Ermənilər yenidən xarici
ölkələrdə terrorçuluğa
və təxribatçılığa başlayıblar
Azərbaycan Ordusunun Qarabağdakı qələbələri və torpaqlarımızı işğaldan azad etməsi Ermənistanda və dünya erməniliyində böyük təşvişə yol açıb. Ölkəmizin qətiyyəti qarşısında düşmənin geri çəkilməkdən başqa yolu qalmayıb. Cəbhədə Azərbaycana açıq-aşkar məğlub olduqlarını görən ermənilər yenidən xarici ölkələrdə azərbaycanlılara qarşı təxribatlar və terror aktları törətməyə başlayıblar.
Riyakar xislətin təsdiqi
Son iki həftə ərzində ermənilərin Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə və müxtəlif şəhərlərdə yaşayan soydaşlarımıza qarşı həyata keçirdikləri təxribatlar çirkin erməni xislətinin bariz təcəssümüdür. Bu günlərdə Ukraynanın Xarkov şəhərində Azərbaycanın Fəxri konsulluğunun binasının atəşə tutulması da bu terrorçu ssenarinin davamıdır. Hadisə gecə saatlarında baş verib. İki naməlum şəxs binaya altı dəfə atəş açıb. Həmin vaxt konsulluqda heç kim olmayıb. Hadisə binanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. İnsidentlərlə bağlı araşdırma aparılır. İlkin ehtimala görə, hadisəni törədənlər erməniəsilli şəxslərdir.
Xatırladaq ki, oktyabrın 25-də Estoniyanın paytaxtı Tallində maskalı naməlum şəxs İslam mərkəzinin, eləcə də Azərbaycan və Türkiyə səfirliklərinin qarşısına donuz başları qoymuşdu. Kimliyi hələlik bəlli olmayan həmin şəxs İslam mərkəzinin müşahidə kameralarına düşüb. Şahidlərin sözlərinə görə, kişi rus dilində deyib: "Bu, sizin peyğəmbəriniz Məhəmmədə hədiyyədir”. Yerli medianın məlumatına görə, bu təxribatçı hərəkətdə Ermənistanın Litva, Latviya və Estoniyadakı səfiri Tiqran Mkrtçyanın əlinin olduğuna dair əsaslı şübhələr var.
Aksiyada Ermənistan xüsusi xidmət orqanlarının dəstxəti də görünür.
Ermənilərin bu cür iyrənc əməlləri bütün dünya ictimaiyyətinə məlumdur. Tarix boyu erməni millətçiləri xarici ölkələrdə azərbaycanlılara və türklərə qarşı terror aktları həyata keçiriblər. Bu gün Ermənistan Azərbaycan tərəfindən Qarabağda məğlub edilir və bu ərazilərdən qovulur. Artıq əllərindən heç nə gəlməyən ermənilər yenə də terror və təxribata əl atmağa başlayıblar.
Aşot Paşinyan evdə gizlənibmiş
Ermənistanın özündə isə siyasi-ictimai vəziyyət kəskin dərinləşir. Həm də bu günlərdə Paşinyanın ailəsi sosial şəbəkələrin erməni seqmentində yenidən tənqid hədəfindədir. Buna səbəb baş nazirin həyat yoldaşı Anna Akopyan, oğlu Aşot Paşinyan və parlamentin sədri Ararat Mirzoyanın olduğu fotonun üzə çıxmasıdır. Belə ki, ermənilər həmin foto ilə Anna və oğlunu ifşa ediblər. Onlar paylaşımlarına istehza ilə "ön cəbhədə” yazıb və Paşinyan ailəsini xalqı aldatmaqda ittiham ediblər.
"168.am” nəşri yazıb ki, Anna Akopyan oğlu Aşotun guya Qarabağa döyüşə getdiyini bildirsə də, bu foto onun yalanını üzə çıxarıb: "Dağlıq Qarabağda qızğın döyüşlərin getdiyi, erməni əsgərlərin Azərbaycan Ordusu tərəfindən məhv edildiyi bir məqamda Paşinyanın oğlunun gülərək foto çəkdirməsi hiddət doğurub. Ermənilər qan ağlayır, Aşot isə isti evində öz kefindən qalmır. Müharibə onu göstərdi ki, insan həyatı Ermənistan hökuməti üçün heç bir əhəmiyyət daşımır. Onlar üçün yalnız ambisiyalar, naməlum qüvvələr qarşısındakı öhdəliklər, dumanlı siyasi hesablaşmalar mövcuddur və bunun bədəlini erməni xalqı çox ağır ödəyir. İndiki hökumət bilməlidir ki, bu gün, sabah, bir həftə sonra, bir ay sonra qisas vaxtı çatacaq. Ermənistan hakimiyyəti bunun cavabını verməlidir”.
