“Biz bu müharibəni şəhidlərimizin
canı-qanı bahasına, hərbçilərimizin rəşadəti
hesabına, dövlətimizin siyasəti hesabına
qazanmışıq”
Noyabrın
11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Müzəffər Ali Baş Komandanı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1
saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə
görüşüblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident İlham
Əliyevin çıxışı
- Əziz hərbçilər, Vətən müharibəsi başa çatdı. Azərbaycan bu müharibədə parlaq qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu, işğalçıları torpaqlarımızdan qovmuşuq. Mən gəlmişəm ki, bu parlaq qələbə münasibətilə sizi şəxsən təbrik edim, sizə öz təşəkkürümü bildirim, Azərbaycan xalqının təşəkkürünü bildirim ki, siz qəhrəmancasına döyüşərək, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərmisiniz, yaralanmısınız, öz həyatınızı risk altına atmısınız, böyük şücaət göstərmisiniz.
İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Mən xahiş edirəm ki, Vətən müharibəsində şəhid olmuş bizim bütün bacı-qardaşlarımızın xatirəsini yad edək, bir dəqiqə sükutla yad edək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah sizə şəfa versin! Allah bütün yaralı əsgər və zabitlərimizə şəfa versin!
Bu qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Həm döyüş meydanında, həm danışıqlar masası arxasında biz istədiyimizə nail ola bildik. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini hərbi güc hesabına azad edə bilmişik. Bayrağımızı o torpaqlara sancmışıq, bayrağımızı dalğalandırmışıq. Bu gün bütün dünya gördü ki, Azərbaycanın gücü nədən ibarətdir. Həm siyasi sahədə, həm hərbi quruculuq sahəsində, hərbçilərimizin peşəkarlığı sayəsində biz müharibənin ilk günlərindən üstünlüyü əldə etdik və ardıcıllıqla bu son hədəfə qədər uğurla irəliləmişik.
Döyüşlər şiddətli xarakter almışdı, düşmən müqavimət göstərirdi. Bunu da hər kəs bilsin, bu 44 gün ərzində əldə edilmiş qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb. Düşmən işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmaq istəmirdi və siz - bu döyüşlərdə fəal iştirak edən insanlar yaxşı bilirsiniz ki, 30 il ərzində hansı istehkamlar qurmuşdular. O istehkamları yarıb keçmək, o müdafiə xətlərini dəf etmək çox böyük qəhrəmanlıq və hərbi peşəkarlıq tələb edirdi. Bir də ki, o bölgənin coğrafiyası özlüyündə bir istehkamdır. Şuşa alınmaz qala sayılan bir şəhərdir. Pənahəli xan o şəhəri elə salmışdır ki, Şuşa sakinlərini düşməndən maksimum dərəcədə mühafizə edə bilsin. Şuşanı bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan almaq böyük peşəkarlıq, rəşadət rəmzidir. Düşmən 30 il bu torpaqlarda hazırlıq işləri görüb. Bu hazırlıq işləri onu göstərir ki, öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. Əgər istəsəydi, bu məsələlərə nə üçün bu qədər vəsait ayırırdı? Bu, onu göstərir ki, bütün bu dövr ərzində - 30 ilə yaxın dövr ərzində düşmən, sadəcə olaraq, bizi aldadırdı, vasitəçiləri aldadırdı ki, onlar bizim torpaqlarımızdan çıxacaqlar. Bu, yalan idi və döyüş meydanında mövcud olan mənzərə bunu təsdiqləyir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqların mənzərəsi onu göstərdi ki, bu düşmən Azərbaycan xalqına nifrət hissi ilə yaşayıb, əks təqdirdə, bütün binaların sökülməsinə nə ehtiyac var? İşğaldan azad edilmiş ərazilərimizin demək olar ki, 99 faizində bütün binalar dağıdılıbdır - yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, əcdadlarımızın qəbirləri, məscidlərimiz. İndi biz bu görüntüləri yayırıq, mətbuatda hər kəs bunu görə bilər. Bu, vəhşilikdir, vandallıqdır, bu, hərbi cinayətdir. Düşmən hərbi cinayət törədib və artıq göstəriş verilib ki, dəymiş ziyanın hesablanması, onun uçotu təmin edilsin. Artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz - həm insanlar fərdi qaydada, eyni zamanda, mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər, öz çirkin əməllərinə cavab verəcəklər və cavab verirlər.
