Yerevanda etirazçılar son ultimatumlarını verdilər: “Paşinyanı Qəzzafinin gününə salmalıyıq”

 

 

Ermənistanda mitinqə çıxan on minlərlə insan artıq baş nazirin istefasını yox, meydanda edamını tələb edir

 

 

İkinci Qarabağ müharibəsində qalib gələn Azərbaycan Ermənistanı məğlubiyyət aktına imza atmağa məcbur etdi.

İşğalçı ordunun darmadağın edilməsi səbəbindən baş nazir Nikol Paşinyanın artıq başqa yolu qalmadı. Ermənistanın məğlubiyyətinin bəyanata imza atmaqla rəsmiləşdirilməsi bu ölkənin hər yerində etiraz aksiyalarına səbəb olub.

Dünən Yerevanın Azadlıq meydanında müxalifətin əvvəlcədən planlaşdırılan mitinqi keçirilib. Etirazçılar N.Paşinyanın istefasını yox, artıq baş meydanda edamını tələb ediblər. Polis aksiya iştirakçılarını saxlayıb. Saxlananlar arasında parlamentin sabiq vitse-spikeri Eduard Şarmazanov, müxalif partiyaların nümayəndələri də olub.

Aksiyalar noyabrın 10-dan başlanıb. Etirazçılar davamlı şəkildə mitinqlər, yürüşlər keçirir, paytaxtın mərkəzi küçələrini bağlayır və dövlət orqanlarının işinə mane olmağa çalışırlar.

 

 

 

"Paşinyana edam!”

 

 

Ermənistanda vaxtilə hakimiyyətdə olmuş hərbi xunta da indi Paşinyana qarşı fəallaşıb. Onlar müharibədəki məğlubiyyət və təslimolma aktının imzalanmasından sonra baş nazirin ölkə daxilində mövqelərinin zəifləməsindən istifadə etməyə başlayıblar. Paşinyanı devirib yenidən hakimiyyətə gəlmək üçün əllərində olan bütün imkanlardan yararlanmağa çalışırlar. Lakin xalq birmənalı şəkildə Sarkisyan-Koçaryan koalisiyasına da yox deyir.

Azadlıq meydanında keçirilən mitinqdə iştirak edən Lali Ovasanyan adlı sakin deyir ki, səsləndirilən fikirlər niyə bəzilərini narahat edir: "Biz yalan danışmırıq. Öz vətəndaş mövqeyimizi nümayiş etdiririk. Bizlərə keçmiş hakimiyyət nümayəndələrinin adamları deyirlər. Çəkinmədən fikrimi bildirirəm. Sarkisyan da, Paşinyan da, hər ikisi eyni zibildir”.

Anton Melkumyan adlı etirazçı deyir ki, Paşinyan Ermənistana xəyanət etdi: "Bundan əvvəlki dövrdə Sarkisyan vətənimizi, zavodlarımızı, torpaqlarımızın yarısını quldur oliqarxlara, yarısını da xaricilərə satdı. Onun rəhbərliyi altında Ermənistan xaricilər üçün gəlir mənbəyinə çevrildi. Paşinyan gəldikdən sonra da dəyişən bir şey yoxdur. Hər ikisi xalqı yox, öz gələcəklərini fikirləşiblər”.

Anuş Petrosyan adlı sakin isə Paşinyana müraciət edərək soruşub ki, bütün milləti aldatdığına və xəyanət etdiyinə görə nə zaman həbs olunacaqsan: "Müharibə edə bilmirsənsə, bunu açıq söyləyərdin. Övladlarımızı qırdın. Mən mühakimə tələb edirəm. Səni yandırmaq kifayət deyil!”

Emin Navasartiyan adlı erməni bildirib ki, vətənə xəyanət ən ağır cəza səviyyəsində cavablandırılmalıdır: "Paşinyana edam!”

Dezik Poqosyan adlı sakin qeyd edib ki, Paşinyanın hakimiyyətə gəlməsi üçün hər şey etdik: "Gecələr yuxusuz qaldıq, keçmiş hakimiyyətə qarşı bərabər mübarizə apardıq. Paşinyan isə xəyanət etdi. Paşinyanı Müəmmar Qəzzafinin gününə salmalıyıq”.

Etirazçılar Yerevanda yenidən Ermənistan hökumətinin binasına axın ediblər. "Sputnik Ermənistan”nın verdiyi xəbərə görə, bir qrup etirazçı hökumət binasından Ermənistan parlamentinin binasına tərəf yönəlib. Onlar Qarabağla bağlı müqavilədən imtina etmələrini tələb edirlər: "Biz erməni xalqına qarşı yönəlmiş bu müqavilənin ləğvini tələb edirik”.

