“Dəmir yumruq
zəfər qazandı”
Azərbaycanın Vətən
müharibəsindəki tarixi qələbəsi
Türkiyə mediasının gündəm mövzusudur
Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, iki ölkənin həmrəyliyi İkinci Qarabağ müharibəsinin fonunda bir daha təsdiqini tapdı. Hərbi əməliyyatları xüsusi diqqət mərkəzində saxlaması, Azərbaycana yüksək siyasi-mənəvi dəstək göstərməsi Türkiyənin Azərbaycanı heç zaman yalnız qoymayacağını nümayiş etdirdi. Türkiyənin aparıcı qəzetləri və xəbər agentlikləri Azərbaycanın cəbhədəki qələbələri ilə bağlı məlumatları dərin sevinc hissi ilə təqdim etdilər.
Bu günlərdə Türkiyə qəzetlərinin baş xəbərləri Azərbaycanın tarixi zəfəri barədədir.
"Yeni Şafak” qəzeti bu xəbəri "Dəmir yumruq zəfər qazandı” başlığı ilə manşetdən verib. Prezident İlham Əliyevin xalqa müraciəti zamanı söylədiyi fikirlərə geniş yer ayıran məqalədə yazılır ki, Ermənistan özünün tam və qeyd-şərtsiz kapitulyasiyasını etiraf etdi. Azərbaycan əzəli torpaqlarını işğaldan azad etdi, səbirlə gözlədiyi qələbəni qazandı.
"Akşam” qəzetinin "Qarabağ zəfəri” başlıqlı xəbərində yazılır ki, Azərbaycan ədalətsizliyə və 30 ilə yaxın davam edən işğala son qoydu. Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Nəşr yazır ki, sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çox sayda strateji yüksəklik işğaldan azad edildi. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı əks-hücum əməliyyatı hərb tarixinə bir töhfədir.
"Hürriyet”
qəzetinin "Azərbaycan bayram edir” başlıqlı məqaləsində
Prezident İlham Əliyevin xalqa müraciəti öz əksini
tapıb. Müəllif yazır ki, İlham Əliyevin
xalqına müraciət edərək qələbə
müjdəsini verməsi Azərbaycanın hər yerində
böyük coşqu, sevinc və qürur hissi ilə qeyd
edilir: "Qarabağ savaşında şanlı qələbəni
qeyd etmək üçün Bakının küçə və
meydanlarına çıxan paytaxt sakinlərinin bayram şənliyi
gecə saatlarınadək davam edib. İnsanlar bütün
gün boyu tarixi Qələbədən doğan sevinc və
qürur hisslərini paylaşıb, Azərbaycana bu möhtəşəm
zəfəri yaşadan Prezident İlham Əliyevə minnətdarlıqlarını
ifadə ediblər”.
"Milliyet”
qəzeti də Azərbaycanın qələbəsini geniş
işıqlandıran nəşrlər sırasındadır.
"Türk dünyası qucaqlaşdı” başlıqlı
məqalədə yazılır ki, tarixi Azərbaycan
torpaqları öz sahiblərinə qaytarıldı, ədalət
bərqərar oldu, dünya bir daha türkün, şanlı
Azərbaycan Ordusunun gücünə şahidlik etdi: "28
illik həsrət sona çatdı. Bunu sözlərlə
ifadə etmək mümkün deyil. Qarabağ yalnız Azərbaycan
üçün deyil, bütün türk dünyası
üçün müqəddəsdir, əzizdir,
doğmadır”.
"Sabah”
qəzeti "İki dövlət, bir zəfər”
başlıqlı xəbəri manşetdən təqdim edib.
Vurğulanır ki, Azərbaycan Prezidentinin yüksək əzmi
sayəsində qardaş ölkə tarixinin ən
böyük zəfərlərindən birinə şahidlik
etdi. Nəşr yazır ki, torpaqların işğaldan azad
edilməsi Azərbaycan xalqının təkcə
döyüşkən ruhunun nümayişi deyil, həm də
tapdanmış heysiyyətinin və milli qürurunun bərpası,
dirçəldilməsi deməkdir: "Ermənistanın
baş naziri kapitulyasiya sənədinə imza atmağa məcbur
oldu. Kapitulyasiya - müharibədə məğlub tərəfin
qalib gələn tərəfin diktə etdiyi bütün
şərtləri qeyd-şərtsiz qəbul etməsi və
onu icra etməyi üzərinə götürdüyü bir
müqavilədir”.
"Bakıya
koridor” başlıqlı xəbər "Türkiye” qəzetinin
manşetində yer alıb. Bildirilir ki, Azərbaycan öz ərazi
bütövlüyünün bərpası uğrunda
uğurla mübarizə apardı. Döyüş
meydanında əsgər və zabitlər qəhrəmanlıq
göstərdi, Ermənistana sarsıdıcı zərbələr
endirildi. Məqalədə Ağdamın, Kəlbəcərin
və Laçın rayonlarının dekabrın 1-dək
qaytarılması, bölgəyə Rusiya və Türkiyə
sülhməramlılarının yerləşdirilməsi məsələsi
əksini tapıb.
"Karar”
qəzeti "Qarabağ azaddır” başlıqlı xəbərində
Prezident İlham Əliyevin xalqa müraciətinə istinad edərək,
müharibənin Azərbaycanın qələbəsi ilə
başa çatdığını bildirib. Nəşr
yazır ki, Prezident İlham Əliyev bütün şərtləri
diktə etdi və Ermənistanın baş naziri bunu qəbul
etməyə razı oldu: "Dəfələrlə
deyilmişdi ki, bu müharibə həm də Ermənistanın
baş nazirinin siyasi karyerasının sonu olacaq və Ermənistanda
baş verən proseslər artıq bunu deməyə əsas
verir”.
Qəzetlərdən
"Yeni akit”in "Ermənistan diz çökdü,
Qarabağ qurtuldu”, "Diriliş postası”nın "Ermənistan
təslim oldu”, "Milli gazete”nin "Paşinyan məğlub
oldu”, "Cümhuriyyet”in "İki ölkənin zəfəri”,
"Milat”ın "Zəfər”, "Yeni söz”ün
"Qarabağ zəfəri”, "Yeni asya”nın "Zəfər
coşqusu”, "Aydınlık”ın "Qarabağı
qurtardıq”, "Dokuz sütun”un "Azərbaycanda zəfər
coşqusu”, "Yeni mesaj”ın "İftixar günü”,
"Posta”nın "Nə oldu, Paşinyan?” və "Yeni
Birlik”in "Azərbaycan zəfər qazandı”
başlıqlı xəbərlərində Ordumuzun müharibədəki
qələbəsindən bəhs olunur, Azərbaycanın
üçrəngli bayrağının doğma Qarabağda,
Şuşa şəhərində qürurla
dalğalandığı vurğulanır.
Elçin CƏFƏROV
Azərbaycan.-2020.- 12 noyabr.- S.6.