Bəşəriyyəti təhdid edən qlobal bəla

 

Bu təhlükədən yalnız pandemiya şərtlərinə əməl etməklə qurtulmaq olar

 

COVID-19 pandemiyası dünyanın bütün ölkələrində yenidən yayılmaqda davam edir. Xüsusilə Avropa və ABŞ-da bu, daha sürətli hal alıb. Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar üzrə proqram direktoru Maykl Rayan bildirib ki, bir çox Avropa ölkələrinin hökumətləri koronavirus pandemiyasına qarşı mübarizədə çox çətin vəziyyətlə qarşılaşıb: "Onlar virusu nəzarət altına almalıdırlar və eyni zamanda infeksiyanın yayılmasının qarşısını almaq imkanları ciddi dərəcədə məhduddur”.

 

Ən çox yoluxma halı Bakı şəhərindədir

 

M.Rayan qeyd edib ki, bunu nəzərə alaraq, ÜST etirazların Avropada niyə baş verdiyini başa düşür: "Görünür ki, insanlar çaşqınlıq içindədirlər, onlar yorulublar və normal həyata qayıtmaq istəyirlər”.

Dünyanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da son dövrlərdə yeni növ koronavirus infeksiyasına yoluxanların sayında artım müşahidə edilir, yoluxma və sağalma halları arasında fərq xeyli böyükdür. Son bir həftə ərzində ölkəmizdə COVID-19-a yoluxma sayı hər gün artaraq yüksək həddə çatıb.

Koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Ümumi yoluxma hallarının 55,2 faizi paytaxtda qeydə alınıb. Noyabrın 2-də Koronavirusinfo.az saytı Bakı şəhəri üzrə yeni növ koronavirus infeksiyasına yoluxma göstəricilərini açıqlayıb. Paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonuna aiddir. Belə ki, paytaxt üzrə yoluxma hallarının 14,6 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 12,7 faizi Xətai, 11,6 faizi Yasamal, 11,5 faizi Sabunçu, 8,6 faizi Nəsimi, 8 faizi Nərimanov, 8 faizi Suraxanı, 7,2 faizi Nizami, 6,7 faizi Qaradağ, 5,9 faizi Xəzər, 4,8 faizi Səbail, 0,3 faizi Pirallahı rayonlarında qeydə alınıb.

 

Epidemioloji vəziyyət gərginləşib

 

Təbii ki, koronavirus infeksiyasına yoluxanların sayının əvvəlki aylarla müqayisədə dəfələrlə artması epidemioloji vəziyyəti daha da gərginləşdirir. TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib ki, yay aylarında yoluxma sayında azalma olduğuna görə insanlarda arxayınlıq yarandı. Üstəlik verilən tövsiyələrə, nəzərdə tutulan karantin qaydalarına əməl edilmədiyindən bu günlərdə yoluxma sayında ciddi artım müşahidə olunur. Virusa yoluxanların sayının artmasının başqa səbəbləri də var.

Bundan əlavə, tibbi maskadan az istitfadə edilməsi və ya ümumiyyətlə, istifadə edilməməsi, ara məsafəsinin gözlənilməməsi və gigiyena qaydalarının arxa plana keçməsi yoluxmanı artıran digər səbəblər sırasındadır.

Nəzrin Mustafayeva əlavə edib ki, nəzərdə tutulan qaydalara əməl edilmədikcə yoluxma sayı artacaq. Bununla da hazırda düşmənlə döyüş əməliyyatlarını icra edən hərbçilərimizin də həyatına təhlükə yaranacaq.

 

İnfeksiyaya yoluxan bütöv ailələr var

 

Ölkəmizdəki mövcud sanitar-epidemioloji vəziyyəti şərh edən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev də bildirib ki, əhali arasında bir qədər arxayınlıq hissinin yaranması hazırkı arzuolunmaz nəticələrə yol açıb: "Koronavirusun ölkəmizdə təzə yayılmağa başladığı mart-aprel aylarında yoluxmaya məruz qalan müəyyən ailədən bir nəfər gəlib xəstəxana şəraitində müalicə olunandan sonra sağalaraq evə qayıdırdı. O vaxt yoluxanların xeyli bir qismi bu xəstəliyi nisbətən yüngül keçirdi və bu, əhali arasında bir qədər arxayınçılıq hissinin yaranmasına səbəb oldu. İndi isə infeksiyaya yoluxan bütöv ailələr var”.