Yerevanda etirazçılar N.Paşinyanı hakimiyyətə gətirən Açıq Cəmiyyət Fondunun (Soros Fondu) ofisinə də hücum ediblər. "4rd.am” saytı yazır ki, etirazçılar ofisin qapısını sındıraraq içəri daxil olublarbütün əşyaları dağıdıblar.

 

 

 

Tsarukyan yenidən həbs edildi

 

 

 

Ermənistanda müxalif "Çiçəklənən Ermənistan” partiyasının rəhbəri, keçmiş oliqarx Qaqik Tsarukyan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları tərəfindən saxlanılıb. Bu haqda onun partiyasının mətbuat katibi İvetta Tonoyan məlumat verib. Bildirilir ki, Tsarukyanın saxlanılması müxalifət partiyalarının təyin edilmiş mitinqi ilə bağlıdır. "Natamamlıq kompleksindən, qorxudan uzaqlaşmaq əvəzinə hakimiyyət növbəti dəfə Tsarukyanı saxlayır”, -deyə o bildirib. Qeyd olunub ki, üç milyon insanın hamısını həbs etmək və ya saxlamaq mümkün deyil. Hamı başa düşür ki, hakimiyyət bu sənədin imzalanmasından sonra məsuliyyəti başqalarının üstünə atmağa çalışır.

Xatırladaq ki, baş nazir Paşinyan Qaqik Tsarukyanı müharibədən əvvəl də həbs etmişdi və hərbi əməliyyatlar ermənilərin məğlubiyyətlər seriyası ilə davam edəndə onu azadlığa buraxmışdı.

Bu arada Ermənistanın sabiq prezidenti Serj Sarkisyan da MTX-ya çağırılıb.

 

 

"Baş nazir erməni xalqına xəyanət edib

 

 

Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin öyrənilməsi Mərkəzinin direktoru, erməni əsilli rusiyalı politoloq Semyon Baqdasarov Ermənistanın baş naziri Nikol Paşinyanonun silahdaşları üçün ölüm hökmü tələb edir. Bu barədə öz sosial şəbəkəsində paylaşım edən Baqdasarov yazıb ki, Yerevanda dəfələrlə xəbərdarlıq etdiyi hadisələr baş verir. O bildirib: "Xaini tapın, onubütün "Soros dəstəsini” boynundan tutub Hərbi Məhkəmənin mühakiməsinə verin. Satqın və vətən xaini kimi mühakimə edin”.

S.Baqdasarov Paşinyanın hakimiyyətə gəlməsinin təsadüfi olmadığını düşünür: "Soros onu hakimiyyətə elə-belə gətirməyib. Yalnız tənbəllər Sorosun dünyanın böyük maliyyə şirkətləri ilə əlaqəsi barədə danışmırdı. Bu, Qarabağı və Zəngəzuru təslim etmək, həmin ərazilərdən Türkiyəyə karbohidrogenləri aparan boru kəmərləri sisteminin açılması məqsədilə hakimiyyətə qəsdən gəlmək idi. Paşinyan erməni xalqına xəyanət edib. Hərbi Tribunal tərəfindən mühakimə olunmalıdır. Ölüm cəzasına müvəqqəti moratorium ləğv edilməlidir. Paşinyan və ortaqlarını divara söykəmək lazımdır”.

 

 

 

"Bu gün Nikol və vətən arasında böyük seçim günüdür

 

 

 

Ermənistan Milli Məclisinin üç parlament fraksiyası - "Daşnaksütyun”, XDP və "Ədalət” partiyaları Qarabağ separatçılarının lideri Arayik Arutyunyanın istefasını tələb edib. Bunu "Ədalət” partiyasının parlament fraksiyasının millət vəkili Metaxe Hakobyan Ermənistan parlamentinin binası qarşısında keçirilən mitinqdə deyib.

Ermənistan prezidenti Armen Sarkisyan, "Daşnaksütyun” partiyasının parlamentdəki fraksiyasının nümayəndəsi Armen Rüstəmyan və partiyanın ali orqanının üzvü Arsvik Minasyan ölkənin baş naziri Nikol Paşinyan, eləcə də Rusiya və Azərbaycan prezidentləri tərəfindən imzalanmış Qarabağla bağlı üçtərəfli bəyanatı müzakirə ediblər. Hazırkı vəziyyətə görə əsas məsuliyyəti hakimiyyətin daşıdığını bildirən daşnakların nümayəndələri mövcud risklərdən narahat olduqlarını vurğulayıb, həmçinin mövcud vəziyyətin aradan qaldırılması ilə bağlı fikirlərini təqdim ediblər. Bildirilib ki, Qarabağ problemi ilə bağlı, ümummilli əhəmiyyət kəsb edən məsələ kimi, ümumerməni konsensusuna nail olunmalıdır.

