Ustad və Sərkərdə

 

Prezident İlham Əliyev Vətən savaşının ötən 40 günündə Azərbaycan tarixinin ən şərəfli salnaməsini yaratdı

 

Ustad - bu ifadə Şərqin təhsil sistemində, ümumən Şərq aləmində çox böyük anlamda olan sözdür. Belə bir kəlmə həm sənətdəki mükəmməlliyi, həm bir insanın ən yüksək peşəkarlıq səviyyəsinə çatmasına şərait yaradan ənənələri, həm bu ənənələrin gələcək nəsillərə ötürülməsini, həm də şəxsiyyətə olan böyük sevgi və ehtiramı ehtiva edir.

Qərb dünyasında ustadlara "master” deyirlər və bu da mahiyyətcə eyni məzmun yükünü daşıyan yetərincə tutumlu kəlmədir.

Sənətində kamilliyə yetişmiş peşəkarlar ustad dərsləri - "master-klass”ları zamanı öz təcrübələrini müəyyən bir müddət ərzində ardıcılları ilə bölüşür, yaxud onların qarşısında hansısa məsələyə ən sadə həll taparaq nümunə yaradırlar. Bəzən cəmi bir neçə saatlıq ustad dərsi ondan görüb-götürməyi bacaranlar üçün beş-altı illik universitet təhsili qədər faydalı olur.

 

Tarixi dəyişən 40 gün

 

Ustad dərslərinə bu qədər diqqət yönəltməyim qətiyyən təsadüfi deyil. Rəşadətli ordumuzun işğalçı Ermənistanın təxribatlarına qarşı əks-hücum əməliyyatlarına başlayıb torpaqlarımızı düşməndən təmizlədiyi 27 sentyabr tarixindən etibarən hamımız Azərbaycan Ordusunun şanlı hərbi qələbələrinin şahidləri olduğumuz qədər həm də əsl ustad dərslərinin iştirakçılarıyıq. Bu ustad dərslərini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevdən alırıq, ondan görüb-götürürük.

Azərbaycan Prezidentinin sərkərdəlik məharəti əslində bizə çoxdan tanışdır. Hələ ölkə rəhbəri kimi 17 il əvvəlki ilk qətiyyətli addımlarından, mətin siyasi iradəsindən, insanları ardınca aparmaq əzmindən, intuisiyasından, yüksək təşkilatçılıq, idarəetmə, detallara diqqət, tələbkarlıq, motivasiya və eləcə də situasiyanı idarəetmə bacarıqlarından bilirdik ki, bu keyfiyyətlər ölkəmizi tarixinin ən böyük sosial-iqtisadi yüksəliş dönəminə yetirdiyi kimi, hərb meydanında da əsl möcüzələr yarada bilər.

Azərbaycan Ordusunun 2016-cı ilin Aprel döyüşləri zamanı işğalçılara verdiyi sarsıdıcı dərs təsəvvürlərimizdə əsla yanılmadığımızı göstərdi.

Ona görə də İkinci Qarabağ müharibəsi zamanı cənab İlham Əliyevin müasir dünyamızın ən parlaq sərkərdələrindən biri olaraq yaratdığı örnək çoxumuza təəccüblü deyil. Eynən bu şəkildə, bu səviyyədə də gözləyirdik, Ali Baş Komandan sadəcə olaraq təsəvvürlərimizdəki əsl Sərkərdə obrazını reallığa çevirir.

Üstəlik, müharibə dövrünün beynəlxalq konvensiyalarda müəyyən edilmiş qayda-qanunlarına tam riayət edilməsi, yeri gələndə düşmənə qarşı comərd davranışları ilə əsl Azərbaycan kişisinə, bu xalqın cəngavər igidlərinə xas cizgiləri bu obrazda daha da möhkəmləndirir. Ermənilərin faşist xislətinə rəğmən humanist tərzini yenə də qoruyur, yağını məğlub etmək üçün gərəkən hər cür qətiyyətli addımları bir an yubanmadan atmaqla bərabər, ümumbəşəri dəyərlərin, insanlığın da unudulmasına imkan vermir.

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı - bu xalqın Sərkərdəsi məhz belə olmalıdır!

İlham Əliyev 27 sentyabrdan keçən müddətlə 200 illik tarixi, müasir dövrün reallıqlarını dəyişir...

Bu tarixdə dəyişməyənsə milli kimliyimizdir, bizi biz edən dəyərlərimizdir, bu dəyərlərə sədaqətimizdir...

 

Heyrət anı

 

Bu günlərdə bizi yaxşı mənada heyrətləndirənsə Azərbaycan Prezidentinin diplomatiya sahəsində, dünyanın müxtəlif ölkələrinin kütləvi informasiya vasitələrinə müsahibələrində verdiyi ustad dərsləridir.

