“İndi müxalif partiya lideri
deyiləm, sadəcə əsgərəm...”
"Ümid”in sədri
İqbal Ağazadənin ən böyük ümidi artıq
doğrulur
23 avqust
1993-cü il...
Həmin ilin həmin
günü yenə kənddəki evlərinə getdi. Amma bu
gediş həmişəkindən deyildi. Bəlkə heç
özü də onun tam fərqində deyildi, ya da sadəcə
inanmaq istəmirdi.
Bu, son ola
bilməzdi axı. Mümkün deyildi. Evə girib
ata-anasına "tez hazırlaşın, gedirik” deyəndə
də birdəfəlik gedişi nəzərdə tutmurdu. Elə
bilirdi hər şey müvəqqətidi, bir neçə
gündən sonra yenidən kəndə qayıdacaqlar. Ona
görə də evdən hər hansı bir əşya
götürməyə lüzum görmədi.
Amma
darvazadan çıxan zaman anasının maşının
arxa pəncərəsindən evə boylanması ürəyini
sızlatdı. Gözü arxada qalmasın deyə
maşını saxlatdırıb anası ilə bərabər
yenidən evə qayıtdı. Və bu
dünyagörmüş qadın evdəki qiymətli heç
nəyə toxunmadı. Sadəcə mətbəxə
keçdi, ocağı söndürdü və qazın
üstündəki yenicə bişmiş dolma qazanını
götürdü... O evdə süfrə arxasında ailəlikcə
yığışıb şam etmək onlara qismət
olmadı.
Bir də...
Qapıdan çıxanda evin, pəncərələrin
önünü bəzəyən, öz əllərilə əkdiyi
rəngbərəng, növbənöv çiçəklərin
içindən birini seçib dərdi. O günə qədər
ayrılıq rəmzi olduğuna inanmadığı sarı
rəngli qızılgül...
23 avqust
1993-cü il... Həmin ilin həmin günü doğma kənddə,
ata yurdunda keçirdiyi son gün oldu...
O gündən
sonra evlərində dolma çox bişdi. Amma o qazanda yox...
Heç bir dolma da kənddə bişən o son dolmanın
dadı kimi ləzzətli olmadı...
O qazanda
bir də heç vaxt yemək bişirilmədi. O qazan kənddəki
evdən qalan yeganə yadigar əşya kimi qorunub
saxlanıldı. O qazan həm də kəndə, ata
ocağına yenidən qayıdacaqları günün
gözləntisi, ümidi, arzusu oldu. Məhz həmin gün həmin
evdə o qazan yenidən ocağın üstünə
asılacaq və içində dolma bişəcəkdi...
Və
düz 27 ildən sonra o gün gəlib çatdı...
Ümid
Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadə
"Qarabağ söhbətləri”ndə dünyaya göz
açdığı, doğma ata yurdu olan Füzuli rayonunun
Merdinli kəndində keçən günlərinə,
uşaqlıq xatirələrinə boylandı, işğal
gününün acısını bir də yaşadı, qələbə
sevincini, arzularını dilləndirdi.
Kəndimizdə
hər fəslin öz gözəlliyi vardı...
- Niyə
torpağa bu dərəcədə bağlıyıq, onu bu qədər
sevirik? Əslində torpaq insan üçün nədir? Məncə,
iməkləyərkən ağzımıza dəyən
torpağın dadı bizi o torpağa bağlayıb. Biz
yediyimiz qida ilə yanaşı, o torpaqdan da
dadmışıq. O dad bizim ruhumuza, qanımıza,
orqanlarımıza, bütün hüceyrələrimizə
hopub. Bəlkə də o torpağın müqəddəsliyi
elə ondadır?!
Mən
Füzulinin Merdinli kəndində dünyaya göz
açmışam. O kənddəki evdə, torpaqda iməkləyərək
həyata, yaşama doğru irəliləmişəm, vətənə
bağlanmışam... Füzulinin təbiəti, insanları
ilə fərqli bir yer olduğunu hər kəs bilir. Ulu babam
yüzbaşı olub, Merdinlinin bəyi idi. Onun oğlu Abbas bəy
Qarabağ xanlığının tanınmış şəxslərindəndir,
"Qarabağnamə”də adı keçib. Qarabağın ən
tanınmış bəylərindən olub. Atam Fehruz isə
rayon sovetinin deputatı idi. Füzulidə böyük hörməti
vardı. Kənddə elçiliyə, yaxud qan
barışdırmağa gedəndə atamı
aparırdılar.
Ailədə
7 uşaq idik - 5 bacı, 2 qardaş. Bütün kənd
uşaqları necə idisə, biz də o cür idik. Hamı
kimi, biz də adi kənd həyatı yaşamışıq.
