Tarixin alqışladığı qələbə

 

Yurdumuz qələbə zəfərini yaşayır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin Şuşanın işğaldan azad olunması ilə bağlı o müjdəli səsi hələ hər birimizin hafizəsindədir. Qəlbimizin döyüntüsü ilə həmahəng əks-səda verir bu qürur dolu kəlmələr: "Əziz həmvətənlər, əziz bacılar qardaşlar!

 

Böyük fəxarət qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.

 

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”

 

Deyirlər, xoşbəxtlik sadəcə andır. Amma saatlarla, günlərlə, illərlə sürən xoşbəxtlik varmış. Prezident İlham Əliyevin noyabrın 8-də Şuşanın azad edilməsi xəbərini xalqa elan edərək həyatımıza gətirdiyi qürur, sevinc bütün tarixə dolan fəxarət hissidir, ömrümüzü bəzəyən, dövlətimiz var olduqca bizimlə birgə əbədi olacaq xoşbəxtlikdir.

 

Rəşadətli ordumuz Ali Baş Komandanımızın rəhbərliyi ilə tariximizin saf incisini düşmən tapdağından təmizləməklə bizi bir ömürlük nəsibimizə yetirdi. 28 ildir sinəmizdə qövr edən Şuşa yarasına məlhəm qoydu. Hər birimizə sözlə ifadə edilməsi mümkünsüz olan sevinc payı bağışladı.

 

Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə işğalçı Ermənistana, bu ölkənin təcavüzkar siyasətinə dəstək olan faşist xislətli dünya ermənilərinə onların havadarlarına, tarix boyu bizə qarşı törədilmiş erməni vəhşiliklərinə cavab kimi böyük bir dərs verdi.

 

 

 

 

Xoşbəxtliyin rəsmi

 

 

 

 

Ali Baş Komandanın o xoş xəbərindən sonra media qurumlarının Azərbaycanın dörd bir yanından yaydığı reportajları, görüntüləri izlədik. Bu xəbərə şadyanalıq edən həmvətənlərimizin bayram ovqatını gözlərimizə köçürdük. Nəyəsə sevinmək adi insani hissdir: hər birimizin həyatında sevincli anlar olub. Sevincdən, fərəhdən, bunun həyəcanından özümüzə yer tapmadığımız məqamları zaman-zaman çox yaşamışıq. Amma bu qədər misilsiz sevinc həyəcanına şahidlik çoxumuzun həyatında bəlkə ilk dəfədir. İnsanlar sanki sevinclərini ifadə etməyə çətinlik çəkirlər. Bu qələbənin onlar üçün qədər böyük dəyər kəsb etdiyini çoxları gözyaşları ilə çatdırırlar. Həddi-hüdudu olmayan sevinc, xoşbəxtlik elə məhz budur. Ən önəmlisi isə bu sevincdən hamıya eyni dərəcədə pay düşməsidir. Bu xoşbəxtlik hamıya bərabər paylanır. Bu, həmrəyliyimizin, xalq olaraq çəkici bir zindana vurmağımızın, birliyimizin gücünün yaratdığı nəticənin sevincidir.

 

Qələbə sorağı gələn günlərdən dünyanın azərbaycanlılar yaşayan bütün məkanları üçrəngli bayrağımıza bürünmüşdü. Bu, bütün dünya demək idi. Hamı bu qələbəni qeyd edirdi. Ümumi qələbəmizə sevinirdi. Dünyanın bütün qitələrində yaşayan azərbaycanlılar ayaq üstəydilər. Azərbaycan Ordusunun zəfərini alqışlayırdılar. Onlar da bizim kimi həyatlarının ən böyük sevincini, fərəhini yaşayırdılar.

 

Həmin gün sevincdən göz yaşımıza hakim ola bilmirdik. Bu, 28 ildən çox daş olub ürəyimizdən asılmış ağırlıqdan qurtuluşumuz idi. Şuşanın azadlığı, Şuşa həsrətimizin bitməsi müjdəsindən köksümüzə dolmuş fərəhin, qürurun gözlərdəki rəsmidir.

 

Nailiyyətlər, böyük sevinclər həmişə insanın ömrünü uzadır. Xalqın ömrü onun tarixidir. Azərbaycan Ordusunun zəfəri tariximizi böyütdü, yerimizi daha da uca etdi. Şanlı keçmişə sahib Azərbaycan xalqı öz tarixində yeni bir mərtəbədə qərar tutdu. Bu xalqın hər bir təmsilçisinin köksünü dolduran, bizi birləşdirən, böyüdən, yenilməz edən Qələbə ruhu ilə yeni bir başlanğıca qədəm qoyduq.

 

 

 

 

Vətənin hər qarış torpağı bizim üçün əziz müqəddəsdir

 

 

 

 

Vətən torpağına sevgi onun təbiəti, torpağının bərəkəti, yaxın-uzaqlığı, tarixi ilə ölçülməz. Vətən elə Vətəndir. Hər guşəsi bağrımızın başındadır. Bununla belə sirrdirsə, Şuşanın hər bir dünya azərbaycanlısının düşüncəsində bir başqa yeri var. Bu düşüncənin səbəblərini müəyyən etmək o qədər sadə deyil.

