Qlobal pandemiyanın
fəsadları daha da
artır
Koronavirus bütün ölkələrdə tüğyan
etməkdə davam edir və infeksiyaya
yoluxanların sayı
rekord sayda artaraq epidemik vəziyyəti gərginləşdirir.
Eyni zamanda payız və qış fəsillərində
mövsümi qrip və digər tənəffüs yolları
infeksiyalarının sayının
artması da müşahidə edilir. Buna görə də bir çox ölkələrdə virusun
yayılmasının qarşısını
almaq üçün
ciddi tədbirlər həyata keçirilir, tətbiq olunmuş karantin rejimi sərtləşdirilir.
Almaniyada noyabrın 2-dən ayın
sonuna qədər koronavirus infeksiyası ilə bağlı "məhdud karantin”, Fransanın bütün ərazisində oktyabrın
30-dan dekabrın 1-dək davam
edəcək özünütəcrid
rejimləri tətbiq edilib. Böyük Britaniyada da
noyabrın 5-dən etibarən
gücləndirilmiş karantin
rejimi həyata keçirilir. İtaliyada koronavirusa
yoluxma hallarının
yenidən artması ilə əlaqədar noyabrın 4-dən etibarən
ölkə ərazisində
komendant saatı tətbiq olunur. Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən
karantin müddəti dekabrın 31-dək uzadılıb
və qaydalar sərtləşdirilib.
Bizdən
asılı olan və olmayan səbəblər var
Dünyada olduğu kimi, ölkəmizdə də
son dövrlər koronavirusa
yoluxma sayı artıb. Sanitar-epidemioloji vəziyyətin təhlilinə
əsasən, Nazirlər
Kabineti ölkə ərazisində xüsusi karantin rejiminin müddətini dekabrın
1-dək uzadıb. Bütün təhsil
pillələri üzrə
tədrisin distant təşkilinə
başlanılıb.
Bu qərar dekabrın
1-dək qüvvədədir, amma o da istisna
edilmir ki, epidemioloji vəziyyət bu cür olacağı
təqdirdə göstərilən
müddət uzadıla
da bilər.
TƏBİB-in
İdarə Heyəti
yanında Tibbi-elmi komitənin sədri,
professor Akif Qurbanov deyib ki, bir
müddət əvvəl
mütəxəssislər ilin
soyuq fəsillərində
bütün tənəffüs
yolları infeksiyalarının
artımının gözlənilməsi
barədə xəbərdarlıq
etmişdilər. Hazırda
biz həmin dövrə
çatmışıq: "Həmin infeksiyaların artım səbəbi soyuq havanın tənəffüs yollarının
müdafiə qabiliyyətini
zəiflətməsi nəticəsində
infeksiyalara qarşı
həssaslığın yaranmasıdır.
Bunlara qrip və qripəbənzər
xəstəliklər, digər
tənəffüs infeksiyaları,
o cümlədən yeni
növ koronavirus aiddir. Yoluxma saylarının belə
kəskin artımında
bizdən asılı
olmayan səbəblərdən
biri budur”.
A.Qurbanov vurğulayıb ki, lakin bizdən asılı olan səbəblər də
var. Son bir aydan başlasaq, bu, bir qədər psixoloji məsələlərlə
bağlıdır. Yəni müharibə
dövründə biz psixoloji
olaraq infeksiyadan qorunma qaydalarını sanki ikinci plana
keçiririk. Bunun da yoluxma saylarının artımında müəyyən
qədər rolu oldu.