Əlbəttə, cənab İlham Əliyevin indiyə qədər də ayrı-ayrı media qurumlarına müsahibələri olub. Müxtəlif məsələlərə münasibət bildirib. Bu 17 il ərzində Azərbaycan dövlətini, xalqını çoxsaylı beynəlxalq tədbirlərdə, danışıqlarda təmsil edib. Onların hər birində təcrübəli siyasət adamı kimi böyük səriştə göstərib.

Amma indiki reallıq bundan ibarətdir ki, biz Azərbaycan Prezidentini belə bir tarixi şəraitdə, Vətən müharibəsinin qaynar fazasında, hərbi əməliyyatları anbaan idarə etməklə yanaşı, eyni zamanda ən müxtəlif məzmunlu informasiyaların, rəylərin, cavabı birmənalı olmayan sualların aramsız axınında, burasını da etiraf edək, işğalçı Ermənistana zaman-zaman havadarlıq edənlərin yeni təzyiq və təhdidləri qarşısında ilk dəfədir ki, görürük. Bütün bunlar indiyə qədər də olub, çoxunun təfərrüatlarını bəlkə də tam izləyə bilməmişik, bir qismindən xəbərsiz qalmışıq, amma indi proseslər açıq müstəvidə, davamlı gedir, hadisələr göz önündə baş verir və bir çox məsələlər indi eyni anda, bir aradadır.

Və İlham Əliyev bu vəziyyətlərin hər birində yaratdığı mükəmməllik nümunəsi ilə sözün əsl mənasında heyrətləndirir. Bir Sərkərdənin, siyasətçi və diplomatın, dövlət adamının gəlib çata biləcəyi ən yüksək kamillik səviyyəsindən bütün dünyaya ustad dərsi keçir.

Azərbaycan Prezidentinin hərbi əməliyyatların ilk günündən verdiyi müsahibələrə diqqət yetirək. Nə vaxtsa bu müsahibələr tarix kitablarına, dərsliklərə salınacaq, Cənubi Qafqazın ən yeni tarixini tədqiq edən alimlər, regionun gələcəyi barədə aydın təsəvvür formalaşdırmağa çalışan mütəxəssislər, özünü gələcəyin diplomatı, siyasətçisi, dövlət xadimi kimi yetişdirmək istəyən gənclər ən gözəl mənbə olaraq bu müsahibələrdən faydalanacaqlar...

 

Ədalətin bərpası

 

Azərbaycan Prezidentinin müsahibələri ilə verdiyi ustad dərsləri xüsusunda belə bir yazı qələmə almaq düşüncəsi əslində hərbi əməliyyatlardan sonrakı dövrün ilk müsahibəsi ilə tanışlıq anından yaranmışdı. Yazını yazdıran, bu qeydlərə vəsilə olansa cənab İlham Əliyevin elə bu günlərdə Almaniyanın ARD televiziya kanalına müsahibəsində əksini tapmış maraqlı bir məqam oldu. Telekanalın əməkdaşı soruşur:

" - Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?”

İndi Azərbaycan Prezidentinin suala verdiyi cavaba diqqət yetirək:

" - Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”.

Əlavə şərhə ehtiyac varmı? Əlbəttə, maraqlı müsahibənin alınması üçün jurnalistin müəyyən mənada intriqa yaradan yönəldici suallar qoyması normal təcrübədir. Amma bu sualın məzmunu Qərb dünyasının Dağlıq Qarabağ münaqişəsinə münasibətini, bu məsələyə ikili standartlarla baxışını, bəzi məqamlarda isə münaqişənin mahiyyətini həqiqətən tam anlaya bilmədiyini simvolik şəkildə əks etdirdiyindən xüsusi maraq doğurur.

İlham Əliyev isə həmin suala yığcam, lakonik, tutarlı cavabı ilə sadə bir həqiqəti bütün dünyaya anladır: erməni işğalçıları dünyanın ən ali dəyərlərindən olan ədaləti pozublar. Azərbaycan torpaqlarının işğalının, bir milyona yaxın məcburi köçkünümüzün öz evlərindən qovulmasının və təxminən 30 ilə yaxın dövr ərzində min əziyyətlərə düçar olmasının sadə adı ədalətsizlikdir. Azərbaycan da məhz ədalətsizliyə qarşı mübarizə aparır. Ona görə də bu davamız haqq davasıdır.

