Erməni kilsəsinin
xristianlıq və Rusiya əleyhinə fəaliyyətləri:
tarixdən günümüzə
Bu yaxınlarda katolikos II Qareginin bütün erməniləri müharibəyə çağırmasından qətiyyən təəccüblənmək lazım deyildir. Çünki belə davranış erməni kilsəsi üçün yeni bir şey olmayıb, fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. Uzun əsrlərdir ki, erməni kilsəsi və din xadimləri öz fəaliyyətləri ilə sülh və birgəyaşayış dini olan xristianlığa daim ləkə gətirib və eyni zamanda son 200 ilə yaxın dövrdə yaranmış mürəkkəb, çətin anlarda Rusiyanın və rus xalqının ayaqlarının altını qazıb, ona arxadan zərbə vurublar. Gəlin baxaq bu barədə Azərbaycan, Rusiya və Gürcüstan arxivlərində saxlanılan yüzlərlə ən mötəbər arxiv sənədlərindən bəziləri nə deyir?
Çar Rusiyası dövlət orqanlarının XIX əsrin sonlarına aid rəsmi sənədləri təsdiq edir ki, erməni kilsəsi və din xadimləri sülh dini olan xristianlığın gözdən düşürülməsində, xalqlar arasında düşmənçilik toxumunun səpilməsində müstəsna rol oynayıblar, Rusiyaya və rus xalqına nifrət edərək arxadan zərbə vurublar. Bununla əlaqədar olaraq Qafqaz Canişinliyinin 1896-cı il 17 fevral tarixli 195 ¹-li məlumatında yazılırdı ki, Aleksandropolda keşiş Ter-Şuşeq erməni gənclərini silahlı bandalara qoşulmağa təhrik edir. Həmin bandalar Cənubi Qafqazda ictimai təhlükəsizliyi pozan cinayətkar elementlərdən ibarət idi.
Qan tökməyə çağıran təkcə bu din xadimi deyildi. Digərləri də var idi. Qafqaz canişini vəzifəsini icra edən general-leytenant Freze çar Rusiyasının daxili işlər nazirinə 1896-cı il aprelin 25-də göndərdiyi 5205 ¹-li məlumatında yazırdı: "İrəvan quberniyasının Təzəkənd kənd keşişi Ter-Tevetoros Mnaçakanov Sarkisyans erməniləri müsəlmanlara (azərbaycanlılara - M.Q.) qarşı qəddarlıq həyata keçirməyə təhrik edir”.
Erməni keşişləri təkcə düşmənçilik təbliğatı aparıb qarşıdurmaya, qan tökməyə təhrik etmirdilər, eyni zamanda, Allahın evi olan kilsələrin zirzəmilərini silah və sursat anbarına çevirirdilər. Bununla bağlı olaraq İrəvan qubernatoru çar Rusiyasının daxili işlər nazirinə 1896-cı il 15 iyul tarixli 1036 ¹-li məlumatında vurğulayırdı:
"Arazın İran hissəsində yerləşən Culfadakı kilsə Türkiyədəki ermənilərə silah verilməsi üçün anbara çevrilmişdir”.
Erməni kilsəsi, eyni zamanda Cənubi Qafqazda erməni ünsürünün rolunu artırmaq üçün hiyləgər manevrlər edərək Rusiya hakimiyyət orqanlarını və rusların nüfuzunu zəiflətmək üçün fəaliyyət göstərir və ayaqlarının altını qazırdı. Bütün imperiya ərazisində yazışmalar rus dilində aparıldığı halda, erməni kilsəsi dövlət müəssisələri ilə yazışmaları erməni dilində aparır, kilsə pullarını istədiyi kimi, nəzarətsiz xərcləyir və hərc-mərclik yaradırdı. İmperiya orqanlarını gözdən düşürən bu fəaliyyət barəsində Tiflis quberniya jandarma idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Debil "Erməni arximandriti Ağavelyantsın 1903-cü ilin fevral ayında zərərli fəaliyyətləri haqqında” adlı 15 mart tarixli məruzəsində yazırdı ki, erməni kilsəsi hərc-mərclik yaradır. Bu sahədə qayda-qanun yaratmaq məqsədilə Qafqaz canişini knyaz Q.S.Qolitsın 1903-cü ildə erməni kilsəsinin əmlakının idarə edilməsi və hökumətin nəzarətinə verilməsi haqqında qərar qəbul olunması məsələsini gündəliyə gətirdi. Təklif erməni kilsəsi və Daşnaksütyun tərəfindən etirazla qarşılansa da, imperator II Nikolay 1903-cü il iyunun 12-də erməni-qriqorian kilsəsinin mülkiyyətinin idarəsinin hökumət təsisatlarında mərkəzləşdirilməsi, onun mövcudluğunu təmin edən vəsait və mülkiyyətin Xalq Maarif Nazirliyinin sərəncamına verilməsi haqqında Nazirlər Şurasının əsasnaməsini təsdiq etdi.