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan isə "Ilur.am” saytına verdiyi açıqlamasında bildirib ki, vətəndaş müharibəsi təhlükəsindən qaçmaqbütün ziddiyyətləri müstəsna olaraq konstitusiya yolu ilə həll etmək lazımdır: "Vətəndaş müharibəsi, Türkiyə-Azərbaycan birliyinə ən böyük hədiyyə olmaqla yanaşı, Qarabağ və Ermənistan üçün, bütün ermənilər üçün fəlakət olar”.

Ter-Petrosyan ümid edir ki, siyasi partiyalar, ictimai-siyasi qruplar, güc strukturları, ziyalıların görkəmli nümayəndələri və Ermənistanın taleyinə görə məsuliyyət hiss edən bütün şəxslər bu cür fəlakətli nəticələrin qarşısını almaq üçün bütün təsir vasitələrindən və nüfuzlarından istifadə edəcəklər.

Ermənistan parlamentinin sabiq vitse-spikeri Arpine Ovannisyan deyib ki, N.Paşinyanın kənarlaşdırılması bizə nəyisə dəyişəcəyimizə ümid verəcək: "Bu gün 11 noyabrdır. 4 gün sonra təslim olmaqla bağlı imzalanmış utancverici müqavilə ilə Kəlbəcərdən çıxmalıyıq. Dünəndən bəri məndən çoxları nə edəcəyimizi soruşurlar. Cavab verirəm, hələ bir şans var. Bunun üçün Nikol Paşinyanın getməsini tələb etmək lazımdır. Yalnız Nikolun getməsi ilə nəyisə dəyişə biləcəyimizə ümid yaranacaq. İki il əvvəl biz Nikolu seçdik. Deməli, vətəni seçməli idik. Bu gün yenə də Nikol və vətən arasında böyük seçim günüdür”.

 

 

Məğlubiyyət etirafları

 

 

Nikol Paşinyan isə "Facebook” səhifəsində bəyan edib ki, Rusiyanın iştirakı ilə Qarabağa dair əldə edilən razılaşma erməni qoşunlarının mühasirəyə alınmasının və tam darmadağın edilməsinin qarşısını aldı. O deyib ki, hərbi əməliyyatların davam etməsi halında Stepanakertin (Xankəndi-red.) itirilməsi təhdidi yaranacaqdı: "Baş qərargah mənə məruzə etdi ki, resurslarla bağlı bizim problemlərimiz var. Artsaxın (Dağlıq Qarabağ-red.) siyasi rəhbərliyi də bu mövqeyi bölüşdü. İmzalanmış sənəd sayəsində biz hərbi əməliyyatların davam etməsi halında əldə edə bilməyəcəyimizi qazandıq. Stepanakert mahiyyətcə tam müdafiəsiz qalmışdı. Əgər müharibə davam etsəydi, erməni tərəfi nəinki Stepanakerti, eləcə də Martuni və Əsgəranı da itirəcəkdi”.

Paşinyan qeyd edib ki, bunun ardınca növbə ikinci, üçüncü, dördüncü müdafiə rayonlarına çatacaqdı və hərbçilər mühasirəyə düşəcəkdi: Nəticədə kollaps baş verəcəkdi. Məhz bu əsasla belə qərar qəbul edildi. Təsadüfi deyil ki, bu günlərdə hərbçilər ön xətdən videoçarxlar göndərib qəbul edilən qərarı dəstəkləyirlər. Bütün həqiqət bax budur”.

Ermənistan Baş Qərargah rəisi Onik Qasparyan deyib ki, baş nazir Paşinyan bu qərarı həm təklifimə, həm də vəziyyətin hərtərəfli qiymətləndirilməsinin nəticələrini nəzərə alaraq verdi: "Hər hansı bir fərziyyədən asılı olmayaraq, bu qərarın doğru olduğunu düşünürəm. Bu, bizim üçün çox acı bir həqiqətdir, ancaq vəziyyətin obyektiv qiymətləndirilməsinin nəticəsi idi”.

 

 

Elçin CƏFƏROV

Azərbaycan.-2020.- 12 noyabr.- S.1;7.