Mənəviyyatdan və insanlıqdan uzaq olan düşmən

 

Tarix boyu azərbaycanlılar erməni millətçi-şovinistlərinin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb, dədə-baba torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib. bütün bunlar kütləvi qırğınlarla, insanlığa yaraşmayan vəhşiliklərlə müşayiət olunub. Nə yazıq ki, qarşımıza həm də mənəviyyatdan və insanlıqdan uzaq, ümumilikdə, bəşəriyyətə ləkə olan düşmən çıxıb.

 

Mülki insanların qanına susayan vandallar

 

Baxmayaraq ki, mülki əhaliyə, xüsusilə onun ən müdafiəsiz hissəsi olan qocalara, qadınlara və uşaqlara saysız-hesabsız əzab-əziyyət gətirən hücumların edilməsi və onların bombardman olunması beynəlxalq hüquqa əsasən də qadağandır, hərbi cinayətdir. Beynəlxalq humanitar hüquq, bu hüququn əsas sənədləri olan 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyaları və onlara 1977 və 2005-ci illərdə əlavə edilmiş üç protokol, BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli qətnaməsi, eləcə də digər beynəlxalq konvensiyalar müharibə zamanı mülki əhaliyə hücumu qadağan edir. Eyni zamanda müharibənin yazılmamış qanunlarında da günahsız insanlara, qocalara, qadınlara, uşaqlara əl qaldırmaq, silah tuşlamaq qətiyyən yolverilməzdir.

Amma faşist ideologiyalı erməni vandalları nə hüquq tanıyır, nə də onlarda mənəviyyat var. Tarix boyu xalqımızın qanına susamalarının, mülki əhalimizə divan tutmalarının şahidi olmuşuq. Erməni faşistləri qocaları, qadınları, uşaqları öldürməklə, xüsusilə də qəddarcasına, insan ağlına sığmayan işgəncələrlə həyatlarına son qoymaqla fəxr ediblər. Bu iyrənc əməllərini dünyaya bəyan etməkdən də heç zaman çəkinməyiblər.

1918-ci ilin mart soyqırımı, 1992-ci ilin Xocalı soyqırımı, əsir götürdükləri soydaşlarımızın başına gətirdikləri müsibətlər heç kəsin yadından çıxmayıb.

Törətdikləri bu vəhşiliklərdə isə yalnız bir məqsəd var. Azərbaycan xalqının iradə və əzmini qıraraq, onu qorxudaraq tarixi torpaqlarımızı zəbt etmək. Lakin niyyətlərinə nail ola bilməyiblər. Çünki xalqımızın iradəsini qırmaq mümkün deyil.

 

Erməni terroru davam edir

 

Elə sentyabrın 27-dən etibarən mülki əhalimizə qarşı həyata keçirdikləri növbəti təxribatlar da bu mənfur ideologiyanın davamıdır.

Qəhrəman ordumuzun şücaətindən qorxaraq gizlənməyə siçan yuvası gəzən bu namərdlər gecənin qaranlığında güclərini müdafiəsiz insanlara silah tuşlamaqla sınayırlar. Düşünürlər ki, cəbhə xəttindən kilometrlərlə uzaqda olan şəhərlərimizi, kəndlərimizi qadağan olunmuş silahlarla artilleriya atəşinə tutmaqla döyüş meydanında qalib əsgərlərimizin əzmini sındıra biləcəklər, mülki əhalimizi həyəcanlandırıb arxa cəbhəmizdə çaxnaşma salacaqlar.

Amma tarixzaman artıq ermənilərin indiyə qədər bu qaniçən plan üzrə törətdikləri vəhşiliklərə dözmək iqtidarında deyil. İndi haqqın yerini tapacağı, ədalətin bərqərar olacağı hesab günüdür...

Yaxın Lələtəpə qələbəsində, Günnütdə, bu ilin iyul ayında Tovuzda rəşadətli ordumuz tərəfindən işğalçılar hərb meydanında layiqli cavab alaraq yerlərinə otuzduruldular.

Sentyabrın 27-dən etibarən hərbi təxribatlara başlayan Ermənistanın faşist rejimi "ənənəsinə” sadiq qalaraq yenə də çirkin simasını göstərir, şəhər və kəndlərimizi, dinc əhalini hədəf almaqdan çəkinmir. Azərbaycan Ordusunun düşmənin yalnız hərbi obyektlərini nişan almasına baxmayaraq, Ermənistanın silahlı qüvvələrinin hədəfi mülki əhalimizdir.

Şanlı ordumuzla döyüş meydanında üz-üzə gəlməyə cürət etməyən düşmən Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, fərdi və çoxmənzilli yaşayış binalarını, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutaraq dağıntı və yanğınlar törədir, dinc əhalinin, eləcə də dövlətin əmlakına ciddi ziyan yetirir. Onlar həm də dinc əhaliyə qarşı bu qəddar hücumlarında qadağan olunmuş silahlardan istifadə edirlər.

Ermənistan bu əməlləri ilə sivil dəyərlərdən kənar, mülki insanlara və azyaşlı uşaqlara qarşı xain hücumlar törədən terrorçu ölkə olduğunu növbəti dəfə sübut edir, faşizm mahiyyətini bir daha göz önünə sərir. Gəncədə törətdikləri soyqırımı, Bərdədə, Tərtərdə mülki əhalini hədəf alaraq terror törətmələri, bütöv ailələri Yer üzündən silmələri, körpə uşaqların, qocaların öldürülməsi ermənilərin nə qədər vandal millət olmasından xəbər verir.

 

92 nəfər mülki şəxs həlak olub, 404 nəfər yaralanıb

 

Azərbaycan Respublikası Baş Prokurorluğunun sentyabrın 27-dən hazırkı vaxta qədər Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi cinayətlərin statistikasına nəzər saldıqda da bir daha əmin oluruq ki, faşizm xislətli düşmən murdar əməllərindən əl çəkmir. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 92 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb.

Bundan başqa, 502 mülki obyekt, 100 çoxmənzilli yaşayış binası və 2971 yaşayış evi yararsız vəziyyətə düşüb.

Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməyən Ermənistanın cinayətkar əməllərinə qarşı cavab tədbirləri görməyə məcburdur. Ölkəmizin beynəlxalq hüquq çərçivəsində, öz vətəndaşlarının təhlükəsizliyini qorumağa haqqı və hüququ var, çünki təcavüzkar Ermənistanı susdurmağın başqa yolu yoxdur.

Bu gün Azərbaycan güc yolu ilə Ermənistanı işğal olunmuş torpaqlarımızdan qovur. Ordumuzun zəfəri ilə həm ərazilərimiz azad edilir, həm də erməni qatillərinin qurbanına çevrilən günahsız vətəndaşlarımızın qisası alınır.

 

Yasəmən MUSAYEVA,

 

Azərbaycan.- 2020.- 8 noyabr.- S.1; 3.