Kilsə və Daşnaksütyun bu hadisədən bütün erməni ünsürünün birləşdirilməsi üçün istifadə etdilər. Daşnaklar və erməni kilsə xadimləri dövlət hakimiyyət orqanlarına qarşı silahlı müqavimət göstərdilər. 1903-cü ilin avqust ayında Tiflisdə Van kilsəsinin yanında ermənilər və polis arasında toqquşma baş verdi. Qarşıdurmada yaralanan və xəsarət alanlar oldu. Baş verən hadisə barədə Qafqaz canişinin mülki hissəsinin rəisi 1903-cü il 19 dekabr tarixli məktubunda çar Rusiyasının daxili işlər naziri V.K.fon Pleveyə yazırdı ki, ermənilər Tiflisdə erməni kilsəsi qarşısında sui-qəsdlər törətdilər.
Qəbul edilən qərardan qəzəblənən
erməni kilsəsi və terror təşkilatları yüksək
rütbəli hakimiyyət nümayəndələrinə
qarşı terrora hazırlaşmağa başladılar.
Jandarma orqanlarının hazırladığı "Erməni
terrorçularının izlənməsi üzrə iş.
25.10.-13.12.1903” adlı sənəddə yazılırdı
ki, erməni terrorçularının imperator II Nikolaya sui-qəsd
hazırlamaları barədə şayiələr gəzir. Lakin sui-qəsd
imperatora deyil, canişin Q.S.Qolitsınə edildi. Canişin öldürüləcəyi
ilə bağlı hələ 1903-cü il
oktyabrın 18-də erməni komitəçilərindən
erməni hərfləri ilə "A.K.T” imzası ilə
yazılmış bir məktub almışdı. Tiflis jandarma
idarəsinin rəisi 1904-cü il 15 may tarixli 3014 saylı məxfi
məktubunda canişinə 3 və 13 deyil, 100 və daha
çox erməninin sui-qəsd etmək istədiyi barədə
məlumatlar olduğu yazılmışdır. Az
müddət keçmiş, oktyabrın 14-də erməni
terrorçuları Qafqaz canişini knyaz Q.S.Qolitsınə
sui-qəsd etdilər. Lakin o, sağ qaldı.
Sankt-Peterburqa çağırılan canişin
bir daha Cənubi Qafqaza qayıtmadı.
Kilsə və terrorçuların bu cinayətkar hərəkətlərini
erməni ziyalıları və din adamları bəyənir,
tacirləri onu qəbul etmir, kəndlilər isə qorxurdular. Bununla
bağlı olaraq çarizm hakimiyyət orqanlarının
hazırladığı "Erməni hərəkatının
qısa oçerki” adlı sənədində
yazılırdı: "Rusiya hakimiyyəti üçün
ziyanlı elementlər erməni ziyalıları və din
adamlarıdır”.
Erməni kilsəsi daşnak terrorçularının
toplaşdığı yerə çevrilmişdi. Daşnaksütyun kilsə
xadimləri seçilərkən öz namizədini
keçirməyə çalışır və ona nail də
olurdu. Bununla əlaqədar olaraq İrəvan quberniya jandarma
idarəsinin rəisi Daxili İşlər Nazirliyinin Polis
Departamentinə 1903-cü ilin noyabr ayında yazdığı
1288 ¹-li məxfi raportunda vurğulayırdı: "İrəvan
kilsəsinin keşişi Sukias Ter-Qriqoryan Daşnaksütyun
Partiyasının üzvüdür”.
Kilsə və terror təşkilatları bərabər
hərəkət edirdilər. Onların fəaliyyəti
həm xristianlığı, həm də Rusiya hakimiyyətini
gözdən düşürürdü.