Biz evin damından sallanan sırsıra buzları yeyən
uşaqlar olmuşuq. O vaxtlar qış sərt keçirdi,
amma gözəl olurdu. Hər tərəf ağappaq qarla bəzənirdi.
Səhər tezdən yuxudan duranda görürdük ki, qar o qədər
çox yağıb yerimək mümkün deyil. Lap körpə
vaxtlarımızda hətta qarın içinə
batırdıq. Atam qarı bellə təmizləyərdi,
ondan sonra çölə çıxa bilərdik...
Hər fəslin
özünəməxsus gözəlliyi, əsrarəngliyi,
"donu” vardı kəndimizdə. Təbiəti füsunkar,
torpağı bərəkətli idi. O torpaqda hər ağac,
hər bitki, məhsul bitirdi. Bu günlərdə bir əsgərimiz
Qubadlıdan mənə zəng etdi. Dedi, Füzuli
işğal olunandan bəri ilk dəfə idi bu dadda armud
yeyirdim...
Tək
Füzulidə yox, bütün Qarabağ torpaqlarında bitən
meyvənin, tərəvəzin dadından-tamından doymaq
olmurdu. Məsələn, Qarabağda heç vaxt qoz
ağacı əkməzdilər. Qoz ağacını əkməklə
bağlı həm batil inanc vardı, həm də deyirdilər
qoz ağacının altında yatmazlar. Qozu qarğalar
ağzında gətirərdi, hara düşərdisə, orda
bitərdi. Heç kim özü əkməzdi, amma hər tərəfdə
vardı. Söyüd, çinar da əkməzdilər, əksəriyyəti
təbii şəkildə bitirdi. Biz bu cür zəngin
torpaqları itirmişdik. O torpağın nə qədər
qiymətli olduğunu onu itirəndən sonra daha çox
bildik. İtirməyənə qədər bəlkə də
bizim üçün adi rayon, kənd idi, biz də onun bir
sakini idik. Lakin itirib Azərbaycanı tanımağa
başlayandan sonra təbiətinin, insanlarının,
ordakı yaşayışın, dəyərinin nə
olduğunu dərk etdik. Dərk edəndə də fərqinə
vardıq ki, biz orda əslində hər şeyimizi
itirmişik - uşaqlığımızı, gəncliyimizi,
xatirələrimizi, səfalı yerlərimizi, ağız
dadımızı belə...
Mahiyyət
etibarı ilə həmişə "kəndçi
olmuşam”
- Mənim
tək uşaqlıq xatirələrim yox, uşaqlıq şəkillərim,
ailə albomlarımız, qiymətli nəyimiz vardısa,
hamısı kənddə qaldı. Fotolar məhv olsa da, kəndin
heç bir küçəsinin, cığırının,
həyətimizin, evimizin şəkilləri yaddaşımdan
silinməyib. Kəndlə bağlı heç bir xatirəni
unutmamışam.
Orta məktəbi
Bakıda oxusam da, hər tətildə kəndə gedirdim. Kənd
heç vaxt yad olmayıb mənə. Bakıda
böyümüş, orta və ali təhsil almış olsam
da, mahiyyət etibarı ilə həmişə kəndçi
olmuşam. Kəndin bütün dəyərlərinə, adət-ənənələrinə
sadiq idim. Çayxanaya da yığışardıq, domino da
oynayardıq. Kəndin meydançasında uşaqlarla voleybol,
çilingağac da oynayardıq.
Çox
böyük bağımız vardı. Orda bitməyən meyvə
yox idi. Şabalıddan başqa hər ağac bitirdi. Darvazadan
içəri girəndə sağda cır alça əkmişdik.
Qəşəng peyvənd, qırmızı, göyçə
alçalarımız da vardı. Amma nədənsə
uşaqlar o turş alçanı yeyirdi. Ən birinci
çiçəkləyən alça da o olurdu.
Qapımıza qədər sırayla çinar ağacları
bitirdi. O qədər sıx idi ki, arasından keçmək
olmurdu. Öz bağımızda hər cür meyvə olsa da,
qonşunun bağına oğurluğa girərdik. Qonşu da
bilirdi, amma heç nə demirdi. Nəyə görəsə
o alma öz bağımızdakı almadan daha şirin olurdu.