Biz çalışırdıq ki, bu məsələ
sülh yolu ilə həll olunsun. O cümlədən, mən
17 il ərzində ölkə başçısı kimi
çalışırdım ki, məsələ sülh yolu
ilə həll olunsun və bu məsələnin
uzanmasının əsas səbəbi də budur. Bir də
beynəlxalq vasitəçilər bizi inandırırdılar
ki, bu məsələ sülh yolu ilə həll oluna bilər.
Ancaq son bir il ərzində gördük ki, bizi
sadəcə olaraq aldadırlar, sülh prosesi demək olar,
iflic vəziyyətə düşmüşdü. Ermənistanın
yeni rəhbərliyi qəbuledilməz, zərərli
addımlar və ifadələrlə faktiki olaraq
danışıqlar prosesini məhv etmişdi və son aylar ərzində
bunu heç də gizlətmirdi. Nümayişkaranə elə
addımlar atılırdı ki, həm bizə, həm
bütün dünyaya göstərsinlər ki, işğal
edilmiş torpaqlar əbədi işğal altında qalacaq.
Onlar müxtəlif xəritələr dərc etmişdilər.
Bu xəritələrdə "Dağlıq Qarabağ
Respublikası”nın sərhədlərini müəyyən
etmişdilər, o sərhədlərin içərisinə
bütün işğal edilmiş torpaqlar da daxil idi. Onlar
bizim tarixi şəhərlərimizin adlarını dəyişdirmişdilər,
yeni eybəcər adlar vermişdilər. Bütün kəndlərimizin
adlarını dəyişdirmişdilər. Tarixi-mədəni
irsimizi silmək istəyirdilər. Xaricdən erməniləri
Şuşaya gətirib məskunlaşdırmaq istəyirdilər.
Yeni kommunikasiyaların, yolların çəkilişi nəticəsində
o məskunlaşmanı, xüsusilə Arazboyu yerləşən
rayonlarda o məskunlaşmanı sürətləndirmək
istəyirdilər. Xaricdə yaşayan ermənilərin maliyyə
və siyasi dəstəyi hesabına bir neçə ölkədə
bəzi bələdiyyələr artıq "Dağlıq
Qarabağ Respublikası”nın tanınması haqqında qərarlar
qəbul etmişdilər. Bütün bunlar nəyi göstərir?
Bütün bunlar onu göstərir ki, onlar hesab edirdilər,
bax, bu yollarla həm işğalı qanuniləşdirəcəklər,
həm də qondarma kriminal qurumun tanıdılması istiqamətində
uğurlar qazanacaqlar. Görəndə ki, bizi, sadəcə
olaraq, aldadırlar, bizi, müqəddəs yerlərimizi təhqir
etməyə çalışırlar, biz
sözümüzü dedik və mən bunu gizlətmirdim.
Bütün bu dövr ərzində - 17 il ərzində
demişdim ki, əgər bu məsələ sülh yolu ilə
həll olunmasa, bunu hərbi yolla həll edəcəyik. Kim nə
deyir-desin, bu gün də eyni fikirdəyəm, eyni sözlərimi
deyirəm. Bu 44 gün ərzində mənə nə qədər
zənglər oldu, nə qədər siqnallar göndərildi
ki, dayanın, dayanın. Deyirdim ki, şərt qoyuram
düşmən qarşısında, çıxsın
torpaqlarımızdan biz dayanaq. Bəyanat versin ki,
çıxıram, biz dayanaq. Cədvəl versin,
tarix versin, biz dayanaq. Amma düşmən
hesab edirdi ki, bizim uğurlu hücumumuzun
qarşısını ala bilər.