 

Fakt qarşısında

 

Azərbaycan Prezidentinin müsahibələrində xüsusilə diqqəti çəkən məqamlardan biri Ermənistanın işğalçı mövqeyini, sülh danışıqlarından yayınaraq mövcud status-kvonu qorumaq cəhdlərini, ölkəmizə qarşı törətdiyi təxribatları faktların dili ilə yığcam şəkildə çatdırma bacarığıdır. O, münaqişənin yaranma səbəblərinə qısa tarixi ekskursları ilə mövcud vəziyyətə məharətli keçidlər edir. Cəmi bir neçə dəqiqə içində müsahibində də, istənilən dinləyici və oxucuda da bu münaqişədə kimin nə istədiyi, indiki aktiv hərbi əməliyyatlar mərhələsinin kimin günahı üzündən yaranması barədə geniş təsəvvür yarada və insanları Azərbaycanın haqlı mövqeyinə inandıra bilir.

Dağlıq Qarabağ münaqişəsi kifayət qədər mürəkkəb problemdir, daha doğrusu, Azərbaycanı labirintə salmaq istəyənlər bu problemi mümkün qədər qəlizləşdiriblər və istəklərinə də müəyyən qədər nail olublar. Ona görə də cəmi bir neçə cümlə ilə bu münaqişə barədə tam təsəvvür yarada bilmək o qədər asan görünməsin. Əlbəttə, hər kəs öz məlumatlılıq səviyyəsindən asılı olaraq bu barədə nələrsə danışa, izahlar verə bilər. Amma bütün bunları İlham Əliyevin nəql etdiyi tərzdə sistemli, yerli-yerində olan dəlil və arqumentlərlə, həm tarix, həm də müasir normalar işığında inandırıcı şəkildə söyləmək tamam başqa səviyyədir, əsl ustadlıq məharətidir.

Azərbaycan Prezidentinə və onun şəxsində dövlətimizə qarşı təzyiq elementləri bəzən ayrı-ayrı müsahibələrin sualları şəklində ifadəsini tapır. Ondan bu münaqişədə Azərbaycan tərəfindən döyüşmək üçün guya hansısa muzdluların cəlb edilməsi, eləcə də Türkiyənin hərbi dəstəyi barədə soruşurlar. Bu sual İtaliya, Fransa, Amerika, Yaponiya, Rusiya və başqa ölkələrə aid media qurumlarına müsahibələr zamanı təkrar-təkrar səsləndirilib. Cənab İlham Əliyev isə jurnalistlərin dili ilə bu suala cavab istəyənləri hər dəfə əlahəzrət fakt qarşısında qoyur. Onlardan irəli sürdükləri iddiaların sübutu üçün fakt istəyir.

İttiham irəli sürən tərəflərin bu tələb qarşısındakı susqunluğu ilə növbəti müsahibələrində onların əsassız mövqeyini, qeyri-obyektivliyini ifşa edir. Eyni zamanda göstərir ki, həmsədr kimi bu münaqişənin ədalətli həllinə görə məsuliyyət daşımasına rəğmən münaqişə tərəflərindən birinə qahmar çıxan, qərəzli mövqeyini gizlədə bilməyən və öz qərəzini bu cür suallar şəklində ifadə edən ölkələrdən münaqişə həll edən olmaz: "Bizə heç nə təqdim edilməyib. Ona görə bütün bunlar insunasiyadır. Bütün bunlar Azərbaycana qara yaxmaq cəhdidir. Mən təəssüflənirəm ki, bu cür əsassız ittihamlar həmsədr ölkələrdən daxil olur. Onlar obyektiv olmalıdırlar”.

 

Cəsarət və məharət

 

Əsl diplomata, liderə xas yüksək təmkinə, emosional zəkaya, hissləri idarəetmə bacarığına malik olan Azərbaycan Prezidentinin bu keyfiyyətlərini müsahibələrinin hər birində görürük. Hansısa köndələn suallarla onu çətinə salmaq, dilindən sensasiya doğura biləcək ehtiyatsız kəlmələr qoparmaq, dolaşdırmaq, bir-birini təkzib edən fikirlərin müəllifinə çevirmək əsla mümkün deyil. Bunu cənab İlham Əliyevə suallar ünvanlayan jurnalistlər də ilk dəqiqələrdən duyur, necə usta bir həmsöhbətlə üz-üzə əyləşdiklərinin dərhal fərqində olurlar.

Azərbaycan Prezidentinin müsahibələri siyasi-diplomatik cəhətdən mükəmməl şəkildə korrekt olduğu qədər, eyni zamanda əsl qətiyyət nümunəsidir. Belə bir kəlam var ki, hansısa sözü açıq şəkildə demək cəsarətdirsə, onu necə tərzdə söyləmək də məharətdir. Cənab İlham Əliyevin müsahibələri məhz cəsarətlə məharətin vəhdətidir. Bu müsahibələr eyni zamanda regionun gələcəyini canlandıran aynadır.