Kəndin
bir başından Quruçay və o biri başından
Köndələn çay axırdı. Günümüz o
çaylarda çimməklə keçirdi. Quruçayda su o
qədər duru, şəffaf idi ki, farellərin necə
üzdüyünü görürdük. İndi Bakıda
balıq çox qiymətli ərzaq sayılır. Amma bizim
üçün balıq tutmaq adi bir məşğuliyyət
idi. Çayın yuxarısından suyla balığı
qovurduq, aşağıda bir uşaq xaralla suyu kəsirdi. Bir
xaral balıq tuturduq. Hər şey o qədər bol, zəngin,
bərəkətli idi ki...
Evdə
böyük kitabxanamız vardı. Biz o kitablarla
böyümüşdük. Qərb, rus, Azərbaycan ədəbiyyatını
orda oxuyub öyrənmiş, sevmişdik. Yay tətilində
günümüz ancaq kitab oxumaqla keçirdi, gecələr də
ən maraqlı məşğuliyyətimiz mütaliə etmək
olardı. O kitabların hamısı yox olub indi.
O musiqi mənə
kəndimizin toyunu xatırladır
- Kənddə
Novruz bayramı fərqli keçirilirdi. İlaxır çərşənbə
isə daha təntənəli qeyd edilir, bütün bayram
rituallarına əməl olunurdu. O gün hamı bir-birinə
bayram payı göndərirdi. Bakıda bayram günü də
tonqal qalanır. Amma bizdə yalnız çərşənbələrdə
tonqal yandırılırdı. Özü də Qarabağda həmişə
martın 21-i Novruz axşamı, 22-si bayram günü idi.
Hər mərasim
yaddaqalan keçirdi. Hətta məhərrəmlik də. Kəndin
ortasında XX əsrin əvvəlində tikilmiş məscid
vardı. Sovet qılıncının dalının da,
qabağının da kəsən vaxtı Məhərrəmlik
ayında Qasım otağı bəzədilir, Kərbəla
şəhidləri yad olunur, mərsiyələr deyilirdi. Yezid
olurdu, Şümürü at belindən salırdılar. Biz
uşaq idik, kənardan baxırdıq ki, görəsən
camaat niyə ağlayır. Gecə isə kənd ağsaqqallarından
birinin evində ehsan məclisi düzənlənərdi.
Kəndin
öz toy adəti vardı. O vaxt toy 2-3 gün olurdu. Hələ
70-ci illərdə toy başlamazdan öncə musiqiçilər
gələndə ilk olaraq qara zurna ifaçısı kəndin
ən hündür yerinə çıxıb
çalardı. Hamı da bilərdi ki, toy başladı.
Heç kimin evinə dəvətnamə getməzdi.
Çapar at belində qapı-qapı gəzib deyərdi ki,
filankəs sizi toya dəvət edir. O toyun səsini buranın ən
cah-cəlallı restoranları da əvəz etmir.
Mən
musiqini çox sevirəm, bütün janrları dinləyirəm.
Musiqi insanın əhvali-ruhiyyəsi ilə bağlıdı.
Hərdən o qədər də peşəkar ifa olunmayan
gitara musiqisinə qulaq asıram. Dostlarım bunu görəndə
musiqi zövqümü bildikləri üçün təəccüblənirlər.
Deyirəm, bu musiqi mənə kəndimizin toyunu
xatırladır...
O adətlərin
hamısı bitdi. Bəlkə indiyə qədər orda
yaşasaydıq, yenə də bitərdi. Amma 1993-cü ilə
qədər bizim yadımızda qalan adətlər
bunlardı. Biz torpaqlarımızı bərpa edəcəyik,
hər şey əvvəlkindən də gözəl olacaq,
amma kəndin o ansamblı olmayacaq artıq, bitdi. O, bizim xəyalımızda
bir ömür yaşayacaq. O vaxtlar insanların məişəti
daha kasıb, imkanları daha az idi, amma hər şey o qədər
gözəl, məsum, dəyərli idi ki...
Anamın
evdən götürdüyü ən
son əşya
"dolma ilə dolu qazan oldu”
- Evimizin
üstündən də çay axırdı, altından da.
Evin altından axan çayın üstündəki
körpünü keçən kimi bizim həyətin
darvazası görünürdü. O çayların səsi,
şırıltısı da bir başqa musiqi, ahəng idi.
Evin üst tərəfində qayalıq vardı. Ordan Kirs,
Ərgünəş dağları, bütün kəndimiz
görünürdü. Axşamlar çıxıb otururduq
ordakı təpənin üstündə. Rayonun işğal ərəfəsi
idi. Həmin təpəyə qalxıb kəndi seyr edirdik. Birdən
anam kəndə diqqətlə baxıb qayıtdı ki, bəlkə
bu yerlərə bir də gəlmədik...