Artıq birinci həftələrdən sonra dərk etdilər
ki, bizim qabağımızda dura bilməyəcəklər. Ona görə
beynəlxalq ictimaiyyətə daha fəal şəkildə
müraciət etməyə başladılar ki, beynəlxalq təşkilatlar,
bəzi ölkələr bizi dayandırsınlar. Mən
isə deyirdim ki, heç kim bizi
dayandıra bilməz, sona qədər gedəcəyik. Paşinyan şərtlərimi qəbul etməli, bəyan
etməlidir ki, filan tarixdə filan rayonlardan çıxır
və buna nail olduq. Noyabrın 9-da
imzalanmış birgə bəyanat faktiki olaraq Ermənistan
sülh kapitulyasiya aktı idi. Necə ki, vaxtilə
İkinci Dünya müharibəsi başa çatandan sonra
Hitlerin əlaltıları müttəfiq ölkələrin
hərbi rəhbərlərinin qarşısında kapitulyasiya
aktını imzalamışlar, mən də deyirdim ki, eyni
qaydada Paşinyan canlı formatda, videokonfrans şəklində
kapitulyasiya aktını imzalamalıdır. Amma
açığını deyim, ondan sonra Rusiya Prezidenti
Vladimir Putin məndən xahiş etdi ki, mən bu məsələdə
çox da təkid etməyim. Mən hesab
etdim ki, onsuz da Paşinyan kifayət qədər
alçaldıldı, öz çirkin əməllərinə
görə cəzalandırıldı, faktiki olaraq diz
çökdü, mənim bütün şərtlərimi qəbul
etdi. İmzalanmış bəyanatda
Ağdam, Laçın, Kəlbəcər rayonlarından
işğalçı qüvvələrin
çıxarılmasının cədvəli də təsdiq
olundu. Dedim etiraz etmirəm. Dedim getsin harada istəyir
imzalasın, qaranlıq bir otaqda, bir anbarda, kameralardan uzaq bir
yerdə imzalasın. Belə də oldu. Mənim və Prezident Putinin imzalanma mərasimini
bütün Azərbaycan xalqı gördü. Paşinyan, sən harada imzalamısan bu sənədi?
O qədər də əhəmiyyətli deyil. Çünki
indi onu tapmaq mümkün deyil. Heç kim
də soruşa bilməz, ay Paşinyan, sən bunu harada imzalamısan?
Biz bir daha gücümüzü göstərdik,
xalqımızın birliyini göstərdik. Göstərdik
ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz,
heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz.
Bu tarixi missiyanı siz icra etmisiniz - Azərbaycan
əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib.
Əlbəttə ki, bizim güclü ordumuz var,
texniki təchizat da yüksək səviyyədədir. Bütün dünya gördü ki, biz hansı
texniki imkanlardan istifadə edirik. Onu da deyə
bilərəm ki, bu gün bizim əldə etdiyimiz qələbə
və apardığımız hərbi əməliyyatlar həm
texniki imkanlar baxımından, eyni zamanda, operativ addımlar, əməliyyatların
hazırlanması və icra edilməsi baxımından
bütün dünyada öyrənilir. Bu,
yeni nəsil müharibə üsuludur, hansı ki,
planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi,
əməliyyatların düzgün
planlaşdırılması və həyata keçirilməsi,
hərbçilərimizin döyüş qabiliyyəti və
mənəvi ruh birləşir, vəhdət təşkil
edir. Ancaq mən bunu artıq bir neçə
dəfə demişəm, bu qələbəni qazanan bizim
texniki vasitələr yox, əsgər və zabitlərimizdir.
Onlar torpağımızı düşməndən
qarış-qarış azad edə-edə bu Qələbəni,
bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı
Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər
kəs bunu bilməlidir. Biz sübut etdik
ki, biz böyük xalqıq. Biz sübut
etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk
və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək
səviyyəyə qalxdı. Bu birlik bizə
imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara
yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi
o yerlərə maksimum qısa müddət ərzində
qaytaraq. Qarabağ bölgəsi, gözəl
tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən
canlanacaq, dirçələcək. Azərbaycanın
ayrılmaz hissəsi və ən gözəl güşələrindən
biri olan Qarabağ əsl cənnət məkanına
çevriləcəkdir.
