Azərbaycan Ermənistanı döyüş
meydanında cəzalandırır
Torpaqlarımızın işğaldan
azad edilməsindən
sonra bu ərazilərdə təcavüzkar
ölkə tərəfindən
qanunsuz məskunlaşdırma
siyasəti faktlarla təsdiqini tapır
Azərbaycan Ordusu öz məqsədlərinə doğru inamla və sürətlə irəliləyir. Cəbhənin bütün istiqamətlərində Ermənistanın hərbi qruplaşmaları darmadağın edilir.
İşğal olunmuş ərazilərin cənub hissəsi tamamilə azad olunub, digər bölgələrdə isə strateji mövqelər və yüksəkliklər ələ keçirilib. İlk gündən döyüşlərdə təşəbüsü ələ alan ordumuzun uğurlu əməliyyatlarının nəticəsində torpaqlarımızın azad edilməsi göstərdi ki, Azərbaycan Ermənistan qarşısında əzici hərbi üstünlüyə malikdir.
Daha 16 kəndimiz azad olundu
Qısa müddətdə Cəbrayıl, Zəngilan, Füzuli və Qubadlı rayonları, Xocavəndin, Tərtərin, Xocalının kəndləri işğaldan azad edildi. Azərbaycan-İran dövlət sərhədi işğalçıdan təmizləndi və Xudafərində üçrəngli bayrağımız ucaldıldı. Noyabrın 7-də Prezident İlham Əliyev özünün rəsmi "Twitter” hesabında daha 16 kəndin azad olunduğunu bəyan etdi. Bəli, Azərbaycan Ordusuunun müzəffər yürüşü davam edir.
Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində döyüş əməliyyatları barədə deyib: "Faktiki olaraq, işğal olunmuş rayonlardan
5-dən 4-ü artıq ya tamamilə, ya da qismən azad edilib. Bu gün biz işğal altında olan digər rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindəyik. Qeyd etdiyim kimi, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik və yeri gəlmişkən, biz artıq əsas prinsiplərin bir hissəsini yerinə yetirmişik.
Çünki ATƏT-in Minsk qrupu tərəfindən təklif olunan həll üçün əsas prinsiplər faktiki olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasını tələb edirdi. Əfsuslar olsun ki, Ermənistan könüllü şəkildə bunu etmək istəmirdi, ona görə də biz onları bunu etməyə məcbur etməli olduq”.
Bakı həmişə danışıqlar
prosesinə sadiq olub. Atəşkəsin elan edilməsindən
ötən 26 ildə
Azərbaycanın nümayiş
etdirdiyi səbr də bunu təsdiq
edir. Respublikamız vasitəçilərin münaqişənin həlli
ilə bağlı təklif etdikləri variantlara həmişə
diqqətlə yanaşıb.
Bu illər ərzində
bir neçə dəfə problemin həlli istiqamətində
irəliləyişlər olsa
da, hər dəfə Ermənistanın
ucbatından müzakirələr
yarımçıq qalıb.
Səbəb də bu ölkənin işğal
siyasətindən əl
çəkməməsi, nəinki
Dağlıq Qarabağı,
ətrafda olan digər rayonları da ilhaq etmək
istəməsi olub.
Sentyabrın 27-dən sonra azad
olunan bütün Azərbaycan ərazilərinin
adlarının erməniləşdirilməsi
göstərir ki, Ermənistan işğal etdiyi torpaqlarımızı
azad etmək niyyətində olmayıb.
Danışıqlar nəticəsiz qaldığından
sentyabrın 27-dən başlanan
hərbi əməliyyatlarda
Azərbaycan özünün
beynəlxalq hüquqla
təsbit olunmuş haqqını güc yolu ilə təmin
edir. Azərbaycan torpaqlarını azad etməklə yanaşı, həm də işğalçı
Ermənistanı layiqincə
cəzalandırır, ona
dərs verir, sübut edir ki, döyüş meydanında məhvə məhkumdur.
60 suriyalı
erməninin Zəngilanda
qanunsuz məskunlaşdırılması
aşkar olundu
Məlum olduğu
kimi, 2 il
əvvəl Ermənistanda
iqtidara gələn N.Paşinyan hakimiyyətini
möhkəmləndirdikdən sonra danışıqlardan
imtina etməklə yanaşı, Azərbaycana
qarşı siyasi, hərbi və humanitar təxribatlara başladı. Livandakı partlayışdan sonra ermənilərin işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlara köçürülərək qanunsuz məskunlaşdırılması
da ölkəmizə qarşı olan təxribat idi. Sosial şəbəkələrdə
Livandan olan ailələrin Azərbaycan
xalqı üçün
böyük tarixi və mənəvi əhəmiyyətə malik
olan Şuşa
şəhərində yerləşdirilməsi
haqda məlumatlar yayılmışdı.
