Azərbaycanın ərazi
bütövlüyü tam təmin ediləcək
İlham Əliyevin Ali
Baş Komandanlığı ilə Ordumuz döyüş
meydanında Ermənistana tarixinin ən
acınacaqlı məğlubiyyətini yaşadır
İkinci Qarabağ müharibəsi
Azərbaycan Ordusunun qələbələri ilə davam edir. Döyüş əməliyyatlarının getdiyi bütün ərazilərdə
işğalçı ordu
darmadağın edilməkdədir. Ən müasir
döyüş üsulları ilə əks-hücum
əməliyyatları həyata keçirən ordumuzun gücü
qarşısında düşmən tamamilə acizdir. Füzuli, Cəbrayıl,
Zəngilan, Qubadlı işğaldan azad olunub, Tərtər və
Xocavənd istiqamətlərində
işğalçının mövqeləri yarılaraq
yaşayış məntəqələri düşmənlərdən
təmizlənib.
Azərbaycan Prezidenti dünya
erməniliyinin təbliğatını
darmadağın etdi
Azərbaycan torpaqlarını işğaldan güc yolu ilə azad etməyə başladıqdan sonra dünyanın diqqəti ölkəmizə yönəlib. Məlumdur ki, dünyada ikili standartların, hegemonluq iddialarının, sivilizasiyalararası problemlərin olduğu bir vaxtda öz hüquqlarını güc yolu ilə təmin etmək asan məsələ deyil. Lakin Azərbaycan bunu bacardı. Prezident, Ali Baş Komandan İlham Əliyev özünün müdrik siyasəti ilə danışıqlardan imtina edən, torpaqlarımızın işğalından əl çəkmək istəməyən Ermənistanı güc yolu ilə cəzalandırır, onu qədim yurd yerlərimizdən qovub çıxarır.
Ona görə də bu gün beynəlxalq ictimaiyyətin marağı öz qətiyyəti ilə dünyaya səs salan, işğalçı Ermənistana tarixin ən gözəl dərsini verən Azərbaycandadır. Əməliyyatların başladığı günlərdə dünyanın tanınmış kütləvi informasiya vasitələrinin müsahibə almaq üçün Prezident İlham Əliyevə müraciət etmələri bunu bir daha təsdiq edir. Onların hamısını ilk növbədə məhz torpaqlarını inamla işğaldan azad edən Azərbaycanın mövqeyi, Prezident İlham Əliyevin məsələyə münasibəti maraqlandırır. Çünki İlham Əliyev bu müharibənin qalibidir, dövlətinin ərazi bütövlüyünü təmin edən müzəffər sərkərdədir.
Bu müsahibələr həm də Azərbaycanın Ermənistana qarşı informasiya savaşının uğurlarını təmin edən əsas silaha çevrildi. Məlum olduğu kimi, dünya erməniliyi, erməni lobbisi bu günlərdə Azərbaycana virtual hücumunu daha da gücləndirib, "məzlum erməni” obrazında yeni informasiya savaşına başlayıb. Lakin İlham Əliyevin tanınmış KİV-ə verdiyi müsahibələr onların bütün planlarını alt-üst edib. Etibarlı və daha çox müraciət edilən mənbə kimi İlham Əliyevin müsahibələri erməni iddialarını və yalanlarını ifşa etdi. Azərbaycan Prezidenti bu müsahibələrlə respublikamızın haqq səsini dünyaya çatdırdı, əks-hücum əməliyyatlarının başlanmasını diplomatik məharətlə əsaslandırdı, əsl həqiqətlər barədə beynəlxalq ictimaiyyəti məlumatlandırdı. Bütün bunların nəticəsidir ki, sentyabrın 27-dən sonra dünya erməniliyi Azərbaycana qarşı diplomatik cəbhənin yaradılmasına nail ola bilmədi.
Ordumuzun müzəffər yürüşü davam edir
Bu günlərdə İtaliyanın tanınmış "La Repubblica” qəzetinə və İspaniyanın EFE İnformasiya Agentliyinə müsahibələr verən Prezident İlham Əliyev bir daha müharibənin başlanmasına səbəb olan əsl həqiqətləri diqqətə çatdırdı. Dövlət başçısı faktlara, beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad edərək göstərdi ki, bu müharibənin başlanmasının səbəbi Ermənistanın işğalçılıq siyasətindən əl çəkmək istəməməsidir.
30 ilə yaxındır aparılan danışıqlarda Ermənistan daim desturiktiv mövqedən çıxış edib, beynəlxalq ictimaiyyətin həm etinasızlığı, həm də ikili standartlarla işğala dəstək verməsi səbəbindən torpaqlarımızın ilhaqına nail olmağa çalışıb. Azərbaycan isə bu dövrdə danışıqlar prosesinə sadiq olub, problemin sülh yolu ilə həllinə çalışıb.