Xalqımızın duyğularını təsəvvür
etmək çətin deyil. Mən bu dönəmdə
hər gün minlərlə məktub alıram. Sevinclə dolu, minnətdarlıqla dolu, qürur hissi
ilə dolu məktublar məni doğrudan da çox
duyğulandırır. Bu gün bizim televiziya
kanallarımız, internet saytlarımız uzun illər məcburi
köçkün həyatı yaşamış insanları,
onların duyğularını, onların sözlərini
ictimaiyyətə təqdim edəndə onların ən
çox sevdiyi və dediyi ifadəni mən bildirmək istəyirəm.
Deyir ki, artıq mən qaçqın deyiləm.
Bilirsiniz bu, nə deməkdir? Bu, bəlkə də ən xoşbəxt anların
təzahürüdür, həm bu insanların həyatında,
həm bizim hamımızın həyatında və mənim
həyatımda. Deyir ki, mən artıq
köçkün, qaçqın deyiləm. Onlar bu daşı öz ətəyindən tökmək
istəyirdilər. Onlar mənfur
düşmən tərəfindən bizə
yapışdırılmış belə bir ifadədən
öz canlarını qurtarmaq istəyirdilər və bu
gün gəldi.
Əziz keçmiş köçkünlər, siz
artıq köçkün deyilsiniz. Mən onlara bizim bu qəhrəman əsgər
və zabitlərimizin hüzurunda müraciət edərək
deyirəm: Siz köçkün deyilsiniz, siz
qayıdırsınız. Biz sizi
qaytaracağıq. Bax, burada oturanlar, bizim
minlərlə əsgər və zabitlərimiz sizi öz
doğma dədə-baba torpaqlarınıza qaytarırlar.
Biz Azərbaycan dövləti isə əlimizdən
gələni edəcəyik ki, sizi tezliklə qaytaraq. İlk növbədə, əlbəttə, təhlükəsizlik
tədbirləri görülməlidir. Mənfur
düşmən o bölgələrdə demək olar ki, hər
yerə minalar döşəyib. İndi
minalardan təmizləmə prosesi getməlidir. Biz indi beynəlxalq təşkilatları da cəlb
edəcəyik. Çünki qısa
müddət ərzində bunu etmək üçün bizdə
daxili imkanlar məhduddur. İlk növbədə,
təhlükəsizlik, ondan sonra infrastruktur, ondan sonra
bütün başqa bərpa məsələləri öz həllini
tapacaq. Eyni zamanda, bildiyiniz kimi, bu 44 gün
ərzində düşmən öz məğlubiyyətinin
acısını mülki vətəndaşlardan
çıxarmaq istəyirdi. Bunun nəticəsində
93 mülki şəxs həlak oldu, 400-dən çox
mülki şəxs yaralandı, 3 mindən çox bina ya
dağıldı, yandı, ya da ki, ziyan gördü. Mən artıq göstəriş vermişəm,
bölgələrə qruplar göndərilir, vurulmuş ziyan
hesablanır. Dağılmış
bütün evlərin hamısı dövlət hesabına
yenidən tikiləcək, zərər görmüş
bütün evlər dövlət tərəfindən bərpa
ediləcək. Vətəndaşlarımızın
itirilmiş mülkiyyəti bərpa ediləcək,
itirilmiş ev heyvanları vətəndaşlara
veriləcək. Yəni, bizim vətəndaşlarımız
tam əmin ola bilərlər ki, onların
itirilmiş bütün mülkiyyəti bərpa ediləcək.
Mən söz verirəm ki, onlar
üçün tikiləcək evlər, əvvəlki evlərdən
daha yaxşı olacaq, daha keyfiyyətli olacaq, daha geniş
olacaq. Biz bunu edəcəyik. Bizim üçün xalqımızın rifahı,
təhlükəsizliyi birinci məsələdir. Ancaq bu dövr ərzində mənim
üçün ondan da vacib məsələ
torpaqlarımızın qaytarılması idi, ərazi
bütövlüyümüzün bərpası idi,
bayrağımızın Şuşada ucaldılması idi,
işğal altında olan bütün başqa torpaqlarda
bayrağımızın qaldırılması idi. Buna nail olduq!
Biz tarixi anlar yaşayırıq. Görürsünüz
ki, küçələrdə insanlar bu bayramı necə
qeyd edirlər. Bu bayramı bütün Azərbaycan
qeyd edir, bütün dünya azərbaycanlıları qeyd
edirlər. Bu bayram qardaş Türkiyədə
bizdəki kimi qeyd olunur. Bu, təbiidir.
