Zəfər yürüşü

 

Azərbaycan xalqı bu gün özünün ən qürurlu tarixini yaşayır. Çünki 30 illik məğlub xalq sindromundan xilas olmuşuq. Düzdür, biz məğlubiyyətlə heç vaxt barışmamışdıq, içimizdə qələbəyə olan inam da ölməmişdi. Bununla belə bir kədər, nisgil, hərdən də pessimist duyğulardan yaxa qurtara bilmirdik.

Xüsusilə münaqişənin uzanması, "sülh” danışıqlarının nəticəsizliyi, Minsk qrupu həmsədrlərinin məsələyə məsuliyyətsiz yanaşması Azərbaycan cəmiyyətində ağrılı qarşılanırdı. Bu üzdən beynəlxalq təşkilatlara, həmçinin Minsk qrupunun həmsədrlərinə qarşı inamsızlıq vardı. Görünürdü ki, bu müharibəsiz həll olunmayacaq. Ermənilər də deyirdi ki, qan töküb aldıqları torpaqları danışıqlar yolu ilə qaytaran deyillər. Həmişə dilində yalan dolaşan ermənilərin bu sözündə həqiqət vardı. Çünki özünü qalib sayan tərəfə məğlubiyyətini göstərmədən onu məqsədindən döndərmək mümkün deyil. Bunun üçün də erməni işğalçılarına layiq olduqları dərs verilməli idi.

Minsk qrupu həmsədrlərinin tərəfkeşliyi, beynəlxalq təşkilatların laqeydliyi erməniləri sözün həqiqi mənasında azğınlaşdırmışdı. Prezident İlham Əliyev həmsədr ölkələrə, beynəlxalq təşkilatlara müraciətlərində dəfələrlə bildirmişdi ki, məsələnin sülh yolu ilə həlli üçün Ermənistana sanksiyalar tətbiq olunmalıdır. Lakin Azərbaycanın dövlət başçısının bu ədalətli tələbinə müsbət reaksiya verilmirdi. Elə bunun nəticəsi idi ki, cari ilin iyul ayında Dağlıq Qarabağdan uzaqda yerləşən Tovuz rayonunun Ermənistanla sərhədində hərbi münaqişə başladı. Bu münaqişə də Ermənistan tərəfindən törədildi. Nəticədə rayonun infrastrukturuna, mülki əhaliyə külli miqdarda ziyan dəydi. Hərbçilərimiz və mülki əhali arasında şəhidlər və yaralananlar oldu. Sözsüz ki, ermənilərin bu təcavüzü cəzasızlıqdan doğan nəticə idi.

Azərbaycan Ordusu Ermənistanın bu azğınlığının da qarşısını aldı. Düşmənə elə ağır zərbə endirdi ki, atəşkəs barədə müraciət etməyə məcbur oldular. Lakin bu acı məğlubiyyət də onlara dərs olmadı. Sentyabrın 27-də daha böyük qüvvə ilə Azərbaycanın Ordusunamülki əhalisinə növbəti dəfə atəş açdı. Artıq illərdir davam edən erməni təcavüzünə "dur” demək vaxtı gəlmişdi.

Azərbaycan tərəfindən başlanan əks-hücum əməliyyatı qısa bir müddətdə dünyanı heyrətə gətirdi. Bunun əks-hücum əməliyyatı adlandırılması isə siyasi-hərbi cəhətdən dünyaya bir mesaj idi. Bu o demək idi ki, Azərbaycana hücum olubordumuz əks-hücum əməliyyatı keçirir. Elə döyüşlərin ilk anında "məğlubedilməz erməni ordusunun ön cəbhəsi yarıldı və işğal altında olan torpaqlarımız ardıcıl şəkildə azad olunmağa başladı.

Bu gün Azərbaycan XXI əsrdə dünya hərb tarixinə yeni səhifə yazır. Ordumuzun apardığı döyüş əməliyyatları dünyanın bütün qabaqcıl hərbi mərkəzləri tərəfindən diqqətlə izlənilir. Yəqin ki, bundan sonra bir çox ölkələrin hərbi məktəblərində ordumuzun həyata keçirdiyi qeyri-adi döyüş taktikası tədris olunacaq. Artıq ABŞ başda olmaqla bir çox ölkələrin hərbi rəhbərliyi ordularında Qarabağ döyüşlərindən nəticə çıxararaq yenidənqurma həyata keçirəcəklərini bəyan edirlər.