Çarizm güzəştə gedərək erməni
kilsəsinin əmlakını geri qaytardı. Lakin
Daşnaksütyun bunu öz qələbəsi kimi qələmə
verməyə başladı. Ermənilər
kilsə əmlakının qaytarılmasını yalnız
Daşnaksütyunun xidməti kimi qiymətləndirirdilər.
Bundan sonra erməni kilsəsinin və terror təşkilatlarının
fəaliyyətləri daha da genişləndi. İrəvan
qubernatoru Qafqaz canişinin mülki hissə üzrə
direktoruna 1904-cü il 20 iyul tarixli 1026 ¹-li
məxfi məktubunda bu barədə yazırdı: "...erməni
terror təşkilatlarının fəaliyyəti nəinki zəifləmədi,
yerli erməni gizli təşkilatları heç bir ciddi zərərə
uğramadılar, bu isə onlara terror fəaliyyətlərini
davam etdirməyə inam və imkan verdi”.
Həmin hadisədən sonra Daşnaksütyunun erməni
kilsəsi üzərində təsiri daha da artdı. Təşkilat erməni
xalqının iki milli sərvətinin qaldığı barədə
geniş təbliğat aparırdı: məktəb və kilsə.
Məktəb müəllimləri erməni
şagirdləri arasında güclü təbliğat
aparır, kilsə isə bütün erməniləri birləşdirirdi.
Bütün bu fəaliyyətlər Rusiya
hakimiyyət orqanlarının nüfuzdan
düşürülməsi məqsədi
daşıyırdı.
Q.S.Qolitsınə sui-qəsddən sonra
Daşnaksütyun üzvləri Kars vilayətində daha
çox görünməyə başladılar. Karsın
coğrafi mövqeyi və Osmanlı dövləti ərazisində
ermənilərin vəziyyətinə artan maraq onları
çox zaman təqiblərdən xilas edirdi. Kars vilayəti daşnak terrorçuları
üçün bazaya çevrilmişdi. Vilayətdə
toplanan silahlar Cənubi Qafqazdakı ermənilərə
ötürülürdü. Kilsə və
terror təşkilatlarının təsiri altında olan erməni
ünsürü Rusiyaya və ruslara nifrət edirdi.
Rusiyanın Bəyazitdəki vitse konsulu İstanbuldakı rus səfirinə
1904-cü il 15 yanvar tarixli 9 ¹-li məxfi məktubunda
bu barədə yazırdı: "Buradakı ermənilər
Rusiyaya nifrət edir və erməni
çarlığını qurmaqda yeganə maneə kimi
Rusiyanı görürlər. Onlar Qafqazda
Rusiyanın ayaqlarının altını qazırlar”.
Erməni kilsəsinin rus xalqı və Rusiya əleyhinə
fəaliyyətlərində növbəti addım rus-yapon
müharibəsi zamanı oldu. Kilsə müharibədə
Rusiyanın məğlub olmasını istəyən xarici
ölkələrin əlində alət oldu. Müharibənin başlanması ilə Rusiyada yeni
ictimai-siyasi vəziyyət yarandıqda Cənubi Qafqazda
qarışıqlıq yaratmaq üçün kilsə və
daşnaklar hərəkətə keçdilər.
Ərzurumdan Rusiya nümayəndəsi S.Skryabinin 1904-cü il fevralın 1-də verdiyi məlumatda buna dair
yazılırdı: "Erməni komitələri Qafqazda
açıq döyüşlərə başlayacaqlar”.
Rusiyanın
Xarici İşlər naziri Vladimir Lamsdorf Daxili İşlər
naziri V.K. fon Pleveyə 1904-cü il 28 fevral
tarixli 184 ¹-li məxfi məktubunda xarici dövlətlərin
ermənilərdən istifadə etməsinə dair
yazırdı: "...Qafqazda və Türkiyədə ermənilərin
üsyanını qaldırmağa cəhd edirlər”.
Daşnakların 1904-cü ildə keçirilən III
qurultayının qərarları kilsə və
daşnakların əsl məqsədlərini bir daha təsdiq
etdi. Qurultayda
Daşnaksütyunun "özünümüdafiə” adı
altında Qafqazda mübarizəyə hazırlaşması barədə
qərar qəbul edildi.