Çünki biz bir millət, iki dövlətik.
Bu günlər ərzində əziz
Qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğana dəfələrlə öz təşəkkürümü
bildirmişəm. Dünən də
telefonla danışmışıq. Yenə
də təşəkkürümü bildirdim. Türkiyənin siyasi və mənəvi dəstəyi
bu Qələbənin qazanılmasında çox böyük
rol oynamışdır. Çünki
Prezidentin, Qardaşımın ilk saatlardan dediyi "Azərbaycan
tək deyil, Türkiyə onun yanındadır” sözləri
bir çoxlarının bu münaqişəyə müdaxilə
cəhdlərini alt-üst etdi. Bütün
bu dövr ərzində həm Prezident, həm nazirlər, vəzifəli
şəxslər daim bizə öz dəstəyini ifadə
etmişlər. Görürsünüz, nə
qədər heyətlər gəlir. Demək
olar ki, hər həftə Türkiyədən bir neçə
heyət gəlir. Türkiyədən bizə
dəstək və həmrəylik nümayişi Azərbaycan
xalqı tərəfindən yüksək qiymətləndirilir.
İndi həyatımızda yeni dövr başlayır. Bu dövr
ölkəmizin xoşbəxt gələcəyini təmin edəcək.
Sizin həyatınızda yeni dövr
başlayır. Siz yaralanmısınız.
Amma bilin ki, biz sizi sağaldacağıq. Ən ağır yaralanmış hərbçilərimizi
həyata qaytaracağıq. Bizim həkimlərimiz
indi gecə-gündüz çalışırlar. Bundan sonra da normal həyata qayıtmaq
üçün bütün lazımi tədbirlər
görüləcək. Bilirsiniz ki, Birinci
Qarabağ müharibəsində əlini, qolunu,
ayağını itirmiş hərbçilərimiz
üçün Mehriban xanımın şəxsi təşəbbüsü
və nəzarəti altında müasir protezlər gətirilir.
O protezlər ki, insanlar o protezlərdən istifadə edib
futbol da oynaya bilərlər. Bütün bunlar təmin
ediləcək. Siz əmin ola bilərsiniz.
Sizin gələcək həyatınızla
bağlı mən bəri başdan bütün dövlət
qurumlarına, özəl şirkətlərə müraciət
edirəm, bildirirəm ki, hərbçilərimizi, qəhrəmanlıq
göstərmiş, yaralanmış hərbçilərimizi
işlə təmin etmək üçün xüsusi
addımlar atılacaqdır. Biz bunu daim nəzərə
alacağıq.
Şəhid ailələrinin problemləri öz həllini
tapacaq. Biz növbədə dayanan əksər şəhid
ailələrimizin məişət problemlərini demək
olar ki, həll etdik. Bu il 1500 şəhid
ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə
təmin ediləcək. Bu gün buradan bizim bütün aidiyyəti
qurumlarımıza göstəriş verirəm ki, İkinci
Qarabağ müharibəsində, Vətən müharibəsi
adlandırdığımız müharibədə şəhid
olmuş insanların yaxınlarına qısa müddət ərzində
həm maddi dəstək göstərilməlidir, eyni zamanda,
indi onların uçotu aparılır. Dəqiq
uçot aparılandan sonra onlara mənzillərin, evlərin
verilməsi təmin ediləcəkdir.
Mən bütün bu 44 gün ərzində, ondan əvvəl
və ondan sonra döyüş meydanında, arxa cəbhədə
qəhrəmanlıq göstərmiş hərbçilərimizi
təltif edəcəyəm. Artıq müvafiq
göstəriş verilibdir. Mən
artıq göstəriş vermişəm və sizin
qarşınızda bunu bəyan etmək istəyirəm ki, Azərbaycanda
yeni ordenlər və medallar təsis ediləcək. Məhz Vətən müharibəsində fərqlənmiş
hərbçilərə və mülki şəxslərə
bu orden və medallar veriləcək. Bu
orden və medalların adlarını da mən təklif
etmişəm. Hesab edirəm ki, bu adlar da
sizin xoşunuza, Azərbaycan xalqının xoşuna gələcək.