"Mən nəyi, necə, nə zaman etmək lazımdır yaxşı bilirəm” deyən Liderin gələcəyə aydın baxışıdır, münaqişənin həllindən sonra yaranan yeni reallıqları, bu reallıqlar üçün uyğun həlləri düşüncələrində dəqiqliklə şəkilləndirməsidir.

Münaqişə ədalətli şəkildə həllini tapandan sonra Azərbaycan regionda böyük təsir imkanlarına, sosial-iqtisadi, geopolitik maraqlara malik tərəfdaşları ilə qarşılıqlı anlaşma şəraitində, hər kəs üçün böyük faydalar yaradacaq şəkildə Cənubi Qafqaz regionunu dünyanın inkişaf mərkəzinə, sülh və hüzur məkanına çevirəcək. Azərbaycan Prezidenti öz müsahibələri ilə bunun ismarıcını verir, ilkin xəyali mənzərəsini yaradır.

Təşəbbüskarı olduğumuz qlobal layihələrin uğurları ilə, xalqımızın tarixən malik olduğu tolerantlıq ənənələri ilə, fərqli mədəniyyətlərə hörmət ruhu ilə, insanlara verilən dəyərlə biz buna qabilik. Azərbaycan Prezidenti də müsahibələrində bütün dünyaya bunu çatdırır, dostlarımızı bu ali məqsədə yetişməkdə bizə dəstək olmağa, bizi istəməyən qərəzli tərəfləri isə işimizə mane olmamağa çağırır.

Və yenə comərdlik göstərir, reallıq hissini unutmur, emosiyalara qapılmır, Azərbaycanın dövlətçilik dəyərlərinə, ərazi bütövlüyünə hörmətlə yanaşan erməniləri də bu işıqlı gələcəkdən kənarda tutmur.

 

Sözü də imzası qədər keçərli

 

Azərbaycan Prezidentinin İtaliyanın "La Repubblica” qəzetinə müsahibəsindən bir cümlə: "Mən dediyim sözlərə cavabdehəm, Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin olunacaq”. Azərbaycan Prezidentinin verdiyi bəyanatlarla real əməllərini diqqətlə izləyən hər kəs üçün bu cümlə çox şeyləri ifadə edir. Cənab İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi bu 17 ildə yerinə yetirə bilməyəcəyi heç bir vədi dilə gətirməyib. Amma səsləndirdiyi bütün sözlərin də hamısını tutub, yerinə yetirib, Azərbaycan xalqının dünyagörüşündə böyük anlam daşıyan kişi sözünə sadiqlik göstərib.

Ona görə Azərbaycanın Dağlıq Qarabağdakı erməni vətəndaşları da multikultural mühitə malik ölkəmizdə yaşayan digər xalqların nümayəndələri kimi gələcəkləri barədə tam rahat ola bilərlər. Azərbaycan dövləti, dövlət rəhbərimiz torpaqlarımızı işğaldan azad etdiyi kimi, onları da Dağlıq Qarabağdakı hərbi xunta rejiminin əlindən qurtaracaq. Bu zavallıların ləyaqətli həyatını təmin edəcək, yetər ki, onlar özləri də buna qeyrət göstərsinlər. Cəbhədə verdikləri itkilərin hesabını Ermənistan rəhbərliyindən, Dağlıq Qarabağdakı kriminal qrupdan soruşsunlar, övladlarını Azərbaycan əsgərinin qarşısına - labüd ölümə göndərənlərə "dur” desinlər.

Onsuz biz istəsək də, kinli olmağı, illərlə bizə acı çəkdirənlərə nifrət bəsləməyi yenə bacarmayacağıq. Olub-keçənləri unudacağıq demirəm, amma yaralarımızı sarıyıb, keçmişə deyil, gələcəyə doğru addımlayacağıq, bütün insanlara sevgimizi, humanizmimizi, bəşəri dəyərlərə sadiqliyimizi qoruyacağıq.

Bizimlə mehriban yaşayışa, sülhə, regionun inkişafı üçün çalışmağa hazır olan hər kəslə birgəliyin mümkünlüyünü bütün dünyaya göstərəcəyik.

Azərbaycan Prezidenti müsahibələrində bu xüsusda verdiyi bütün sözləri tutacaq və biz də öz liderimizə dəstək olacağıq...

Çünki onun sözü də, imzası da bizim üçün özü qədər keçərli, dəyərli və etibarlıdır!..

Qarabağ Azərbaycandır!..

 

Hüseynbala MİRƏLƏMOV,

Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri

 

Azərbaycan.- 2020.-6 noyabr.- S.1; 6.