Ermənilər danışıqların Ermənistana
görə nəticəsiz qaldığını etiraf edirlər
Keçmiş prezident Levon Ter-Petrosyanın müşaviri, Ermənistan xarici işlər nazirinin sabiq müavini Jirayr Liparityan deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar strategiyasını şərti olaraq iki dövrə bölmək olar: "Birinci dövr 1991-1998-ci, ikinci dövr isə 1998- 2020-ci illəri əhatə edir. Bu iki dövr arasında həlledici fərqi görmək olar. Ter-Petrosyanın rəhbərlik etdiyi birinci dövrdə münaqişə üzrə siyasət onun həlli yollarının fəal axtarışı ilə bağlı idi. Koçaryan, Sarkisyan və Paşinyan dövründə isə vəzifə status-kvonun saxlanmasından ibarət idi”.
J.Liparityan bildirib ki, Ermənistan münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun və xüsusən Rusiyanın təkliflərinə uzun müddət məhəl qoymayıb. O qeyd edir ki, nizamlama üzrə danışıqların uğursuzluğuna səbəb olan bir çox amillər var. Erməni diasporuna toxunan J.Liparityan deyib: "Diasporun mövqeyinin yumşaq desək, Ermənistandakı vəziyyətin real qiymətləndirilməsindən uzaq, maksimalist olduğunu bildirsəm, yanılmaram. Azərbaycan əmin idi ki, neft gəlirləri hesabına beynəlxalq dəstək əldə etmək və hərbi əməliyyatlara başlamaq mümkün olacaq. Erməni tərəfi isə öz diasporunu Azərbaycan puluna ekvivalent sayırdı”.
Keşiş Ruben Mkrtçyan: "Paşinyan ruhi xəstədir, müalicəyə ehtiyacı var”
Xarici dövlətlərin və beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi də Ermənistanın işğal siyasətindən dünyada artan narazılığın real göstəricisidir. Ermənistan müharibə ilə yanaşı, bütün diplomatik cəbhələrdə uduzmaqda davam edir. Artıq birmənalı həqiqətdir ki, bu gün Ermənistanın varlığını davam etdirə bilməsi Azərbaycanla normal münasibətlərin qurulmasından asılıdır. Əks təqdirdə çöküşü davam edəcək, sürətlə tənəzzül girdabına yuvarlanacaq.
Bunu əslində bütün dünyada, o cümlədən Ermənistanın özündə də kifayət qədər aydın sezirlər. Eyni zamanda işğalçı ölkədə yaxşı başa düşürlər ki, Azərbaycanla müharibə davam edərsə, onda Ermənistanın özündən belə əsər-əlamət qalmayacaq.
Moskvadakı Müqəddəs Pyotr monastırının keşişi Ruben Mkrtçyan "Facebook”da paylaşımında deyib ki, Nikol Paşinyan ruhi xəstədir, müalicəyə ehtiyacı var. O, Ermənistanı fəlakətə sürükləyir: "Qarabağdakı savaşa baxın... Ermənistanda kimsə acı həqiqətləri dinləmək, etiraf etmək istəmir. Paşinyanı hakimiyyətə gətirənlər onun psixikasında ciddi problemlər olduğunu bilirdilər. İndi bunu biz də bilirik. Belə nöqsanları olan insan heç bir ölkədə məsuliyyətli vəzifə tuta bilməz, tutmamalıdır. Əfsuslar olsun ki, Ermənistanda hələ də bəziləri Nikolun nə isə edə biləcəyinə inanırlar. Onlara zaman lazımdır ki, anlasınlar. Nikolsuz daha az itkilərimiz olacaq. Nikol getməlidir”.
Ermənistanda N.Paşinyanla sabiq iqtidar təmsilçiləri arasında qarşıdurmanın miqyası getdikcə daha da artır. Sabiq prezidentlər, müxalif partiyanın təmsilçiləri və xaricdəki ermənilər Paşinyan iqtidarının daxili və xarici siyasətini indi daha sərt formada tənqid edirlər. Görünən odur ki, Ermənistanda cəmiyyət həyatının bütün sahələrini əhatə edən problemlər daha da dərinləşir və bununla da işğalçı dövlət düşdüyü bataqlıqdan çıxa bilməyəcək.
Elçin CƏFƏROV
Azərbaycan.- 2020.- 8 noyabr.-
S.1; 11.