Erməni
kilsəsinin və terror təşkilatlarının
xristianlığa ləkə vurmasının, dinlərarası
düşmənçilik yaratmasının, Rusiyanın
ayaqlarının altını qazmasının və rus
xalqına arxadan zərbə vurmasının daha bir nümunəsi
islam dinini məsxərəyə
qoyması və s. idi. Jandarma əməkdaşları
Bakıda axtarış aparan zaman islam
dinini məsxərəyə qoyan erməni dilində
kitabçalar tapmışdılar. Kitabçada
Məhəmməd Peyğəmbər (s.ə.) erməni
keşişinin formasında təsvir edilmişdi. Belə vəziyyət müsəlmanları hakimiyyətin
fəaliyyətindən narazı saldığı
üçün Rusiyaya qarşı yönəlmişdir.
Erməni keşişləri silah və sursat saxlamaqla
xristianlığı gözdən salırdılar. Məsələn,
1905-ci ildə İrəvan quberniya jandarma idarəsi tərəfindən
keşiş Seqomonyans, 1906-cı ildə isə keşiş
Rubinyans silah saxlamaq və terror təşkilatı ilə əlaqədə
ittiham edildilər.
1905-1906-cı
illərin hadisələrindən sonra bəzi erməni din
adamları törətdikləri cinayətlərə görə
cəza alacaqlarından qorxub Şuşa
şəhərindən qaçıb getmək istəsələr
də, qəza rəisi onların bir neçəsini
saxladı. Axtarış nəticəsində
şəhərdəki erməni kilsəsindən 23 bomba, 2
Berdan tüfəng, 152 patron, 2 bıçaq, yanğın
törətmək üçün partlayıcı maddə
tapıldı. Bu əməllərinə görə
keşişlər Ter-Karegin Ovanesyans, Ter-Arsen Axumov, Ter-Karapet
Varapetyans və kilsədə çalışan bir neçə
erməni saxlanıldı. Təqsirləndirilən
şəxslərin hamısı polis idarəsində silah,
partlayıcı maddə saxladıqlarını, bunları hələ
iyulun 1-də erməni-azərbaycanlı toqquşmaları
zamanı qoyduqlarını etiraf etdilər. Ona görə
də Qaryagin, Zəngəzur, Şuşa və Cavad qəzalarının
müvəqqəti general-qubernatoru general-mayor Bauerin 39
saylı qərarı ilə keşişlərə fövqəladə
vəziyyət elan edilən ərazilərə girmək
qadağan olundu. Saxlanılan kilsə əməkdaşları
isə üç aylıq həbs cəzasına məhkum
edildilər.
Kilsənin terror təşkilatı ilə əlaqədə
olaraq xristianlığı gözdən salmasının daha
bir nümunəsi Daşnaksütyunun Eçmiadzin kilsəsinin
yanında dini təşkilat olan Patorik təşkil etməsi
idi. Yalnız rəhbərliyə tabe olan bu terror təşkilatının
başlıca vəzifəsi ermənilərin psixoloji və
dini hisslərinə təşkilatın mövqeyindən təsir
etmək idi. Patorikin fəaliyyətində
erməni katolikosunun şəxsən iştirak etməsi isə
kilsə və terror təşkilatının bərabər hərəkət
etdiyini göstərirdi. Cənubi Qafqazda
tökülən qanlar üçün məsuliyyəti erməni
kilsəsi və terror təşkilatları
daşıyırdı.
Anarxiya yaratdıqları üçün kilsə xadimlərinə
qarşı çarizm hakimiyyət orqanları tədbirlər
gördü.
1907-ci ildə Tiflis quberniyasında keşiş
Ter-İsraelov, Yelizavetpol quberniyasında isə erməni kilsəsinin
arximandriti Koryun Saakyan silah saxladıqları və terror təşkilatı
ilə əlaqəli olduqları üçün barələrində
cinayət işi açıldı.
Terrorçuların silah və sursatla təmin edilməsində
erməni din xadimləri və Daşnaksütyun xüsusi rol
oynayırdılar. Polis Departamentinin direktoru "Erməni inqilabi hərəkatının
qısa tarixi oçerki” adlı 1908-ci il 9 iyun tarixli 65789 ¹-li
məxfi sənədində yazırdı ki, 1908-ci ilin mart
ayında Daşnaksütyun İrəvan eparxiyası Tatev
monastrının keşişi İnzakın vasitəsi ilə
Yaponiyadan silahlar alıb gətirdi.