Bu döyüşlərdə həmçinin iki xalqın, iki ordunun mənəvi keyfiyyətləri üzə çıxdı. Azərbaycanlıların bəşəri dəyərlərə söykənən, ermənilərin isə insanlığa yaraşmayan keyfiyyətləri...

Erməni vandalları yaşayış məntəqələrimizi qadağan olunmuş silahlardan atəşə tutaraq 91 Azərbaycan vətəndaşını qətlə yetirib, 405 nəfəri isə yaralayıblar. Onlar gecənin bir aləmində Gəncə və digər yaşayış məntəqələrimizə raket atmaqla uşaq, qadın, qoca demədən insanlarımızın canına qəsd ediblər və bu cəlladlıqlarından bütün beynəlxalq təpkilərə baxmayaraq, indiyəcən əl çəkmirlər. Ancaq ordumuzun arsenalında daha güclü, dağıdıcı silahlar olmasına baxmayaraq, onları dinc əhaliyə və mülki obyektlərə yönəltmirik. Əksinə, döyüş sahəsində köməksiz vəziyyətdə qalan xəstə və yaşlı ermənilərə tibbi yardım göstərir, əsir düşənlərə qarşı isə Cenevrə Konvensiyasına uyğun davranırıq. Budur, azərbaycanlıların mənəviyyatı və milli dəyərləri! Azərbaycan Ordusu əli silahlı düşmənə qarşı yalnız döyüş meydanında amansızdır. Son işğalçı torpaqlarımızdan çıxana qədər onlara qarşı qəhrəmanlıqla vuruşacağıq.

İndi dostlarımız da, düşmənlərimiz də düşünür ki, Azərbaycan belə qüdrətli ordunu necə yaradıb? Bunun cavabı çox sadədir. Prezident, Ali Baş Komandan İlham Əliyev nəyi necə və nə vaxt edəcəyini yaxşı bilirdi. Anlayırdı ki, Ermənistan sarsıdıcı hərbi zərbə almasa, öz xoşu ilə torpaqlarımızdan çıxmayacaq. Bunun üçün güclü ordu lazımdır. Güclü ordu qurmaq üçün isə inkişaf etmiş iqtisadiyyatın olması başlıca şərtdir. Bu səbəbdən dövlət başçısının apardığı uğurlu iqtisadi islahatlar sayəsində karbohidrogen ehtiyatlarının hasilatı və ixracı istiqamətində mühüm addımlar atıldı, Azərbaycanın siyasiiqtisadi maraqları dünyada söz sahibi olan ölkələrlə uzlaşdırıldı.

Prezident İlham Əliyev ölkədə milli həmrəylik, xalq-iqtidar birliyi yaratmaq üçün ciddi kadr islahatı apardı. Cəmiyyətdə sosial ədaləti təmin etmək üçün bir sıra sosial-iqtisadi islahatlar həyata keçirildi. Bütün bunlar insanların dövlətə olan inamını daha da artırdı.

Ordu quruculuğu istiqamətində görülən ciddi tədbirlər isə bu gün döyüş meydanında özünü təsdiq edir. Qeyd edək ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusundan biridir. Son bir neçə ilin statistikasına əsasən, ölkəmiz müasir silahlanmaya görə Avropada 2-ci, dünyada 3-cü yerdə qərar tutub. Sözsüz ki, bütün bu uğurlar Prezident İlham Əliyevin vaxtında həyata keçirdiyi məqsədyönlü ordu quruculuğu siyasəti sayəsində mümkün olub.

Bu gün Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan 4 qətnaməsini təkbaşına icra edir. Daha heç kim "5 rayonu qaytaraq, sonrasına da baxarıq” kimi qəbuledilməz təkliflə çıxış edə bilməz. Reallıq budur ki, müzəffər Azərbaycan Ordusu işğal altında olan bütün torpaqlarımızı azad etməkdə qərarlıdır. Bizə vasitəçilərin minnəti deyil, sadəcə olaraq mane olmaması lazımdır.

Prezident İlham Əliyev adını Azərbaycan tarixinə müdrik dövlət başçısı, müzəffər Ali Baş Komandan kimi yazdı. Çünki uzun illər tarixi torpaqlarını itirməyə məhkum olmuş Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi. Bundan sonra torpaqlarımıza əl uzatmaq istəyən hər kəs Qarabağ savaşını göz altına almalı olacaq.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2020.-6 noyabr.- S.1; 6.