O məlumat verib ki, hazırda xəstəxanalarda baba, nənə, oğul, gəlin və nəvə, yaxud ata-ana və övladlarından ibarət bütöv ailələr müalicə olunurlar: "Onlar ya ailəvi şəkildə müəyyən tədbirlərdə iştirak edərək xəstələnir və yaxud ailə üzvlərindən kimsə gedib həmin tədbirlərdə yoluxaraq ailənin digər üzvlərini də xəstələndirir. Bir də onda duyuq düşürlər ki, artıq hərarət yüksəlir, boğazda ağrı, bədəndə tərləmə başlayır, nəfəs darlığı yaranır, mədə-bağırsaq sistemində pozulmalar əmələ gəlir. Belə vəziyyətdə isə artıq onun özünü və ətrafdakıları qoruması gec olur”.

 

Peyvəndlərlə bağlı yaxşı xəbərlər

 

Hazırda bütün dünyada epidemioloji vəziyyət həyəcan təbili çalma həddindədir. O da reallıqdır ki, "taclı” bəlaya qarşı görülən tədbirlər sayəsində müəyyən irəliləyişlər əldə olunsa da, sonradan infeksiya obyektiv və subyektiv səbəblərdən yenidən alovlanmağa başlayıb. Bu təhlükədən birdəfəlik qurtuluş yolu olan peyvənd isə hələlik yoxdur.

Bununla belə ÜST-ün COVID-19 üzrə sözçüsü Marqaret Harris bildirib ki, peyvəndlərlə bağlı yaxşı xəbərlər var. İki yüzdən çox potensial peyvəndin sınağı müxtəlif mərhələdədir. 45-dən çox peyvənd insan üzərində sınaqdan keçirilib. 10-11 peyvənd isə üçüncü yekun mərhələsindədir: "Bəzi peyvəndlər iyulda üçüncü sınaq mərhələsinə girib. Sınaq müddəti bir neçə aydır ki, davam edir. Həmin sınaqların nəticələrini bu ilin sonunda və ya gələn ilin əvvəlində görəcəyik. Nəticələrə baxaraq müəyyən etsək ki, onlardan 1 və ya 2-si yararlıdır, həmin peyvəndlərin istehsalını dərhal sürətləndirəcək və onları ədalətli şəkildə dünya ilə paylaşacağıq. Yüksək risk qrupuna daxil olan insanlar, səhiyyə işçiləri, daha əvvəl xəstəliyi olanların ilk növbədə peyvəndlə təmin olunmasına çalışacağıq”.

Bəli, COVID-19-la bağlı hazırkı reallıq ondan ibarətdir ki, peyvənd tətbiq olunana qədər bu təhlükəli virusa yoluxmaqdan qorunmaq lazımdır. Mütəxəssislərin də vurğuladığı kimi, indiki kritik məqamda cəmiyyətin hər bir üzvü nə etməli olduğunu bilməlidir. Virusdan qorunmaq üçün əsas şərt sosial izolyasiyaya əməl etmək, insanların sıx toplaşdığı yerlərdən uzaq durmaq, qapalı, ictimai yerlərdə maskadan istifadə və şəxsi gigiyenaya diqqət göstərməkdir.

Unutmamalıyıq ki, yalnız pandemiya qaydalarına ciddi əməl edərək özümüzü, ətrafımızdakıları, ümumiyyətlə, cəmiyyətimizi bu dəhşətli bəşəri bəladan qoruya bilərik.

 

Yasəmən MUSAYEVA,

 

Azərbaycan.- 2020.- 4 noyabr.- S.1; 9.