Alban-udi xristian dini
icması Azərbaycanın ərazi bütövlüyünün
bərpasını dəstəklədiyi barədə bəyanat
yayıb
Azərbaycan Alban-udi xristian dini icması Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində həyata keçirilən bütün fəaliyyəti dəstəklədiyi və bu prosesdə yaxından iştirak etdiyi barədə bəyanat yayıb.
Azərbaycan Alban-Udi
xristian dini icmasının sədri
Robert Mobilinin imzaladığı
bəyanatda deyilir:
“Biz – Alban (Qafqaz)
Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi xristian dini
icması Azərbaycanın
beynəlxalq hüquqla
təsbit olunmuş ərazi bütövlüyünün
bərpa edilməsi istiqamətində həyata
keçirilən bütün
fəaliyyəti dəstəkləyir
və bu prosesdə yaxından iştirak etdiyimizi bildiririk. Eyni zamanda, bəyan
edirik ki, sıralarında udi gənclərinin də olduğu Azərbaycan Silahlı Qüvvələrinin
Ermənistanın işğal
etdiyi şəhər
və kəndlərimizi
bir-bir azad etməsi bizi ürəkdən sevindirir
və ölkəmizin
ərazi bütövlüyünün
yaxın zamanlarda tam təmin olunmasına inamımızı daha da artırır.
Alban Kilsəsi Qafqazın ilk apostol kilsəsi kimi uzun tarixi yol keçmiş, təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini-mədəni həyatında silinməz izlər qoymuşdur. Təəssüf ki, müxtəlif təzyiq və təsirlərdən sonra 1836-cı ildə Alban Apostol Kilsəsi ləğv edilmiş, onun maddi və mənəvi irsinin bir qisminə erməni-qriqoryan kilsəsi sahib çıxmağa çalışmışdır. Nəticədə Azərbaycanda, xüsusilə Qarabağda tarixi alban məbədlərinin böyük bir qismi qriqoryanlaşdırılmış, tarixi abidələrimizlə yanaşı, arxiv materialları və sənədlər ya məhv edilmiş, ya da saxtalaşdırılmışdır. Alban irsinin, o cümlədən yaşı yüz illərlə, hətta min illərlə ölçülən Alban məbədlərinin qriqoryanlaşdırılması son 100 ildə Ermənistanın dövlət siyasətinə çevrilmişdir. Bunun nəticəsidir ki, indiki Ermənistan ərazisində və Azərbaycanın işğal edilmiş torpaqlarında bir dənə də olsun Alban məbədi saxlanılmamışdır. Ermənistan Alban məbədlərinin ya arxitekturasını dəyişdirərək qriqoryanlaşdırmış, ya da arxitekturasını dəyişdirə bilmədiyi məbədləri dağıtmışdır.
Azərbaycan müstəqilliyini bərpa etdikdən və ölkəmizdə vicdan azadlığına tam zəmin formalaşdıqdan sonra Alban Apostol Kilsəsinin statusunun bərpası və üzləşdiyimiz ədalətsizliyin aradan qaldırılması üçün tarixi fürsət yaranmışdır. Odur ki, biz udilər Alban Apostol Kilsəsinin mənəvi varisləri kimi bu gün Qəbələ və Oğuzdakı alban məbədlərində ibadət etdiyimiz kimi, işğal altındakı Alban kilsələrində, o cümlədən Laçındakı Ağoğlan, Kəlbəcərdəki Gəncəsər, Ağdərədəki Müqəddəs Yelisey və onlarca digər məbəddə ibadət edəcəyimiz günləri səbirsizliklə gözləyirik. İnanırıq ki, bütün dinlərin nümayəndələrinə, o cümlədən erməni-qriqoryan kilsəsinin mənsublarına humanist münasibət göstərən Azərbaycan dövləti işğal altındakı bütün ərazilərini tezliklə azad edəcək, həmin şəhər və kəndlərdəki alban məbədlərində alban-udi icmasının üzvlərinə ibadət üçün şərait yaranacaq və bununla da tarixi ədalətsizlik aradan qalxacaqdır.
Eyni zamanda, əsrlərboyu erməni qriqoryan kilsəsinin təsir və təzyiqlərinə, mənimsəmə və saxtalaşdırmaqla Alban irsinə böyük zərbə vurmasına baxmayaraq, sülh və insanlıq naminə biz erməni qriqoryan kilsəsi ilə əməkdaşlığa, işğaldan azad edilmiş ərazilərdə birgə yaşamağa hazır olduğumuzu bəyan edirik”.
Azərbaycan.- 2020.-6 noyabr.- S.5.