 

Şuşanı belə özünəməxsus edən bəlkə təfəkkürümüzdəki Vətən anlayışının bir çox məqamlarının, milli-mənəvi dəyərlərimizin bu şəhərin qədim tarixində, füsunkar təbiətində, mədəni mühitində öz əksini tapmasıdır. Şuşa özlüyündə böyük Vətənimizin sıldırım dağların ucalığında qərar tutmuş bir şəhər boyda abidəsidir, insanların burada doğma yurdun şərəfinə ucaltdıqları məbəddir. Bütün yollar indi bizi bu məbədə - Şuşaya aparır.

 

Şuşa xalqımızın qeyrət rəmzidir, dağ vüqarımızdır...

 

Dəniz səviyyəsindən 1300 metr hündürlükdə qərar tutmuş Şuşa Tanrıya yaxın olduğumuz yerdir. Dualarımızı müqəddəs dərgaha daha tez yetirən məkandır, düşüncələrimizin şərəfli bir keçmişin aurasında, muğam dünyasında, saf havanın, ulu dağların, Tanrının qüdrət qələmi ilə çəkdiyi yaşıl təbiətin əhatəsində arınıb-durulduğu kamillik məskənidir. Ona görə Şuşa bizim üçün bu qədər əziz, doğmadır...

 

Bir , bəlkə heç özümüz fərqinə varmadan Şuşanı Vətən sevgimizin rəmzinə, yurd həsrətimizin nişanəsinə, nisgilli yurdlarımıza bir gün dönəcəyimiz günün ümid işığına çevirmişik. Azərbaycanı özünə vətən bilən bütün soydaşlarımızın qəlbində o rəmzdən, o nişanədən, ümiddən nəsə vardı. Şükür qovuşdurana, ümidlərimizin çin olduğu günləri görə bildik. Üçrəngli bayrağımızın yenidən Şuşada dalğalandığı günü yaşamaq nəsibimiz oldu. Şuşa - mədəniyyətimizin, ruhumuzun paytaxtı 28 ildən sonra öz sahibinə qovuşdu, ayrılığa son qoyuldu.

 

Azərbaycan igidləri dünyanın müharibələr tarixində yeni bir tarixə çevrilən qəhrəmanlıqları ilə ümidlərimizi, arzularımızı, Şuşa xəyallarımızı gerçəkləşdirdi.

 

 

 

 

Yenidən yazılan tarix

 

 

 

 

Şuşa şəhərini döyüşçülərimiz əməliyyat şəraitindən irəli gələrək, demək olar ki, qollarının gücü ilə alıblar. O sıldırım qayalara dırmanaraq, əllərində silah düşmənin üzərinə aslan kimi şığıyaraq bu şəhəri fəth ediblər. Vaxtilə burada baş qoyub getmiş Ağa Məhəmməd Şah Qacara qarşı döyüşən Şuşa igidlərinin qəhrəmanlıq hekayətini əsrlər sonra yenidən təkrarlayıblar. Şuşanın tarixini yenidən yazıblar. Şuşa bundan sonra bizim üçün həm bu igidlərimizin ad-sanı ilə müqəddəsdir. Şuşa Azərbaycanın hər qarışı uğrunda canından keçməyə hazır olan bunu şəhadəti ilə sübuta yetirən övladlarımıza ucalan şəhər-abidədir.

 

Bu mənada Azərbaycan Prezidentinin Şuşanın azad olunması müjdəsini xalqımıza Şəhidlər xiyabanından, Əbədi Məşəl abidəsi önündən çatdırması da Vətən uğrunda canını fəda etmiş şəhidlərimizə əbədi sevginin ifadəsi kimi böyük rəmzi mənası ilə tarixə yazıldı. Bu müjdəni Ali Baş Komandan İlham Əliyev Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevə onun məzarı önündəki sayğı duruşu ilə çatdırdı. Ulu Öndərin ən böyük vəsiyyətini - ata vəsiyyətini yerinə yetirdiyinə görə xoşbəxt olduğunu bildirdi. Bununla Ümummilli Liderin timsalında dünyadan Qarabağ həsrəti, qayğısı ilə köçmüş bütün böyük şəxsiyyətlərimizin ruhunu şad etdi. Bu şəxsiyyətlərin yaşayıb-yaratdıqları tarixin özü belə Azərbaycan Prezidentinin bu zəfərinə əhsən dedi.

 

Bu, bir övlad, bir Lider üçün ən böyük xoşbəxtlikdir.

 

Bu, bir xalq üçün ən böyük nailiyyətdir.

 

Bu, bir dövlət üçün ən şərəfli salnamədir.

 

Zəfərimiz, yeni tariximiz mübarək olsun!

 

 

İradə ƏLİYEVA

      Azərbaycan.- 2020.- 14 noyabr. S.1; 5.