Professor bildirib ki, hazırda ölkəmizdə xüsusi karantin rejimi davam edir. Karantin rejimində məhdudiyyətlər tətbiq olunsa da, müəyyən müddətdən sonra yumşaldılmalara gedilir. Bu zaman təmaslar artır. İnsanlar özlərini yaxşı qorumasalar, təmasların çoxalması da yoluxma saylarını artıra bilər. Ona görə də təmaslar artdıqca özümüzü daha ciddi qorumağa çalışmalıyıq. Belə olan halda yoluxmaları nəzarətdə saxlaya bilərik. Bir müddət əvvəl məktəblər də açılmışdı, müəssisələr, ictimai nəqliyyat vasitələri tam gücü ilə fəaliyyət göstərirdi. Bu da təmasların sayını artırdı. Təmaslar artdıqca qorunma qaydalarına daha ciddi əməl etsək, yoluxma sayları da artmaz: "İndiki dövrdə çox diqqətli olmalıyıq. Müharibə davam edir. Cəbhədən gələn şad xəbərləri, böyük qələbəni səbirsizliklə gözləyirik. Bu zaman COVID-19-la mübarizə də nəzərdən qaçırılmamalıdır. Çünki bizim səhiyyə sistemimiz ordumuzun, əsgərlərimizin xidmətində olmalı, koronavirusla xəstələnmiş ağır xəstələrlə yüklənməməlidir. Biz özümüzü, ətrafdakılarımızı qorumaqla vətənpərvərlik hisslərini ortaya qoymuş oluruq”.
Kəskin
respirator virus infeksiyaları soyuq havalarda artıma meyillidir
TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva da koronavirusa yoluxma hallarında ciddi artımdan bəhs edərək bildirib ki, son vaxtlar, təəssüf ki, hər gün rekord yoluxma rəqəmləri görürük: "Həm yoluxanların, həm də COVID-19-dan ölənlərin sayında çox ciddi artım var. Yoluxma hallarının əsas səbəbi kimi vətəndaşların kütləvi olaraq bir yerə toplanmasını düşünürük. Artıma səbəb kimi hələ havaların soyumasını göstərə bilmirik. Çünki havalar yaxşı keçir. Proqnozlar onu göstərir ki, havalar soyuyandan sonra daha çox artım qeydə alına bilər. Çünki bu, virus infeksiyasıdır. Kəskin respirator virus infeksiyaları soyuq havalarda artıma meyillidirlər. Ona görə də biz daha da diqqətli olmalıyıq. Hər kəs özünü qorumalı, maskadan istifadə etməli, əl gigiyenasına riayət etməlidir. Qapalı məkanlarda bir yerə toplaşmamalıyıq, fiziki məsafəni saxlamalıyıq”.
Y.Qarayevanın sözlərinə görə, dünyada tüğyan edən koronavirus pandemiyası ilə əlaqəli olaraq hazırda bütün ölkələrdə qrip peyvəndinə çox böyük ehtiyac var: "Bunu nəzərə alıb biz əvvəlcədən bu peyvəndlərin dövlət tərəfindən sifariş olunmasını təmin etmişdik. Çünki bütün dünyada bu gün qrip peyvəndinə çox böyük tələbat var. Vətəndaşların həm qrip virusuna, həm də koronavirusa tutulması onların səhhətində ciddi problem yaratmaqla yanaşı, tibb müəssisələrinin iş yükünü daha da artıra bilər. Ona görə də həmin peyvəndin olması çox vacibdir. Bu gün TƏBİB-in əməkdaşları həm tibb işçiləri olaraq, həm də cəbhə bölgəsində və pandemiya müəssisələrində aktiv fəaliyyət göstərdiklərinə görə qripə qarşı peyvənd olundular. Ümid edirik ki, həmin peyvənd qarşıdan gələn qrip mövsümündə səhhətimizə müsbət təsir edəcək”.
Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri də pandemiya ilə əlaqədar olaraq qripə qarşı peyvənd olunmağı tövsiyyə edirlər. Xüsusilə də uşaqların, qocaların, xroniki xəstəlikləri olanların və hamilə qadınların qripə qarşı mütləq peyvənd edilmələrinin vacibliyini vurğulayırlar.
Mütəxəssislərin də həyəcan təbili çaldığı kimi, qarşıdan gələn soyuq dövr bizə pandemiya ilə bağlı heç də ürəkaçan proqnozlar vəd etmir. Amma gözlənilən təhlükədən qorunmağın yolları da bəllidir. Hamı xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenasını gözləməlidir. Heç kim məsuliyyət hissini unutmamalıdır.
Eyni zamanda yuxarıda da bəhs olunduğu kimi, qripə qarşı peyvənd olunmaq da bizi CovId-19 bəlasına qarşı effektiv qoruya bilər.
Yasəmən
MUSAYEVA
Azərbaycan.- 2020.- 7 noyabr.- S.1; 8.