Onda bu
deyimin gerçək olacağını heç
ağlımıza da gətirməzdik. Bu barədə
heç düşünmürdük də. Füzuli
işğal olunanda 24 yaşım vardı. Avqustun 15-dən
ordaydım. Kənddən ən son çıxan adam
olmuşam. Hətta rayonun işğalı rəsmən elan
ediləndən sonra da erməni qoşunları yolu hələ
tutmamışdılar deyə, rayonda idim. Ata-anamı da kənddən
Bakıya mən yola saldım. Qaçaraq evə gəlib
dedim, tez hazırlaşın, gedirsiz. Anam dedi qoy onu
götürüm, bunu götürüm. Dedim yox, heç nə
götürmə, onsuz da bir-iki günə
qayıdacağıq. Çıxdıq evdən,
qapını da açarla bağlamadıq. O vaxt kənddə
heç bir qonşu qapısını qıfıllamazdı,
heç arada daş hasar da hörülmürdü.
Gördüm anamın bir gözü qapıda qalıb.
Maşın həyətdən hardasa 20 metr
uzaqlaşmışdı. Anam maşının pəncərəsindən
geriyə, evə boylandı. Soruşdum, ana, nə
götürmək istəyirsən? Dedi, bala, qazın
üstündə yeməyim qalıb. Atam dilləndi ki, otur gedək,
yemək vaxtıdı? Həqiqətən də kəndi
çox güclü bombalayırdılar. Anama baxdım,
çox pis oldum. Dedim yaxşı, düş, gedək
götür. Evə girdik. Mətbəxdə gördüm ki,
qazın üstündə qazan var, içində də
dolma... Anamın öz evindən götürdüyü ən
son əşya dolma ilə dolu o qazan oldu...
Mən
inanmırdım işğal bu qədər uzun çəkər.
Heç yuxuma da girməzdi... Fərqinə varsaydım, bəlkə
də elə o anda ölərdim. Tək mən yox, heç
kim inanmırdı. Fikirləşirdik ki, ara sakitləşəcək,
bir neçə gün sonra evə qayıdacağıq. Bir az
hərbi taktika, bir az siyasi rəhbərlik, ölkədəki
vəziyyət, hadisələr... Mən keçmişə
qayıtmaq fikrində deyiləm. Bu günün gözəl
notlarını keçmişin köhnə notları ilə
zədələmək istəmirəm. 27 ildə biz çox
şeylər itirmişik, əzizlərimizin çoxu
köçüb həyatdan. O qədər nisgil, həsrət
çəkmişik. Kəndimizi, evimizi yuxularda
görmüşük...
Hər dəfə
havalar soyumağa başlayanda nədənsə mənə elə
gəlirdi ağaclarımız üşüyür. Sən
demə, ağaclarımız da yox imiş, məhv olubmuş,
ermənilər hər tərəfi xaraba qoyublarmış. Amma
elə bilirdim bütün Qarabağdakı,
qapımızıdakı ağaclar insandan daha çox
üşüyür. Mənə elə gəlirdi, o
ağaclar ona görə qurumurdu ki, bizim isti nəfəsimiz
vardı, onları doğma insanların nəfəsi
şaxtadan qoruyurdu. İşğaldan azad olunan ərazilərdəki
vəziyyəti görəndə bir daha əmin oldum ki, o
ağacları da, coğrafiyanı da, gözəlliyi də
saxlayan həqiqətən bizim nəfəsimiz imiş.
Yad nəfəsə
dözmədi Qarabağın təbiəti də. Orda bizim
isti, doğma nəfəsimiz olmadığı
üçün hər şey qurudu, xarabalığa
çevrildi. Əksər kəndlərin relyefi də dəyişib.
İndi insanlar o torpağın hər yerində, hər
qarışında bir xatirə axtarır. Yadıma "Dədə
Qorqud” filmində Qazan xanın yurdu dağılandan sonra
başını atının başına qoyub
ağlamağı düşür. Ermənilər bizim də
yurdumuzu yağmalayıblar, özü də çox
amansız. Torpaqlarımızın işğaldan azad
olunmasına nə qədər sevinsək də, yurdumuzun
dağıdılmasına da içimizdə
ağlayırıq. Amma şükür qələbəmizə.
Hər şey zamanla öz yerini alacaq və daha da gözəl
olacaq.
Bu gün
Azərbaycanda hamı qarabağlıdı
- Həmişə
sual verirlər ki, niyə Qarabağı görməyən gənclər
onu bu qədər sevirlər, bu qədər bağlanıblar?
Sadə səbəbi var. Analar bətnində gəzdirdiyi
körpəni üzünü görmədən sevir,
bağlanır, duyurlar. Qarabağ bizim bətnimizdə gəzdirdiyimiz
körpəmizdi. Əslində indi Qarabağ yenidən
doğulur. Bir başqa şəkildə, bir başqa ruhda...
