Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Sizi və Azərbaycan xalqını işğal altında olan torpaqlarınızın, xüsusilə də noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsində Azərbaycan Silahlı Qüvvələrinin qazandığı Qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. Mən ölkənizə səfərlərim zamanı məcburi köçkünlərlə görüşlər keçirən bir şəxs kimi Şuşanın azad edilməsinin xalqınız üçün nə qədər əhəmiyyətli olduğunu yaxşı bilirəm. Şuşanın işğaldan azad edilməsinin Azərbaycanın noyabrın 9-da qeyd etdiyi Dövlət Bayrağı Gününə təsadüf etməsi həqiqətən də əlamətdar hadisədir.
Mən tam əminəm ki, Sizin rəhbərliyinizlə Şuşa şəhəri Azərbaycan mədəniyyətinin və incəsənətinin beşiyi kimi əvvəlki şöhrətini bərpa edəcək. Biz Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri olaraq tarixi Şuşa şəhərinə səfər etməkdən şərəf hissi duyardıq.
Biz, həmçinin üçtərəfli razılaşmaya əsasən Ermənistan silahlı qüvvələrinin Qarabağdan tam və qeyd-şərtsiz çıxarılması barədə bəyanatı da ürəkdən alqışlayırıq.
Cənab Prezident, müharibənin fəal fazasında təmkin və qətiyyət nümayiş etdirməyiniz hamı tərəfindən yüksək qiymətləndirilir. Biz Azərbaycanın Böyük Britaniya parlamentindəki dostları olaraq Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyimizi bir daha bəyan edirik. Biz azərbaycanlı məcburi köçkünlərinin öz doğma yurdlarına qayıdacağı günü səbirsizliklə gözləyirik.
Hörmətlə,
Bob Bləkmən
Böyük Britaniya
parlamentinin İcmalar Palatasının üzvü,
Azərbaycanla dostluq qrupunun
sədri
Azərbaycan.-
2020.- 14 noyabr.- S.3.