyətində əvvəlki dövrə
nisbətən yüngülləşmə var:
"Yəni yüngül formada
keçirənlər çoxdur. Lakin əvvəllər gənclər xəstəliyi
daha çox asimptomatik keçirirdilərsə, indi daha ağır formada keçirənlərə də rast gəlinir. COVID-19-un hətta uşaqlarda da ağır,
yüksəkhərarətlə keçdiyini
klinik təcrübələrimizdə də
görürük. Virusa
aid olan əlamətlərin
hamısı bir xəstədə hiss edilmir. Lakin
əlamətlərin heç biri olmasa da,
insan virus
daşıyıcısı ola bilər. Bu, xəstəliyin klinik
gedişatına əsasən müəyyən olunur. İybilmə, dadbilmənin itməsi bəzi
insanlarda heç
görülməyə də bilər. Bəzilərində isə
uzun müddətə bərpa oluna bilər. Bu
baxımdan hər bir insanda
klinik əlamətlərin
görülüb-görülməməsi individualdır.
Əlamətlər insanın immun sisteminə
və aldığı virus yükünə
bağlı olaraq fərqli formalarda seyr olunur. Hazırda virusun virulentliyi davam edir. Baxmayaraq ki, virus bir
ilə yaxındır ki, dünyada
tüğyan edir, xəstəlik
əvvəlki dövrlərdə olduğu
kimi öz təhlükəsizliyini
saxlayır”.
Bəzi vətəndaşlar koronavirusu
adi
qrip hesab edirlər, amma belə deyil
V.Əliyev vurğulayır ki, xəstəliyə təkcə hərarətə görə diaqnoz qoyulmur. Bir sıra amillər araşdırıldıqdan, dəqiqləşdirildikdən sonra diaqnoz müəyyənləşdirilir. Hərarəti olmasa belə insan həmin virusu daşıya bilər. Hətta xəstəliyin ağır formasında da hərarətin müşahidə edilməməsi mümkündür: "Bəzi vətəndaşlar koronavirusu adi qrip hesab edirlər. "Koronavirus bir şayiədir” deyən insanlar da var. Lakin biz bu cəmiyyətdə yaşayırıqsa, virus sürətlə yayılarsa, qaydalara əməl etməsək, hər birimizin ona yoluxma ehtimalı yüksəkdir”.
Həkim-infeksionist bildirir ki, qrip hər zaman mövcud idi, koronavirus isə yeni ortaya çıxıb. Onların hər ikisi yuxarı və aşağı tənəffüs yolları infeksiyalarına, pnevmoniyaya səbəb olur və klinik əlamətləri bənzərdir. Bütün əlamətlər hamısı bir insanda görünməyə bilər. Hərarət, ağciyər tutulması, boğaz ağrısı, qarın ağrısı, iştahasızlıq, halsızlıq, baş ağrısı kimi şikayətlər hər iki virusda görülə bilər. İybilmə, dadbilmə kimi əlamətlərin itməsi daha çox koronavirusa aiddir. Lakin bu o demək deyil ki, həmin şikayətləri olmayan xəstə virusa yoluxmayıb. Bu iki virusu ayırd etmənin yeganə yolu laborator diaqnostikadır.
Virus təkcə ağciyərə deyil, bütün orqanizmə təsir edir
TƏBİB rəsmisi bildirir ki, əlamətləri hiss etdikdə ilkin olaraq həkim müayinəsindən keçmək lazımdır. Xəstəlik hər insanda fərqli formada keçir. Klinik əlamətlərin başlandığı günə əsaslanaraq həkim tərəfindən anamnez toplanmalıdır. Erkən dönəmdə diaqnostika üçün yaxma götürülməsi vacibdir. Nəticəyə əsasən xəstəliyin olub-olmadığına qərar verə bilərik. Test nəticəsi neqativ olsa belə xəstəliyin klinik əlamətləri varsa və xəstədən şübhələniriksə, o zaman ağciyərin kompüter tomoqrafiyasına (KT) ehtiyac yaranır. Virusun ağciyərdə bir görüntü yaratması, bir iltihab formalaşdırması üçün müəyyən bir zaman lazım olduğunu nəzərə alsaq, pasiyent xəstəliyin simptomlarının başlamasından 4-5 gün sonra KT olunarsa, o zaman ağciyərdə bir tutulma görə bilərik. Virusun ağciyəri zədələmədiyi hallar da olur. Bu, xəstəlik daha yüngül formada keçəndə mümkündür. Ümumiyyətlə isə, bu virus təkcə ağciyərə deyil, bütün orqanizmə təsir edir.
Göründüyü kimi, hazırda ölkəmizdə də epidemioloji vəziyyət ürəkaçan deyil. O da reallıqdır ki, mütəxəssislər buna obyektiv səbəblərlə yanaşı, subyektiv halların da yol açdığını bildirir və vətəndaşları məsuliyyətli olmağa çağırırlar.
Hazırkı kritik məqamda pandemiya ilə bağlı nəzərdə tutulmuş ehtiyat və şəxsi gigiyena tədbirlərinə fərdi qaydada riayət etmək çox vacibdir. Buna görə də otaqlar mütəmadi olaraq havalandırılmalı, öskürərkən ağız boşluğu əl və ya dəsmalla, yaxud da dirsəyin bükülən tərəfi ilə örtülməli, əllər tez-tez sabunla yuyulmalı, dezinfeksiyaedici vasitələrdən və maskalardan istifadə edilməlidir.
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2020.- 5
noyabr.- S.1; 10.