Onu Qarabağın üzünü görməyən insanlar
27 illik həsrətdən sonra doğurlar...
Qarabağ
dünənə qədər yalnız qarabağlılar
üçün var idisə, bu gün bütün azərbaycanlılar
üçün var. Dünən mənim yurdum idi, bu gün bütün
azərbaycanlıların yurdu, şərəf yeridir. Ona
görə də bu gün qarabağlı kimi Qarabağdan
danışmaq çox çətindir. Hətta
Qarabağı görməyənlər belə, onun
haqqında daha sevgilə, coşğu ilə danışa
bilirlər. Çünki Qarabağ bizi bütövləşdirdi,
millətləşdirdi, qürurun və mənliyin nə
olduğunu, harda vuruşub harda bütövləşmək
lazım olduğunu bir coğrafiya kimi yox, simvol kimi
yaşatdı.
Bu gün
Azərbaycanda qarabağlı olmayan insan yoxdu. Fərqi yoxdur
orda kim doğulub kim doğulmayıb. Bu gün Azərbaycanın
hər bir fərdi dinindən, dilindən asılı olmayaraq
qarabağlıdır. Bu gün təkcə etnik kökən
etibarı ilə eyni olanları yox, rus, talış, ləzgi,
yəhudi, inqiloy, avar, tat, saxur - hamı qarabağlıdır.
Onlar nə qədər qarabağlıdırsa, mən də o
qədər qarabağlıyam. Onlar nə qədər
füzulilidirsə, mən də o qədər füzuliliyəm.
Artıq ora hamımızındır, mənim kəndimdir demək
mümkün deyil. Bəlkə orda döyüşən
talışın, ləzginin bu gün məndən daha
çox qarabağlıyam deməyə haqqı var.
Mən də
birinci Qarabağ müharibəsində
döyüşmüşəm. Amma biz savaşı uduzduq,
Qarabağı itirdik, qoruya bilmədik. Ona görə də bu
gün orda qanını axıdan leriklinin, balakənlinin
Merdinliyəm, Şuşalıyam deməyə daha çox
haqqı var. O haqqı onlara savaşları verib, biz də onu
məmnuniyyətlə qəbul edirik. Sevinirəm ki, biz
bütövləşdik. Millətimizi bütövləşdirən
o dəyərlər Azərbaycanda illər uzunu
yığılıb bu dönəmə gəlib
çatdı. Şəhabəddin Sührəverdinin belə
bir sözü var - zəfər səbrə aşiqdir.
Görünür zəfər qazanmağımız
üçün bu qədər səbir etmək lazım
imiş. Bəlkə zaman bir az çox oldu. Bu dönəmdə
hamıya qarşı üsyan etdik, tənqid etdik, asi
düşdük, amma şükürlər olsun qalibik.
Ali
Baş Komandanın hər bir əmrini yerinə yetirməyə
hazırıq
- Bu
gün Azərbaycanda hər kəs bir amal uğrunda Ali Baş
Komandanın ətrafında birləşib. Belə bir dönəmdə
siyasi baxışlar bir kənara qoyulub. 27 sentyabrdan bu yana
ölkədə müxalifət deyə bir şey yoxdu. Və
olmayacaq da! Bunu təbii qəbul etmək lazımdır.
Əsgərin nə həddi müxalif olsun? Əsgər də
müxalif olarmı? Əsgər əmrə tabe olar!
Ölkədə
Vətən müharibəsi gedir. Ali Baş Komandan var. Mən
ilk gündən dedim ki, əsgərəm, əmrləri
sözsüz yerinə yetirirəm. Mən hələ
çox-çox əvvəl
çıxışlarımın birində belə bir
söz işlətmişdim ki, Qarabağın taleyindən o qədər
də narahat deyiləm. Çünki Prezident İlham
Əliyev məcburiyyət qarşısında qalsa belə,
Qarabağı heç vaxt verməz, güzəştə
getməz, insan kimi bunu etməz heç vaxt! İnsanın bir
xarakteri var. İlham Əliyev o insanlardan deyil ki, millətinə,
dövlətinə məxsus nəyisə başqasına verməyi
özünə, şəxsiyyətinə
sığışdırmaz!
Bu Vətən
müharibəsində ən böyük yük Ali Baş
Komandanın çiyninə düşür!
Hamımızın məsuliyyətini o daşıyır!