Eçmiadzinin belə cinayətkar fəaliyyətlərinə
qarşı hakimiyyət orqanları tədbirlər görməyə
başladıqda katolikos pulları xəlvəti olaraq xaricə
çıxarmağa başladı. Bununla bağlı olaraq F.D.İsayev
"Pryamoy put” qəzetində dərc edilmiş "90-cı
illərdə Qafqazda inqilabi təşkilatlar
(Daşnaksütyun və erməni-tatar qırğını)”
adlı məqaləsində yazırdı ki, Eçmiadzindəki
erməni kilsəsi 30 milyon rubl pulu xaricə
çıxardı.
Katolikosun rus xalqına, Rusiyaya və xristianlığa
qarşı yönəlmiş bu fəaliyyəti Rusiya mətbuatında
da hiddətlə qarşılandı. Məsələn,
"Zemşina” qəzeti 1909-cu il 17 oktyabr tarixli sayında
"Erməni riyaraklığı” adlı məqaləsində
yazırdı: "Ermənilər də ikili taktika işləyib
hazırlamağa başlayırlar. Bunun xarakterik təzahürü
erməni katolikosudur... Bu isə riyakarlıqdır.
Ermənilər bir tərəfdən, Rusiyada
separatçılığı dəstəkləyən
müxalifət təşkilatları ilə ittifaqa girir, digər
tərəfdən isə ermənilər arasında
separatçılığa qarşı çıxırlar.
Bu, riyakarlıqdan başqa bir şey deyildir və
separatçılığı ört-basdır etmək deməkdir”.
Çarizm tədbirlər görsə də, kilsə
xadimləri daşnak fəaliyyətlərində xüsusi rol
oynayırdılar. Onların demək olar hamısı
daşnaklar idi. Tiflis quberniya jandarma idarəsinin rəisi
1910-cu il mayın 5-də 6896 ¹-li məxfi məruzəsində
Qafqaz Canişininin mülki hissə üzrə köməkçisinə
yazırdı: "Hazırda erməni sinodunun üzvlərinin
çoxu daşnaklardır. Katolikos
daşnakların əlindədir, ikiüzlüdür. Kilsə üzərində nəzarət etmək
üçün daşnakların nümayəndəsi kilsədə
oturur”.
Erməni kilsəsinin Rusiya və rus xalqı əleyhinə
fəaliyyətlərində Birinci Dünya müharibəsi
özünəməxsus yer tutur. Çarizmin köməyi
ilə müxtariyyət qurmaq istəyən kilsənin və
terror təşkilatlarının istəklərini Rusiya
hakimiyyəti rədd etdi. Bundan sonra
Eçmiadzinin və daşnakların Rusiyaya münasibəti
dəyişdi. Çarizm
orqanlarının tərtib etdiyi "Erməni məsələsinə
dair arayış. Aprel 1915-ci il”
adlı sənəddə yazılırdı ki, daşnaklar
bildirdilər, Rusiyadan ermənilər üçün muxtariyyət
gözləməyə dəyməz, ona görə də
silahı rus ordusuna vermək olmaz, o, gələcəkdə
Rusiyaya qarşı yönəldilə bilər. Bu mövqe
1915-ci il fevralın 16-18-də Tiflisdə
Daşnaksütyunun nümayəndələrinin
iştirakı ilə keçirilən yerli erməni komitələrinin
qurultayında müzakirə olundu və eyni məzmunlu qərar
qəbul edildi.
Erməni kilsəsi və terror təşkilatları
Rusiyadan üz döndərərək Avropa ölkələrinə
üz tutdular.
Avropaya gedən bütün ermənilərin
katolikosu V Gevorq keçirdiyi görüşlərdə
bildirdi ki, Rusiya ermənilərin istəyini yerinə yetirmədi
və "ermənilərsiz Ermənistan” istəyir. Səfər
barəsində Tiflis quberniya jandarma idarəsinin rəisi Qafqaz
Canişini dəftərxanasının xüsusi şöbəsinə
1917-ci il 17 yanvar tarixli 162 ¹-li məxfi məktubunda
yazırdı ki, 1917-ci ilin əvvəllərində lodr Brays
ermənilərin katolikosunu qəbul etmişdir. Görüş
zamanı o xahiş etmişdir ki, "erməni məsələsi”nin
həllinə yardım göstərsin. Lord Brays müharibənin sonunda imzalanacaq sülh
müqaviləsinin şərtlərinə bu məsələni
daxil etmək üçün
çalışacaqlarını bildirmişdir.
Erməni kilsəsinin silah və sursat saxlamaqla
xristianlığı gözdən düşürməsinə
dair fəaliyyətləri sonrakı illərdə də davam
etdi.
Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası Dövlət Siyasi
İdarəsinin "İranda daşnakların fəaliyyəti”
adlı 1932-ci il 15 may tarixli 00313 ¹-li tamamilə məxfi sənədində
yazılırdı ki, Cənubi Azərbaycan Culfasından 30 km
aralıda yerləşən Daraşan monastrında
keşiş Gevondun nəzarəti altında silah anbarı
yaradılmışdır. Sovet xarici kəşfiyyat məlumatlarına
görə, daşnakların Təbrizdəki təşkilatında
600-dən çox tapança var idi və Mauzer
üçün 5 min, Naqan üçün isə 3 min patron
alınmışdı.
İkinci Dünya müharibəsi başa
çatdıqdan sonra da erməni din xadimləri Allahın evi
olan kilsəni silah və sursat anbarına çevirmək ənənələrini
davam etdirdilər. Bununla əlaqədar olaraq sovet xarici kəşfiyyatının
"Təbrizdə (İran) daşnakların silah
anbarının üzə çıxarılması ilə əlaqədar
olaraq tədbirlər haqqında "
adlı tamamilə məxfi sənədində
yazılırdı ki, daşnakların Cənubi Azərbaycanda
başlıca məntəqəsi Təbrizdir. Burada
onlar silah anbarı yaratmışlar. Anbar
Lilavandakı erməni kilsəsində yerləşir.
1946-cı ildə 15-ci Qafqaz korpusunun Əks-Kəşfiyyat
SMERŞ əməkdaşlarının səyləri nəticəsində
həmin anbardan 50 min tüfəng patronu, 19 tüfəng, Naqan
və Mauzer tipli 23 tapança, 3 min bomba fitili, 25 ədəd
qumbara, 500 kiloqram partlayıcı maddə (dinamit, amonal və
b.) və digər silahlar götürüldü. Kilsədə silah və sursat saxlanılması
haqqında yayılan xəbərdən hiddətlənən
yerli azərbaycanlılar bəyan etdilər ki, ermənilər
onlara qarşı üsyan hazırlayırlar və
düşmənləridir, haqq-hesab çəkmək
lazımdır. Hiddətlənən bəzi ermənilər
silah saxladıqları və İran Azərbaycanındakı
erməniləri zərbə altına qoyduqları
üçün daşnakları, xüsusən Təbrizdəki
erməni epararxiya şurasının rəisi arxiyepiskop Nerses
Melik-Tangiyanı, zərgər Aykak Kosayanı, ədəbiyyatçı
Qayk Əcəmyanı, erməni məktəbinin
keçmiş gözətçisi, həmin vaxt ticarətlə
məşğul olan Ovanes Qabrielyanı və onun oğlu
Andranik Qabrielyanı təqsirləndirirdilər. Yeni silah
anbarlarının olması mümkünlüyünü nəzərə
alan və yerli əhali ilə ermənilər
arasında münaqişənin qarşısını kəsmək
üçün sovet ordu komandanlığı bir sıra həbslər
həyata keçirdi. Təqsirləndirilən
şəxslər cinayətlərini etiraf etdilər.
Erməni kilsəsinin Rusiya və rus xalqı əleyhinə
fəaliyyətlərinin növbəti mərhələsi
SSRİ-nin faşist Almaniyasının işğalı
altında olan ərazilərində nasistlərlə əməkdaşlıq
etməsi olub.
Sovet kəşfiyyat sənədlərində yazılır
ki, müharibənin gedişində Stavropol, Rostov-Don və
başqa şəhərlərdə açılan erməni
kilsələrində yaradılan "Kilsə
şuraları”, "Erməni dini icmaları” və "Kilsə
xeyriyyəçiliyi” cəmiyyətləri ruslar və digər
slavyan xalqları əleyhinə fəal antisovet təbliğat
aparır və Cənubi Qafqazın işğalına kömək
etməkdən ötrü vəsait toplayırdılar.
