Zəfər salnaməsinin şanlı 44 günü
Gün o gün
olsun ki...
İllərdir dilimizdən
düşməyən istək,
alqış, xəyal...
İllərdir hər əlamətdar günlərimizdə
bu arzuyla başlamışıq bütün
ürək sözlərimizə...
İllərdir çox
əziyyətlər, ağrı-acılar
çəkmişik... Doğma
el-obamızdan qəddarlıqla,
amansızlıqla didərgin
salınmışıq, olmazın
faciələr görmüşük,
öz vətənimizdə
qaçqın, köçkün
kimi yaşamağa məcbur olmuşuq...
Bir gözümüzlə gülsək
də, o biri gözümüzlə hər
zaman ağlamışıq. "Vətən” deyə-deyə
ürəyimizə qara
qanlar axıtmışıq.
Yurdu yuxuda görməyi özümüzə
təskinlik bilmişik...
Vətən həsrətilə
bu dünyadan gözü açıq köçən əzizlərimizi
doğma torpaqlarında
dəfn edə bilməmişik...
İllərdir həsrətində
olduğumuz, ürəyimizdə
qübara çevrilən,
xiffətini çəkdiyimiz
ata-baba torpaqlarına böyük qayıdışın
arzusu, xəyalı ilə yaşamışıq...
Doğma yurdundan
qovulan, olmazın zillətlərə düçar
edilən, 30 ilə yaxındır məcburi köçkün həyatı
yaşayan nisgilli vətəndaşlarımızın yenidən öz doğma ocağına qayıdacaqları inamını
içimizdə böyüdüb,
ölməyə qoymamışıq...
Müharibənin açdığı,
sarısaq da, heç vaxt tam sağalmayan, zaman-zaman qanayan, bizi incidən
yaralarımıza sığal
çəkib, Qarabağa
yenidən dönəcəyimiz
günün arzusu ilə ayaqda qalmışıq...
Bəzən gözləməkdən yorulmuşuq,
uzun sürən intizardan bezmişik, bəzən içimizdə
inamsızlıq baş
qaldırıb, əlimizi
hər şeydən üzmüşük, hətta
Tanrıya belə üsyan etmişik. Amma qəlbimizdəki
ümid qığılcımı
heç vaxt sönməyib. İllərlə
közərib, közərib...
Və... o qığılcım illər
sonra alov olub qəlbimizi isidib...
Biz bu günü çox gözlədik... Ay yox, il yox, illərlə... Təxminən
bir qərinə...
Nəhayət... o gün
gəldi
30 il
əvvəl yaşanan
kədər sona çatdı!
30 illik vətən həsrəti,
nisgili bitdi!
30 illik arzularımız, xəyallarımız,
yuxularımız gerçəyə
çevrildi!
30 il
gözlədiyimiz o möhtəşəm
tarixə şahidlik etmək zamanı yetişdi!
10 noyabr 2020-ci il... Bu tarix
Qarabağa qovuşduğumuz
tarixdir! Bu gün Böyük Qələbə
Günüdür!
Müzəffər Ordumuz 44 gün ərzində döyüş
meydanında gücünü
göstərdi və qəhrəmanlıqla savaşaraq
qələbə qazandı. Ali Baş Komandanın qətiyyətli mövqeyi,
Azərbaycan əsgərinin
rəşadəti, şücaəti,
xalqımızın birliyi,
həmrəyliyi nəticəsində
düşmənin müqaviməti
qırıldı və
10 noyabr şanlı tariximizə Zəfər günü kimi yazıldı.
Sentyabrın 27-də Ermənistanın növbəti
hərbi təxribatı,
bütün cəbhəboyu
ağır artilleriyadan
istifadə etməklə
hücuma keçməsi
və birbaşa mülki əhalini hədəfə alması
nəticəsində Azərbaycan
Ordusu vətən uğrunda ölüm-dirim
savaşına qalxdı. Ordumuz bütün
dünyanın suveren Azərbaycanın ayrılmaz
tərkib hissəsi kimi tanıdığı
Dağlıq Qarabağı
və ətraf rayonları düşmən
işğalından azad
etmək üçün
Vətən müharibəsinə
başladı. Elə ilk gündən
düşmənin ön
müdafiə xəttinin
yarılması, qısa
zamanda bir neçə kənd və strateji əhəmiyyətli yüksəkliklərin
işğaldan azad edilməsi xalqımızın
qələbə ovqatını
daha da artırdı.
Bütün xalq öz rəhbəri ətrafında
bir yumruq kimi sıx birləşdi.
Minlərlə igid oğullarımız
mənfur düşmənlə
vuruşmaq üçün
hərbi səfərbərlik
şöbələrinə axışdı. Hər kəs
bacardığı qədər
orduya maddi və mənəvi dəstək göstərdi.