Diplomatik missiyanın da, beynəlxalq aləmin də, şəhid
olan əsgərin də, şəhid anasının da, ölkənin
birliyinin qorunmasının, münasibətlər sisteminin
normal olmasının, təchizatın, pandemiyanın da - hər
bir şeyin! Dünya da, düşmənlərimiz də
arzulayırdı ki, müharibə başlayandan bir neçə
gün sonra müxalifət etirazlara başlasın,
narazılıq olsun, milli birlik pozulsun. Amma yanıldılar.
Ali
Baş Komandan harda əmr etsə, əsgər kimi orda
durmağa hazır olacağıq. Susmaq lazım olsa,
susacağıq. Tovuz hadisələri olanda mən Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinə getdim, orduya
yazıldım. Ordan çıxanda bəyanat verdim ki, cənab
Ali Baş Komandan, mən bu gündən əsgərəm. Bəzi
siyasi dairələr, müxalifətin xeyli hissəsi bu
sözümü bir az dartışdılar ki, İlham
Əliyevin əsgəri olan partiya rəhbəri ilə nəyisə
müzakirə etmərik. Dedim Vətən müharibəsi gedəcəksə,
mən əsgərdən başqa heç nə olmayacam! Kimin
necə qəbul etməyindən asılı olmayaraq!
27
sentyabrdan sonra yenə bəyanat verdim və gördüm digərləri
də eyni mövqe ilə yanaşırlar. Sevindim ki, qəbul
edənlər çox oldu. Müxalifət, cəmiyyət bu
çətin sınaqdan üzüağ çıxdı.
Bir yerdə bir zərrə büdrəməyimiz,
axsamağımız cəbhədəki halımıza təsir
edərdi. Şükürlər olsun büdrəmədik. Bu
gün də, sabah da, nə qədər ki Vətən
müharibəsi gedir, qalibiyyət əldə olunana qədər
əsgər olmağa davam edəcəyik. Ali Baş
Komandanın hər bir əmrini yerinə yetirməyə
hazır olacağıq.
Qarabağ
təkcə torpaq deyil, bizi birləşdirən dəyərdir
- Millətimizi
bütövləşdirən, insanlarımızı şəxsiyyət
kimi formalaşdıran bu problem nə qədər
ağrılı olsa da, ən sonda Azərbaycan
üçün faydalı oldu. Sıradan bir şey
yaşamadıq. Qarabağın işğalı bizi diz
üstə çökdürmüşdü, indi qalibiyyətlə
yavaş-yavaş dikəlirik, qamətimizi düzəldib
ayağa qalxırıq. Şuşa, Laçın, Kəlbəcər
azad olunandan sonra daha böyük, uğurlu bir xalq
olacağıq. Bu qələbə gələcək
inkişafımıza, münasibətlər sisteminə də
stimul verəcək. 30 ilin məğlubiyyəti insanlarda natamamlıq
kompleksi yaratmışdı. Biz natamam idik, evimizdən
tutmuş küçədəki
danışıqlarımız da o qədər kobud, nifrət
dolu, aqressiv idi. İçimizdəki o aqressiyanı yaradan məhz
məğlubiyyət, əziklik idi. Qarabağsızlıq,
itirilmiş torpaqlar bizi bitkin olmağa imkan vermirdi. Biz onu aradan
qaldırandan sonra dolu, qürurlu insan olacağıq.
Ayağımız yerə təmkinli dəyəcək,
baxışlarımız, danışığımız dəyişəcək.
Qarabağ, qələbə bizim hər şeyimizi dəyişəcək.
Hesab edirəm
ki, hazırda Azərbaycanda ayrı bir tarix yazılır. Bu, təkcə
torpaqlarımızı geri almaq tarixi deyil! 30 ildir bu xalqın ədəbiyyatına,
kinosuna, mədəniyyətinə, incəsənətinə
baxın. Hamı deyirdi niyə bizim əvvəlki musiqimiz,
kinomuz yoxdu. Tək səbəbi məğlubiyyət idi. Məğubiyyətin
kinosu, musiqisi olmur. Bütün xalqların tarixində onun ədəbiyyatını,
musiqisini, incəsənətini formalaşdıran qalibiyyətdir.
Baxın, bundan sonra ədəbiyyatımız, musiqimiz necə
olacaq. Qəhrəmanlıq, məhəbbət dastanları,
şeirlər, romanlar yazılacaq. Nə qədər material
var bunun üçün.
Tərtərdə
şəhid nişanlısı dəfn ediləndən sonra gənc
qız intihar edir... Gəncədə qadınlar paltarda
yatır ki, birdən gecə hücum olar, insan
qarşısına ləyaqətli çıxaq. Bərdədə
dörd oğlu cəbhədə olan atanın həyətinə
qrad düşür, yoldaşına deyir həyəti təmiz
saxla, qonaqlarımız gələr... Ucarlı oğlan
gözünü itirəndən sonra sevdiyi qızın
atası xəbər göndərir ki, qızımı sənə
verdim...