Göstəriş vermişəm ki, düşmənin
qənimət götürülmüş hərbi texnikası
Bakıya gətirilsin. Tapşırmışam
ki, yer seçilsin, o texnikanı biz nümayiş etdirəcəyik.
Bütün Azərbaycan xalqı gedib görəcək
ki, biz nəyi əldə etmişik. Məhv
edilmiş bəzi texnika elə vəziyyətdədir ki, indi
onu gətirmək mümkün deyil. Amma bu
məlumatı mən ardıcıl şəkildə
xalqımıza təqdim edirdim ki, biz düşmənin nə
qədər texnikasını məhv etdik. Faktiki olaraq onların ordusunda texnika qalmadı, ordusu
demək olar ki, yoxdur. Özləri də
bunu etiraf ediblər. Özləri də
etiraf edirdilər ki, Azərbaycan onlara qalib gəldi. Yəni, qənimət götürülmüş o
hərbi texnikanı nümayiş etdirəcəyik. Planlarım çoxdur. İnşallah,
hamısını icra edəcəyik. Bu
tarixi Qələbəmizi hüquqi müstəvidə, siyasi
müstəvidə daha da möhkəmləndirəcəyik.
Bundan sonra vətəndaşlarımız rahat
yaşayacaqlar, öz doğma torpağına qayıdacaqlar.
Azərbaycan sizin sayənizdə yeni bir dövrə
qədəm qoyacaq.
Ona görə bu gün, müharibə başa çatandan dərhal sonra gəlmişəm ki, sizə öz hörmətimi ifadə edim. Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar. Bir daha sizi təbik edirəm, tezliklə sağalın, adi həyata qayıdın. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
xxx
Baş leytenant Mail Əsgərov: Həqiqi hərbi xidmətimi ehtiyatda olan zabit kimi başa vurmuşdum və ehtiyata buraxılmışdım. Sizin əmrinizlə qismən səfərbərlik elan olunanda mən də yenidən hərbi xidmətə, ordu sıralarına qayıtdım və düşmənlə Füzuli rayonu istiqamətində vuruşduq, orada da yaralandım. Çox fəxarət hissi keçirirəm ki, döyüş yoldaşlarım mənim missiyamı yarımçıq qoymadılar, qələbə çaldılar.
Yaralanandan sonra müalicə aldığım xəstəxanada Sizin torpaqlarımızın işğaldan azad olunması ilə bağlı etdiyiniz çıxışları böyük səbirsizliklə gözləyirdik. O çıxışların içində bizim üçün əhəmiyyət kəsb edən çıxışlardan biri də Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərində üçrəngli bayrağın dalğalanması xəbərini eşitmək arzusu idi. Onu da Siz bizə nəsib etdiniz. Ona görə Sizə xüsusi təşəkkürümü bildirəm.
Siz ötən çıxışınızda, daha doğrusu, son çıxışınızda xalqa müraciətlə dediniz ki, biz dəmir yumruq olaraq düşmənə qalib gəldik. Mən bunu belə xarakterizə edərdim ki, bu dəmir yumruq həm xalqımızın birliyi, xalqımızın vəhdəti, ordumuzun gücü və xüsusən qeyd etmək istəyirəm ki, xalqın Sizə olan böyük inamıdır. Yəni, xalqın içində olaraq bunu mən deyirəm, xalqın Sizə olan böyük inamıdır. Bu, qələbəni təmin etdi. Biz o yumruqla düşməni əzdik.
Bu Qələbəni, bu sevinci, bu qalibiyyəti bizə yaşatdığınız üçün Sizə sonsuz təşəkkürümüzü bildiririk. Fürsətdən istifadə edib Qələbəyə görə Sizi təbrik edirəm və Mehriban xanım, Sizi təbrik edirəm. Çox sağ olun.
Prezident İlham Əliyev: Çox sağ olun.
Biz bu Qələbəni çoxdan gözləyirdik. Bizim
xalqımız bu Qələbəyə layiqdir. Bizim xalq qalib
xalqdır. Sağ olun, uşaqlar.
Azərbaycan.-2020.- 12 noyabr.- S.1-3.