Azərbaycan da daxil olmaqla,
dünya ölkələri
Livanda baş vermiş faciənin nəticələrinin aradan
qaldırılması, Livana
humanitar yardım göstərilməsi ilə
məşğul olarkən
Ermənistan bu faciədən, insanların
iztirablarından özünün
çirkin məqsədləri
naminə sui-istifadə
etdi. Bununla da Ermənistan
onun üçün heç bir mənəvi dəyərlərin
olmadığını bir
daha bütün dünyaya göstərdi.
Məlumdur ki, işğal
olunmuş Azərbaycan
ərazilərində yaşayış
şəraitinin aşağı
olması səbəbindən
ermənilər imkan düşən kimi oranı tərk ediblər. Buna görə Ermənistanın
qeyri-qanuni məskunlaşdırma
siyasətini həyata
keçirməkdə məqsədi
işğal etdiyi Azərbaycan ərazilərində
əhalinin sayında yaranmış boşluğu
doldurmaq, demoqrafik vəziyyəti dəyişdirmək
olub. Eyni zamanda işğalçı
ölkə faktiki olaraq köçürülən
insanları özünün
məsuliyyətsiz, avantürist
siyasətinin qurbanına
çevirmişdi.
Azərbaycan Ordusunun torpaqlarımızı
işğaldan azad etməsindən sonra Ermənistanın həyata
keçirdiyi qanunsuz məskunlaşdırma siyasəti
faktlarla öz təsdiqini tapıb. Belə ki,
işğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin
istifadəsində olmuş
binada baxış zamanı bəzi sənədli materiallar aşkarlanıb. Həmin materiallar
təhlil olunarkən onların arasında Suriya vətəndaşlarına
aid siyahı və pasportların surətlərinin
olduğu müəyyən
edilib. Məlum olub ki, siyahıda adları qeyd olunmuş 60 suriyalı erməni (cəmi 19 ailə) Ermənistan tərəfindən
aparılmış qanunsuz
məskunlaşma prosesində
Zəngilan rayonu ərazisinə köçürülüb.
Onlardan 1964-cü il təvəllüdlü Suriya
vətəndaşı, Suriyanın
Haseke bölgəsinin
sakini Baazo Hraj Sepobun, 1969-cu il təvəllüdlü
Suriya vətəndaşı,
Suriyanın Hələb
şəhərinin sakini
İskandarian Hartion Avadisin və 1962-ci ildə Suriyada anadan olmuş, Kirakos Babkinin adına verilmiş pasportların kserosurətləri
də aşkarlanıb.
Qanunsuz məskunlaşdırma
müharibə cinayətidir
Qanunsuz məskunlaşdırma
siyasəti beynəlxalq
humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud
şəkildə pozulmasıdır.
Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə Konvensiyasına əsasən, işğalçı
dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir.
İşğal olunmuş ərazilərdə
qeyri-qanuni məskunlaşdırma
siyasəti həm də müharibə cinayətidir. Beynəlxalq Cinayət
Məhkəməsinin Statutuna
əsasən, "İşğalçı
dövlət tərəfindən
öz mülki əhalisinin bir hissəsini işğal etdiyi əraziyə birbaşa və ya dolayı yolla köçürməsi”
müharibə cinayətini
təşkil edir.
Ermənistanın özünün də qanunvericiliyinə görə bu əməllər cinayət
hesab olunur. Belə ki, Ermənistanın
Cinayət Məcəlləsinin
390-cı maddəsində işğalçı
dövlətin işğal
olunmuş ərazilərdə
əhalini çıxararaq
öz əhalisini məskunlaşdırması beynəlxalq
humanitar hüququn ciddi pozuntusu sayılır və buna görə 8-12 il cəza
nəzərdə tutulur.
Xatırladaq ki, 1946-cı ildə Əsas Hərbi Cinayətkarların məhkəmə
işində Nürnberq
Beynəlxalq Hərbi Tribunalı ittiham olunanların ikisinin işğal olunmuş ərazilərin "almanlaşdırılması”
cəhdində təqsirli
olduğu barədə
qərar vermişdi. BMT Təhlükəsizlik Şurasının
1992-ci ildə keçmiş
Yuqoslaviya üzrə qəbul etdiyi 752 nömrəli qətnamə
də "keçmiş
Yuqoslaviyanın hər
yerində əhalinin etnik tərkibini dəyişdirmə cəhdlərini
dayandırmağa” çağırıb.
Azərbaycan Ermənistanın işğal
olunmuş ərazilərimizdə
qanunsuz məskunlaşdırma
həyata keçirməsi
ilə bağlı dəfələrlə beynəlxalq
təşkilatlar qarşısında
məsələ qaldırıb. Artıq Ermənistanın
müharibə cinayətləri
öz təsdiqini tapır. Bütün bunlar Ermənistanın
işğalçı dövlət
olmasının beynəlxalq
məhkəmələr tərəfindən
təsdiq olunmasında
mühüm dəlillər
olacaq.
Rəşad CƏFƏRLİ
Azərbaycan - 2020.- 8
noyabr.- S.1; 7.