Millətin
torpaqdan başqa qazancı budur - bütövləşmək.
İncəsənət, ədəbiyyat bunun üzərində
formalaşır. Bu, Azərbaycan tarixinin tamamilə yeni bir səhifəsidir.
Bu gün yazılan tarixi Ali Baş Komandan və əsgərlərimiz
başda olmaqla, bütün Azərbaycan xalqı birlikdə
yazır. 1988-ci ildən bəri ölkədə baş verən
bütün prosesləri yaxından izləyirəm. O vaxtdan
indiyə qədər xalqımız heç bir zaman bu qədər
birlik nümayiş etdirməyib. Heç bir zaman şəhidliyə
anaların münasibəti belə olmayıb! Qarabağ bizi
belə bir xalq elədi. Qarabağ təkcə torpaq deyil, bizi
birləşdirən dəyərdir.
Atam burda əmanətdi,
onu öz torpağımıza aparacağıq
- Ən
böyük arzum Şuşayla bağlıdı. Mənə
elə gəlir, Bakı dövlətçiliyimizin rəmzidirsə,
Şuşa Azərbaycançılığımızın
rəmzidir. Hərdən düşünürəm ki,
Şuşada Azərbaycan bayrağı dalğalananda, diz
üstə çöküb o bayrağa baxanda sevincdən
ürəyim partlaya bilər. Amma o ölümü də
çox tez arzulayıram...
Sonuncu dəfə
1989-cu il iyunun 12-də Şuşada olmuşam. Səhər-səhər
Şuşanın girəcəyində Xanoğlanın yeməkxanasında
xəngəl yeməyə getmişdik. Şuşa
işğal olunanda mən Tərtər istiqamətində
döyüşdə idim. Onda getmək şansım oldu, amma
gedə bilmədik. Bizim hamımızı hazırlıqlı
vəziyyətdə Bərdə stadionuna gətirdilər.
Dedilər, burdan vertolyotla Şuşaya gedəcəksiniz. 12
saat orda gözlədik. Lakin sonra əmr gəldi ki, Ağdam
istiqamətinə gedəcəksiniz. Mayın 10-a keçən
gecə Abdal-Gülablı istiqamətində hücuma
keçdik. Təəssüf ki, onlar da yarımçıq
qaldı...
Amma
artıq o ağrılar geridə qalıb. İndi zəfər
xəbərlərinə sevinirik. Füzulinin işğaldan
azad olunmasını ailəmizdə hamı çox
böyük sevinclə, həyəcanla qarşıladı.
İndi də böyük intizarla Şuşanın,
Laçının, Kəlbəcərin azadlığa
qovuşacağı zamanı gözləyirik.
Təəssüf
ki, atam bu günü görmədi. Kəndinin işğalda
olması onu çox incidirdi. Yaşından çox tez
qocalmışdı. Daim həyəcan keçirirdi. 2002-ci il
fevralın 26-da televizorda Xocalı hadisələrini izləyəndən
sonra çox pis oldu. 28-i səhər qəfil ürəyi
dayandı. Heç xəstəliyi də yox idi... Amma atam burda
əmanətdi, onu öz torpağımıza geri
qaytaracağıq. Kəndimizdə bərpa işləri
başlayan kimi qardaş-bacılarının yanına
aparacağıq...
Anam da kəndə
qayıdacağı günü səbirsizliklə,
böyük həsrətlə gözləyir. Hər gün
ağlayır, gözünün yaşını saxlaya bilmir.
Həmişə deyirdi torpağımı kim mənə
qaytarsa, bu yaşımda əllərindən öpməyə
hazıram. O kəndə qayıtmaq təkcə torpaq, yurd həsrətinə
son qoymaq deyil, bəlkə candan çıxan ruhun ordakı təslimiyyətidir.
Ruh bəlkə orda dincələ bilir deyə, ora can atır
insan. İnsan can verəndə ən doğma adamının gəlməyini
gözləyir. Ona baxıb canını tapşırır.
Əslində, Qarabağ həm də bizim canımızı
təslim edə biləcəyimiz doğmamızdır.
"Bax,
bu ağacı atam əkmişdi...”
- Hər
gün kompüterdə kənddəki evimizin
görüntülərinə baxırdıq. Yalnız
ağaclar görünürdü. Bizim kənd yoxdur, demək
olar ki, tamamilə dağıdıblar. Merdinli ən şiddətli
döyüşlərin getdiyi kənd olub. Orda ermənilərin
böyük istehkamları vardı. İkinci eşalon olub ora.