1980-ci illərin ortalarından etibarən SSRİ-də
anarxiya, xaos və qarşıdurmanın yaradılmasında,
günahsız insanların qanının tökülməsində,
ev-eşiklərindən didərgin düşmələrində
erməni kilsəsi ənənəvi rolunu davam etdirib. Erməni kilsəsi
Azərbaycana qarşı əsassız ərazi
iddialarının irəli sürülməsini geniş təşviq
etməklə münaqişə yaradılmasında cinayətkar
rol oynayıb. 1988-ci ilin fevralında
Sumqayıtda təxribatın törədilməsində erməni
kilsəsinin özünəməxsus payı vardır. Həmçinin Bakıda 1990-cı ilin sonlarında
törədilən təxribatda da erməni kilsəsinin müəyyən
rolu olub. Bununla bağlı olaraq ən mötəbər
mənbələrdən birində yazılır ki, 1988-ci il martın 8-10-da Bakıdakı erməni kilsəsinin
dyakonu (aşağı rütbəli keşiş - M.Q.) S.S.Davityan Eçmiadzinə gedərək katolikos I
Vazgenin qəbulunda olmuş, sonra isə ieoromonaxlar
İsaxanyan, Mkrtıçyan və dyakon Matevosyan ilə
görüşmüşdü. Söhbətlər
zamanı Matevosyan Bakı və Sumqayıtdakı şəraitlə
maraqlanmış, Bakı ermənilərinin Dağlıq
Qarabağ məsələsində bitərəf mövqe
tutmasının səbəblərinə dair suallar verərkən
demişdi: "Onlar böyük işlər görməyə
qadir deyillər, böyük işlər böyük qurbanlar
tələb edir, onlar isə qorxaqdırlar”.
S.Davityan cavabında bildirmişdi ki, Ermənistan əhalisinin
çıxışları Bakı ermənilərinin vəziyyətinə
mənfi təsir edə bilər. Bu zaman kilsə xadimləri
soyuqqanlılıqla belə söyləmişdilər:
"Burada qorxulu heç nə yoxdur, onları (Bakı erməniləri
nəzərdə tutulur - M.Q.) qurban vermək olar”.
Bu, bir daha təsdiq edir ki, Bakıda 1990-cı ilin sonlarında təxribatın törədilməsində erməni kilsəsi bilavasitə iştirak edib. İnsanların qanı və acıları erməni kilsəsinin üstündədir.
Ermənistan hakimiyyətinin din adamlarını zorla Azərbaycan ərazisinə müharibəyə göndərməsinə dair son fakt Qubadlı rayonunda əsir düşən erməni silahlılarından birinin Gümrü şəhəri Adventist kilsəsinin rahibi Hovsep Araratoviç Sahakyanın olmasıdır. Azərbaycan dövləti onun işğalçı ölkənin vətəndaşı olmasına baxmayaraq, dini ayinlərini icra etməsi üçün şərait yaradıb. Rahib Yeddinci Günün Adventistlərinin Dua Evində dua edib. Keçirilən görüşdə bildirib ki, əlinə silah götürüb döyüşmək istəmədiyini deməsinə baxmayaraq, zorla Azərbaycan ərazisinə göndəriblər. Bu hal terroru dövlət siyasətinə çevirən Ermənistan adlı bir qurama dövlətin əsl mahiyyətidir.
vvv
Beləliklə, təqribən son 200 illik fəaliyyəti erməni kilsəsinin əsl simasını ortaya qoyur. Erməni katolikosunun başçılığı altında erməni kilsəsi terror təşkilatları ilə sıx əlaqə yaratmaqla, terroru təşviq etməklə, kilsə xadimlərinin çoxu terror təşkilatlarının üzvləri olmaqla, kilsə zirzəmilərini silah və sursat anbarına çevirməklə, xalqlar arasında nifaq və kin-küdurət yaratmaqla sülh və birgəyaşayış dini olan xristianlığa ləkə gətirib. Katolikosun bütün fəaliyyəti Rusiya dövləti və rus xalqının əleyhinə yönəlib, onlara xaincəsinə arxadan zərbə vurub. Bütün bunlar bir daha təsdiq edir ki, həm XIX əsrin sonlarında, həm də indi erməni kilsəsi sülh yaratmaqdan çox uzaq olub.
Ona görə də katolikos II Qareginin çağırışından təəccüblənmək lazım deyildir. Onun müvafiq çağırışı erməni kilsəsinin əsrlər boyu formalaşmış ənənəsinin yeni şəraitdə davam etdirilməsidir. Dünyanın xristian xalqlarının, o cümlədən Rusiyanın və rus xalqının bunu görməsi zamanı hələ çatmayıbmı?
Musa QASIMLI,
Milli Məclisin deputatı,
AMEA-nın müxbir üzvü,
professor
Azərbaycan.-2020.- 12 noyabr.- S.9.