Qələbəyə doğru
inamla irəliləyən
qorxmaz, cəsur əsgərlərimiz düşmənin
işğal olunmuş
torpaqlarımızdakı hərbi
hissələrini, istehkamlarını,
ön xətt mövqelərini, döyüş
texnikalarını və
infrastrukturunu, canlı
qüvvəsini, cəbhənin
dərinliyindəki atəş
nöqtələrini, bazalarını
darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə
tutdu.
Azərbaycan torpaqları qarış-qarış,
kənd-kənd işğaldan
azad edildi. 44 gün
ərzində 5 şəhər,
4 qəsəbə, 286 kənd,
çoxsaylı strateji
yüksəkliklər işğaldan
azad olundu, Silahlı Qüvvələrimiz
Cəbrayıl, Qubadlı,
Zəngilan, Füzuli rayonlarını, Xocavəndin
böyük hissəsini,
Laçın rayonunun
kəndlərini işğaldan
azad etdi. Uzun illərdən sonra doğma torpaqlarımızda
yenidən üçrəngli
şanlı bayrağımız
ucaldıldı.
Bayram bayrama qovuşdu
8 noyabr isə Azərbaycan tarixinə Qələbə
günü kimi düşdü. Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri,
muğamımızın beşiyi
Şuşa mənfur düşmən
tapdağından qurtuldu.
Həmin
gün xalqımız
tərəfindən böyük
coşqu ilə qarşılandı. Hər kəs
müqəddəs üçrəngli
bayrağımıza bürünərək
küçələrə axışdı, sevincini bir-birilə bölüşdü.
9 Noyabr -
Dövlət Bayrağı
Günü də qələbə xəbərləri
davam etdi. Prezident
İlham Əliyev
"Twitter” hesabından 71 kəndin,
1 qəsəbənin və
8 strateji yüksəkliyin
işğaldan azad edilməsi ilə bağlı şad xəbəri xalqa verdi.
10 noyabr gecəsi isə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş
Komandanı İlham Əliyev doğma xalqını böyük
zəfər xəbəri
ilə müjdələdi:
"Bu gün ölkəmiz
üçün tarixi
bir gündür. Bu gün Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsinə son qoyulur. Hesab edirəm ki,
indicə imzalanmış
üçtərəfli bəyanat
məsələnin həlli
istiqamətində son nöqtə
olacaqdır”.
Qarabağ münaqişəsinə
xalqımızın zəfəri
ilə nöqtə qoyuldu
Bəli, o gün Dağlıq Qarabağ münaqişəsinə
nöqtə qoyulduğu
gün oldu. 30 illik münaqişə 44 gündə Azərbaycanın
qələbəsi ilə
bitdi. Prezidentin xalqa müraciəti
bitər-bitməz paytaxt
sakinləri küçələrə
çıxaraq şanlı
qələbənin sevincini,
qürurunu bölüşdü.
Tezliklə bütün Azərbaycan
bayram əhvali-ruhiyyəsinə
qərq oldu. Müxtəlif bölgələrdə yaşayan sakinlər meydanlara axışaraq, əllərində Azərbaycan
bayraqları, şüarlar
tutaraq sevindilər, mahnı oxudular, rəqs etdilər, şeir dedilər. 10 noyabr səhəri
Azərbaycan xalqı üçün qələbə
müjdəsi ilə açıldı. Gün boyu
xalqın zəfər
yürüşü, şadyanalığı
davam etdi. Minlərlə insan müqəddəs
and yerimiz olan Şəhidlər Xiyabanını
ziyarət edərək
şəhidlərimiz qarşısında
şükranlıq borclarını
yerinə yetirdi.
44 günlük
Vətən müharibəsi
Ali Baş Komandanın,
Azərbaycan Ordusunun, xalqımızın zəfəri
ilə başa çatdı. 44 günlük
haqq savaşımız
Azərbaycan tarixinə
qızıl hərflərlə
əbədi yazıldı.
Bu qələbəni Ali Baş
Komandanın qətiyyəti,
siyasi iradəsi, müzəffər Ordumuzun
şücaəti, qəhrəmanlığı,
qorxmaz, cəsur əsgərlərimizin canı,
müqəddəs, ölməz
şəhidlərimizin qanı,
xalqımızın birliyi
hesabına qazandıq...
30 illik münaqişəni 44 günə
sona çatdıran bu qısa müharibə
dünya hərb tarixinə də misli görünməmiş
savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü,
Azərbaycan xalqının
qüdrətini bəşəriyyətə
sübut etdi. Ona görə 44 günlük
qəhrəmanlıq savaşımız
tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.
Xəyalə MURADLI
Azərbaycan.- 2020.-14 noyabr.- S.1; 5