İndi orda çəkilən videolara baxırıq.
Ağaclar belə yoxdu, yalnız kol-kos basıb. Hamı deyir,
biz əvvəl elə bilirdik Quruçayın üstündəki
körpünü keçəndən sonra kəndə
gözüyumulu gedəcəyik. Amma indi kənd o qədər
dəyişdirilib ki, tanımaq olmur, qazıb töküblər,
evləri yerləyeksan ediblər. Dağılmış yurda
baxmaq bilirsiz necə ağırdı?
Çalışırıq belə şeyləri anamın
yanında çox danışmayaq. Anamın gözü həmişə
yol çəkirdi, uzaqlara baxıb deyirdi görəsən o
evə bir də gedəcəmmi? İndi azad olunan hər kəndin
adını eşidəndə göz yaşı
tökür. Deyirəm, ay ana, heç olmasa özünü
qoru ki, kəndə gedib çata biləsən.
Ancaq
bilmirəm əli ilə qurduğu,
dağıdılmış yurduna baxmaq ona necə təsir edəcək.
Həyətimizdə o qədər gözəl güllər
vardı. Hər növdə, hər rəngdə...
Hamısını anam öz əllərilə əkmişdi.
Elə bir gül yox idi ki, bizim həyətdə olmasın.
Kimin həyətində nə gül görürdüsə, əkirdi.
Pəncərələrimizin ağzı gülüstanlıq
idi. O düzən tamamilə pozulub. Kəndin yolları,
bütün cığırları itib, yox olub. Anamın
ömrünün 60 ili o cığırlarda keçib. Hər
cığırında bir xatirəsi var. O itmiş
cığırlarda xatirələrini tapa biləcəkmi? Ona
görə bilmirəm anam üçün nə qədər
çətin, ağrılı olacaq dağılmış
yurda getmək...
Elə mən
özüm də kəndə gedəndə nə edəcəyimi
bilmirəm, inanın. Necə reaksiya verəcəyimdən, nə
görəcəyimdən, görüb də nə edəcəyimdən
narahatam. O hissi təsəvvür etmək, belə olacaq deyə
ssenariləşdirmək, danışmaq çətindir. Bircə
onu bilirəm ki, ailəmizin böyük əksəriyyəti
kəndə yenidən qayıdacaq, ata ocağını bərpa
edəcək, o yurd yenidən çiçəklənməyi
haqq edir. Arzu etmişəm ki, evimizin işğaldan öncə
quruluşu necə idisə, o cür də tikək, olduğu
kimi - 3 yataq otağı, bir zal, bir gündəlik yemək
otağı, mətbəx. Həyətdə su quyusu, pəncərələrimizin
qarşısında çiçəklər... Bəlkə
bu, bizi ovundurar...
Ağacların
hamısını atam özü əkmişdi. Hamısı
gözümün qarısında olub, bu gün də xatirimdədi.
Hansı ağac harda yerləşirdi dəqiqliklə, əzbər
bilirəm. Ən böyük arzularımdan, xəyallarımdan
biri odur ki, atamın əlilə əkdiyi ağaclardan
heç olmasa bircəciyi salamat qalsın. Atamın
bağımızda əkdiyi son ağac Göyçayın
Bığır kəndindən gətirdiyi nar ağacı
idi. İlk barını da vermişdi. Güman edirəm ki, nar
dözümlü olduğu üçün bəlkə indiyə
qalar. Heç olmasa o ağac atamın o torpaqdakı son
yadigarı olar. Mən də atamın xatirəsi kimi ona
baxıb deyərəm ki, bax, bu ağacı atam əkmişdi...
Tezliklə
o yurd yenidən salınacaq. Ata ocağı əvvəlki
formada tikiləcək. Ağacların hamısı bir-bir yenidən
əvvəlki yerində əkiləcək. O böyük,
gözəl bağ bir də salınacaq... Ana evinin, pəncərələrinin
önünü əvvəlki kimi çiçəklərlə
bəzəyəcək, gülüstanlığa çevirəcək.
Həyətdə yenə hər növdə, hər rəngdə
çiçək bitəcək. Amma birindən başqa -
ayrılıq rəmzi sayılan sarı rəngli
qızılgül...
Və o
günlər o evdə ocağın üstündə yenə
dolma bişəcək. Bu zamana qədər yedikləri ən
dadlı dolma... Özü də 27 il evdən qalan yeganə
yadigar əşya kimi qoruyub saxladıqları o qazanda...
Xəyalə MURADLI
Azərbaycan.- 2020.- 7 noyabr.- S.1; 6.