XİN: Fransanın hərbi əməliyyatların
dayandırılması ilə bağlı bəyanata dair açıqlaması tamamilə qərəzli
xarakter daşıyır
Fransanın
Avropa və xarici işlər üzrə naziri Jan-İv Lö
Drianın Azərbaycan Respublikasının Prezidenti, Ermənistan
Respublikasının baş naziri və Rusiya
Federasiyasının Prezidenti tərəfindən
imzalanmış, bütün hərbi əməliyyatların
dayandırılması ilə bağlı bəyanata dair
verdiyi açıqlama Fransanın ATƏT-in Minsk qrupunun həmsədr
ölkəsi qismində mandatına uyğun olmayaraq, tamamilə
qərəzli xarakter daşıyır.
AZƏRTAC
xəbər verir ki, bu barədə Azərbaycan Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin
açıqlamasında bildirilib.
Açıqlamada,
həmçinin deyilib: “Qeyd etmək istərdik ki, birtərəfli
və açıq-aşkar ermənipərəst mövqeyi əks
etdirən bəyanatla çıxış edən
Fransanın xarici işlər nazirinin digər həmsədr
ölkələrin adından çıxış etmək səlahiyyəti
yoxdur.
Jan-İv
Lö Drianın Fransanın həmsədr kimi mandatına
uyğun olaraq, öz ölkəsinin daimi üzv qismində
1993-cü ildə lehinə səs verdiyi BMT Təhlükəsizlik
Şurasının qətnamələrinin tələblərinin
yerinə yetirilməsi bəyanatları ilə
çıxış etdiyini təəssüf ki, bu illər ərzində
müşahidə etməmişik. Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış ərazilərində
Ermənistanın silahlı qüvvələrinin qeyri-qanuni
mövcudluğuna dərhal son qoyulması və bu ərazilərdən
zorla qovulmuş insanların öz evlərinə geri dönməsi
tələbinin Fransanın xarici siyasətə məsul qurumu
tərəfindən nə zaman səsləndirildiyini
xatırlamırıq. Yoxsa münaqişə nəticəsində
yüz minlərlə azərbaycanlının fundamental insan
hüquqlarının kobud şəkildə pozulması
Fransanı maraqlandırmır?!
Azərbaycanın
beynəlxalq hüquqa tam uyğun şəkildə, beynəlxalq
sərhədləri çərçivəsində öz ərazi
bütövlüyünü təmin etməsi və bir
milyondan çox azərbaycanlının insan
hüquqlarının bərpa olunması istiqamətində
legitim səyləri Fransanı narahat etməməlidir”.
Azərbaycan.-2020.- 12 noyabr.- S.3.