Uğurumuzun əsas səbəblərindən
biri də Azərbaycanın iqtisadi gücüdür
Bu güc həyata keçirilən qlobal layihələrdən qaynaqlanır
Son illər Azərbaycan iqtisadi qüdrətini günbəgün artırıb. Vətən müharibəsində qazandığımız Qələbənin də əsas səbəblərindən biri məhz iqtisadi müstəqilliyimiz, iqtisadi cəhətdən heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı olmadığımızdır.
İqtisadi qüdrəti ölkəmizə öz Ordusunu gücləndirməyə imkan verdi. Ordu üçün lazım olan bütün hərbi texnika, silahlar alındı. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev dəfələrlə vurğulayıb ki, onun Prezident kimi fəaliyyətində önəm verdiyi bir nömrəli məsələ ordu quruculuğudur. Bu il noyabrın 8-də - Şuşanın düşmən tapdağından alındığı gün Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciət edərkən Prezident bunu bir daha bildirdi: "Əgər bizim iqtisadi imkanlarımız olmasaydı, biz bunları necə əldə edə bilərdik? Biz ölkə daxilində uğurlu siyasət apararaq hesab edirəm ki, ölkəmizdə dünya üçün çox nadir inkişaf modelini yaratdıq. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Halbuki belə planlar var idi, belə cəhdlər var idi. Biz siyasi iradə göstərərək, birlik göstərərək bu cəhdləri dəf etdik, xalq olaraq, millət olaraq öz qürurumuzu müdafiə etdik, öz müstəqil seçimimizi müdafiə etdik və sübut etdik ki, heç kim bizim işimizə qarışmasın və qarışa bilməz”.
Yeri gəlmişkən, ölkəmizin özünün də güclü müdafiə sənayesi var. Ordumuzun tələbatının böyük hissəsi daxili istehsal hesabına təmin edilir. Belə ki, Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul, o cümlədən ən müasir məhsullar buraxılır.
30 il əvvəl torpaqlarımız işğal olunmağa başlayanda əsas problemimiz o idi ki, iqtisadi gücümüz, eləcə də güclü ordumuz yox idi. Digər ölkələrlə münasibətləri gərginləşmiş, hər yandan təcrid olunmuş Azərbaycanın daxilində də narahatlıq yaşanırdı. Ancaq indi ölkəmiz özü Ermənistanı təcrid vəziyyətinə saldı. İşğalçılıq siyasəti apardığına görə bu ölkəni həyata keçirdiyimiz bütün qlobal layihələrdən kənarda qoyduq.
Prezident İlham Əliyev Azərbaycanın sosial-iqtisadi və hərbi qüdrətinin artmasında həyata keçirilən nəhəng layihələrin əhəmiyyətini xüsusi olaraq vurğulamışdır: "Bizim transmilli layihələrimiz regionda tamamilə yeni mənzərə yaratdı. Biz regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdik. Bizim təşəbbüsümüzlə reallaşan layihələr təkcə bizim xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin. Qonşu ölkələrlə bizim həm ikitərəfli, həm üçtərəfli əməkdaşlıq formatlarımız vardır. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu böyük dərəcədə gücləndirdi. Əgər bu nailiyyətlər olmasaydı, problem dondurulmuş vəziyyətdə qala bilərdi”.
Azərbaycan dünya əhəmiyyətli nəhəng layihələr həyata keçirib və bu istiqamətdə işləri uğurla davam etdirir. Hələ keçən əsrin sonunda Bakı-Novorossiysk, Bakı-Supsa kimi neft kəmərləri işə salındı. Ardınca üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan, öz yaradıcısının - Ulu Öndər Heydər Əliyevin adını şərəflə daşıyan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri çəkildi.
BTC Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfələr verdi. Bu, ümumiyyətlə, bütün regiona xeyir-bərəkət gətirən kəmərdir. Yeri gəlmişkən, qeyd edək ki, belə bir xəttin Ermənistandan yan keçməsi bu ölkənin həm siyasi imicinə, həm də əhalisinin güzəranına böyük zərbədir.
Daha sonra Azərbaycan qazını ixrac edən Bakı-Tbilisi-Ərzurum qaz kəməri fəaliyyətə başladı. Qonşu Gürcüstan və Türkiyə ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunu çəkdik. "Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi olan bu yolla daşımalar ildən-ilə artır.
Ölkəmiz Rusiya və İranla "Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə uğurlu iş aparır. Bu dəhlizin fəaliyyətinin daha səmərəli olması üçün növbəti addımlar atılır.
TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) üçüncü ildir ki, Azərbaycan qazını uğurla Türkiyəyə nəql edir. İndi layihələrimizin yolu daha uzaq ünvanlaradır. TAP (Trans-Adriatik Qaz Boru Kəməri) artıq hazırdır və tezliklə TANAP-dan qəbul etdiyi mavi yanacağı Avropaya çatdıracaq.
Bütün bunlar isə Azərbaycanın iqtisadi gücünün getdikcə artması deməkdir.
İqtisadi imkanlarımız işğaldan azad edilmiş şəhər və kəndlərimizi yenidən qurmağa da kömək edəcək. Biz o yerlərə artıq yeni layihələrlə üz tuturuq. Evlərdən əlavə yeni müəssisələr, məktəblər tikəcək, infrastruktur yaradacaq, yollar çəkəcək, körpülər salacağıq. Aqrar sahədə geniş layihələr gerçəkləşdiriləcək. Artıq işə başlamışıq.
Tezliklə o gün də gələcək ki, Qarabağ regionunun inkişaf yoluna qədəm qoyan iqtisadiyyatı Azərbaycanın gücünə güc qatacaq.
Flora SADIQLI
Azərbaycan.- 2020.-15 noyabr.- S.1; 10.