EFE İnformasiya Agentliyinə müsahibəsində cəbhədəki vəziyyətin Azərbaycan Ordusunun üstünlüyünü göstərdiyini deyən Prezident İlham Əliyev bir daha Silahlı Qüvvələrimizin öz ərazi bütövlüyünü bərpa etdiyini, eyni zamanda BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunduğunu bəyan etdi: "Cəbhədəki vəziyyət Azərbaycan Ordusunun üstünlüyünü göstərir. Biz bir-birinin ardınca kəndləri, şəhərləri azad edirik. Döyüş meydanındakı bu müddət ərzində Azərbaycan demək olar ki, 30 il işğal altında olan ərazisinin böyük hissəsini azad edib. Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatı davam edir. Bu, bir daha onu göstərir ki, biz güclü ölkəyik və öz torpağımızda döyüşürük. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini, Azərbaycanın ərazi bütövlüyünü bərpa edirik. Yeri gəlmişkən, biz BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının bizim ərazilərimizdən çıxarılmasını tələb edən, lakin Ermənistan tərəfindən demək olar ki, 30 il ərzində əməl olunmayan qətnamələrini icra edirik”.
Düşmənin
məğlubiyyətdən başqa yolu yoxdur
Məlumdur ki, hərbi əməliyyatlar başlanandan sonra da Azərbaycan problemin danışıqlar yolu ilə həllinin mümkünlüyünü bildirdi. Lakin artıq əvvəlki dövr deyil və bütün dünya gördü ki, Ermənistanın işğalçılığına yalnız güc yolu ilə son qoymaq mümkündür. Artıq şərtləri Azərbaycan diktə edir. Danışıqlara başlamağın yolu İlham Əliyevin şərtlərinə əməl etməsindən keçir. Ermənistanın isə kompromisdən başqa yolu yoxdur. Yerevan işğal altında olan digər rayonları boşaltmaq üçün Azərbaycana vaxt cədvəli təqdim etməlidir. Yalnız bundan sonra Ermənistanla danışıqlar mümkündür.
Hazırkı mərhələdə isə İlham Əliyev Ermənistanın baş naziri ilə görüşməkdə məna görmür. Bəli, İlham Əliyev bu müharibənin qalib sərkərdəsidir. Məğlubiyyətə uğramış dövlətin rəhbərliyi ilə görüş də yalnız və yalnız İlham Əliyevin şərtlərinin tam yerinə yetirilməsi çərçivəsində mümkündür. Ermənistan indiyə qədər işğalçı siyasəti ilə fəxr edirdi, hətta Azərbaycanı yeni əraziləri zəbt etməklə hədələyirdi. Bu illər ərzində düşmən öz ordusu ətrafında mif yaratmışdı, özünü elə aparırdı ki, guya, məğlubedilməzdir. Amma elə döyüşlərin ilk günündən bu mif darmadağın edildi. Kimin kim olduğunu bütün dünya gördü. Dağlıq Qarabağda Ermənistanın yaratdığı möhkəm istehkamlar, betonlaşdırılmış mövqelər, tunellər, sığınacaqlar bir həmlə ilə ələ keçirildi. Azərbaycan Ordusu Qarabağdakı erməni silahlı birləşmələrini darmadağın edərək pərən-pərən saldı, şəxsi heyətinin böyük əksəriyyətini məhv etdi. Bu gün Ermənistanda Qarabağda döyüşə göndərməyə adam tapılmır, yerdə qalanlar da işğalçı siyasətin qurbanı olmaq istəmirlər. Artıq Dağlıq Qarabağda elə bir vəziyyət yaranıb ki, separatçı rejimin rəhbərliyi də Yerevana qaçıb.
Azərbaycan Ordusu hazırda bütün cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir. İşğalçı ordunun qalıqları hər gün məhv edilir və qovulub çıxarılır. Ermənistanın Yaxın Şərqdən gətirdiyi terrorçular da işğalçıya kömək göstərməkdə acizdirlər. Ən mühüm məsələlərdən biri də odur ki, Prezident İlham Əliyevin uğurlu diplomatik gedişləri Ermənistanı beynəlxalq dəstəkdən məhrum etdi. İşğalçının dəstəklənməsinə xidmət edən bütün təşəbbüslərin qarşısı alındı.
Hələ bu ilin iyul ayında Prezident İlham Əliyev dövlət sərhədimizdə təxribat törədən Ermənistanı təkbətək döyüşə çağırmışdı. Budur, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan döyüş meydanında Ermənistana tarixinin ən böyük faciəsini yaşadır. İşğalçı diz çöküb, məğlubiyyətdən başqa yolu yoxdur. Və cəmi bir neçə gündən sonra Azərbaycanın ərazi bütövlüyü tam təmin ediləcək.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.- 2020.- 7 noyabr.- S.1; 4.